Məhkəmə qərarları › İş №1(060)-415/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-415/2021

15.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-415/2021 15.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, 1 saylı yataqxanada qeydiyyatda olan, Sumqayıt şəhəri 76-cı məhəllə, fərdi evdə yaşayan, Azərbaycan Respublikası CM-nın 221.3-cü maddəsi ilə təqsirləndirilən və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, qohumu X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 04.09.2020-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarşısında tanışları X3 döyülməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək üzərində gəzdirdiyi, silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən vurmaqla, Zərərçəkmiş şəxs1 sol saidin sıyrığından ibarət sağlamlığına zərərvurmayan, Zərərçəkmiş şəxs2 sol mil-bilək oynağının sıyrığından ibarət sağlamlığına zərərvurmayan bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bununla da, istintaq orqanının qənaətinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 04.09.2020-ci il tarixdə, saat 18:30 radələrində o, xalası oğlu Farizlə birlikdə olan zaman Farizə bir nəfər şəxs zəng vuraraq demişdir ki, onlara məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexində işləyən Kamranı döyürlər. Onlar da buna görə dərhal həmin sexin qarşısına getmişlər. Görmüşlər ki, sonradan adlarının Ceyhun və Azad olduğunu bildiyi şəxslər Kamranı tutaraq silkələyirlər və Kamranın sifətində xəsarətlər var. Fariz onlardan Kamranı kimin vurduğunu soruşmuş, onlar hər ikisi Kamranı vurduqlarını demişlər. Fariz və Ceyhun söhbət etmək üçün Farizə məxsus avtomaşına minib bir az kənara getmişlər və təxminən 5-10 dəqiqə sonra hadisə yerinə qayıtmışlar. O özü orada qalmış, heç bir hərəkət etməmişdir. Fariz və Ceyhun qayıtdıqdan sonra Azad Farizə yumruq zərbələri vurub, onunla dalaşmağa başlamışdır. O, onları ayırmaq istədikdə, Ceyhun yumruqla onun burnundan bərk vurmuş və o, yerə yıxılmışdır. Yerdə olan zaman Ceyhunun yanında olan Saleh və Ülvi adlı dostları da onu təpikləməyə başlamışlar. O yerdən daş götürüb onlara atmış, lakin dəyib-dəymədiyini bilməmişdir. Həmin vaxt Ceyhun da daş götürüb onun üzərinə tərəf atarkən o, sol qolunu irəliyə vermiş, daş sol qoluna dəyib yerə düşmüşdür. Farizin atası Qasım onları ayıranda Azad fənd işlədərək Qasımı yerə yıxmışdır. X14 Farizi itələyərək yerə yıxmışlar. Xalası Mətanət səsə gəlmiş və onları döyən şəxslər qaçıb getmişlər. Hadisə vaxtı onu Ceyhun yumruqla burnundan vurmuş və o, yerə yıxılmış, yerdə olan zaman isə Ceyhunun yanında olan Saleh və Ülvi onu təpikləmişlər. Hadisə vaxtı o, heç kimi bıçaqla vurmamış, onun əlində ümumiyyətlə bıçaq və ya hər hansı bir əşya olmamışdır. O, ümumiyyətlə heç kimi vurmamışdır. Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CM-in 221.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış, məhkəmə-tibb ekspertizasından keçmiş, az ağır xəsarət aldığı məlum olmuşdur. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:00 radələrində o, yaşadığı evdən çıxıb 76-cı məhəllə ərazisində yerləşən «Sumqayıt» mebel mərkəzinin qarşısında dayanıb dostu Azadı gözləyərkən, qonşuluqda yaşayan Təyyar və Mahirin kənarda söz mübahisəsi etdiklərini görüb, onları sakitləşdirmək üçün onlara yaxınlaşmışdır. O, onlarla söhbət edən zaman yaxınlıqdakı avtomobil təmiri sexində işləyən sonradan adının Kamran olduğunu bildiyi şəxs də onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. O da ona heç nə olmadığını, öz aralarında həll edəcəklərini demişdir. Kamran Təyyarın dostu olduğunu demiş, o da ona «sən onu bir il tanıya bilərsən, onlar isə məhlə uşaqlarıdı, bir-birlərini yaxşı tanıyırlar, söhbətlərinə qarışma, özləri həll etsinlər» sözünü demişdir. Kamran da onunla mübahisə etməyə başlamışdır. O, mübahisə zamanı yumruqla Kamranın sifət nahiyəsindən iki dəfə vurmuş və Kamran zərbədən yerə yıxılmışdır. Kamran sonra ayağa durub, danışa-danışa öz işlədiyi sexə tərəf getmiş və o da onun arxasınca getmişdir. Kamran öz işlədiyi sexin qarşısında onun üzərinə gələn zaman, o yenə Kamranın sifətindən bir dəfə yumruqla vurmuşdur. Kamranın sifəti qan olduğu üçün əl-üzünü yumaqdan ötəri işlədiyi sexə girmiş və bu vaxt dostu Azad ora gələrək onu görmüş və ona yaxınlaşmışdır. Kamran əl-üzünü yuduqdan sonra yenə onun üzərinə gəlmiş və onlar tutaşmağa başlamışlar. Azad isə onları ayırmışdır. Azad onların hər ikisini başa salmış və onları barışdırmışdır. Onlar sexdən çıxanda həmin sexin sahibi Qasımın oğlu Fariz və yanında olan xalası oğlu, sonradan adının Qorxmaz olduğunu bildiyi şəxslə Farizin idarə etdiyi «Niva» markalı maşınla ora gəlmişlər. Fariz avtomaşından düşüb, Kamranı kimin vurduğunu soruşmuş, o da ona özünün vurduğunu demişdir. Azad da ona artıq onları barışdıqlarını demiş, Fariz də Azadı nalayiq söyüşlərlə söyərək onunla mübahisə etmişdir. Qorxmaz heç bir hərəkət etməmiş, bu mübahisədə iştirak etməmişdir. Fariz Azadı söhbət etmək üçün maşınına dəvət etmiş, o isə buna imkan verməyib, özü Farizin maşınına əyləşmişdir. Farizlə o, söhbət edə-edə maşınla biraz kənara getmişlər və yolda Fariz ona demişdir ki, Azadı bıçaqla arxasından vuracaqdır. O da ona izah etmişdir ki, Azadın heç bir günahı yoxdur, Kamranla o dalaşmışdır. Təxminən 10 dəqiqə sonra onlar həmin sexin qarşısına qayıtmışlar. Onlar ora qayıdanda dostları Ülvi və Saleh də ora gəlmişlər. Fariz maşından düşən kimi obyektdən bel (lapatka) götürüb Azadın üzərinə hücum çəkmişdir. Onlar Farizi tutub sakitləşdirmişlər və o, beli onun əlindən alıb kənara atmışdır. Həmin vaxt orada olan Farizin atası Qasım onlara Farizin Azadı vurmasına mane olmamasını bildirmiş və Fariz yenidən beli götürüb Azadın üzərinə getmişdir. Fariz arxadan qolu ilə Azadın boğazından tutub sıxmağa başlamış və Azad ona tərəf çönüb, yumruqla sifətindən bir dəfə vurmuşdur. Fariz də yumruqla bir neçə dəfə Azadın sifətindən, başından vurmuşdur. Onları ayırmağa çalışsalar da, ayıra bilməmişlər. Qasım da arxadan Azadın boğazından tutub boğmuş, Fariz də yumruqla Azadın başından bir neçə dəfə vurmuşdur. Azad onu arxadan kimin boğduğunu görə bilmədiyi üçün fəndlə Qasımı yerə yıxmışdır. Həmin vaxt Qorxmaz davaya qoşularaq belindən tutacağı qara rəngli olan mətbəx bıçağını çıxardaraq söyüş söyə-söyə Azadın üzərinə qaçmışdır. Ülvi Qorxmazın qarşısına keçib, onu sakitləşdirmək istəmiş, Qorxmaz isə bıçaqla Ülvinin sol qoluna bir dəfə vurub xəsarət yetirmişdir. O da onun əlində bıçaqla Ülviyə xəsarət yetirdiyini görüb, yenə də bıçaqla zərbələr endirəcəyini zənn edib arxadan yumruqla Qorxmazın sifətindən bir dəfə vurmuşdur. Qorxmaz yıxılanda bıçaqla onun sol əlinin üstündən vuraraq ona da xəsarət yetirmişdir. Qorxmaz yerdə olan zaman o da təpiklə onun qollarından və bədəninin müxtəlif yerlərindən vuraraq onu döymüşdür. Qorxmaz yerdən duraraq yenə bıçaqla üzərinə gəlmiş və o, yerdən daş parçası götürüb ona tərəf atmış, lakin daş ona dəyməmişdir. Qorxmaz yenə bıçaqla üzərinə gələndə yerdən iri daş parçası götürmüş və Qasım ondan daşı yerə atmasını istəmişdir. O da daşı yerə atmışdır. Qorxmaz isə əlində bıçaqla onların arxasınca gəlmiş, onlar isə oradan qaçaraq çıxıb getmişlər. Hadisə vaxtı onun sol əlinin üstündən bıçaqla xəsarəti Qorxmaz yetirmişdir. Başqa onu heç kim vurmamış və döyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, 04.09.2020-ci il tarixdə saat 18:45 radələrində o, dostu Salehlə marşurut avtobusu ilə Bakı şəhərindən Sumqayıt şəhərinə gələrkən 76-cı məhəllə ərazisindən keçən zaman məhəllə uşağı Azadın bir neçə şəxslə dayandığını görüb, marşurutdan düşərək onların yanına yaxınlaşmışlar. Nə baş verdiyini soruşduqda dostu Ceyhunun oradakı sexlərin sahibi Qasımın oğlu Farizlə söhbət etmək üçün harasa getdiklərini demişdir. Həmin vaxt X11 idarə etdiyi «Niva» markalı maşınla ora gəlmişlər. Fariz ora çatanda Azadı nalayiq sözlərlə söyməyə başlamışdır. Fariz maşından düşən kimi sexdən bel (lapatka) götürüb, Azadın üzərinə hücum çəkmişdir. Saleh Farizi tutaraq sakitləşdirməyə çalışmış, lakin Fariz Salehin sözünə qulaq asmamış və Ceyhun onun əlindən beli alaraq kənara atmışdır. Həmin vaxt orada olan Farizin atası Qasım onları Farizin Azadı vurmasına mane olmamalarını demişdir. Fariz yenidən beli götürüb Azadın üzərinə gələrkən o, qarşıya keçərək onu sakitləşdirmək istədikdə, Fariz bellə onun qarnından, sinəsindən bir dəfə vurmuşdur. Ceyhun yenə beli onun əlindən almış və Fariz arxadan qolu ilə Azadın boğazından tutub sıxmağa başlamış, Azad da ona tərəf çönüb, yumruqla sifətindən vurmuşdur. Fariz də yumruqla Azadın sifətindən, başından vurmuşdur. Onları ayırmağa çalışsalar da ayıra bilməmişlər. Qasım da arxadan Azadın boğazından tutub boğmuş, Fariz də yumruqla Azadın başından vurmuşdur. Azad onu arxadan kimin boğduğunu görə bilmədiyi üçün fəndlə Qasımı yerə yıxmışdır. Həmin vaxt Qorxmaz da davaya qoşulmuş, belindən tutacağı qara rəngli olan mətbəx bıçağını çıxardaraq söyüş söyə-söyə Azadın üzərinə cummuşdur. O, Qorxmazın qarşısına keçib onu sakitləşdirmək istəmiş, lakin Qorxmaz bıçaqla onun sol qoluna bir dəfə vurub xəsarət yetirmişdir. Ceyhun da Qorxmazın bıçaqla xəsarət yetirdiyini görüb, yenə bıçaqla zərbələr atdığı üçün arxadan yumruqla Qorxmazın sifətindən vurmuşdur. Qorxmaz yıxılanda bıçaqla Ceyhunun da sol əlinə vuraraq ona xəsarət yetirmişdir. Qorxmaz yerdən duraraq yenə bıçaqla Ceyhunun üzərinə gəlmiş və Ceyhun yerdən daş parçası götürüb ona tərəf atmış, lakin daş ona dəyməmişdir. Qorxmaz bıçaqla onun üzərinə gəlməkdə davam etdiyi üçün Ceyhun yenidən yerdən iri daş parçası götürmüş və Qasım ondan daşı yerə atmağını istəmişdir. Ceyhun daşı yerə atsa da, Qorxmaz əlində bıçaqla onların arxasınca gəlmiş, onlar isə oradan qaçaraq çıxıb getmişlər. Hadisə vaxtı onun sol qolundan Qorxmaz bıçaqla vurub xəsarət yetirmiş, Fariz isə qarnından və sinəsindən bellə vurmaqla ona xəsarət yetirmiş, onlardan başqa onu vuran və döyən olmamışdır. O özü də heç kimi vurmamış, döyməmiş, sadəcə orada dalaşan şəxsləri ayırmağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 04.09.2020-ci il tarixdə saat, 18:15 radələrində o, dostu Ceyhunla görüşmək üçün Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən «Sumqayıt mebel» mağazasının qarşısına getmiş, oradan Ceyhuna zəng vurmuş və onu yaxınlıqdakı «Kia Motors» mağazasının yanına çağırmışdır. O, həmin mağazanın yanına gəldikdə yan tərəfdə yerləşən avtotəmir sexində görmüşdür ki, Ceyhun və bir neçə nəfər yaxınlıqda yaşayan cavan uşaqlar oradadırlar. Ceyhun yaxınlıqdakı avtotəmir sexinə keçmiş və arxasınca gedəndə orada işləyən Kamran adlı oğlanla dalaşdığını görüb, onları ayıraraq barışdırmışdır. Bir neçə dəqiqə sonra həmin sexin sahibi Fariz, xalası oğlu Qorxmazla birlikdə ora gəlmişlər. Fariz Kamranı kimin vurduğunu soruşduqda, Ceyhun demişdir ki, Kamranı o vurubdur. O da onları artıq barışdırdığını demiş, Fariz isə ona «sən kimsən onları barışdırırsan» sözünü deyib əli ilə onu sinəsindən itələmiş və onunla söhbət etməyə getməsi üçün onu öz maşınına çağırmışdır. Orada olan uşaqlar onu kənara çəkmişlər, Ceyhun Farizin maşınına əyləşərək onunla harasa getmişdir. Bu vaxt dostları Saleh və Ülvi də ora gəlmişlər. Farizin atası Qasım da ora gəlmiş və ondan nə üçün dalaşdığını soruşmuşdur. O da ona heç kimlə dalaşmadığını demişdir. Təxminən 5-10 dəqiqə sonra Ceyhun Farizlə sonuncunun idarə etdiyi «Niva» markalı maşınla hadisə yerinə qayıtmışlar. Fariz ora çatanda onu nalayiq söyüşlərlə söyməyə başlamışdır. Fariz maşından düşən kimi sexdən bel (lapatka) götürüb, onun üzərinə hücum çəkmiş, bu zaman Saleh Farizi tutaraq sakitləşdirməyə çalışmış, lakin onun sözünə qulaq asmamış və Ceyhun onun əlindən beli alaraq kənara atmışdır. Həmin vaxt orada olan Farizin atası Qasım uşaqlara onu buraxmaqlarını, onun vurmasına mane olmamalarını demişdir. Fariz yenidən beli götürüb, onun üzərinə gəlmiş, Fariz bir əli ilə onun boğazından tutub sıxaraq, digər əli ilə yumruqla sifətindən və başından bir neçə dəfə vuraraq onu döyməyə başlamışdır. O da yumruqla Farizin sifətindən 2 dəfə vurmuşdur. Həmin vaxt bir nəfər arxadan onun boğazından tutub boğaraq arxaya yıxmaq istəmiş, o da onu fəndlə yerə yıxanda görmüşdür ki, onu arxadan tutan Qasımdır. O, ondan buna görə üzr istəmiş, Qasım isə oğluna onu döyməsini tapşırmışdır. Fariz də onun üzərinə gələrək yumruqla yenidən başına iki dəfə vurmuşdur. Həmin vaxt Qorxmaz davaya müdaxilə etmişdir. Digər yoldaşlarından eşitdiyinə görə Qorxmaz belindən tutacağı qara rəngli olan mətbəx bıçağını çıxardaraq söyüş söyə-söyə onun üzərinə gəlmiş, Farizin atası Qasım Qorxmaza «sox mənlikdir, arxanda dayanmışam» sözünü demişdir. Ülvi Qorxmazın qarşısına keçib, onu sakitləşdirmək istəmiş, Qorxmaz isə bıçaqla Ülvinin sol qoluna vurub xəsarət yetirmişdir. Qorxmazın Ülvini bıçaqla vurmasını, Qorxmazda bıçaq olmasını özü şəxsən görməmiş, digərlərindən eşitmişdir. Ceyhun Qorxmazın Ülviyə xəsarət yetirdiyini görüb, yenə bıçaqla zərbələr atdığı üçün arxadan yumruqla Qorxmazın sifətindən vurmuş, Qorxmaz yıxılanda bıçaqla Ceyhunun da sol əlinə vuraraq ona xəsarət yetirmişdir. Qorxmazın Ceyhunu da bıçaqla vurmasını özü görməmiş, eşitmişdir. Qorxmaz yerdən duraraq yenə bıçaqla Ceyhunun üzərinə gəlmiş və Ceyhun yerdən daş parçası götürüb ona tərəf atmış, lakin daş ona dəyməmişdir. Qorxmaz yenə bıçaqla onun üzərinə gələndə Ceyhun yenidən yerdən iri daş parçası götürmüş və Qasım ondan daşı yerə atmasını istəmiş, Ceyhun da daşı yerə atmışdır. Sonra oradan qaçaraq çıxıb getmişlər. Onun alnından, dodağından xəsarətləri Fariz yumruq vurmaqla yetirmişdir. Qasım da onu boğazından tutub yerə yıxmaq istəmişdir. Farizdən başqa onu vuran, döyən olmamışdır. Hadisə 04.09.2020-ci il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarşısında baş vermişdir. Hadisə təxminən 30 dəqiqə davam etmişdir. Mübahisə və dava-dalaş vaxtı orada o, Ceyhun, Ülvi, Saleh, Təyyar, Mahir, Kamran, Fariz, Qasım və Qorxmaz olmuşdur. Qorxmaz Qasım yerə yıxılandan sonra davaya qoşulmuşdur. Münaqişə vaxtı səslərinə yaxınlıqda yaşayan tanımadığı cavan uşaqlar da yığışmış, kənarda dayanıb baxmışlar, müdaxilə etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 04.09.2020-ci il tarixdə, saat 18:45 radələrində o, dostu Ülvi ilə marşurut avtobusu ilə Bakı şəhərindən Sumqayıt şəhərinə gələrək 76-cı məhəllə ərazisindən keçən zaman əvvəllər bir məhlədə qaldığı Azadın bir neçə şəxslə dayandığını görüb, marşurutdan düşərək onların yanına yaxınlaşıb, nə baş verdiyini soruşduqda qonşuları Ceyhunun oradakı sexlərin sahibi Qasımın oğlu Farizlə söhbət etmək üçün harasa getdiklərini demişdir. Həmin vaxt X11 idarə etdiyi «Niva» markalı maşınla ora gəlmişlər. Fariz ora çatanda Azadı əli ilə hədələyərək maşından düşmüş, Azad da onlara tərəf getmişdir. Fariz obyektdən bel (lapatka) götürüb, Azadın üzərinə hücum çəkmişdir. O, Farizi tutaraq sakitləşdirməyə çalışmış, lakin onun sözünə qulaq asmamış və kimsə onun əlindən beli alaraq kənara atmışdır. Fariz yenidən gedərək beli götürmüşdür. O (Şahid2) atası Qasımın qışqırdığını görüb ona yaxınlaşmış, Qasım onu itələyərək Azada tərəf qaçmışdır. Bu vaxt o, Farizin xalası oğlu Qorxmazın Ülviyə bıçaqla hücum etdiyini görərək onların yanına getmişdir. Ceyhunun yumruqla Qorxmazı sifətindən vurub yerə yıxdığını görmüş və Ülvini götürərək kənara aparmışdır. Bu vaxt Farizin anası ora gəlmiş və uşaqlar oradan qaçıb getdilər. O da yavaş-yavaş oradan çıxıb getmişdir. Münaqişə zamanı o və dostu Ülvi Qorxmazı vurmamışlar, ona heç bir xəsarət yetirməmişlər, həmçinin Farizi də yerə yıxmamışlar və ona heç bir xəsarət yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 04.09.2020-ci il tarixdə, saat 18:00 radələrində o, onunla eyni məhlədə yaşayan Yusiflə piyada Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən «Sumqayıt mebel» mağazasının yanından keçən zaman mağazanın tinində qonşuluqda yaşayan Təyyar və Mahir adlı uşaqların birbiri ilə söz mübahisəsi etdiklərini görüb, onlara yaxınlaşmışlar. Biraz sonra qonşuluqda yaşayan Ceyhun da ora gəlmiş və onları sakitləşdirməyə başlamışdır. Həmin vaxt yaxınlıqdakı avtotəmir sexində işləyən Kamran adlı oğlan ora gələrək Ceyhunla mübahisə etmiş, Ceyhun da yumruqla onun sifətindən vurmuşdur. O, onları sakitləşdirmiş və Kamran da işlədiyi sexə getmişdir. Ceyhun onun ardınca sexə getmiş və orada yenidən Kamranla dalaşmışlar. Həmin vaxt keçmiş qonşuları Azad ora gəlmiş və Kamranla Ceyhunu barışdırmışdır. Bir neçə dəqiqə sonra həmin sexin sahibi Fariz xalası oğlu, adının sonradan Qorxmaz olduğunu bildiyi şəxslə ora gəlmişlər. Fariz Kamranı kimin vurduğunu soruşduqda, Ceyhun onu vurduğunu demişdir. Azad da onları artıq barışdırdığını demiş və Fariz onu əli ilə sinəsindən itələyib, öz maşınına çağırmışdır ki, onunla söhbət etməyə getsin. Onlar Azadı kənara çəkmişlər, Ceyhun Farizin maşınına əyləşərək onunla harasa getmişdir. Həmin vaxt qonşuluqda yaşayan Saleh və Ülvi ora gəlmişlər. Farizin atası Qasım da ora gəlmiş və təxminən 5-10 dəqiqə sonra Ceyhun Farizlə sonuncunun idarə etdiyi «Niva» markalı maşınla ora qayıtmışlar. Fariz ora çatanda Azadı nalayiq söyüşlərlə söyməyə başlamışdır. Fariz maşından düşən kimi obyektdən bel (lapatka) götürüb, Azadın üzərinə hücum çəkmişdir. Saleh Farizi tutaraq sakitləşdirməyə çalışmış, lakin onun sözünə qulaq asmamış və Ceyhun onun əlindən beli alaraq kənara atmışdır. Fariz yenidən beli götürüb Azadın üzərinə getmiş, beli əlindən yerə atıb bir əli ilə Azadın boğazından tutub sıxaraq, digər əli ilə yumruqla onun sifətindən, başından vuraraq Azadı döyməyə başlamışdır. Azad da yumruqla Farizin sifətindən vurmuşdur. Həmin vaxt Farizin atası Qasım arxadan Azadın boğazından tutub boğaraq arxaya yıxmaq istədikdə Azad da onu kimin boğduğunu görmədiyi üçün fəndlə Qasımı yerə yıxmışdır. Yerə yıxdıqdan sonra Azad Qasımdan üzr istəmiş, Qasım isə oğluna onu döyməsini tapşırmışdır. Fariz də Azadın üzərinə gələrək yumruqla yenidən başına vurmağa başlamış, həmin vaxt Qorxmaz davaya qoşulmuş, belindən bıçaq çıxardıb, söyüş söyə-söyə Azadın üzərinə gəlmiş, Qasım da Qorxmaza Azadı bıçaqla vurmasını demişdir. Ülvi Qorxmazın qarşısına keçib, onu sakitləşdirmək istəmiş, Qorxmaz bıçaqla Ülvinin sol qoluna vurub xəsarət yetirmişdir. Ceyhun da onun əlində bıçaqla Ülviyə xəsarət yetirdiyini görüb, yenə bıçaqla zərbələr atdığı üçün arxadan yumruqla Qorxmazın sifətindən vurmuşdur. Qorxmaz yıxılanda bıçaqla Ceyhunun da sol əlinə vuraraq ona xəsarət yetirmişdir. Qorxmaz yerdən duraraq yenə bıçaqla Ceyhunun üzərinə getmiş və sonuncu da yerdən daş parçasını götürüb Qorxmaza tərəf atmış, lakin daş ona dəyməmişdir. Qorxmaz yenə bıçaqla onun üzərinə gələndə Ceyhun yenidən yerdən iri daş parçası götürmüş və Qasım ondan daşı yerə atmasını istəmiş, Ceyhun da daşı yerə atmış və hamısı oradan çıxıb getmişlər. Saleh və Ülvi Qorxmazı vurmamışlar, ona heç bir xəsarət yetirməmişlər. Belə ki, Salehlə Ülvi heç kimlə dalaşmamış, onlar ancaq dalaşanları ayırmışlar. Farizi Azad vurmuş, Qorxmaz və Kamranı isə Ceyhun vurmuşdur. Saleh və Ülvi Farizi yerə yıxmamışlar, onun atası Qasımı vurmamışlar və ona xəsarət yetirməmişlər. Farizlə ancaq Azad dalaşmış, Qasımı da Azad fəndlə yerə yıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, X7 və onun xalası oğlu Təqsirləndirilən şəxs tanıyır, onlar qohumdular və bir-birlərinin evinə ailəvi gedişgəlişləri var. X5 təxminən 5 aydır ki, Farizə görə tanıyır. Belə ki, Kamran Farizgilə məxsus Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən avtotəmir sexində işləyir. Zərərçəkmiş şəxs2, Şahid1, Zərərçəkmiş şəxs1, Şahid2, soyadını bilmədiyi Şahirin oğlu Mahiri tanıyır, onlar da 76-cı məhəllədə yaşayırlar. 04.09.2020-ci il tarixdə, saat 17:30 radələrində o, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən aerokassanın yanından piyada evə tərəf gedərkən tanışı Mahirlə rastlaşmışdır. Onlar birlikdə evə tərəf gedərkən, 76-cı məhəlləyə çatıb Farizgilin işlətdiyi sexin yaxınlığında o, Mahirə demişdir ki, istidir, bir az dayanıb gedərlər. Həmin vaxt onlar dayanıb bir az söhbət etmişlər, söhbət zamanı Mahirlə aralarında maşın üstündə mübahisələri yaranmış, uca səslə danışmağa başlamışlar. Həmin vaxt yoldan keçən Zərərçəkmiş şəxs2 onların mübahisə etdiklərini görüb onara yaxınlaşıb, nə baş verdiyini soruşmuşdur. O və Mahir Ceyhuna heç nə olmadığını, sadəcə söhbət etdiklərini demişdir. Həmin vaxt yaxınlıqdakı avtomobil təmiri sexində işləyən Kamran onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, Ceyhun da ona heç nə olmadığını, öz aralarında həll edəcəklərin demiş, Kamran da Ceyhuna onu tanıdığını bildirmişdir. Ceyhun da Kamrana «sən Təyyarı təzə tanıyırsan, bunlar isə bir-birilərini çoxdan tanıyırlar». Həmin vaxt Kamran sərt danışıb Ceyhunla mübahisə etməyə başlamışdır. Kamranın bu hərəkəti Ceyhunun xoşuna gəlmədiyindən Ceyhun qəfildən yumruqla Kamranın sifətindən iki dəfə vurmuş, Kamran zərbədən yerə yıxılmışdır. O, Mahir və Ceyhun Kamranı yerdən qaldırmışlar, Kamran işlədiyi sexə tərəf getmiş, onlar da arxasınca getmişlər, onun işlədiyi sexin qarşısında Kamran yenidən Ceyhunun üzərinə gələn zaman, Ceyhun yenə də onun sifətindən bir dəfə yumruqla vurmuşdur. Kamranın sifəti qan olduğu üçün o, Mahirlə birlikdə onun əl-üzünü yumaqdan ötrü işlədiyi sexə aparmışlar, orada Kamranın üzünü əl-üz yuyulan yerdə yumuşlar. Ceyhun isə çöldə tək qalmış, bir neçə dəqiqədən sonra onlar sexdə olarkən Fariz Qorxmazla birlikdə maşınla gəlmişlər. Maşını sexin qarşısında saxladığı üçün sexdən bunu görə bilmişlər. Fariz sexə daxil olub nə baş verdiyini, Kamranı kimin vurduğunu soruşmuş, o da Farizə bir az əvvəl Kamranın Ceyhunla dalaşdığını, Ceyhunun Kamranı vurduğunu, hazırda sakitçilik olduğunu demişdir. Daha sonra Fariz Ceyhunun yanına qayıdıb, ondan da Kamranı kimin vurduğunu soruşmuş, o da özünün vurduğunu demişdir. Həmin vaxt o görmüşdür ki, Azad da oradadır. Daha sonra Farizlə Ceyhunun birlikdə maşına minib harasa getdiklərini görmüş, təxminən bir neçə dəqiqə sonra Fariz yenidən sexin yanına gəlmiş, Ceyhun və Fariz hər ikisi maşından düşmüşlər. O, sexin içində olarkən səs-küy eşidib çölə çıxdıqda Qorxmazla Ceyhunun tutaşıb-dalaşdığını, Ülvi ilə Salehin isə onları ayıraraq Ceyhunu kənara çəkdiklərini görmüşdür. Həmin vaxt o, Ceyhunun sol əlinin üstünün kəsildiyini və qan gəldiyini görmüşdür, lakin Farizlə Azadı onların yanında görməmişdir. Hadisə vaxtı Farizin əlində bel (lopatka), Qorxmazın əlində isə bıçaq olduğunu, Farizin bel (lopatka) ilə Ülvini vurması, Qorxmazın bıçaqla Ülvi və Ceyhuna xəsarət yetirdiyini, Azadla Farizin birbirlərini vurmasını, Ülvi ilə Salehin Farizi itələyib yerə yıxmasını, Qorxmazı təpiklə vurduqlarını görməmişdir. O, Ülvi ilə Salehin əksinə Ceyhunu ayırdığını görmüşdür. Hadisə vaxtı onu heç kim döyməmiş, vurmamış, bədən xəsarəti yetirməmiş, özü də heç kimi vurmamış, döyməmiş, bədən xəsarəti yetirməmişdir. Hadisədən əvvəl Mahirlə öz aralarında dost-tanış kimi sözlə mübahisə etmişlər, uca səslə danışmışlar, başqa aralarında dava-dalaş olmamışdır. İşdə olan Məhkəmə-tibbi ekspertizasının 07.09.2020-ci il tarixli, 1053 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində qarnın qançır və sıyrığı, döş qəfəsinin qançırı, sol saidin sıyrığından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən bıçağın küt hissəsi, belə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 04.09.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətləri özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 52-54) İşdə olan Məhkəmə-tibbi ekspertizasının 07.09.2020-ci il tarixli, 1053 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol mil-bilək oynağının sıyrığından ibarət xəsarət aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıçağın küt hissəsi ilə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 01 gün əvvəl olmaqla 04.09.2020-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur.. (i.v. 55-57) İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 07.09.2020-ci il tarixli, 1059 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşağıdakı xəsarətlər vardır: Burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün tam yerdəyişən sınığı, sağ qaş nahiyəsinin yarası, sol saidin orta 1/3-nin arxa səthinin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 04.09.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə - burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün tam yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya, digər xəsarətlər, yəni sağ qaş nahiyəsinin yarası, sol saidin orat 1/3-nin arxa səthinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (i.v.65-67) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (.i.v.243) İşdə olan “Cinayət işinin istintaq materiallarından başqa cinayət işinin ayrılması barədə” 20.01.2021-ci il tarixli qərara əsasən Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CM-in 221.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən X7 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ********* nömrə ilə cinayət işi ayrılmışdır. (i.v. 5-7) İşdə olan “Cinayət işinin istintaq materiallarından başqa cinayət işinin ayrılması barədə” 07.04.2021-ci il tarixli qərara əsasən X2 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ********* nömrə ilə cinayət işi ayrılmışdır. (i.v.1-2) İş materiallarında olan 15.01.2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Zərərçəkmiş şəxs1, Şahid1 və Şahid2 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-195/2021 saylı, 01.04.2021-ci il tarixli hökmündən görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 təyin edilmiş cəzalar qismən toplanmaqla ona 03 (üç) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilərək Zərərçəkmiş şəxs2 şübhəli şəxs qismində tutulub saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-195/2021 saylı, 01.04.2021-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 04.09.2020-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən avtotəmir sexinin qarşısında dayanmış qonşuları Şahid5 və istintaqla şəxsiyyəti araşdırılan Mahir adlı şəxslə mübahisə etdiklərinə X3 müdaxilə etməsinə irad bildirməsi və sonuncunun danışıq tərzinin onun xoşuna gəlməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək aralarında yaranmış mübahisə zamanı onun sifət nahiyəsinə 02 dəfə yumruqla vurub, yerə yıxmış, daha sonra Kamran Heydərov yerdən qalxaraq avtotəmir sexinə tərəf getmiş və yenidən ona tərəf gəldiyindən 01 dəfə yumruqla qəsdən vuraraq sağ göz ətrafının, alt dodağın orta hissəsinin selikli qişasının qançırları, sol dirsək oynağının arxa səthinin, sağ saidin aşağı 1/3-nin arxa səthinin sıyrıqlarından ibarət sağlamlığına zərərvurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmiş, həmin vaxt hadisə yerinə gəlmiş X8 və onun xalası oğlu Təqsirləndirilən şəxs tanışları X5 hansı səbəbdən vurmasını ona irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs sifətindən bir dəfə yumruqla vurub, yerə yıxmış və yerdə olan zaman təpiklə onun qollarından və bədəninin müxtəlif yerlərindən vurub, yerdən daş parçası götürüb onun sol qoluna atmaqla sağ qaş nahiyəsinin yarası, sol saidin orta 1/3-nin arxa səthinin sıyrığı kimi sağlamlığa zərərvurmayan, burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün tam yerdəyişən sınığından ibarət xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəməyə təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə 1, yataqxana 1 ünvanında qeydiyyatdadır və müsbət xarakterizə edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Baxılan işdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilir ki, hadisə səbəbsiz başlamamışdır. İstintaq zamanı toplanmış sübutlardan və qüvvədə olan məhkəmə hökmündən görünür ki, eyni hadisəyə görə Sumqayıt Şəhər Məhkəməsinin 01.04.2021-ci il tarixli hökmü ilə təqsirli bilinmiş Zərərçəkmiş şəxs2 tərəfindən X3 döyülməsi ilə bağlı Təqsirləndirilən şəxs hadisə yerinə gəlməsi, sonradan mübahisənin təzələnməsi və onun da mübahisəyə qoşulması səbəbindən aralarında yaranmış qarşılıqlı mübahisə zamanı Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən və az ağır dərəcəli xəsarətlər almış, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 üzərində gəzdirdyi bıçaqla vurmuş və onlara sağlamlığa zərərvurmayan xəsarətlər yetirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-195/2021 saylı, 01.04.2021-ci il tarixli hökmü ilə işin halları müəyyən olunmuş və həmin hallar bu iş üzrə də işin hallarının müəyyən edilməsi, yəni hadisənin Zərərçəkmiş şəxs2 təşəbbüsü ilə başlamasının təsdiq edilməsi (həmin hökmlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışları X5 hansı səbəbdən vurmasını ona irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs vurmuş və ona sağlamlığa zərər vurmayan və az ağır xəsarətlə yetirmişdir) baxımından preyudisial xarakter daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli Qərarina əsasən “Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur....” Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmaması, onlara xəsarət yetirməməsi barədə göstərdikləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elə zənn edir ki, onun hərəkətlərində cinayət tərkibi vardır, ona görə də özünü müdafiə üçün belə ifadə verir. Ancaq onun bu hissə ilə bağlı göstərdikləri işin halları, işdəki sübutlarla təkzib edilir. Amma Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurması və onlara dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas deyildir, onun bu hərəkətləri cinayət məsuliyyəti yaratmır. Təqsirləndirilən şəxs verilən ittihamın qohumu X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi xuliqanlıq etməsi hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırkı işə baxılma hüdudlarında X2 hərəkətlərinə qiymət verilə bilməz. Ancaq Təqsirləndirilən şəxs X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi xuliqanlıq etməsi sübut olunmur. Təqsirləndirilən şəxs X7 ilə birlikdə hadisə yerinə gəlməsi ayrılıqda onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi xuliqanlıq etməsini sübut etmir. Onların hər birinin hərəkəti, davranışı, özünü aparması, hadisədə iştirakı, hadisəyə münasibəti, rolu, niyyəti fərqlidir. Məhkəmə ancaq Təqsirləndirilən şəxs hərəkətlərinə qiymət verir. Təqsirləndirilən şəxs hərəkətləri şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlərdir. Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməmişdir. X4 münasibətdə isə bu onun barəsində olan cinayət işinə baxılarkən qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs 04.09.2021ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən xalası oğlugilə məxsus avtotəmir sexində X3 döyülməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı ona qarşı xuliqanlıq hərəkətlərinə yol verən, xuliqanlıq niyyəti ilə ona dərəcəsi təyin olunmayan və az ağır dərəcəli bədən xəsarəti yetirən Zərərçəkmiş şəxs2 və onun dostu Zərərçəkmiş şəxs1 üzərində gəzdirdyi bıçaqla vuraraq onların həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsində nəzərdə tutulan nəticələrə səbəb olmayan sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 221.3-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməlidir. Çünki məhkəmənin qənaətinə görə, sübutların həcmi və ümumiyyətlə, işin həqiqi halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini və onun xuliqanlıq niyyəti ilə mabahisəyə qoşulduğunu deməyə əsas vermir. Belə ki, baxılan iş üzrə verilən ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilməklə kifayətlənilmişdir, həmin hərəkətlərin və xuliqanlıq niyyətinin nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda əks etdirilməmişdir. İctimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, iş üzrə mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə edilməsinə dəlalət edən hallarla bağlı inandırıcı və mötəbər sübutlar toplanmamışdır. Bunlar isə ittihamın əsaslı olması qənaətinə gəlmək üçün kifayət etmir. Təqsirləndirilən şəxsin ittiham olunduğu xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsikarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisələrin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisələrinin başlanmasına Təqsirləndirilən şəxs cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri deyil, zərərçəkmişlərin hərəkətləri səbəb olmuşdur və əks tərəfın davranışı da müstəsna dərəcədə zərərçəkmişlərin davranışından qaynaqlanmış, ona qarşı yönəlmiş, qisas xarakteri daşımışdır. Məhkəmə hadisələrin yuxarıda təsvir edilən baş vermə səbəbinə diqqəti ona görə cəlb edir ki, bunun hazırkı iş üzrə təqsirləndirilən şəxsin qəsdinin hansı ictimai münasibətlərə yönəlməsinin müəyyən olunmasında və əməlinin Cinayət Məcəliəsinin hansı maddəsilə tövsif olunmasında çox mühüm əhəmiyyəti vardır. Yuxarıda qeyd edilənlərlə bərabər, Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Beləliklə, istinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.3cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsinin tərkib əlamətləri olduğundan bununla bağlı araşdırma aparılması üçün hökmün surəti Sumqayıt Şəhər Pİ-nə göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 mülki iddia verməmişlər. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə müsadirə olunması təklif edilən predmet yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən CM-nin 221.3-cü maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.2, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun AR CM-nın 221.3-cü maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsinin tərkib əlamətləri olduğundan bununla bağlı araşdırma aparılması üçün hökmün surəti Sumqayıt Şəhər Pİ-nə göndərilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulan müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar