Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-415/2024 24.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay (qəti olaraq 01 il 05 ay 26 gün) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə istehsal olunmuş 9X18 mm kalibrli, Makarov (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibrli digər modelli tapançalardan atəş üçün yararlı 01 ədəd döyüş sursatı patronu əldə edərək üzərində saxlamış, 15 dekabr 2023-cü il tarixdə saat 14:05 dəqiqədə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Sumqayıt şəhər məhkəmə kompleksinin inzibati binasına daxil olan zaman mühafizə xidməti tərəfindən saxlanılaraq üzərində olan əl çantasının içərisindən yuxarıda adı çəkilən 01 ədəd döyüş sursatı-patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən 2-3 ay əvvəl o, şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində olarkən təsadüfən yerdən 01 ədəd tapança patronu tapmışdır. O, həmin patrondan boyunbağı üçün klon düzəltmək məqsədi ilə özündə saxlamışdır. Bildirir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində o, təyin olunmuş məhkəmə prosesində iştirak etmək üçün Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Sumqayıt Məhkəmə Kompleksinə gəlib inzibati binaya daxil olmuş, girişdə o, yoxlanış aparatından keçərkən siqnal səsi gəlmişdir. Polis əməkdaşları əl çantasında nə olduğunu soruşmuş və hər hansı metal əşya varsa təqdim etməsini təklif etmişlər. O, əl çantasında olan 01 ədəd patronu və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirmiş, xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri barəde bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Bundan sonra onu PB-nə gətirmiş mühafizə xidmətinin əməkdaşı Şahid2 onun əl çantasından aşkar olunmuş 01 ədəd patronu və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Bildirir ki, patronu 2-3 ay əvvəl Mərdəkan qəsəbəsi ərazisində olarkən tapdığını, ondan klon düzəltmək üçün özündə saxladığını və onu saxlamağın qanunla qadağan olduğunu bilmədiyini bildirmişdir. Sonra ona əl çantasında olan digər əşyaları da təqdim etməsi bildirilmiş, o, əl çantasından 08 ədəd tramadol həbini, 07 ədəd pleqlabin həbini və 10 ədəd aspirin həbini çıxarıb təqdim etmişdir. O, həmin dərmanları almaq üçün həkim tərəfindən yazılmış resepti də polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra 01 ədəd patron və dərman həbləri qablaşdırılmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və PB-də olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, Yasamal rayonunda yerləşən narkoloji dispanserdə qeydiyyatdadır. O, həmin dərmanları resept əsasında 28 may metrosunun yaxınlığında yerləşən «Sab» aptekdən almışdır. Evlidir, əri hazırda həbsdədir. İki azyaşlı övladı var, övladlarına o, baxır. Əməlindən peşmandır. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2014-cü ilin yanvar ayından Sumqayıt şəhər Mühafizə İdarəsində xidmət edir. O, xidməti postu yoxlamaq məqsədi ilə məhkəməyə getmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Mühafizə İdarəsinin polis nəfərləri, polis serjantı Şahid5, polis serjantı Şahid3 və polis serjantı Şahid4 Sumqayıt şəhər Məhkəmə Kompleksində xidmətdə olmuşlar. Onlar kompleksin giriş qapısındakı postda dayanıb məhkəməyə gələn şəxsləri yoxlayıb binaya daxil olmalarına icazə verirlər. xx.xx.2023-cü il tarixdə, saat 14:05 dəqiqədə o, postu yoxlamaq məqsədi ilə Məhkəmədə olarkən bir nəfər xanım onlara yaxınlaşıb Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesində iştirak etmək üçün gəldiyini bildirmiş, o, xanımın əlindəki çantanı yoxlayıcı rentgen aparatından keçirən zaman çantada patrona bənzər əşya olduğunu görüb həmin əşyanın nə olduğunu soruşmuşdur. Həmin qadın çantasındakı əşyanın patron olduğunu bildirmişdir. O, həmin şəxsə özünü təqdim etməsini, patronu haradan əldə etdiyini və nə məqsədlə çantasında saxladığını soruşmuşdur. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, patronu tapdığını və klon kimi boynundan asmaq üçün çantasında saxladığını bildirmişdir. O, dərhal bu barədə Mühafizə İdarəsinin növbətçi hissəsinə məlumat vermiş, Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılması üçün birlikdə 5-ci PB-nə getməli olduqlarını izah etmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, o, və polis nəfəri Şahid5 Təqsirləndirilən şəxs 5-ci PB-nə gətirmişlər. Şəxsi axtarışda polis əməkdaşlarından o, Şahid5 və sahə rəisi polis leytenantı Şahid1 iştirak etmişlər. Xidməti otaqda Təqsirləndirilən şəxs nə üçün saxlanıldığı izah edilmişdir. Təqsirləndirilən şəxs həmin 01 ədəd patronu və şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Çantaya baxış zamanı içərisində 08 ədəd tramadol dərman həbi olan 01 ədəd dərman konvalyutu, içərisində 07 ədəd pleqlabin həbi olan 01 ədəd dərman konvalyutu və içərisində 08 ədəd asiprin həbi olan 01 ədəd dərman konvalyutu, eyni zamanda müxtəlif kosmetik ləvazimatlar, avtobus kartı və bank kartı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş tramadol və pleqlabin həbləri ona həkim tərəfindən yazılmış respet əsasında verildiyini bildirmişdir. Müdafiəçi təqdim edildikdən sonra sadlananlar qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Mühafizə İdarəsnin polis nəfəri, Şahid5, Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 15 dekabr 2023-cü il tarixdə, saat 14:05 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.27); 17 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 57-58) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 17 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 65-67); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi” barədə 17 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 68- 69); “şəxsi axtarışın keçirilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli protokolundan görünür ki, 15 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəmə Kompleksində Təqsirləndirilən şəxs çantasından 01 ədəd patron aşkar olunduğu üçün Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saat 14:05 dəqiqədə saxlanılaraq 5-ci PB-nə gətirilmiş, xidməti otaqların birində ekspert kriminalist panasonik markalı videokameranı işə salır. X3 özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edir. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Manqa komandiri X4 Mehtiyevanı hansı şəraitdə saxladıqlarını bildirir və sonuncunun təqdim etdiyi 01 ədəd patronu və ona məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs bildirir ki, həmin patronu təxminən 2-3 ay əvvəl Mərdəkan qəsəbəsi ərazisində olarkən tapıb boyunbağına klon kimi asmaq məqsədi ilə üzərində saxlamışdır. Təhqiqatçı sonar Təqsirləndirilən şəxs məxsus çantaya baxış keçirir. Baxış zamanı çantadan içərisində 08 ədəd tramadol dərman həbi olan 01 ədəd dərman konvalyutu, içərisində 07 ədəd pleqlabin həbi olan 01 ədəd dərman konvalyutu və içərisində 08 ədəd asiprin həbi olan 01 ədəd dərman konvalyutu, eyni zamanda müxtəlif kosmetik ləvazimatlar, avtobus kartı və bank kartı aşkar olunur. Təqsirləndirilən şəxs aşkar olunmuş dərmanların ona həkim tərəfindən yazılmış respet əsasında verildiyini bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Yaşar Xankişiyev təqdim olunur. O, vəkilə etiraz etmir. Müdafiəçi ondan aşkar olunmuş patronun təyinatını bilib-bilmədiyini soruşur, o, patronu boynundan asmaq üçün saxladığını bildirir. Bundan sonra aşkar edilmiş 01 ədəd patron və dərman həbləri ayrı ayrılıqda qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. (i.v 35-36). Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/1058 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 9X18 mm kalibrli olmaqla, həmin kalibrli makarov (PM), Steçkin (APS) konstruksiyalı və həmin kalibrli digər modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. (i.v. 44-48) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2013cü il tarixli Zəhra Mehtizadə və xx.xx.2014-cü il təvəllüdlü Ramiz Mehtizadə adlı övladları var. (i.v. 73-74) DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan cinayət işi məhkəməyə göndərilmişdir. (i.v.75-76) Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan, yuxarıda qeyd olunan cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(003)-533/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə (qəti olaraq 01 il 05 ay 26 gün) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə İdarəyə daxil olmuş, məhkum Mehtiyeva qeydiyyata alınmadığından ona təyin olunmuş 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs 9X18 mm kalibrli, 01 ədəd döyüş sursatı patronu üzərində saxlaması öz təsdiqini tapmışdır. “sübutların qiymətləndirilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-ballistik ekspertizasının 23/1058 nömrəli 16 dekabr 2023-cü il tarixli rəyi, sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Mehtiyevanın üzərindən aşkar olunmuş 9X18 mm kalibrli, 01 ədəd döyüş sursatı patronu maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 240.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.101-105); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (AR Konstitusiya Məhkəməsi Plenumunun “CM-nin 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “CM-nin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunun 3cü maddəsinin “c” bəndinə əsasən «döyüş sursatı» dedikdə, odlu silahda istifadə edilən gilizlər və ya onun komponentləri, o cümlədən patron gilizləri, kapsul, atıcı maddə, güllə və mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar döyüş sursatı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 228.1-ci maddəsilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Könül Mehtiyavanın əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını CM-nin 59.1.4 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, həmin Məcəllənin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə törətmiş olduğu əməli ilə bağlı xx.xx.2024-cü il tarixdə ittiham hökmü çıxmış, hazırkı cinayət əməlini isə 15 dekabr 2023-cü il tarixdə törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs, cəzasını yüngülləşdirən halı-xüsusən himayəsində iki azyaşlı övladının olmasını, əri həbsdə olduğundan övladlarına onun baxdığını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 04 mart 2024-cü il tarixdən 06 mart 2024cü il tarixədək, habelə hazırkı iş üzrə 15 dekabr 2023-cü il tarixdən 17 dekabr 2023-cü il tarixədək həbsdə olduğu ümumilikdə-04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəh., Səbail ray., Y.Mürsəlov küç., ev 8 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün, saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası “Xüsusi və mülki silah haqqında” Qanunun 9-cu maddəsinin 11-ci bəndinə əsasən “Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.” İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, 9X18 mm kalibrli, atəş üçün yararlı 01 ədəd döyüş sursatı patronu müsadirə olunaraq AR Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müdddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxsı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəh., Səbail ray., Y.Mürsəlov küç., ev 8 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, 9X18 mm kalibrli, atəş üçün yararlı 01 ədəd döyüş sursatı patronu müsadirə olunaraq AR Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-415/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-415/2024
24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver