Məhkəmə qərarları › İş №1(060)-416/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-416/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-416/2024 11.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri Nizami küçəsi, 19 C məhəllə 6-da qeydiyyatda olan, Sumqayıt şəhəri, 4-cü mikrorayon, yataqxana 7, otaq 127-də yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-433/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3cü maddəsinə əsasən 02 (iki) gün müddətə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 10,05 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 11:26-da Sumqayıt şəhəri 19-cu məhəllədə yerləşən “Sumqayıt şəhər Narkoloji Dispanser”in yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 10,05 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:26-da Sumqayıt şəhəri 19-cu məhəllədə yerləşən Sumqayıt şəhəri Narkoloji Dispanserin yaxınlığında tanışları Eyyub və Vahid ilə dayandığı zaman, polis əməkdaşları onlara yaxınlaşaraq onun və Eyyubun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Onlar polis idarəsinə getmişlər, ona hüquq və vəzifələri izah edilmiş və vəkil təqdim edilmişdir. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkiliş apaılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuş, oda əynində olan gödəkcənin cibində saxladığı bir ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli ot kütləsinin olduğu aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddənin “nəşə” olduğunu, həmin maddəni bir gün əvvəl Sumqayıt şəhəri ərazisindən tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 40 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş, xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X1 baş əməliyyat müvəkkili X6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə bölməyə Sumqayıt şəhərində Vüqar adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 11:26-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 19-cu məhəllədə yerələşən Sumqayıt şəhəri Narkoloji Dispanserin yaxınlığında tanışı Eyyub İsayev və Vahid adlı şəxslərin yanında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah edilməklə bu barədə bildiriş verilmişdir. Daha sonra vəkilin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. O da əynində olan gödəkçənin cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Vüqar üzərindən aşkar olunan maddənin “nəşə” (narkotik vasitə olan qurudulmuş marixuana) olmasını, həmin maddəni bir gün əvvəl Sumqayıt şəhəri ərazisindən tanımadığı şəxsdən 40 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Vüqarın üzərindən aşkar olunan həmin maddə tərəzidə çəkilmiş, zərfə qablaşdırılıb üzəri möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və Vüqar da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X1 əməliyyat müvəkkili Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş X4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin X1 əməliyyat müvəkkili Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahidlər X4 və Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə olan maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15:30-dan saat 15:37-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin inzibati binasında videoçəkiliş aparılmaqla polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri haqqında bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda olan bir bükümü çıxardıb təqdim etmiş, həmin büküm açılan zaman içərisində narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli ot mənşəli ot kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin “nəşə” olduğunu, həmin maddəni bie gün əvvəl Sumqayıt şəhəri ərazisindən tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 40 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çəkilmiş və bükümü ilə birlikdə çəkisinin 10,60 qram olduğu müəyyən edilmişdir. Aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən əlavə hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu, saxlanılarkən və daha sonra heç bir təsirə və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Cinayət işinin 39-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli, 3-16-16/2-7/1707 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükülüdə təmiz çəkisi 10,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 10,05 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 10,0 qram qalıq qalmışdır. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 66-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 10 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 101-107-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 117 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardı. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişirilmiş, ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzası azaldılaraq üzərində 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-433/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün müddətə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixunanı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişirilmiş, ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzası azaldılaraq üzərində 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 ay 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır.. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 18 dekabr 2023-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-433/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-433/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)- 433/2024 saylı saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə 18 dekabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablanmalı, hazırki iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 117 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 10 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2024-cü il tarixli 1(060)- 433/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq Təqsirləndirilən şəxs 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-433/2024 saylı saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə 18 dekabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 10 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar