Məhkəmə qərarları › İş №1(060)-417/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-417/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-417/2022 26.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, 21 avqust 1987-ci ildə Ermənistan Respublikası, Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, orta təhsilli, işləyməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,217 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 18.01.2022-ci il tarixdə saat 12:05 radələrində Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 9-cu mikrorayon, 74 saylı binanın qarşısında saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibininin kiçik cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,217 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, 2019-cu ildə soyğunçuluq etdiyinə görə məhkum edilmiş və hazırda cəzasını tam çəkib qurtarmışdır. Belə ki, hazırki iş üzrə o, bədənində ağrılar olduğu üçün bir neçə aydır ki, narkotik maddə olan heroini falqa ilə iyləyərək qəbul edir. 17.01.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri “20 Yanvar” dairəsi yaxınlığında olarkən üzdən tanıdığı şəxsdən 10 manat müqabilində 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kakos almış və əynində olan boz rəngli cins şalvarının sağ yan kiçik cibinə qoymuşdur. Səhəri gün yəni, 18.01.2022-ci il tarixdə təqribən saat 12.05 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Bölmənin inzibati otaqlarının birində polis əməkdaşları müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərinə baxış keçirəcəklərini bildirdikdə, o etiraz etməmişdir. Ona üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. O, əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin büküm açıldıqda içərisində spesifik iyə malik tünd qəhvəyi rəngli maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o, polis əməkdaşlarına təqdim etdiyi bükümdə narkotik vasitə kakos olduğunu və həmin narkotik vasitəni 17.01.2022-ci il tarixdə Bakı şəhəri “20 “Yanvar” dairəsi yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün bir bükümünü 10 manata aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş maddə büküldüyü kağız ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş və daha sonra zərfdə qablaşdırılmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərində başqa heçnə aşkar edilməmişdir. Hazırda o etdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, 18.01.2022-ci il tarixdə Sumqayıt şəhərində Elşən adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 18.01.2022-ci il tarixdə, saat 12:05 radələrində sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 9-cu mikrorayon, 74 saylı binanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmiş və ona hüquq və vəzifələri izah edildikdən sonra, vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan əvvəl isə ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibininin kiçik cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Sorğu zamanı Elşən təqdim etdiyi heroini 17.01.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri “20 Yanvar” dairəsi yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş heroin tərəzidə çəkilərək qablaşdırılmış, daha sonra sənədləşdirilmə aparılmış, o da tərtib olunmuş protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2022-ci il tarixli 6/323 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,217 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2022-ci il tarixli 820 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş 01.02.2022-ci il tarixli tələbnamə – arayışdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 29.08.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs çəkilməmiş qalan 09 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası 04 ay 21 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. O, 07.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olsa da, onun əvvəlki cəzası azadlığın məhdudlaşdırılması cəzası olduğu üçün bu cinayətin residivin yaratmır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,217 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 18.01.2022-ci il tarixdə saat 12:05 radələrində Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 9-cu mikrorayon, 74 saylı binanın qarşısında saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibininin kiçik cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,217 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdən 19 yanvar 2022-ci tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun məhkəmə iclas zalından həbsə alındığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,167 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müaliə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 35 (otuz beş) saat, həmçinin Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdən 19 yanvar 2022-ci il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun tutulduğu 26 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,167 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə ona 210 (iki yüz on) manat məbləğində vəsait, həmçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində vəsait, cəmi 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar