Məhkəmə qərarları › İş №1(060)-418/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-418/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-418/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 12.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 05.06.2020-ci il tarixli qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl azad edilmiş, 21.08.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Qubadlı rayonu, Çaytumas kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 mart 2021-ci il tarixdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində istintaqa dəqiq məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,340 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 23.03.2021-ci il tarixdə, saat 19:50 radələrində Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməkdaşlarının Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 4-cü PB-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən qara rəngli siqaret kağızına bükülmüş olan 0,340 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.1-ci maddələri ilə məhkum olunmuşdur. Təxminən 3 ildir ki, narkotik vasitələrdən istfadə edir. 23 mart 2021-ci il tarixdə, saat 19:50 radələrində Sumqayıt şəhəri, 7-8-12 məhəllə ərazisində olan zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini təqdim edib onu Sumqayıt şəhəri, 7-8-12 məhəllə ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli olduğu üçün 4-cü PB-nə gəlməyini bildirmişlər. O, 4-cü PB-nə getməkdən imtina etməmiş, bundan sonra polis bölməsinə gətirilən zaman üzərində narkotik vasitə saxladığını səmimi olaraq etiraf etmişdir. Polis bölməsinə gəldikdə polis əməkdaşları video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Bu zaman o, buna heç bir etiraz etməmişdir. Sonra polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim edilmişdir. O, təqdim edilmiş vəkilə heç bir etiraz etməmiş, daha sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya kütlənin olub-olmadığı sual olunan zaman o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxladığı qara rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Sonra polis əməkdaşı həmin bükümü açarkən içərisində qəhvəyi rəngli toz halında kütlənin olduğunu müəyyən etmiş, ondan həmin kütlənin nə olduğu soruşulduqda o bükümün içərisində narkotik vasitə kakos olduğunu demiş və həmin narkotik vasitə olan kakosu 23.03.2021-ci il tarixdə, saat 18:00 radələrində Sumqayıt şəhəri 7-8-12-ci məhəllə ərazisində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə kakos olan qara rəngli siqaret kağızına bükülmüş büküm tərəziyə qoyularaq çəkilərək qablaşdırılmışdır. Sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, hal-hazırda DİN-nin sərəncamında olan, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sabiq əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və həmin bölmənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 iştirakı ilə 23.03.2021-ci il tarixdə, təxminən saat 19:50 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində həmin ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli bilinən Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs 4-cü PB-nə daxil olan zaman üzərində narkotik vasitə olduğunu bildirmiş, bundan sonra ŞPİ-nin kriminalisti, polis mayoru Elnur Qocayev tərəfindən videoçəkilişlə təhqiqatçı X3 Məmmədovun üzərinə şəxsi axtarış keçirəcəyini deyib ona Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim edərək hüquq və vəzifələrinə dair bildiriş vermişdir. Təqsirləndirilən şəxs buna etirazının olub-olmaması soruşulduqda o, etirazının olmadığını demiş və videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirimişdir. Şəxsi axtarışa başlamamışdan qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, spesifik iyə malik kütlə aşkar olunmuş, ondan içərisində nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə olan kokos olduğunu demişdir. Həmin narkotik vasitəni 23 mart 2021-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində ərazisində olan zaman tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə kiçik elektron tərəziyə qoyularaq çəkilmiş və 0,49 qram çəkidə olması müəyyən olunmuşdur. Bu barədə onların və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib olunaraq imzalanmışdır. Məhkəmədə şahidlər hal-hazırda DİN-nin sərəncamında olan, Sumqayıt ŞPİ-nin 4cü PB-nin sabiq əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 23.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının məhkəmə-kimyəvi ekspertizasının 24.03.2021-ci il tarixli, 6/1165 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası DİN Arayışlar üçün № 128 dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd kağız bükümdə təmiz çəkisi 0,340 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi-0,340 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-290 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 06.05.2021-ci il tarixli, 1405 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop” maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 01.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə Sumqayıt Şəhər Məhkəməsinin 12.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 05.06.2020-ci il tarixli qərarı ilə 02 ay 16 gün vaxtından əvvəl azad edilmiş, 21.08.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 25.03.2021-ci il tarixli qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 18.06.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 23 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən əliliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,290 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,0 (altmış beş manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli (iş № 1(060)-418/2021) qərarını icra edərək, 09 iyun 2021-ci il tarixli 574 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,290 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65,0 (altmış beş manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar