Məhkəmə qərarları › İş №1(060)-419/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-419/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-419/2025 11.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Zaqatala rayonu, Əliabad qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs işlədiyi Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan Ticarət Mərkəzinin 2-ci mərtəbəsindəki 313 nömrəli mağazaya daxil olduqdan sonra öz cinayətkar niyyətini həyata keçirmək üçün satıcı Zərərçəkmiş şəxs başını qatmaq məqsədilə vitrində olan müxtəlif qadın gecə geyimlərinə baxmaq üçün ona verməsini istəmiş, satıcı Zərərçəkmiş şəxs həmin geyimləri ona verən zaman sonuncunun onu görmədiyinə tam əmin olduqdan sonra Zərərçəkmiş şəxs vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında divardan asdığı açıq yaşıl rəngli qolsuz gödəkçəsinin sağ yan cibində saxladığı 7320 (yeddi min üç yüz iyirmi) manat məbləğində nağd pulu gizli talamaqla Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 05 dekabr 2024-cü il tarixdə Sumqayıt şəhərinə qadın salonlarının birinə gəlmiş, həmin vaxt salonun bağlı olduğunu görüb biraz gəzmək istəmiş və təxminən saat 18 radələrində yaxınlıqdakı “Karvan Ticarət Mərkəzinə daxil olmuşdur. Ticarət mərkəzinin 2-ci mərtəbəsinə qalxıb orada yerləşən 313 nömrəli qadın iç geyimləri satılan mağazaya daxil olmuş və iç geyimlərinə baxmağa başlamışdır. Həmin vaxt satıcının çoxlu pulu sayaraq sellofanın içərisinə qoyub paltardəyişmə otağının yanında asılmış açıq yaşıl rəngli qolsuz gödəkçənin sağ yan cibinə qoyduğunu görmüşdür. İşləmədiyindən, maddi imkanı çətin olduğundan və borcları olduğuna görə həmin pulu oğurlamaq qərarına gəlmişdir. Bundan sonra satıcının başını qatmaq üçün satıcıdan vitrində asılmış bir neçə gecə geyimini ona verməsini istəmiş, özü isə həmin vaxt cibində pul olan gödəkçəyə tərəf yaxınlaşmağa başlamışdır. Satıcı Vəfanın başının qarşıdığına, ona baxmadığına və onu görməyəcəyinə tam əmin olduqdan sonra cəld əlini divardan asılmış gödəkçənin sağ yan cibinə salıb pulu götürmüş və cibinə qoymuşdur. Sonra isə Vəfanın ona göstərdiyi gecə geyimlərinə baxıb bəyənmədiyini deyərək tez mağazadan çıxaraq oradan uzaqlaşmışdır. Oradan uzaqlaşdıqdan sonra isə oğurladığı pulu sayaraq 7320 manat olmasını bilmişdir. Həmin pullar 200. 100. 50, 20 və 1 manatlıq əskinaslardan ibarət olmuşdur. Oğurladığı pulları sonradan şəxsi ehtiyaclarına xərcləmişdir. Barəsində cinayət işi başlanandan sonra zərərçəkmiş Vəfaya dəymiş ziyanı tam ödəmiş, onunla barışıq əldə etmişdir. Hazırda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ünvan 1 ünvanında kirayədə yaşasada, daimi yaşayış yerinin Zaqatala rayonu, Əliabad qəsəbəsi olmasını, məhkəmə iclaslarına Zaqatala rayonu, Əliabad qəsəbəsindən gəlib-getməsini nəzərə alaraq, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan Ticarət Mərkəzi”nin 2-ci mərtəbsində 313 nömrəli mağazanı icarə əsasında işlədir. 05 dekabr 2024-cü il tarixdə, təxminən saat 17 radələrində işlədiyi mağazada olduğu zaman üzərində olan 7320 manat pulu sayaraq sellofana qoymuş, sonra isə həmin pulu mağazada paltardəyişmə otağının yanında divardan asdığı özünə məxsus açıq yaşıl rəngli qolsuz gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin ərəfədə işlədiyi mağazaya qara rəngli papaq, qara rəngli qolsuz üst geyimi, qollarında və sinəsində ağ rəngli zolaqlar olan qara rəngli köynək, qara rəngli ayaqqabı geyinmiş və əlində qırmızı rəngli çanta tutumuş təxminən 35-40 yaşlarında bir nəfər qadın daxil olmuşdur. Cinayət işi başlandıqdan sonra həmin qadnın Sürəyyə Balayeva olduğu bilmişdir. Syrəyyv vitrindən asdığı bir neçə qadın gecə geyimlərini ona göstərib həmin geyimləri verməsini, baxmaq istədiyini demişdir. O, həmin qadının istədiyi geyimləri verdikdən sonra həmin qadın aşağı düşüb pul götürüb gələcəyini və istədiyi üst geyimini alacağını demiş, o da razılaşmışdır. Lakin bir müddət keçməsinə baxmayaraq həmin qadın gəlməmişdir. Təxminən saat 18 radələrində gödəkçəsinin cibindən pulu götürmək istəyəndə pulun yerində olmadığını görmüş və oğurlandığını başa düşmüşdür. Bundan sonra mağazanın müşahidə kameralarına baxmış və baxan zaman həmin qadının onun cibindən pulu oğurladığını ehtimal etmişdir. Bundan sonra Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng vuraraq baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Həmçinin özünə məxsus pulun oğurlanması barədə qızı Ləmana da məlumat vermişdir. Oğurluq nəticəsində ona 7320 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onun azadlıqdan məhrum edilməsini istəmir. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, icraatına 05 dekabr 2024-cü il tarixdə, saat 17 radələrindən 18 radələrinədək olan müddət ərzində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan Ticarət Mərkəzi”nin 2-ci mərtəbəsindəki 313 nömrəli mağazada işləyən Zərərçəkmiş şəxs məxsus gödəkçənin cibindən 7320 manat məbləğində pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə əməliyyat tapşırığı daxil olmuşdur. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin oğurluq cinayətini törətməsində şübhəli olması müəyyən edilmiş və sonuncunun istintaqa gəlməsi təmin edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 05 dekabr 2024-cü il tarixdə, saat 17 radələrində “Karvan Ticarət Mərkəzi'nin yanında olması ilə bağlı nəzarət kameraları tərəfindən qeyd alınmış videogörüntülər əldə olunaraq istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu zamanı da sonuncu törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və foto cədvəldən görünür ki, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən karvan Ticarət mərkəzində olan Zərərçəkmiş şəxs işlədiyi 313 nömrəli mağazaya baxış keçirilmiş, baxış zamanı mağazadan Zərərçəkmiş şəxs məxsus 7320 manat məbləğində nağd pulun oğlurlanması faktı aşkar edilmişdir. Zərərçəkmiş şəxs qismində tanınma haqqında 16.126.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. "Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi baş vermiş yer Zərərçəkmiş şəxs işlədiyi Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan Ticarət Mərkəzi”nin 2ci mərtəbəsindəki 313 nömrəli mağazadır. Baxış zamanı Zərərçəkmiş şəxs 7320 manat pulun oğurlandığı özünə məxsus gödəkçəni və mağazanın nəzarət kameralarının videogörüntülərini təqdim etmişdir. "Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd DVD diskdən görünür ki, Zərərçəkmiş şəxs işlədiyi 313 nömrəli mağazada olan videomüşahidə kameralarının görüntülərinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, 05 dekabr 2024-cü il tarixdə, saat 17:11 radələrində bir nəfər qara rəngli papaq, qara rəngli şalvar, qollarında və sinəsində ağ rəngli zolaqları olan qara rəngli köynək, əlində qırmızı rəngli çanta, ağzını şərtlə bağlayan qadın cinsli şəxsin Zərərçəkmiş şəxs işlədiyi “Karvan Ticarət Mərkəzi”nin 2-ci mərtəbəsində yerləşən 313 nömrəli mağazaya daxil olması, orada Zərərçəkmiş şəxs ilə söhbət etməsi, sonuncunun arxa hissəsində, yəni Zərərçəkmiş şəxs gödəkçəsinin asıldığı yerin yanında dayanması müşahidə olunmuşdur. “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd DVD diskdən görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-dən daxil olmuş 1 ədəd DVD diskdəki videogörüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, diskin içərisində 5 ədəd videogörüntü vardır. Həmin videogörütnülərə baxış keçirilən zaman həmin görüntülərdə başında qara rəngli papaq, əynində qara rəngli şalvar, qollarında və sinəsində ağ rəngli zolaqları olan qara rəngli köynək, əlində qırmızı rəngli çanta, boynunda isə ağzını bağladığı şərf olan Təqsirləndirilən şəxs Miihiddin qızının “Karvan Ticarət Mərkəzfnin yaxınlığında hərəkətdə olması və ticarət mərkəzinə daxil olması müşahidə olunmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-210/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Səbail Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə qismən toplanmaqla üzərində olaraq 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Hazırda məhkumluğu ödənilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham və həmin tarixli qərarla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, barəsində CM-nin 177.2.3, 177.2.5, 180.2.3 və 180.2.5-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında”, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında”, xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokollar, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödədiyi üçün ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X4 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, himayəsində bir azyaşl uşağının olmasını (CM- 59.1.4, 59.1.12- 59.1.13), nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, cinayət əməlini törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X3 cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını qeydiyyatda olduğu yerdə - Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək qeydiyyat yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Zaqatala rayonu,Əliabad qəsəbəsi ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zaqatala rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyt yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 154 (yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar