Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-42/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Xüsusi ittihamçı X7, onun nümayəndəsi və vəkili Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər X4 və Nasiyeva Sevda Vahid qızının, onların müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri, xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Nasiyeva Sevda Vahid qızının Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs X8 xüsusi ittihamçı X11 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, X8 xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində Sumqayıt şəhəri ərazisində “Adore” adlı marketin qarşısında insanların olduğu ictimai yerdə ona “oğru”, “hər bir şeyimizi oğurlayan oğru niyə susursan danışmırsan”, “baxın bu insan oğrudur”, “tərbiyəsiz, anasını öldürən şərəfsiz” deməklə ona böhtan atmış və təhqir etmişdir. Digər təqsirləndirilən şəxs Nasiyeva Sevda Vahid qızı xüsusi ittihamçı X11 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, Nasiyeva Sevda Vahid qızı xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində Sumqayıt şəhəri ərazisində “Adore” adlı marketin qarşısında insanların olduğu ictimai yerdə ona “niyə susursan, telefonu görüb susdun, oğru” deməklə ona böhtan atmışdır. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, onun doğma bacısı X8 və bacısının qızı Nasiyeva Sevda Vahid qızı yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymış, müxtəlif vaxtlarda ictimai yerlərdə ona böhtan atmış, həmçinin onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdirlər. Növbəti dəfə xx.xx.2024-cü il tarixdə, axşam saat 21:00 radələrində X8 və Nasiyeva Sevda Vahid qızı Sumqayıt şəhərində yerləşən “Adore” adlı mağazanın yerləşdiyi ərazidə yanımdan keçirmişlər. Bu zaman bacısı və bacısı qızı onları təhqir etməyə və ona böhtan atmağa başlamışlar. Onlara əhəmiyyət verməyib tələsik olaraq oradan aralanmışdır. Çünki bilirmiş ki, onlarla bacara bilməyəcək. Ətrafdakı insanlar baxırdı deyə o çox utanmış və tez onlardan aralanmışdır ki, onu söyüb təhqir edərkən həmin insanlar bunun ona deyildiyinin şahidi olmasınlar. Lakin, bacısı və bacısı qızı onun xəbəri olmadan onu təqib etməyə başlamışlar. O evə qayıtmaq üçün yolu keçib “Pioner” adlı marketə tərəf getmək istəyəndə həmin marketin qarşısındakı dondurma satılan yerdə yenə onları görmüşdür. Bu dəfə bacısı və bacısı qızı yenə onu söyməyə, təhqir etməyə başlamışlar. Ona “oğru” deyərək böhtan atmış, X8 “şərəfsiz” deyərək onu təhqir etmişdir. Ətrafda çoxlu insanlar varmış və keçib gedən hər kəs ona baxırmış. Artıq neçənci dəfə imiş ki, bacısı və bacısı qızı onu belə utancverici vəziyyətə salırmışlar. Xəcalətdən nə edəcəyini bilməmiş, hər kəs ona baxırmış, o isə utandığından özümə yer tapa bilmirmiş. Dərhal telefonu ilə onları çəkməyə başlamış ki, onların bu hərəkətlərinə son qoymaq üçün məsələni hüquq müstəvisində həll etsin (görüntüləri əks etdirən disk şikayətə əlavə edilir). X15 ətrafdakı insanlara onu göstərərək “hər bir şeyimizi oğurlayan oğru, niyə susursan, danışmırsan? Baxın, bu insan oğrudur. Tərbiyəsiz, anasını öldürən şərəfsiz" demişdir. X16 “niyə susursan? Telefonu görüb susdun, oğru?" demişdir. Nasiyeva Mariyat daha əvvəl polisə onun qızıllarını oğurlamağı ilə bağlı şikayət vermiş, həmin şikayət əsasında oğurluqla bağlı hər hansı cinayət işində təqsirliliyi öz təsdiqini tapmamışdır. Barəsində oğurluq etməyi ilə bağlı heç bir qərar olmamasına baxmayaraq Nasiyeva Mariyat ondan əl çəkməmiş, gördüyü hər yerdə ona insanların arasında oğru deyərək dəfələrlə böhtan atmışdır. Hər kəsin yanında ona oğru deyərək böhtan atması, adını oğru kimi qələmə verməsi nəticəsində artıq o tanışlar arasına çıxa bilmir. Bu ad onun üçün böyük rüsvayçılıqdır. Hətta bir dəfə “AL” marketdə alış-veriş edərkən Nasiyeva Mariyat da uzaqdan onu təqib edərək marketə daxil olmuş və ona oğru deyərək qışqırmağa başlamışdır. Oradakı işçilər onun çantalarını yoxlamağa başlamışlar və çantasında heç bir şey olmadığını görmüşlər. Bu cür halların yaşanması, şərəfi ilə yaşayan bir insan kimi onun üçün qəbul edilməzdir. Ətrafdakıların onu oğru kimi tanıması biabırçılığı ilə yaşamaq çox ağırdır. Mariyatin bu hərəkətləri onu özünü öldürmə həddinə çatdırmış və dəfələrlə bunu düşünmüşdür. Çünki, onun üçün oğurluq ən böyük rüsvayçılıqdır. Bu hadisə ilk dəfə baş vermir. Artıq uzun müddətdir ki, Nasiyeva Mariyat və Nasiyeva Sevda insanlar içində onu tək görən kimi təhqir edir və böhtan atırlar. Onların niyyəti onu insanlar içində rüsvay etməkdir. Nasiyeva Mariyatin bu hərəkətləri etməsinə səbəb anasının sağlığında evini qardaşına, qardaşının isə həmin evi ona bağışlamasıdır. Mariyat bunu həzm edə bilmədiyi üçün onu və qardaşını qızıllarını oğurlamaqla şərləyərək polisə şikayət etmişdir. Lakin, bu heç bir nəticə vermədiyi üçün o gördüyü yerdə onun şərəf və ləyaqətini alçaldır, ona böhtan ataraq insanlar arasında rüsvay edir. Qardaşı Rusiya Federasiyasında yaşadığı üçün bu təhqir və böhtanlardan uzaqdır. Lakin, o hər dəfə onların təhqir və böhtanına məruz qalmaqdan yorulmuşdur. Göstərilənlərə əsasən X4 Azərbaycan Respublikasının CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin Məcəllənin 147.1-ci maddəsi ilə 04 ay müddətinə, 148-ci maddəsi ilə 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə onun qəti olaraq 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Nasiyeva Sevda Vahid qızının Azərbaycan Respublikasının CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddə ilə 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X11 şikayətini müdafiə edərək X4 və Nasiyeva Sevda Vahid qızının təqsirli bilinərək məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi və vəkili Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 şikayəti müdafiə edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər küçədə, ictimai yerdə, çoxsaylı insanların arasında ittihamda qeyd edilən ifadələri xüsusi ittihamçının ünvanına səsləndirmişlər. Bu hal isə həmin məlumatların kütləvi çıxış şəklində yayılması deməkdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Təqsirləndirilən şəxslərin küçədə, ictimai yerdə, çoxsaylı insanların arasında ittihamda qeyd edilən ifadələri xüsusi ittihamçının ünvanına səsləndirməsi video görüntülər də təsdiq edilir. Göstərilən halları nəzərə alaraq X4 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 147.1-ci maddəsi ilə 04 ay müddətinə, 148-ci maddəsi ilə 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə müvafiq olaraq təyin edilmiş cəzaları tamamilə toplamaq yolu ilə onun qəti olaraq 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Nasiyeva Sevda Vahid qızı isə Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X8 özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, xüsusi ittihamçı Osmanova Aygün onun bacısıdır, bacısı analarından qalan evi öz adına rəsmiləşdirmiş və evdə olan qızıl-zinət əşyalarını ələ keçirmişdir. Belə ki, anası mənzili oğlunun, yəni onun qardaşının adına keçirmiş, qardaşı isə mənzili Aygünə bağışlamışdır. Onun qızıllarını və əşyalarını oğurlamasına görə Aygünün barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Bu müddət ərzində Aygün onları rahat buramamışdır. Belə ki, harada görübsə söyüb təhqir etmişdir. Bundan əlavə qızının iş yerinə gedərək ona hədə-qorxu gəlmiş, qızının müdirinə zəng edərək onun haqqında mənfi sözlər demişdir. Buna görə də qızı işdən çıxarılmışdır. Bəzən Aygün onların arxasınca gələrək daş atmışdır. Lakin, daş atması video çəkiliş olan gün deyil, daha öncədən olmuşdur. Aygün Osmanova üç ildir ki, onları harada görürsə söyüb təhqir edir. Bundan əlavə Aygün Osmanova onların şəkillərini və nömrələrini müxtəlif sosial şəbəkələrə yerləşdirmişdir. Hazırda da harada görürsə onları təhdid və təhqir edir, ünvanlarına xoşagəlməz ifadələr işlədir. Çəkiliş olan gün onlar “Kolxoz” bazarının yanında Aygünü görmüşlər və oradan çıxıb getmişlər. Aygün “Pioner” marketə qədər onların arxasınca düşmüş və orada onları söyüb təhqir etmişdir. O da Aygünə demişdir ki, “daha nə istəyirsən, evi ələ keçirmisən, qızıllarımı oğurlamısan”. Həmin vaxt Aygün onların dediklərini telefonla çəkmişdir. Həmin vaxt Aygünə ona görə oğru və şərəfsiz demişdir ki, onun və qızının şəklini çəkib Rusiyada yaşayan qardaşına göndərir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Nasiyeva Sevda Vahid qızı özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, X8 onun anası, xüsusi ittihamçı Aygün Osmanova isə xalasıdır. Neçə ildir ki, Aygün Osmanova onları rahat buraxmır, harada görürsə söyüb təhqir edir. Hətta 2023-cü ildə Aygün Osmanova onun iş yerinə gəlmiş və onun təhqir etmişdir. Müdir nə məsələ olduğunu soruşduqda ailə problemlərinin olmasını demiş, müdir isə ona fikir verməməsini, işini görməsini bildirmişdir. Bundan sonra Aygün Osmanova təkrar onun iş yerinə gələrək uca səslə səs-küy salmasa da, onu söyüb təhqir etməyə başlamışdır. Həmin vaxt bir nəfər kişi mağazaya gəldikdə Aygün Osmanova həmin şəxsə bildirmişdir ki, bu oğrudur, bundan heç nə almayın. Bundan sonra müdir onu çağıraraq ərizə yazıb işdən çıxmasını demiş, o da işdən çıxmışdır. Aygün Osmanova kişilərin və oğlanların yanında onu əxlaqsız kimi təqdim etmiş, o isə Aygün Osmanovaya fikir vermədən çıxıb getmişdir. Video çəkiliş zamanı Aygün Osmanova onları həddən artıq əsəbləşdirdiyi üçün ona oğru demişdir. X17 çəkiliş edən zaman ona demişdir ki, indi də danış, niyə danışmırsan, niyə susmusan. Həmin vaxt Aygün Osmanova onların da çəkiliş etdiyini görüb susmuşdur. Hətta onlar marketə gedəndə bir nəfər xanım onlara demişdir ki, bu sizi təhtiq edir, bunu məhkəməyə verin. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, həmçinin cinayət işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, xüsusi itihamçının, təqsirləndirilən şəxslərin ifadələri, iş materiallarında olan xüsusi ittihamçının təqdim etdiyi video görüntülər, ekspert rəyi və digər iş materialları ilə X4 Azərbaycan Respublikası CMin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilsə də, digər təqsirləndirilən şəxs Nasiyeva Sevda Vahid qızının əməllərində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin təhqiqatçısı Pərviz Babayev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilir ki, X8 şikayətlə müraciət edərək bacısı Aygün Osmanovanın onun uşaqlarına küçədə, mağazada hədə-qorxu gəldiyini, ona məxsus geyim və qızıl-zinət əşyalarının mənimsənilməsini bildirmiş, lakin aparılan araşdırma zamanı həmin fatkla öz təsdiqini tapmadığı üçün CMP-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Xüsusi ittihamçı tərəfindən təqdim edilmiş diksə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 03 ədəd video görüntü mövcuddur. Birinci video görüntüdə təqsirləndirilən şəxslər X8 və Nasiyeva Sevda Vahid qızı müşahidə edilir. Həmçinin müəyyən edilir ki, video görüntü Sumqayıt şəhəri ərazisində yerləşən marketlərin birinin qabağında yol kənarında səkidə qeydə alınmışdır. X2 və Nasiyeva Sevda Vahid qızından əlavə küçə ilə hərəkət edən və marketin qarşında olan çosaylı insanlar da vardır. Video görüntüdə X1 Osmanovanın ünvanına aşğıdakı ifadələri işlədir: - veşlərimizi oğurlayan, hər bir şeyimizi oğurlayan, niyə danışmırsan oğru, oğrudu bu, baxın bu insan oğrudu (həmin vaxt əli ilə Aygün Osmanovanı işarə edərək kənara baxır), tərbiyəsiz, özü tərbiyəsizdi mənim qızıma ağzına gələni deyir yolda, daş atır mənə, buna bax bir, niyə söymürsən indi, söy də, polislərlə əlaqədə olan, buna bax bir, oğru, tərbiyəsiz (son iki sözü deyən zaman səkidə olan gənc oğlan və sarı saçlı qadın ona xüsusi diqqət edir, videonun 21-ci saniyəsi), bir də sən mənim qızıma bir söz deyəsən, ya da oğluma deyəsən, o tərəfdən daş atır, buna bax şərəfsiz, anasını öldürən şərəfsiz (sonuncu sözləri deyən vaxt da az öncə yanından keçən sarı saçlı qadın geri dönüb ona baxır, həmçinin irəlidə dayanmış bir nəfər şəxs ona diqqət edir videonun 42 və 45-ci saniyələri). Həmin video görüntüdə Nasiyeva Sevda Vahid qızı Aygün Osmanovanın ünvanına aşğıdakı ifadələri işlədir: - danış daa niyə susursan indi, bayaqdan danışırdın ki, danış daa, bayaqdan söyüş söyürdün ki. İkinci video görüntüdə təqsirləndirilən şəxslər X8 və Nasiyeva Sevda Vahid qızı müşahidə edilir. Həmçinin müəyyən edilir ki, video görüntü Sumqayıt şəhəri ərazisində yerləşən marketlərin birinin qabağında yol kənarında səkidə qeydə alınmışdır. X2 və Nasiyeva Sevda Vahid qızından əlavə küçə ilə hərəkət edən insanlar da vardır. Video görüntüdə X1 Osmanovanın ünvanına aşğıdakı ifadələri işlədir: - bizim bütün şeylərimizi oğurlayan, oğru, ay oğru. Üçüncü video görüntüdə təqsirləndirilən şəxslər X8 və Nasiyeva Sevda Vahid qızı müşahidə edilir. Həmçinin müəyyən edilir ki, video görüntü Sumqayıt şəhəri ərazisində yerləşən marketlərin birinin qabağında yol kənarında səkidə qeydə alınmışdır. X2 və Nasiyeva Sevda Vahid qızından əlavə küçə ilə hərəkət edən və marketin qarşında olan çosaylı insanlar da vardır. Video görüntüdə X1 Osmanovanın ünvanına aşğıdakı ifadələri işlədir: - sən kimsən ki, mənim uşaqlarıma söz atırsan, mənim qızımı təhqir edirsən, kimsən sən, niyə susursan oğru. Həmin video görüntüdə Nasiyeva Sevda Vahid qızı Aygün Osmanovanın ünvanına aşğıdakı ifadələri işlədir: - bayaqdan söz atırdın, indi susdun telefonu görüb, susdun oğru. Təqsirləndirilən şəxs Nasiyeva Sevda Vahid qızı tərəfindən təqdim edilmiş diksə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə Sumqayıt şəhəri ərazisində yerləşən marketlərin birinin qabağında çəkilmiş Aygün Osmanovanın fotoşəkilləri və 03 ədəd video görüntü mövcuddur. Birinci və ikinci video görüntülərdə Sumqayıt şəhəri ərazisində yerləşən marketlərin birinin qabağında Aygün Osmanovanın dayanaraq əlində telefonla video çəkiliş etməsi müşahidə edilir (9 və 1 saniyəlik videolar). Üçüncü video görüntü mağaza daxilində təhlükəsizlik kameraları ilə qeydə alınmışdır. Video görüntü 1 dəqiqə 30 saniydən ibarətdir. Video görüntüdə səs qeydləri yoxdur. Üzərində olan qeydlərə əsasən xx.xx.2022-ci ildə qeydə alınmışdır. Video görüntülərdə Sevda Nasiyevanın öncədən da mağazada olması, Aygün Osmanovanın mağazaya daxil olması, daha sonra ətraflara baxması və Sevda Nasiyevaya nəsə deyərək oradan getməsi müşahidə edilmişdir. Video görüntülərdə onlardan əlavə hər hansı kənar şəxs (şəxslər) olmamış, Sevda Nasiyeva ilə Aygün Osmanova arasında hər hansı mübahisə müşahidə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2025-ci il tarixli 4/13 saylı məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “şərəfsiz” ifadəsinin ictimai yerdə, küçədə digər şəxslər olan yerdə hər hansı şəxsin ünvanına işlədilməsi həmin şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqiramiz semantikalı ifadə hesab edilir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, X8 əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Nasiyeva Sevda Vahid qızı əvvəllər məhkum edilməmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayətprosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin, xüsusi ittihamçının məhkəmə iclasında verdikləri ifadələri, xüsusi ittihamçı tərəfindən təqdim edilmiş video görüntülər, ekspert rəyi və digər iş materialları ilə təqsirləndirilən şəxs X4 yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X7 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxış şəklində (küçədə, ictimai yerdə, çoxsaylı insanlar olan yerdə çoxsaylı kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada) yayaraq böhtan atma, həmçinin eyni üsulla ittihamçı X7 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirilmişdir. Ona görə də X4 əməli Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, təqsirləndirilən şəxs X8 xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində insanların olduğu ictimai yerdə xüsusi ittihamçı X9 “oğru”, “hər bir şeyimizi oğurlayan oğru niyə susursan danışmırsan”, “baxın bu insan oğrudur”, “tərbiyəsiz, anasını öldürən şərəfsiz” deməklə ona böhtan atmış və təhqir etmişdir. Böhtan xarakterli ifadələri X8 xüsusi ittihamçı X7 ünvanına işlədən zaman həmin məlumatların yalan olmasını bilmişdir. Belə ki, X8 bununla bağlı daha öncədən polisə şikayət etsə də həmin xüsusatlar öz təsdiqini tapmamış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs X8 xüsusi ittihamçı X7 ünvanına işlətdiyi ifadələrlə onu oğruluqda ittiham etməklə böhtan atmış, həmçinin onun ünvanına “şərəfsiz” deməklə təhqir etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs X4 xüsusi ittihamçı X7 ünvanına işlətdiyi ifadələr kütləvi çıxış şəklində yayılmış hesab edilməlidir. Belə ki, təqdim edilmiş video görüntülərə əsasən X8 həmin ifadələri Sumqayıt şəhəri ərazisində yerləşən marketlərin birinin qabağında yol kənarında səkidə işlətmiş, orada təqsirləndiriən şəxslər X8, Nasiyeva Sevda Vahid qızı, xüsusi ittihamçı X11, həmçinin küçə ilə hərəkət edən və marketin qarşında olan çosaylı insanlar da vardır. Bundan əlavə video görüntülərdən müşahidə edilir ki, X8 həmin ifadələri səsləndirərkən əli ilə Aygün Osmanovanı işarə edərək kənara, yəni digər insanlara baxır, həmçinin orada olan, yoldan keçən bəzi insanlar ona xüsusi diqqət edir, bəzən geri dönüb baxır, bəsizi isə kənardan durub izləyir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndinin 3-cü abzasına əsasən kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Göründüyü kimi, təqsirləndirilən şəxs X8 xüsusi ittihamçı X7 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayaraq böhtan atma, həmçinin ittihamçının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmə cinayətlərini kütləvi çıxış şəklində (küçədə, ictimai yerdə, çoxsaylı insanlar olan yerdə çoxsaylı kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada) yaydığını dərk etmiş və bunu arzu etmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlləri həmin məlumatların kütləvi çıxış şəklində ifadə edildiyi andan başa çatmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Məhkəmə araşıdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X8 tərəfindən Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X5 cəza təyin edərkən əvvəllər məhkum edilməməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs X5 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halı nəzərə alır və belə hesab edir ki, X6 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cərimə cəzası təyin edilməldir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə digər təqsirləndirilən şəxs Nasiyeva Sevda Vahid qızının əməlinə qiymət verərək hesab edir ki, onun əməlində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin tərkibi yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün həmin əməli törətmiş şəxs yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla böhtan atmalıdır. Normanının dispozitiv şərtlərindən də göründüyü kimi həmin əməli törətməkdə ittiham edilən şəxs məlumatın yalan olduğunu bilə-bilə həmin məlumatları yaymalıdır. İndiki halda təqdim edilmiş video görüntülərdən görünür ki, təqsirləndirilən şəxs Nasiyeva Sevda Vahid qızı xüsusi ittihamçı X7 ünvanına yalnız “bayaqdan söz atırdın, indi susdun telefonu görüb, susdun oğru” ifadəsini işlətmişdir. Bundan öncə isə digər təqsirləndirilən şəxs X8 eyni ifadələri dəfələrlə qızı Sevda Nasiyevanın yanında işlətmişdir. Göründüyü kimi Sevda Nasiyeva xüsusi ittihamçı X7 ünvanına “oğru” sözünü anasından dəfələrlə eşitdiyi üçün işlətmiş, yəni onun yalan olduğunu bilməmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci bəndinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Göstərilənlərə əsaəsn hesab edir ki, təqsirləndirilən şəxs Nasiyeva Sevda Vahid qızının əməlində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı üçün ona həmin maddə ilə bəraət verilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 200 (iki) manat təqsirləndirilən şəxs X3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.2, 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzasına, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X5 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1200 (min iki yüz) manat cərimə cəzası təyin edilsin. Nasiyeva Sevda Vahid qızının əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 200 (iki) manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X10, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-42/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-42/2025
10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver