Məhkəmə qərarları › İş №1(060)-421/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-421/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-421/2020 15.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Masallı rayonu, Təzəkənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, 4-cü məhəllə, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, səhər saat 07:30 radələrində yaşadıqları ünvanda ailə-məişət münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs başın sol gicgah nahiyyəsinin hematoması, sol baldırın yuxarı 1/3-nin diz oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyiqançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 11 ilə yaxındır ki, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Onların 2 övladı vardır. Son zamanlar Səidə ilə tez-tez mübahisələri düşmüşdür. xx.xx.2020-ci il tarixdə, səhər saat 07:30-da onun Səidə ilə yenə mübahisəsi düşmüşdür. Səidənin işə getmək istədiyini, tələsdiyini görüb ona əsəbləşərək ayağına təpiklə zərbə endirmiş, başına isə əli vurub döymüşdür. Bu zaman Səidə qorxaraq tez bacısı Rufanəgilə çıxıb getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, arvadı ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o Təqsirləndirilən şəxs ilə 11 ilə yaxındır ki, evlidir. Lakin son zamanlarda Samir onunla evdə mübahisələr yaratmış, onu yersiz qısqanmış və hər dəfəsində onu qorxutmuşdur, kobud rəftar etmişdir. xx.xx.2020-ci il tarixdə səhər saat 07:30-da səhər işə getmək istəyən zaman Samir evin içərisində onunla yersiz mübahisə etməyə başlamış, aralarında yaranmış ailə münasibəti zəminində təpiklə sağ ayağına, əli ilə başına, sillə ilə üzünə vuraraq döymüşdür. O da tez qaçaraq bacısı Rufanə Qurbanovagilə gedib gizlənmiş, 102 xidmətinə yığaraq bu barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, əri ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X2 xx.xx.2020-ci il tarixli, 979 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın sol gicgah nahiyyəsinin hematoması, sağ baldırın yuxarı 1/3-nin diz oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumaşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir günə qədər olmaqla xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v. 11-12) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi Sumqayıt 3 nömrəli şəhər poliklinikasının 351 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Qafarov X1 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. (i.v. 38) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 24) İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 44) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını AzərbaycanRespublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan RespublikasıCPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıtşəhər1 saylı Vəkil Bürosunun“xxxxxxxxxxx” ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar