Məhkəmə qərarları › İş №1(060)-421/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-421/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-421/2022 11.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Beyləqan rayonu, təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, 12.03.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, C.Cabbarlı küçəsində yerləşən “Oscar” adlanan çay evinin qarşısında olduğu zaman Sumqayıt şəhəri ərazisində müvəqqəti idarə etmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs mülkiyyətində olmaqla qanuni əsaslarla idarə etdiyi və həmin vaxt “Oscar” adlanan çay evinin qarşısında işlək vəziyyətdə saxladığı “Chevrolet Cruise” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq avtomobilin işlək vəziyyətdə oluğunu, qapısının açıq, açarının isə üzərində qaldığını görüb istifadə etməyə icazəsi və hüququ olmadan həmin avtomobilin sükanı arxasında əyləşərək hərəkətə gətirməklə əvvəlcədən qəbul etdiyi spirtli içkinin təsiri altında avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçıraraq oradan 250-300 metr məsafədə uzaqlaşmış, işıqforun qırmızı işığında dayanan zaman avtomobilin sahibi Zərərçəkmiş şəxs tərəfindən saxlanılmışdır. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 07 dekabr 2021-ci il tarixdə, təxminən saat 19 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən kafelərin birində yemək yeyib spirtli içki olan araq qəbul etmiş, sonra isə piyada Sumqayıt şəhərində gəzməyə başlamışdır. Təxminən saat 20 radələrində, Sumqayıt şəhəri 5-ci mikrorayon, C.Cabbarlı küçəsi ilə piyada gəzən zaman həmin küçədə yerləşən "Oscar" adlanan çay evinin qarşısında, yolun kənarında dayanmış işlək vəziyyətdə və sürücüsü olmayan qara rəngli "Chevrolet Cruise" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Gəzməkdən yorulduğundan fikirləşmişdir ki, həmin avtomobili biraz sürüb gəzdikdən sonra gətirib yerinə qoyar. Ona görə də avtomobilə yaxınlaşmış və sürücü tərəfdən qapısının açıq olduğunu görmüş, sonra isə qapını açıb avtomobilin sükanı arxasında əyləşərək idarə etməyə başlamışdır. Həmin avtomobili təxminən 200-300 metr idarə etdikdən sonra işıqforun qırmızı işığında saxlamışdır. Həmin vaxt markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı, sürücüsünü tanımadığı avtomobil onun qarşısında saxlamış və Zərərçəkmiş şəxs avtomobilin ön sağ oturacağından düşərək ona yaxınlaşmışdır. Vasif ona çatıb avtomobilin onun əyləşdiyi tərəfdən qapısını açmış və avtomobilin açarını çıxararaq həyəcanla avtomobilin özünə məxsus olduğunu demiş və ondan nə etdiyini soruşmuşdur. O, da avtomobildən düşmüş və Vasifə avtomobili biraz sürüb qaytaracağını demişdir. Vasif isə onun bu sözündən əsəbiləşmiş və aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt onlara iki nəfər polis əməkdaşı yaxınlaşmışdır. Vasif polislərə onun avtomobilini qaçırtdığını və ondan şikayətçi olduğunu demişdir. Bundan sonra onu və Vasifi Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirmişlər. Onun sürücülük vəsiqəsi olsada həmin avtomobili idarə etmək üçün etibarnaməsi və ya hər hansı icazəsi olmamışdır. Həmin avtomobilin başqa şəxsə aid olduğunu bilsədə biraz idarə edib qaytarıb yenidən həmin yerə gətirmək istəmişdir. Piyada gəzməkdən yorulduğundan Vasifin avtomobilini görəndə avtomobili biraz idarə edib gətirib yerində saxlamaq istəmişdir. Avtomobili və ya avtomobilin hər hansı bir hissəsini oğurlamaq niyyəti olmamış, eləcədə avtomobildən heç bir əşya götürməmiş, həmçinin heç bir zədə yetirməmişdir. Təqsirləndirilən şəxs son sözündə törətmiş olduğu əməli səmimi olaraq etiraf etdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdını və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs 11.05.2022-ci il tarixdə məhkəməyə teelqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, cinayət hadisəsi nəticəsində ona heç bir maddi ziyan dəymədiyini, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan edilmiş ifadəsində göstərmişdir ki, onun özünə məxsus qara rəngli "Chevrolet Cruze" markalı **-RR-*** qeydiyyat nişanlı avtomobili olmuşdur. Həmin avtomobili "A, B, C, D" kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 07 dekabr 2021-ci il tarixdə, təxminən saat 20 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, 5-ci mkr, C.Cabbarlı küçəsində yerləşən "Oscar" çay evinin qarşısında yolun kənarında saxlamış və çay evindən sifariş etdiyi yeməyi götürməyə getmişdir. Tez qayıdacağı üçün avtomobili işlək vəziyyətdə saxlamış, avtomobildən bir neçə metr aralandıqdan sonra görmüşdür ki, Təqsirləndirilən şəxs onun avtomobilinə əyləşib sürüb getmişdir. O, qışrıraraq avtomobilinin arxasınca qaçmış, lakin Ramin avtomobili saxlamamışdır. O, avtomobilinə çata bilməyəcəyini görüb arxası ilə gələn sürücüsünü tanımadığı, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əl edərək saxlatdırmış və avtomobilinin arxasınca sürməsini xahiş etmişdir. Həmin şəxs də avtomobili onun avtomobilinin arxasınca sürməyə başlamışdır. Təxminən 250-300 metrdən sonra Ramin onun avtomobilini işıqforun qırmızı işığında saxlamış, o tez düşüb öz avtomobilinə yaxınlaşmış və qapını açaraq Raminin avtomobilini sürməməsi üçün açarı çıxartmışdır. Sonra isə Raminə nə üçün avtomobilini sürüb qaçdığını demişdir. Ramin isə onunla sözlə mübahisə etməyə başlamışdır. O, Raminin sərxoş olduğunu anlayıb ona əhəmiyyət verməmişdir. Həmin vaxt yaxınlıqdan keçən polis əməkdaşları onlara yaxınlaşmışlar və o Raminin ona məxsus avtomobilini qaçırtmasını polislərə bildirmişdir. Sonra isə polis əməkdaşları onları Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. Onlar da polislərlə birlikdə polis bölməsinə getmişlər və o orada ərizə ilə müraciət etmişdir. Sonradan avtomobilinə baxanda Ramin tərəfindən avtomobilindən heç bir əşyanın oğurlanmadığını, avtomobilinə heç bir zədənin yetirilmədiyini müəyyən etmişdir. Təqsirləndirilən şəxs onun avtomobilini təxminən 250-300 metr məsafədə sürüb aparmış, o, Raminə işıqforda dayanmış olduğu vəziyyətdə çatmış, əgər yolda işıqfor olmasaydı, Ramin avtomobili sürüb gedəcəkdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfəri Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər polis idarəsinin post patrul xidməti tağımının 2-ci bölüyündə polis nəfəri işləyir, polis serjantıdır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. 07 dekabr 2021-ci il tarixdə, təxminən saat 20 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün polis nəfəri, polis sıravisi Şahid2lə birlikdə avtopatrulda Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində xidmətdə olduqları zaman 5-ci mikrorayon, C.Cabbarlı küçəsində, “Oscar” adlanan çay evindən təxminən 300 metr aralıda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sözlə mübahisə etdiklərini görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra onlardan nə baş verdiyini soruşmuşlar və Zərərçəkmiş şəxs bildirmişdir ki, “Chevrolet Cruise” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir, Təqsirləndirilən şəxs ona məxsus avtomobili qaçırtmış və onu saxlamışdır. Bundan sonra onları Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər. Zərərçəkmiş şəxs ərizə ilə avtomobilinin qaçırılması barədə müraciət etmiş, onlar da bu barədə raportla bölmə rəhbərliyinə müraciət etmişlər. O və Şahid2 07 dekabr 2021-ci il tarixdə, təxminən saat 20 radələrində avtopatrulda Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində xidmətdə olduqları zaman 5-ci mikrorayon, C.Cabbarlı küçəsində, “Oscar” adlanan çay evindən təxminən 300 metr aralıda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sonuncuya məxsus avtomobilin yanında dayanaraq sözlə mübahisə etdiklərini görüb onlara yaxınlaşmışlar və bundan sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Vasif Əlyevə məxsus avtomobili qaçıraraq C.Cabbarlı küçəsində yerləşən “Oscar” adlanan çay evinin qarşısından təxminən 300 metr məsafəyə qədər idarə etmiş, sonra isə işıqforun qırmızı işığından avtomobili saxlamış və Zərərçəkmiş şəxs ona yaxınlaşaraq avtomobilin açarını çıxarıb daha hərəkət etməsinə mane olmuşdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 proses iştirakçılarının razlığı ilə elan edilmiş ifadəsindən görünür ki, o da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 07.12.2021-ci il tarixli protokoldan görünür ki, hadisə baş vermiş yer Sumqayıt şəhəri, 5-ci mikrorayon, C.Cabbarlı küçəsində yerləşən “Oscar” adlanan çay evinin yaxınlığıdır. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, özünə məxsus “Chevrolet Cruise” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili 07.12.2021-ci il tarixdə, təxminən saat 20 radələrində həmin çay evinin qarşısında yolun kənarında saxlamış və çay evindən sifariş etdiyi yeməyi götürməyə getmişdir. Tez qayıdacağı üçün avtomobili işlək vəziyyətdə saxlamış, avtomobildən bir neçə metr aralandıqdan sonra görmüşdür ki, Təqsirləndirilən şəxs onun avtomobilinə əyləşib sürüb getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən 15 dekabr 2021-ci il tarixdə alınmış tələbnamədən görünür ki, xx.xx.1978-ci ildə Beyləqan rayonu, Təzəkənd ərazi dairəsində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt şəhər 18 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsabət xarakteerizə olunur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Tibb Mərkəzi 1 Nömrəli Şəhər Xəsatəxanasının poliklinika Şöbəsi tərəfindən verilmiş 632 saylı, 10 dekabr 2021-ci il tarixli mıktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsi yoxdur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4219 saylı, 10 dekabr 2021-ci il tarixli araışdan görünür ki, Təqsirləndirilən şəxs Ruslan oğlunun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatı yoxdur. İş materiallarında olan 25.12.2021-ci il tarixli, 708 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1981-ci il təvəllüdlü həyat yoldaşı X5, 2000-ci il təvəllüdlü X3 və 2003-cü il təvəlüldlü X1 ibarətdir. Cinayət işi materiallarından görünür ki, həmin cinayət işi Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən 12 yanvar 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə başlanılaraq aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-yə göndərilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə 14 yanvar 2022-ci il tarixdə istintaqın davam etdirilməsi Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Bəhruz Qulamova həvalə edildiyindən cinayət işi onun icraatına qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işi materiallarından görünür ki, 18 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi materiallarından görünür ki, 12 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Sumqayıt ŞPİ-nin İŞ-yə gəlməklə istintaq hərəkətlərində iştirak edə biləcəyini bildirdiyindən həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnərək istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şiayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən “Avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01.04.2022-ci il tarixli (iş № 1(060)- 421/2022) qərarını icra edərək vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçiməhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR V E R D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar