Məhkəmə qərarları › İş №1(060)-421/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-421/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-421/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 18-ci məhəllə, X6, yataqxana 2, ev 32-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi ərazisində fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,313 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini və ümumilikdə 9,478 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 18 mart 2025-ci il tarixdə, saat 12:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Kompressor” zavodunun ərazisində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,313 qram xeyli miqdarda maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,478 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində məhlələrində oturarkən 5-6 nəfər polis əməkdaşı ona yaxınlaşıb üzərinə “nəşə” və “kakos” olması ilə bağlı video çəkiliş aparacaqlarını bildirmiş, həmin bükümlərin ona məxsus olduğunu boynuna alması üçün təzyiq etmişlər. Ona cinayəti boynuna götürməyəcəyi halda on kiloqram narkotiklə onu rəmiləşdirəcəklərini, həmçinin, əvvəllər məhkumluğu olmadığını, məhkəmənin onu tutmayacağını, “qolbaq” verəcəyini bildirmişlər. Bundan sonra o, məcbur qalıb “nəşə” və “kakos”un ona məxsus olması ilə bağlı çəkilişin aparılmasına razı olmuşdur. Daha sonra isə ona yaşadığı ərazidə onu tanıyanlar iki növ narkotik vasitə ilə ona azı bir il müddətinə iş veriləcəyini söyləmişlər. Məhkəmənin sualına cavab olaraq, əvvəllər narkotik vasitə “nəşə”dən istifadə etdiyi, hətta satdığını, uzun müddətdir ki, narkotikdən istifadə etmədiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilmədiyini, yalnız Ayaz adlı polis əməkdaşının ona cinayəti üzərinə götürmədiyi halda onu on kiloqram narkotiklə tutacaqlarını, onu “Kompressor” zavodunun yanında deyil, yaşadığı məhlədə olan “Oba” marketin yanından avtomobilə mindirib apardıqlarını, narkotikləri ona verdikdən sonra “Kompressor” zavodunun yanında videoçəkiliş edildiyini söyləmişdir. O, qeyd edilən təzyiqlə əlaqədar heç bir hüquq-mühafizə orqanına şikayət etmədiyini, polis idarəsində müdafiəçi ilə təmin olunduğunu, video çəkiliş aparılarkən polis əməkdaşlarının ona dediyi kimi ifadə verdiyini, təqsirləndirilən şəxs qismində dindirilmə protokolundakı ifadənin ona məxsus olmadığını, ümumiyyətlə oxumaq və yazmaq bacarığının olmadığını, ifadənin altındakı “ifadəmi oxudum, əlavəm yoxdur, imzamla təsdiq edirəm” sözlərinin onun tərəfindən yazılmadığını, protokolun altında qeyd edilən “Abdullayev” yazısının və imzanın ona məxsus olduğunu bildirmişdir. Həmçinin, əvvəllər ikinci qrup əlil olduğunu sonradan əlilliyinin dayandırıldığını qeyd etmişdir. Son söz olaraq artıq üç ildir ki, narkotik vasitədən istifadə etmədiyini nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi cinayət əməlinə münasibətdə məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, xeyli müddətdir narkotik tərkibli və psixotrop maddələr qəbul edir. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, adını bilmədiyi şəxsə 50 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd sellofan bükümdə “nəşə” adlandırılan narkotik vasitə qurudulmuş marixuana və 30 manat pul verərək bir ədəd siqaret kağızına bükülmüş bükümdə “kakos” adlandırılan narkotik vasitə heroin almış və bundan sonra üzərində saxlamaqla Sumqayıt şəhərinə qayıtmışdır. Sonradan həmin gün saat 12:40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Kompressor” zavodunun ərazisində olarkən ona mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib, şifahi şəkildə hüquq və vəzifələrini izah edərək, video çəkiliş aparmaqla üzərini yoxlayacaqlarını bildirmişlər. Ona üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməyi təklif etmişlər. O, buna etiraz etməyərək, polis əməkdaşlarının təklifi ilə əynindəki şalvarın sağ yan cibində saxladığı, həmin gün Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı şəxsə 50 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün aldığı bir ədəd sellofan bükümdəki “nəşə” adlandırılan və narkotik vasitə olan qurudulmuş marixuananı və 30 manat pul verərək aldığı bir ədəd siqaret kağızına bükülmüş bükümdəki “kakos” adlandırılan narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi bükümlərin hər birinin içərisinə baxış keçirməklə elektron tərəzidə çəkib, çəkilərini müəyyən etmişlər. Təqdim etdiyi içərisində narkotik vasitə heroin olan büküm elektron tərəzidə çəkilərkən həmin bükümün ümumi çəkisinin 1,00 qram, içərisində narkotik vasitə qurudulmuş marixuana olan büküm elektron tərəzidə çəkilərkən isə həmin bükümün ümumi çəkisinin 11,14 qram olması müəyyən edilmişdir. Sonra isə içərisi boş zərfə qablaşdırılaraq, zərfin üzərində qeydlər aparılmaqla götürülmüşdür. Daha sonra polis əməkdaşları üzərini əlavə olaraq yoxlamışlar. Həmin vaxt, yəni polis əməkdaşları üzərini yoxlayarkən üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Daha sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gəlmişlər. Polis bölməsində olan zaman isə xidməti otaqlardan birinə dəvət edilmiş, orda ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Kompressor” zavodunun ərazisində polis əməkdaşları tərəfindən saxlanılarkən təqdim etdiyi və içərisində narkotik vasitə olan bükümlərin qablaşdırıldığı zərf açılaraq içərisinə baxış keçirilmişdir. Daha sonra ona verilmiş şifahi sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı şəxsə 50 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd sellofan bükümdə “nəşə” adlandırılan və narkotik vasitə olan qurudulmuş marixuana, 30 manat pul verərək bir ədəd siqaret kağızına bükülmüş bükümdə, “kakos” adlandırılan narkotik vasitə olan heroin aldığını və üzərində saxladığını, həmin gün Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Kompressor” zavodunun ərazisində polis əməkdaşları tərəfindən saxlanılarkən həmin narkotik vasitə heroin və qurudulmuş marixuananın üzərindən aşkar edildiyini və sonra isə qablaşdırılaraq götürüldüyünü bildirmişdir. O, ifadəsində saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilmədiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitə heroin və qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs təqsirli olması onun ibtidai istintaq dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, disklərdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun rəhbərliyi ilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 12 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Kompressor” zavodunun ərazisinə getmişlər. Təqsirləndirilən şəxs saat 12:40-da gəldiyini görərək videoçəkiliş ilə ona yaxınlaşmış və onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsini istəmiş, o, özünü təqdim etmişdir. Onun tələbi ilə videoçəkiliş dayandırılmadan hava şəraiti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs saxlandığı yerə yaxın ərazidə yerləşən özünün istifadə etdiyi dəmir qarajda davam etdirilmişdir. Daha sonra o, həmin şəxsə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs özü əynindəki şalvarın cibində saxladığı bir ədəd qara rəngli sellofan bükümdəki “nəşə” adlandırılan narkotik vasitə olan qurudulmuş marixuananı və bir ədəd gümüşü siqaret kağızına bükülmüş bükümdəki “kakos” adlandırılan narkotik vasitə heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda həmin şəxs üzərindən aşkar olunan maddələri həmin gün Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, soyadını, ata adını bilmədiyi şəxsə 50 manat pul verərək, aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd qara rəngli sellofan büküm tərəfindən açıldıqda sellofanın içərisindən yaşıl rəngli ot kütləsinin olduğu, bir ədəd gümüşü rəngli siqaret kağızı bükümü açıldıqda isə qəhvəyi rəngli, spesifik iyə malik maddənin olduğu aşkar olunmuşdur. Zərfin üzərinə müvafiq qeydlər aparıldıqdan sonra həmin büküm qablaşdırılmış və zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroinəbənzər büküm elektron tərəzidə çəkilərkən həmin bükümün çəkisinin 1,00 qram, içərisində narkotik vasitə qurudulmuş marixuanayabənzər büküm elektron tərəzidə çəkilərkən isə həmin bükümün ümumi çəkisinin 11,14 qram olması müəyyən edilmişdir. Həmin bükümlər ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş dayandırılaraq 2-ci Polis Bölməsinə getmişlər. Sumqayıt ŞPİ-nin 2-ci PB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Bir ədəd üzərində müvafiq qeydlər aparılmış ağ rəngli möhürlənmiş zərfi təqdim edərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılan zaman təqdim etdiyi 01 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan marixuanayabənzər bitki kütləsinin və 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinəbənzər maddənin olduğunu bildirmişdir. Təhqiqatçı möhürlənmiş zərfi açmış, 01 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan marixuanayabənzər bitki kütləsini elektron tərəzidə çəkmiş və çəkisinin qara rəngli sellofan ilə birlikdə 10,88 qram olduğu, 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinəbənzər maddənin çəkisinin isə 0,47 qram olduğu müəyyən olunmuşdur. Sonra isə yenidən içərisi boş zərfə qoyulmuş və qablaşdırılmışdır. Məhkəmənin sualına cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının ona daxil olduğunu, yerində videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxsin saxlanıldığını, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə təzyiq göstərilmədiyini, bükümlərin Ayaz adlı polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsin boynuna götürməsi üçün təzyiq etməsinin şahidi olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkilləri Şahid3 və Şahid2, PB-nin cinayət axtarış üzrə kiçik inspektoru X4 məhkəmə iclasında ifadə vermiş digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsini təsdiqləmişlər. Məhkəmənin sualına cavab olaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru X4 təqsirləndirilən şəxsin bükümlərin onun tərəfindən üzərinə qoyulması, əməli boynuna götürməsinə dair təzyiq göstərməsinə münasibətdə bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün qeyd edilən ifadəni vermişdir. Belə ki, təqsirləndirilən şəxsə qarşı onun tərəfindən heç bir təzyiq göstərilməmiş, o, videoçəkiliş aparılaraq “Kompressor” zavodunun yaxınlığında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:40 dəqiqədə Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, Kompressor zavodu ərazisində saxlanılmış, saat 12:40-dan saat 12:53-dək onun üstünün yoxlanılması aparılmışdır. Üstünü yoxlama və götürülmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predmet və əşya vardırsa təqdim etməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən içərisində 1 (bir) ədəd qara sellofana bükülmüş, ümumi çəkisi 11,4 qram olan yaşıl rəngli spesifik iyə malik narkotik vasitə “marixuana”-ya bənzər qurudulmuş ot kütləsi və 1 (bir) ədəd qara sellofana bükülmüş gümüşü kağızın içərisində qəhvəyi rəngdə ümumi çəkisi 1.00 qram narkotik vasitə olan “heroin”-ə bənzər kütlələri onlara təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, hər hansı qanunla qadağan olunmuş predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi kütlələrin narkotik maddələr olan “marixuana” və “heroin” olduğunu, Bakı şəhəri 20 Yanvar metrostansiyası yaxınlığından tanımadığı şəxsdən istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir.(i.v. 8- 9) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:40-da Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, Kompressor zavodu ərazisində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22) “Şəxsi axtarış və təqdim olunan əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola və həmin axtarış zamanı qeydə alınmış videogörüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin tarixdə saat 13:45-dən saat 13:53-dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş və müdafiəçi təqdim olunmuş, müdafiəçinin iştirakı ilə və Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən araşdırma üçün mühüm əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış içərisində narkotik vasitəyə bənzər kütlənin olduğu 1 ədəd möhürlənmiş şəffaf yapışqan lent ilə bağlanılmış yaşıl rəngli sellofan bağlama videoçəkiliş altında təqdim edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş bağlama narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitəni həmin gün Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən mariuxanayabənzər maddəni 50 manata, heroinəbənzər maddəni 30 manata aldığını bildirmiş, daha sonra təqdim edilmiş möhürlənmiş zərf açılmış, həmin zərfin içərisində 2 ədəd şəffaf rəngli yapışqan lent ilə bağlanılmış qara rəngli sellofan olduğu müəyyən olunmuş, sellofan açılan zaman bükümlərin birinin içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər maddə və digər qara rəngli sellofanın içərisindən qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinəbənzər maddə müəyyən edilmişdir. Yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan marixuanayabənzər maddə sellofanla birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 10,88 qram olduğu, həmçinin qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə elektron tərəzidə çəkilərək çəkisinin 0,47 qram olduğu müəyyən edilmişdir. Marixuanayabənzər maddə və qəhvəyi rəngli spesifik iyə malik narkotik olan heroinəbənzər maddə təkrar zərfə qablaşdırılaraq DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən ona verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, qeyri-insani rəftara məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. (i.v 31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/109 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut...” sözlər və imzalar olan kağız paketdəki: 01 (bir) ədəd üzəri yapışqanlı lentə sarınmış qara rəngli polietilen kəsiyinə bükülmüş olan gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,313 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 9,478 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata qəbul edildi 9,478 qram marixuana; nümunə götürüldü 0,05 qram, 9,428 qram marixuana kütləsi geri qaytarıldı. Tədqiqata qəbul edildi 0,313 qram heroin; nümunə götürüldü 0,02 qram, 0,293 qram heroin kütləsi geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat müəyyən edilmişdir. (i.v.41-44) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə saat 10:20-də həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 55-56) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.63-65) Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar xx.xx.2025-ci il tarixdə saat 11:10-da təqsirləndirilən şəxsə təqdim edilmişdir. (i.v. 67-68) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 9,478 qram olan narkotik vasitə qurudulmuş marixuana (tədqiqatdan sonra qalıq qalmış 9,428 qram qurudulmuş marixuana) və 01 ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan narkotik vasitə heroin (tədqiqatdan sonra qalıq qalmış 0,293 qram heroin) cinayət işi üzrə maddi sübut kimi tanınaraq, məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 81-82) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat mövcud deyil. (i.v.86) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsin Ambulator X1 barədə xx.xx.2025-ci il tarixli, 2142 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 105-106) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 9,478 qram olan narkotik vasitə olan qurudulmuş marixuananın (tədqiqatdan sonra qalıq qalmış 9,428 qram qurudulmuş marixuana) və 01 ədəd bükümdə təmiz çəkisi 0,313 qram olan narkotik vasitə heroinin (tədqiqatdan sonra qalıq qalmış 0,293 qram heroin) maddi subut kimi tanınması və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk maddi sübut kimi tanınmış, DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, “şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında” protokollar, məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri, təqsirləndirilən şəxsin ifadələri və şahid ifadələri iş materiallarına uyğun olduğundan sübut kimi qiymətləndirilmişdir. (i.v.107-114) Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi (saxlanılarkən üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını və üzərinə qoyulduğunu bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Eyni zamanda, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından da görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək istintaq dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş, bu barədə yalnız məhkəmə iclasında qeyd etmiş və qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarın sağ cibində saxlamış olduğu 01 ədəd qara sellofana bükülmüş bükümü təqdim edir. Sorğu zamanı o, təqdim etdiyi kütlələrin narkotik maddələr olan “marixuana” və “heroin” olduğunu, Bakı şəhəri 20 Yanvar metrostansiyası yaxınlığından tanımadığı şəxsdən istifadə etmək məqsədilə əldə etdiyini bildirir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (saxlanılarkən üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin növünü və miqdarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 08 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X3 X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2142 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X3 X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2142 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməklə, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 9,428 qram narkotik vasitə olan qurudulmuş marixuana və 0,293 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 126 (bir yüz iyirmi altı) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmədə iclaslarında iştirakı və işlə tanış olduğu müddətə görə xidmət haqqı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,293 qram narkotik vasitə olan heroin və 9,428 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 126 (bir yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar