Məhkəmə qərarları › İş №1(060)-422/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-422/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-422/2022 27.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Şəhər 1 Saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 0,239 qram çəkidə narkotik vasitə olan heroini əldə edib saxlamaqla üzərində daşımış, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı 30.12.2021-ci il tarixdə saat 21:55-da Sumqayıt şəhəri, 20 Yanvar küçəsi 34-cü məhəllə ərazisində 6/19 saylı binanın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılıb, üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,239 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30.12.2021-ci il tarixdə saat 21:55 radələrində Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 34-cü məhəllə ərazisində tanışları Vasif və Ayaz ilə dayandığı zaman 2 nəfər mülki geyimdə və 1 nəfər polis geyimində olan 3 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Onu narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və əldə olunmasında vasitəçilik etməyi, eləcə də satılmasında şübhəli bilindiyi üçün Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət etmişlər. Habelə, yanında olan digər iki şəxsi də bölməyə dəvət etmişlər. O isə buna heç bir etiraz etməmişdir. Bölməyə gəldikdən sonra onu xidməti otaqların birinə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində videoçəkiliş başlanmış, şübhəli şəxs kimi saxlanıldığı üçün ona hüquq və vəzifələri barədə bildiriş təqdim edilmiş, o həmin bildirişlə tanış olmuş, sonra araşdırma müddətində onun hüquqlarını müdafiə edəcək vəkil Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 təqdim edilmiş, daha sonra da videoçəkilişin müşayyəti ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı gümüşü rəngli siqaret kağızında olan bükümün içərisindəki qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin özünə məxsus olduğunu bildirmiş, sorğu zamanı o, bildirdi ki, onun üzərində aşkar olunan həmin qəhvəyi rəngli maddə “Kakos” adlanır, həmin maddəni 30.12.2021-ci il tarixdə saat 10:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alaraq öz üzərində saxlanlşdır. Şəxsi axtarış zamanı üzərində aşkar olunan həmin maddə tərəziyə qoyulub çəkilən zaman onun çəkisinin gümüşü rəngli siqaret kağızı ilə birlikdə 0.33 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş başqa heç bir maddi sübut aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddə qablaşdırılaraq götürülmüş, Sonda ona üzərindən aşkar edilmiş həmin qəhvəyi rəngli maddə ilə bağlı bölmədə müvafiq araşdırma aparılacağı qeyd edilərək videoçəkiliş dayandırılnışdır. Həmçinin polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, polis bölməsinə gətirildiyi müddətdə, eləcə də, polis bölməsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz olaraq heç bir hərəkət edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə Məhkəmdən evli olmasını, himayəsində bir azyaşlı övladının olmasını, İİ qrup əlil olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 30.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Şahid1, o cümlədən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı Səyyad Hacəhmədovdan, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin kiçik əməliyyat müvəkkilli, polis serjantı Şahid2, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin polis sahə rəisi Şahid3 və Sumqayıt ŞPİ-nin KTQ-un inspektor-kriminalisti X3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən 6/19 saylı binanın yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 30.12.2021-ci il tarixdə saat 21:55-də əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən 6/19 saylı binanın yaxınlığına getmişdilər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görüb onu saxlamışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdilər və ondan da özünü təqdim etməsini xahiş etmişdilər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Həmçinin, onun yanında Ayaz Hacımuradov və Vasif Mehtiyev də olmuşdur. Onlarıda PB-nə dəvət etmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət olunmuş və X9 heç bir etiraz etməyərək onlarla birlikdə 3-cü PB-nə getmişlər. PB-də xidməti otaqların birində X4 videoçəkilişlə vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmiş, həmin bükümdə qəhvəyi rəngli maddənin olduğu görülürdü. Sorğu zamanı həmin maddə narkotik vasitə heroin (kakos) olduğunu demişdir, Həmin narkotik vasitəni 30.12.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən öz şəxsi istfadəsi üçün 10 manata aldığını demişdir. Daha sonra aşkar edilmiş içərisində qəhvəyi rəngli maddə olan büküm müfaviq qaydada qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişdilər. Sonradan, Ayaz Hacımuradovun və Vasif Mehtiyevin razılığları əsasında üzərilərinə baxış aparılan zaman heç bir qanunla qadağan olnmuş əşya aşkar edilməmişdir. Məhkəmədə şahid qismində ifadə Şahid2 və Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş və məhkəmə instintaqı zamanı proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş X7 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, 30.12.2021-ci il tarixdə, saat 21:45 radələrində Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 34-cü məhəllə ərazisində tanışı Elşən və onun yanında olan adını sonradan bildiyi Vasif adlı şəxslə dayandıqları zaman 2 nəfər mülki şəxs geyimində və 1 nəfər polis geyimində olan şəxslər onlara yaxınlaşmışlar. Onlar öz xidməti vəsiqələrini göstərərək, özlərini onlara təqdim etmişlər. Daha sonra da onlar Elşənə üzərində narkotik vasitələrin saxlanılmasını və üzərində gəzdirməsində şübhəli olduqlarını demişlər. Ona görə də, onun üzərində şəxsi axtarış aparılmasını təklif etmişlər. Həmçinin, onlarında Elşənin yanında olduqları üçün ona və yanında olan Vasifə Polis bölməsinə getmələri təklif olunmuşdur. Polis bölməsində Elşənin üzərində aparılan şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə aşkar olunmuşdur. Eləcə də, o, üzərində baxış keçirilməsi ilə bağlı etirazı olmadığı üçün öz razılığını vermişdir. Ona görə də, üzərində baxış keçirilmiş və heç bir qadağan olunmuş maddə və digər əşya üzərində aşkar edilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Elşənin üzərində narkotik vasitələrin saxlanılmasında onun heç bir məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 31 dekabr 2021-ci il tarixli 6/5668 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində : “Azərbaycan Respublikası DİN Zərflər üçün №128” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar olan zərfdəki bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,239 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,189 qram qalıq qalmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 04.03.2022-ci il tarixli 1111 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əliil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 05.03.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 02.04.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 334.1 və 70.1-ci maddələri ilə təqsirli bilinərək 01 il sınaq müddəti təyin edilməklə 04 il şərti cəzaya məhkum edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 26.11.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 08 mart 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Allahverdiyeva əyalə Fəxrəddin qızının 830 saylı, 21.11.2006-cı il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində qeydə alınmış nikah haqqında aktı aşkar edilmişdir. 01.12.2007-ci il təvəllüdlü oğlu X17 oğlunun doğumu Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən 12.11.2008-ci il tarixdə 5529 akta qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 2 saylı MKS tərəfindən verilmiş 310 nömrəli, 08.03.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 № 019415 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ (ikinci) dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2021-ci il tarixində saat 21:55-də Sumqayıt şəhəri, 20 Yanvar küçəsi, 34-cü məhəllə ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı X5 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, həmin cinayət işi 31 dekabr 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılaraq icraatına qəbul edilərək, istintaqı aparılmışdır Cnayət işi materiallarında olan 30.12.2021-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan göy rənli cins şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümünün içərisində olan qəhvəyi rəngli maddəni təqdim edərək həmin maddənin özünə məxsus olduğunu demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunan həmin maddə “kakos”-dur, həmin maddəni 30.12.2021-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman anımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. İş materiallarına əlavə edilmiş 29.01.2022-ci il tarixli “”diskə baxış keçirilməsi haqqına” prookolda qeyd olunmuşdur ki, İstintaqı zamanı cinayət işi materiallarına ağ rəngli kağız zərfdə əlavə edilmiş gümüşü rəngdə 01 (bir) ədəd disk “HP” markalı kompyuterə daxil edildikdən sonra, kompyuterin “Windows Media” proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd “00000” adlı 30.12.2021-ci il tarixdə çəkilmiş, həcmində 999942 kb, 01 (bir) ədəd "00002" adlı 30.12.2021-ci il tarixli həcmində 288,006 və 31.12.2021-ci il tarixli 00007 adlı 244,316 kb həcmində faylların olduğu müəyyən olundu. “00000” adlı fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 11 dəqiqə 14 saniyə davam edən, rəngli formatda, açıq işıqlı hava şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olundu. Video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin TŞ-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində iki nəfər şəxsin mülki geyimli və bir nəfər polis əməkdaşının gündəlik geyim formasında olan şəxsi görmək olur. Həmin vaxt Sumqayıt ŞPİnin 4-cü PB-nin baş təhqiqatçısı Səyyad Hacəhmədov orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Mehdi Cəlalzadənin iştirakı ilə narkotik tərkibli maddələri qanunsuz əldə edilməsində, daşınmasında və saxlanılmasında şübhəli olduğundan saxlanıldığını izah etdiyi, həmçinin digər üç nəfər mülki geyimli şəxslərində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikləri, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Mehdi Cəlalzadənin dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi haqqında bildirşin verildiyi görünür. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra saxlanılmış əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmiş, həmin bükümdə qəhvəyi rəngli maddənin olduğunu görmək olur. Sorğu zamanı həmin maddənin narkotik vasitə olan heroin (kakos) olduğunu demiş, Həmin narkotik vasitəni 30.12.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını demişdir. Daha sonra həmin bükümdə olan maddə ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. 2) Daha sonra “00002” adlı fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 03 dəqiqə 14 saniyə davam edən, rəngli formatda, açıq işıqlı hava şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olundu. Video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin TŞ-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində iki nəfər şəxsin mülki geyimli və bir nəfər polis əməkdaşının gündəlik geyim formasında olan şəxsi görmək olur. Həmin vaxt Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı Səyyad Hacəhmədov orada Ayaz Hacımuradova onunla birlikdə dayanmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqdan sonra sonuncunun üzərində narkotik tərkibli vasitəyə bənzər maddənin aşkar edilməsi haqqında demişdir. Ona görə də Ayaz Hacımuradovun üzərində baxış aparılmasını istəmişdir. Baxış zamanı Ayaz Hacımuradovun üzərində heç bir qanunla qadağan olmuş əşya təqdim edilməmişdir. 3) Sonradan “00007” adlı fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 02 dəqiqə 45 saniyə davam edən, rəngli formatda, açıq işıqlı hava şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olundu. Video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin TŞ-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində iki nəfər şəxsin mülki geyimli və bir nəfər gündəlik geyim formasında olan polis əməkdaşını görmək olur. Həmin vaxt Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı Səyyad Hacəhmədov orada X8 onunla birlikdə dayanmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqdan sonra sonuncunun üzərində narkotik tərkibli vasitəyə bənzər maddənin aşkar edilməsi barədə demişdir. Ona görə də, Vasif Mehtiyev üzərində baxış aparılmasını istəmişdir. Baxış zamanı Vasif Mehtiyevin üzərində heç bir qanunla qadağan olmuş əşya təqdim edilməmişdir. Həmin CD disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur və 01.01.2022-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış zamanı videoçəkilişə dair 01 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,189 qram narkotik vasitə heroini iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı övladının olması, 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını, İİ dərəcəli əlilliyinin olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs İİ (ikinci) dərəcə əlill olmasını, onun məhdud əmək qabiliyyətli olduğu üçün işlə təmin edilməsinə şəraitinin daha əlverişliyinin təmin edilməsi, Abşeron rayonu və Sumqayıt şəhərlərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 dekabr 2021-ci il - 01 yanvar 2022 tarixlərində Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,189 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01.04.2022-ci il tarixli (iş № 1(060)- 422/2022) qərarını icra edərək, 06.04.2022-ci il tarixli 428 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,189 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar