Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-422/2023 19.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, X6, 4cü məhəllədə fərdi evdə yaşamış, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvanda ailə-məişət münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin qançırı və sol təpə gicgah nahiyyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Arzu ilə 2004-cü ildə rəsmi olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından üç övladı doğulmuşdur. O, spirtli içki aludəçisidir və mütəmadi olaraq içki içir, spirtli içki içdikdə özündə olmadığından ən xırda məsələdən əsəbləşərək evdə münaqişə yaradır, məhz onun bu hərəkətinə görə 2015-ci ildə Arzu boşanmaq üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı ilə onlar həmin il rəsmi olaraq boşanmışlar, boşandıqdan sonra hər üç uşaq Arzunun himayəsinə verilmiş və uşaqların saxlanılması ilə bağlı ona aliment kəsilmişdir. Yaşadıqları ev fərdi tikili ev olduğuna görə məhkəmə tərəfindən hər ikisinə evdə yaşamaq hüququ verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində evdə yemək yeyən zaman spirtli içki araq içmişdir, həmin günü saat 21 radələrində Arzu onun spirtli içki içdiyinə görə irad bildirdikdə o, Arzunu danlayıb onun işinə qarışmamasını demiş, Arzu ona kobud cavab verdikdə onların arasında mübahisə yaranmış, mübahisə zamanı o, əsəbləşərək Arzuya bir şillə vurmuş, mübahisə zamanı oğlu Elmar onu tutub kənara çəkmiş və o, mətbəxə keçmişdir, Arzu isə evdən çıxaraq qonşuya gedib Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, Arzunun məlumatı əsasında polis əməkdaşları hadisə yerinə gəlib onu 5-ci PB-nə aparmışlar. Əvvəllər də aralarında bu cür mübahisələr baş vermişdir. Rəsmi olaraq ayrısalar da bir evdə yaşayırlar. Fəhləliklə məşğul olur, günlük iş olduqca işləyir. Əvvəllər barəsində olan cinayət işləri üzrə də Zərərçəkmiş şəxs olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs uzaq duracaqdır və hazırda yaşamaq üçün Neftçala rayonu, Həsənabad qəsəbəsində yerləşən ata evinə köçmüşdür. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Eldar ilə 2004-cü ildə rəsmi olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından üç övladı doğulmuşdur. Eldar spirtli içki aludəçisidir və mütəmadi olaraq içki içir, spirtli içki içdikdə Eldar özündə olmadığından ən xırda məsələdən evdə münaqişə yaradır, məhz Eldarın bu hərəkətinə görə 2015-ci ildə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə onlar rəsmi olaraq boşanmışlar, boşandıqdan sonra hər üç uşaq onun himayəsinə verilmiş və uşaqların saxlanılması ilə bağlı Eldara aliment kəsilmişdir. Eldar bu vaxta kimi heç bir məbləğdə aliment ödəməmişdir. Yaşadıqları ev fərdi tikili ev olduğuna görə məhkəmə tərəfindən hər ikisinə evdə yaşamaq hüququ verilmişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Eldar evdə yemək yeyən zaman spirtli içki olar araq içərək sərxoş olduqdan sonra nalayiq ifadələr işlətdikdə, o, Eldara evdə uşaqların olmasını, nalayiq ifadələr işlətməməsini demiş, Eldar isə onu danlayıb onun işinə qarışmamasını deyib yenidən söyüş söydükdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Eldar ona yaxınlaşıb gözləmədiyi halda əl zərbələri ilə başından və sinəsindən vurmuş, bunu görən oğlu Elmar Eldarı tutub kənara çəkib mətbəxə aparmış, o da evdən həyətə çıxaraq AR DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, məlumat əsasında polis əməkdaşları hadisə yerinə gəlib Eldarı 5-ci PB-nə aparmışlar. Eldar evə köməklik etmədiyinə, lakin spirtli içkiyə pul tapdığına görə sonuncu ilə mübahisələri mütamadi olaraq yaranır. Bundan əvvəl də Eldar onu döydüyünə görə şikayət etmişdir, lakin sonradan uşaqların atası olduğuna görə onu bağışlamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmır. Ondan tələbi evdən çıxıb getməsidir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini və təqsirləndirilən şəxsin ondan uzaqlaşdırılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid bildirdi ki, Təqsirləndirilən şəxs doğma atası, Arzu isə doğma anasıdır, atası Eldar spirtli içki aludəçisidir və mütəmadi olaraq içki içir, spirtli içki içdikdə atası Eldar evdə münaqişə yaradır, məhz atasının bu hərəkətinə görə anası ondan boşanmışdır. xx.xx.2023-cü il tarixdə atası günün müxtəlif vaxtlarında spirtli içki araq içdikdən sonra həmin günü saat 21 radələrində evdə yemək yeyən zaman yenidən spirtli içki araq içərək sərxoş olduqdan, nalayiq ifadələr işlətdikdə, anası ona evdə uşaqların olmasını, nalayiq ifadələr işlətməməsini demiş, atası Eldar isə anasını danlayıb onun işinə qarışmamasını deyib yenidən söyüş söydükdə onların arasında mübahisə yaranmış, mübahisə zamanı atası Eldar anasına yaxınlaşıb gözləmədikləri halda əl zərbələri ilə anasının başından və sinəsindən vurmuş, o, mübahisəyə müdaxilə edib atası Eldarı tutub kənara çəkib mətbəxə aparmış, anası da evdən həyətə çıxaraq AR DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, anasının məlumatı əsasında polis əməkdaşları hadisə yerinə gəlib Eldarı 5-ci PB-nə aparmışlar. Atası ilə anası arasında tez-tez belə mübahisələr baş vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan A/354 saylı, xx.xx.2023cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 nikahı xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 853 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 02.2015-ci iltarixdən “alkoqolun qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu, asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 315 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “döş qəfəsinin ön səthinin qançırı və sol təpə-gicgah nahiyəsinin dərialtı hematoması” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əl zərbələri ilə yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vət. Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Sumqayıt Tibb Mərkəzi” PHŞ 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 138 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi X6 1-3-5-ci məhəllələr üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş 181 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, X6, 4-cü məhəllədə qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkibini istisna edildiyindən həmin maddə üzrə cinayət işinin başlanması rədd edilmiş, vət. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73.2-ci maddəsi ilə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5 bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-405/2017 saylı, xx.xx.2017-ci il tarixli, 1(060)-57/2019 saylı, xx.xx.2019-cu il tarixli və 1(060)-389/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarların surəti iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspert rəyi və materiallarda olan digər sənədlərlə tam sübuta yetirilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzadan nisbətən az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-57/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə, saat 18:00 radələrində yaşadıqları Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən fərdi evin qonaq otağında oğlu Nurizadə Cəmil Eldar oğluna sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuş, zərərçəkmiş şəxs Nurizadə Cəmil Eldar oğlunun və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs ərizəsi ilə təqsirləndirilən şəxslə barışdıqları üçün cinayət işi üzrə icraata xitam verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-389/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 21:30 radələrində yaşadıqları ünvanda ailə-məişət münasibətləri zəmnində baş vermiş mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmənin, Təqsirləndirilən şəxs əvvəllər kimlərə qarşı törədilmiş cinayət əməlinə xüsusi vurğu etməsində məqsədi, onun ödənilmiş məhkumluğunun hazırkı iş üzrə cəza təyin edilməsinə təsirinin olacağı üçün deyil, şəxsin məişət zorakılığına meyilli olması və zərərçəkmiş şəxsə qarşı belə zorakılığın mütəmadi xarakter daşıması faktına diqqət etməklə preventiv tədbirlərin görülməsi zərurətidir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrlə yanaşı, məişət zorakılığı barədə məlumat təsdiqləndikdən sonra məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görməlidir. Məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərindən (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür. Məhkəmə, cinayət əməlinin törədilməsinə səbəb kimi məişət zəminində fiziki zorakılıq oluduğunu, yəni təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşına qarşı fiziki zorakılıq törətdiyini, bu cür zorakılığın ilk dəfə olmadığını zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadəsi ilə yanaşı iş materialları ilə təsdiq edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkumun islah olunması və gələcəkdə belə hərəkətlərə yol verilməsinin qarşısının alınması üçün ona əlavə vəzifə olaraq Zərərçəkmiş şəxs olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq-mühafizə orqanların çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Opuz Türkiyəyə qarşı” işi üzrə 9 iyun 2009cu il tarixli qərarında, dövlət orqanlarının ərizəçini və ailəsini ailədaxili zorakılıqdan müdafiə etmək üçün adekvat tədbir görməmələri səbəbindən Konvensiyanın 3-cü maddəsinin, məhkəmə sisteminin ciddi ailədaxili zorakılıq hallarına qarşı adekvat reaksiyanı təmin etməməsinə görə Konvensiyanın 14-cü maddəsinin pozuntusu kimi tanımışdır. Avropa Məhkəməsinin bir cox qərarlarına o cümlədən “Hajduova Slovakiyaya qarşı”, “Bevacqua və S.v. Bolqarıstana qarşı”, “X1rşı” işi üzrə qəbul etdiyi qərarlara nəzər yetirdikdə, Konvensiyanın fərdin yaşamaq hüququnu tənzimləyən 2-ci, işgəncəni qadağan edən 3-cü, şəxsi və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci, səmərəli hüquqi müdafiə vasitələrindən istifadə ilə bağlı 13-cü, ayrı-seçkiliyi qadağan edən 14-cü, ər və arvadın bərabər hüquqlarını tənzimləyən 7 saylı protokolun 5-ci, ayrı-seçkiliyə ümumi qadağanı nəzərdə tutan 12 saylı protokolun 1-ci maddələrinin məişət zorakılığı halları nəticəsində daha çox pozulduğu müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti yaşadığı Neftçala rayonu hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Neftçala rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-422/2022) qərarını icra edərək xx.xx.2023-cü il tarixli, 553 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir.. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etdiyini qeyd etsə də, məhkəmə müdafiəçinin işlə tanış olmaq, təqsirləndirilən şəxslə görüş, iki hazırlıq və iki baxış iclasında iştirak etməsinə 15 saat vaxt sərf etməsini ağlabat hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Neftçala rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Neftçala rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Neftçala rayon hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Eyni zamanda Zərərçəkmiş şəxs olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, zərərçəkmiş şəxsə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla zərərçəkmiş şəxsə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, zərərçəkmiş şəxslə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Təqsirləndirilən şəxs qadağan edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Neftçala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-422/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-422/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver