Məhkəmə qərarları › İş №1(060)-422/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-422/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-422/2024 06.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİ qrup əlil, məhmumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, ünvan 2anında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün xeyli miqdarda 01 ədəd kiçik polietilen torbaya yerləşdirilmiş 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,279 qram və 0,281 qram olmaqla ümumi təmiz çəkisi 0,560 qram olan qəhvəyi rəngli, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 4-cü PB- nin əməkdaşları tərəfindən 26 fevral 2024-cü il tarixdə, saat 19:15 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən Linkoil yanacaq doldurma məntəqəsinin qarşısında olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümlərdə olan narkotik vasitə heroin əynindəki şalvarın sol yan cibindən 01 ədəd kiçik polietilen torbanın içindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, fərdi olaraq avtomobillərin dəmir detallarının təmiri ilə məşğul olur. Uzun müddət narkotik vasitə aludəçisi olduğu üçün hər gün xəstəxanaya gedərək metadon suyu içir. 26 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən işlədiyi avtotəmir yerinə getmişdir. Bir neçə saat sonra X4 müştəri qismində iş yerinə gələrək avtomobilinin qapısının zədələndiyini, təmirinin baha başa gələcəyini, bu səbəbdən işlənmiş vəziyyətdə olan qapı almaq istədiyini, Sumqayıt şəhəri, “Əşya” bazarı adlanan ərazidə avtomobili üçün qapı tapdığını, köməklik məqsədi ilə onunla birlikdə Sumqayıt şəhərinə gedib qapıya baxmağını istəmişdir. Hüseyn Fətəliyev onun daimi müştərisi olduğu üçün onunla birlikdə Sumqayıt şəhərinə getməyə razılaşmış, onlar birlikdə 26 fevral 2024-cü il tarixdə, saat 18 radələrində “Toyota Prius” markalı avtomobillə Sumqayıt şəhərinə getmişlər. Saat 19 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Linkoil” yanacaq doldurma məntəqəsində dayanmışlar. Həmin vaxt oraya polis əməkdaşları gəlmiş və onları saxlamışlar. Onları ilk əvvəl dövlət yol polisi əməkdaşları saxlamış, onu YPX avtomobilinə əyləşdirmişlər. Daha sonra isə oraya əməliyyat müvəkkilləri gəlmişdir. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır, narkotik vasitəni əməliyyatçılar onu əyləşdirdikləri YPX avtomobilinin on oturacağının altından tapmışlar. Həmin narkotik vasitə isə ona məxsus olmamışdır. Sonradan onu Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə aparmışlar və üzərindən narkotik vasitə çıxması ilə bağlı sənədləşmə aparmışlar. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Lakin, əvvəllər də bir neçə dəfə məhkum edildiyi üçün başa düşmüşdür ki, narkotik vasitənin ona məxsusluğunu qəbul etməsə ona təsir və təzyiqlər ola bilər, xəstə olduğu üçün həmin təsir və ya təzyiqlərə dözə bilməzdi. Ona görə də narkotikin ona məxsus olmasını etriaf etmiş, bu barədə isə müdafiəçisinə heç nə deməmişdir. İş məhkəməyə gələnə kimi bu hallar barədə hər hansı orqana və təşkilata məlumat verməmişdir. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, fərdi olaraq avtomobillərin dəmir detallarının təmiri ilə məşğul olur. Narkotik vasitə aludəçisidir. Ağrıları olduğu üçün narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni adətən Bakı şəhərində tanımadığı şəxslərdən əldə edir. Son olaraq 26 fevral 2024-cü il tarixdə, saat 10 radələrində Bakı şəhəri, 20 Yanvar metro stansiyası yaxınlığında olduğu zaman orada adını bilmədiyi narkotik vasitələrin satışı ilə məşğul olan şəxslə qarşılaşmışdır. Həmin şəxsə istifadəsi üçün ona narkotik vasitə almaq istədiyini bildirmiş və həmin şəxsdən 15 manata 01 ədəd kiçik polietilen torbanin içində 02 ədəd sellofan bükümdə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni əynindəki şalvarın sol yan cibinə qoyub getmişdir. Həmin vaxt bədənində ağrılar olmadığı üçün əldə etdiyi narkotik vasitə heroindən istifadə etmədiyindən həmin vasitəni əynindəki şalvarın sol yan cibində saxlamışdır. Daha sonra o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən işlədiyi avtotəmir yerinə getmişdir. Bir neçə saat sonra X4 müştəri qismində iş yerinə gələrək avtomobilinin qapısının zədələndiyini, təmirinin baha başa gələcəyini, bu səbəbdən işlənmiş vəziyyətdə olan qapı almaq istədiyini, Sumqayıt şəhəri, “Əşya” bazarı adlanan ərazidə avtomobili üçün qapı tapdığını, köməklik məqsədi ilə onunla birlikdə Sumqayıt şəhərinə gedib qapıya baxmağını istəmişdir. Hüseyn Fətəliyev onun daimi müştərisi olduğu üçün onunla birlikdə Sumqayıt şəhərinə getməyə razılaşmış, onlar birlikdə 26 fevral 2024-cü il tarixdə, saat 18 radələrində “Toyota Prius” markalı avtomobillə Sumqayıt şəhərinə getmişlər. Hüseyn Fətəliyevin narkotik vasitə istifadəçisi olduğunu bilsə də, üzərində narkotik vasitə saxlayıb daşımağı barədə heç bir məlumat verməmişdir. Saat 19 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Linkoil” yanacaq doldurma məntəqəsində dayanmışlar. Onun bədənində ağrılar başladığı üçün üzərində daşıdığı narkotik vasitədən istifadə etmək qərarına gəlmişdir. Avtomobilə yanacaq doldurulan zaman o, Hüseyn Fətəliyevə halsız olduğunu və hava almaq istədiyini demişdir. O, hava almaq üçün avtomobildən düşmüş, yanacaq doldurma məntəqəsinin qarşısında olarkən isə mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməyi ilə bağlı şübhələr olduğunu demiş, şübhəli məqamlara aydınlıq gətirilməsindən ötrü həmin zaman yanında olan X4 ilə birlikdə onları Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına dəvət etmişlər, qarşılıq vermədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman əynindəki şalvarın sol yan cibində 01 ədəd kiçik polietilen torbada saxladığı narkotik vasitə heroin bükümlərini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş və o, əynindəki şalvarın sol yan cibindən 01 ədəd kiçik polietilen torbanın içində 02 ədəd sellofan büküm çıxardıb təqdim edərək, həmin bükümlərin içində “kakos” deyilən maddə olduğunu demişdir. Təhqiqatçı bükümlərə baxıb özü həmin kütlələri aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd eynək və ümumilikdə 107 manat pul əskinaslar araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Həmçinin aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə narkotik vasitə heroin kütlələri elektron tərəzidə çəkilmiş və çəkisinin ayrı- ayrılıqda 0,38 qram, 0,36 qram, birlikdə çəkisi isə 0,74 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin kütlələri ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. O narkotik vasitələrin istifadəçisidir, satışı ilə məşğul olmamışdır. Hüseyn Fətəliyevin üzərindən aşkar olunmuş narkotik vasitə heroin kütlələri ilə əlaqəsi olmamış, ümumiyyətlə aralarında bu barədə danışıq olmamış və ona bu barədə bildirməmişdir. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. 26 fevral 2024-cü il tarixdə, saat 19:15-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Linkoil” yanacaq doldurma məntəqəsinin qarşısında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirilmiş, buna görə də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncunun yanında olan X4 da şübhəli məqamlara aydınlıq gətirilməsindən ötrü polis bölməsinə dəvət edilmişdir. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sol yan cibindən 01 ədəd kiçik polietilen torba çıxardıb təqdim etmişdir. Təqdim olunmuş 01 ədəd kiçik torbanın içinə təhqiqatçı tərəfindən baxıldıqda, 02 ədəd sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Bükümlərin içində nə olduğu Təqsirləndirilən şəxs soruşulduqda, o, həmin bükümlərin içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu demişdir. Daha sonra aşkar olunmuş narkotik vasitə heroin bükümləri təhqiqatçı tərəfindən bükümləri ilə birlikdə elektron tərəzidə çəkilmiş və həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, 20 Yanvar dairəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün əldə etdiyini, ona qarşı hər hansı bir zor tətbiq olunmadığını bildirmişdir. Şəxsi axtarşıla bağlı müvafiq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkillər Şahid2 və Şahid3 onlardan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarın sol yan cibindən 01 ədəd kiçik polietilen torbanda olan iki bükümdə maddəni təqdim edərək həmin maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan 26 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs qeyd olunan tarixdə, saat 19:15 dəqiqədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu şalvarının sol yan cibindən 01 ədəd kiçik polietilen torba çıxardaraq təqdim etmiş, torbanın içinə təhqiqatçı tərəfindən baxıldıqda içindən 02 ədəd sellofan bükümlərdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, kütlələr bükümləri ilə birlikdə elektron tərəzidə çəkilərək ayrı-ayrılıqda çəkiləri 0,38 qram və 0,36 qram, birlikdə çəki 0,74 qram müəyyən edilmiş, həmin kütlələr ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib imzalanmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərin içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu, həmin kütlələri Bakı şəhəri, 20 Yanvar metro stansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirmişdir. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1148 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan 01 ədəd zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi -0,279 qram və 0,281 qram, ümumi təmiz çəkisi 0,560 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,560 qram olmuş, tədqiqata 0,06 qram sərf edilmiş, 0,500 qram qalıq qalmışdır. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 06 mart 2024cü il tarixli 1530 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixastimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 77-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,500 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 91-93-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 181.3.3, 185.2.1 və 228.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 2) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 11 il 01 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 12 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 09 ay vaxtından şərti azad olunmuş və xx.xx.2019-cü ildə cəzanı çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 91-93-cü vərəqələrində olan tibbi sosial ekspert komissiyası tərəfindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliyə görə müddətsiz İİ qrup əlildir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini təkrar törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarışlar zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə törətdiyi və ona istinad edilən əməlləri tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Təqsirləndirilən şəxs özü də məhkəyədək icraat dövründə ona qarşı hər hansı təsir və təzyiqlərin olmamasını bildirmişdir. Yalnız bildirmişdir ki, ittiham edildiyi əməli etiraf etmədiyi halda ona təsir və ya təzyiqlərin ola biləcəyindən ehtiyat etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlilliyinin olmasını cəzasını yüngülləşdirən hal nəzərə alır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs 1) Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2, 181.3.3, 185.2.1 və 228.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 2) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 11 il 01 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 12 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 09 ay vaxtından şərti azad olunmuş və xx.xx.2019-cü ildə cəzanı çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Lakin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını çəkib qurtardığı vaxtdan 08 il keçmədən xx.xx.2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törəmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 06 iyun 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1530 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 65 yaşı tamam olmuşdur və İİ qrup əlilliyi var. Rəy verilərkən qeyd edilən hallar nəzərə alınamışdır. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarının 3.2-ci bəndinə əlilliyi olan şəxslərə, 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara narkomaniyadan məcburi müalicə tətbiq oluna bilməz. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,500 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,500 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar