Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-423/2022 02.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən barəsində amnistiya tətbiq edilmiş, amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicənin ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci mil tarixli qərarı ilə barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, beton zavod ərazisi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 16:40 radələrində Sumqayıt şəhər, 5-ci mikrorayon ərazisində 2 saylı xətt marşrut avtobusunda olarkən avtobusda sərnişin olan Zərərçəkmiş şəxs üzərindəki çantasından sonuncuya məxsus “Samsung’' markalı, “SM-A107F/DS” modelli, 32 GB yaddaş tutumlu mobil telefon aparatını gizli yolla çıxararaq zərərçəkmiş şəxsə 130 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə aydır ki, cəzaçəkmə müəssisəsindən azadlığa çıxmış və heç bir yerdə işləməmişdir. Buna görə də, maddi vəziyyəti yaxşı olmamışdır. xx.xx.2022-ci il tarixdə günorta saat 16.40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayona getməli üçün Sumqayıt şəhər avtovağzalından 2 nömrəli marşruta minmişdir. Bir qədər getdikdən sonra qarşısında bir nəfər cavan xanımın dayandığını və çantasının açıq vəziyyətdə olduğu diqqətini çəkmiş və bir qədər irəli duraraq baxdıqda çantanın içərisində telefon olduğunu görmüşdür. Telefon rahat götürə biləcəyi yerdə olmuş və buna görə də həmin çantada olan “Samsung” markalı telefonu götürüb, əynində olan gödəkçənin cibinə qoymuşdur. Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində avtobusdan düşmüşdür. Həmin telefonu öz yaşadığı evdə saxlamış və sonradan polis əməkdaşları onu müəyyən etdikdə və o, həqiqətən də həmin qadının telefonunu oğurladığını etiraf edərək, telefonu polis əməkdaşlarına təqdim elmişdir. Qeyd olunan telefondan başqa hər hansısa oğurluq etməmişdir, telefonu çantadan götürdüyü zaman əvvəl ətrafa baxmış və heç kimin görmədiyindən əmin olduqdan və çantanın sahibinin hiss etməyəcəyindən, görməyəcəyindən əmin olduqdan sonra həmin telefonu oğurlamışdır. Qeyd olunan telefonu oğurlamaqda məqsədi sataraq pul əldə etmək olmuşdur. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunun, zərərçəkmiş şəxsə məxsus oğurladığı mobil telefonu qaytardığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid ilə birgə məhkəməyə yazılı ərizə ilə müracitə edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödəndiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildidərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı qanuni nümayəndəsinin işıtirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərindəki İstedad Liseyində 11-ci sinif şagirdidir və bununla yanaşı müxtəlif repititorların yanında məşğələlərə gedir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16.40 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisindən 2 nömrəli marşruta minərək, Sumqayıt şəhəri, 5-ci mikrorayona getmək üçün, dayanacaqdan avtobusa minmiş və həmin vaxt avtobusta sıxlıq olmuşdur. Kürəyində çanta olmuş, təxminən 10-15 dəqiqə sonra 5-ci mikrorayona çatmış və orada avtobusdan düşmüş, həmin vaxt avtobus çıxıb getmiş və bel çantasına qoyduğu telefonunu götürmək istədikdə bel çantasına qoyduğu, özünə məxsus Samsung markalı, A10 S model olan telefonunun çantasında olmadığını aşkar etmişdir. O, dərsə gedərək, orada atasına zəng edərək, telefonunun çantasında olmadığını demiş və dərsdən sonra evə getmiş və atasına hadisənin necə baş verdiyini danışmışdır. Birlikdə polis bölməsinə getmiş və ərizə ilə müraciət etmiş, sonradan polis bölməsindən əlaqə saxlayaraq telefonunu oğurlamış şəxsi müəyyən etdiklərini bildirmişlər. Avtobusda ayaq üstə dayanmış və kiminsə arxa tərəfdən keçdiyini hiss etsə də çantasından nəsə oğurlandığını hiss etməmiş, telefonunun oğurlandığını avtobusdan düşdükdən sonra bilmişdir. Çantadan başqa hər hansısa əşya oğurlanmamış, həmin vaxt tək olmuş, avtobusda tanımadığı şəxslər olmuşdur. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır və eyni ünvanda yaşayırlar. Qızı orta məktəblə yanaşı bir neçə repititor müəllim yanına da gedir və həmin vaxt nəqliyyat kimi avtobuslardan istifadə edir. Həmişə olduğu kimi qızı xx.xx.2022ci il tarixdə günorta saat 16 radələrində evdən çıxaraq 5-ci mikrorayon ərazisində yaşayan hazırlıq müəlliməsinin evinə getmişdir. Təxminən 40-50 dəqiqə sonra müəlliməsinin nömrəsindən zəng edərək telefonunun çantasında olmadığını və buna görə də müəlliməsinin nömrəsindən ona zəng etdiyini demişdir. Dərsi bitdikdən sonra bunu aydınlaşdırarıq demiş və dərsdən sonra qızı evə gəldikdə avtobusdan düşdükdən sonra çantasından telefonu götürmək istədiyi zaman telefonun çantada olmadığını müəyyən etdiyini bildirmişdir. Əvvəlcə itirdiyini düşünmüş və hazırlıq müəllimələrinin evini, öz evlərini axtarmış tapa bilməmişlər. Sonradan polisə müraciət etmək qərarına gəlmiş, lakin, qızının dərsləri çox olduğu üçün gedib-gəlmək çətin olacaq deyə polisə bir qədər gec yəni xx.xx.2022-ci il tarixdə müraciət etmişlər. Qızı üçün aldığı zaman telefonun qiyməti 530 manat olmuş, istifadə edildiyi üçün təxminən 300-350 manat qiyməti vardır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1016 nömrəli saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-A107F/DS” modelli, 32 GB yaddaş tutumlu mobil telefon aparatının satış iiçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunduğunu nəzərə alaraq, hazırki orta bazar qiyməti təxminən 130,00 manat müəyyən olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Əfqan qızına məxsus mobil telefonu çantasından oğurlamasını əks etdirən görüntü olan DVD diskə baxış protokolundan görünür ki, videogörüntü 53 saniyə davam edir. Zərərçəkmiş şəxs avtobusda ayaq üstə dayanır, kürəyindən bel çantası asılmışdır, bu zaman bir nəfər şəxs» onun yaxınlığında dayanır və avtobusda olan sıxlıqdan istifadə edərək, çantaya arxa tərəfdən əlini salır və görüntüdə telefonu çıxararaq öz cibinə qoyması və oradan uzaqlaşması görünür. X3 Mərdiyeva çantasından telefonunun oğurlandığını hiss etmir və ətrafdan hər hansısa şəxsin görmədiyi müəyyən edilir. Diskə baxış keçirildiyi zaman Təqsirləndirilən şəxs görüntülərə baxdıqdan sonra Zərərçəkmiş şəxs çantasından telefonun oğurlayan şəxsin özü olduğunu bildirir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən, hökmün və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilərək, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 69.3-cü maddəsinə əsasən 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən barəsində amnistiya tətbiq edilmiş, amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicənin ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinə xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edildiyi üçün onun residivliyi nəzərə alınmamalıdır. Belə ki, “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli xx/xx-2365 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 17 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Samsung” markalı, “SM-A107F/DS”modelli, 32 GB yaddaş tutumlu mobil telefonun Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli (iş № 1(060)-423/2022) qərarını icra edərək, 05 aprel 2022-ci il tarixli 398 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2022-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Samsung” markalı, “SM-A107F/DS”modelli, 32 GB yaddaş tutumlu mobil telefonun Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-423/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-423/2022
02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver