Məhkəmə qərarları › İş №1(060)-424/2020

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-424/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-424/2020 29.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru:Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Müdafiəçi: Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 00:30 radələrində "BC" kateqoriyalı AC 205068 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Opel Astra" markalı, **-DA-*** dövlət nömrə nişanlı minik avtomobili ilə Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsinin 17-ci mikrorayon ərazisindən keçən hissəsi ilə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda mümkün olan tədbirləri görməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yolun solundan sağına doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə yolun ortasında vuraraq ona başın küt travması, subdural hematoma, baş-beyinə qansızma, təpə nahiyəsinin dərialtı hematoması, sol baldır sümüklərinin sınığı, alt çənənin sınığı, çənəaltı nahiyənin əzilmişcırılmış yarası, burun nahiyyəsinin və sağ baldırın sıyrıqları xəsarətləri ilə müşayiət olunan, sağlamlığa həyat üçün təhlükəli olan ağır zərər vurmuş və Zərərçəkmiş şəxs almış olduğu başın küt travması nəticəsində təpə nahiyyəsinin subdural hematoması, başbeyinə qansızması nəticəsində həmin tarixdə Sumqayıt şəhər TTYX-də ehtiyatsızlıqdan ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, idarə etdiyi Opel Astra markalı **-DA-*** dövlət nömrə nişanlı avtomaşını şəxsi puluyla alaraq etibarnamə əsasında idarə edir, sürücülük vəsiqəsi vardır. xx.xx.2020-ci il tarixdə, gecə saat təxminən 00:05 radələrində qonşusu Faiqlə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Araz» marketə gedib bəzi əşyalar almaq istəmişlər və bu məqsədlə də Faiqlə onun idarə etdiyi Opel Astra markalı **-DA-*** dövlət nömrə nişanlı avtomaşına əyləşmişlər. O sükanın arxasında, dostu Faiq isə avtomaşında qabaqda onun yanında əyləşmişdir. Onlar «Araz» marketə getsələr də, maskaları olmadığı üçün marketə girməmişlər. Dostu Faiqlə belə fikrə gəlmişlər ki, onsuz da hava istidir, bir az şəhəri gəzib sonra evə getsinlər. Onlar maşınla üzü Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisi istiqamətinə getmiş, artıq saat təxminən 00:30 radələrində Sumqayıt şəhəri «Daş bazarı» deyilən ərazidən dönüb geri, yaşadığı Sumqayıt şəhəri 10-cu mikrorayon istiqamətinə qayıtmışlar, avtomaşınla saatda 60 km sürətlə, Sumqayıt şəhəri «X4» küçəsinin 17-ci mikrorayon ərazisindən keçən hissəsi ilə gedərkən, 18-ci mikrorayonda yerləşən «Qərb» sarayına yaxınlaşanda yolun solundan sağına doğru asta addımlarla bir nəfərin onun yoluna çıxdığını görmüşdür, o həmin şəxsi, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs, vurmamaq üçün əyləci basması yadında qalmamışdır, amma dəqiq bilir ki, avtomaşının sükanını sağa fırlatmışdır, amma hadisənin qarşısını ala bilməmişdir. Maşının sol güzgüsü və qabaq alın şüşəsi Ruslana dəymiş və o yıxılmışdır. Dərhal maşını saxlamış və dostu Faiqlə bərabər maşından düşüb piyadaya tərəf getmişlər, Ruslana yaxınlaşanda o sağ olmuşdur, o özünü itirdiyi üçün həmin vaxt oraya tanımadığı şəxslər gələrək onlarla birlikdə Ruslanı tanımadığı, yoldan keçən bir nəfərin markasını və nömrəsini xatırlamadığı avtomaşınəna qoyub Sumqayıt şəhəri TTYX-na gətirmişlər, xəstəxanada olan vaxt polislər gələrək onu hadisə yerinə aprarmışlar. xx.xx.2020-ci il tarixdə saat təxminən 07:20 radələrində ona bildirmişlər ki, maşınla vurduğu piyada xəstəxanada ölmüşdür. Zərərçəkmiş şəxsin yaxınlarına dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, əməlindən peşmandır, məhkəmədən göstərdiklərini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 bildirdi ki, Zərərçəkmiş şəxs onun qardaşdır və onunla bir ünvanda yaşamışdır. xx.xx.2020-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxsla yaşadığı evdə olan vaxt Ruslan mağazadan siqaret almağa getmişdir. Ruslan evdən çıxmış və təxminən 5-10 dəqiqə sonra bayırda səs gəlmiş, qonşular demişlər ki, kimi isə maşın vurdu deyəsən. Şübhələnmişdir ki, birdən qardaşı Ruslan olar. Buna görə də bayıra çıxmış və görmüşdür ki, yolda adamlar toplaşıblar. O həmin yerə, yəni Sumqayıt şəhəri X4 küçəsinə getmiş, oraya çatanda qonşulardan hansısa demişdir ki, Adili maşın vurdu, aparıblar xəstəxanaya. O tez taksi saxladıb Sumqayıt şəhər TTYXna gəlmiş, xəstəxanada bilmişdir ki, Adili reanimasiya şöbəsinə yerləşdiriblər. Səhərə yaxın Adil reanimasiya şöbəsində rəhmətə getmişdir. Hazırda onlara dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş X1 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənidiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən üç ilə yaxındır ki, tanıyır. Faillə bir həyətdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə, gecə saat təxminən 00:05 radələrində Faillə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Araz» marketə gedib bəzi əşyalar almaq istəmişlər. Bu məqsədlə də o, Failin idarə etdiyi Opel Astra markalı **-DA-*** dövlət nömrə nişanlı avtomaşına əyləşmişdir. Fail sükanın arxasında o, isə avtomaşında qabaqda əyləşmişdir. Onlar «Araz» marketə getmiş, lakin maskaları olmadığı üçün marketə girməmişlər. Belə bir fikrə gəlmişlər ki, onsuz da hava istidir, biraz şəhəri gəzib sonra evə gəlsinlər. Onlar maşınla üzü Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisi istiqamətinə getmişlər. Sumqayıt şəhəri «Daş bazarı» deyilən ərazidən dönüb geri yaşadıqları Sumqayıt şəhəri 10-cu mikrorayon istiqamətinə qayıtdıqda, Sumqayıt şəhəri «X7» küçəsinin 17-ci mikrorayon ərazisindən keçən hissəsi ilə gedərkən 18-ci mikrorayonda yerləşən «Qərb» sarayına yaxınlaşanda bir nəfərin yolun solundan sağına tərəf asta addımlarla keçdiyini və yolun ortasında dayandığını görmüşdür. Həmin piyadaya təxminən 4-5 metr qalmış Fail qəflətən həmin piyadanı vurmamaq üçün sükanı sağa tərəf fırlatmışdır. Lakin nə cürsə zərərçəkmiş şəxs də, adı sonradan ona məlum olan Ruslan, özünü Failin maşınının üzərinə tərəf yıxmışdır. Bu vaxt maşının sol güzgüsü və qabaq alın şüşəsi Ruslana dəymiş və Ruslan yıxılmışdır. Fail həmin vaxt avtomaşını saxlamış, onlar maşından düşüb Ruslana yaxınlaşmışlar, həmin vaxt Ruslan sağ olmuşdur. Oraya tanımadıqları şəxslər gəlmiş və birlikdə Ruslanı tanımadığı yoldan keçən bir nəfərin markasını və nömrəsini xatırlamadığı avtomaşına qoyub Sumqayıt şəhəri TTYX-na gətirmişlər. Sonra polislər xəstəxanaya gəlmiş və Faili götürüb hadisə yerinə getmişlər. O, isə xəstəxanada qalmışdır. xx.xx.2020ci il tarixdə, saat təxminən 07:20 radələrində ona bildirmişlər ki, Ruslan xəstəxanada ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Poli Şöbəsində kiçik inispektor işləyir. xx.xx.2020-ci il tarixdə gecə saat təxminən 00:35 radələrində Sumqayıt şəhər X4 küçəsində xidməti avtomaşınla xidmət apararkən həmin küçənin 17-ci mikrorayon ərazisindən keçən hissəsində bir neçə şəxsin dayandığını görüb həmin yerə yaxınlaşmışdır. Oraya çatanda onlara məlum olmuşdur ki, həmin yerdə Opel markalı avtomaşın piyadanı vurmuş və piyada orada olan şəxslərin deməsinə görə Sumqayıt şəhər TTYX-na aparılmışdır. O, bu barədə Sumqayıt şəhər Pİ-nin Növbətçi hissəsinə məlumat verəndə ona növbətçi hissədən deyilmişdir ki, həmin şəxs TTYX-na yerləşdirilmiıdir, ona bildirilmişdir ki, hadisə yerində olsun, hadisə yerinə təhqiqatçı gələcəkdir. O da hadisə yerində qalmış, təhqiqatçı hadisə yerinə gəlmiş və hadisəni törədən şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokola əsasən yol-nəqliyyat hadisəsi yeri Sumqayıt şəhəri, General M.Əsədov küçəsi, "Qərb" şadlıq sarayının yanı, yolun hərəkət hissəsi üfüqi düz, örtüyün növü asfaltbeton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 24 metr, hərəkət zolaqlarının sayı 04, hərəkət hissəsinin eni 12 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını kub daşlar ayırır. (i.v. 5-10) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 4020 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. (i.v.15) İş materiallarında olan və xx.xx.2023-cü ilədək etibarlı olan AC № 205068 seriyalı, BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. (i.v.18) İş materiallarında olan “Avtomaşına baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, General M.Əsədov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq Sumqayıt şəhəri Pİ-nin DYPŞ-də saxlanılan "Opel Astra" markalı **-DA-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmişdir. Baxış keçirilən avtomaşın Opel Astra minik markalıdır. XETÇBEK tiplidir. 2002-ci il buraxılışıdır. Açıq boz metalik rənglidir. Avtomaşına xarici baxış keçirilmişdir. Avtomaşının sol bayır güzgüsü kənar zərbə nəticəsində sınıb naqildən asılı vəziyətdə qalmışdır. Qabaq alın şüşəsi sürücü tərəfdən kənar zərbə nəticəsində dairəvi formada içəriyə doğru çatlayıb, qabaq sol qanadı aralanıb. Avtomaşının şinləri normal vəziyyətdədir. Avtomaşın asan işə düşür və əyləc sistemi normaldır. Sürücü Təqsirləndirilən şəxs bildirir ki, o avtomaşını idarə edərkən heç bir nasazlıq hiss etməmişdir və avtomaşının naszlığından heç bir hadisə baş verməmişdir. Avtomaşında olan zədələr piyadanı vurması nəticəsində əmələ gəlmişdir. Avtomaşının fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (i.v. 29) İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsinin 1 nömrəli şəhər poliklinikasının xx xxxx 2020-ci il tarixli 531 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli şəhər poliklinikasının psixiatrik kabinetində qeydiyyatda yoxdur.(i.v 48) İş materiallarında olan X2-imtahan və texniki baxış şöbəsinin xx xxxx 2020-ci il arixli 016-302.2557/220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə AC 205068 saylı BC kateqoriyalı 10 illik sürücülük vəsiqəsi almışdır. Kompyuter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur.(i.v49) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 2865 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v 52) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 53) İş materiallarında olan x xxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, Opel Astra markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.(i.v 56-57) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 73 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: Başın küt travması, subdural hematoma, baş-beyinə qansızma, təpə nahiyyəsinin dərialtı hematoması, sol baldır sümüklərinin sınığı, çənənin sınığı, çənəltı nahiyyənin əzilmiş-cırılmış yarası, burun nahiyyəsinin və sağ baldırın sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində təpə nahiyyəsinin subdural hematoması və baş-beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs ölümü Sumqayıt şəhər TTYX-da xx.xx.2020-ci il tarixdə 06:00-da baş vermişdir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin lokalizasiyasına və xarakterlərinə əsasən demək olar ki, hadisə baş verən zaman ilkin zərbə onun sol tərəfindən olmuşdur. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin xarakterinə əsasən demək olar ki, həmin xəsarətlər yetirildikdən sonra dəqiqələrlə ölçülən zaman müddətində məqsədyönlü hərəkətlər edə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 1,65 promille etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə orta dərəcələri alkoqol sərxoşluğuna aid edilir. (İ.v 60-63) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, X5 barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. (i.v 90) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” xx xxxxxx 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görməşəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi tam təsdiq edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Cəza təyini zamanı hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan bu cinayətin xarakteri və ictimai təhlükəliliyik dərəcəsi təhlil edilib nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət cəzası dövlətin cinayət törədən şəxsə qarşı reaksiyası olmaqla, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsas hüquqi nəticəsidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmişşəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmamasını, ailəsinin mövcud maddi və sosial vəziyyətini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu cür cəza təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla bərabər cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi üçün barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri dəyişdirlərək hökm qanuni qüvvəyə minənə qədər “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənə qədər “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 70 (yetmiş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar