Məhkəmə qərarları › İş №1(060)-424/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-424/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-424/2022 27.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ilə aralarında olan etibardan sui-istifadə edərək sonuncunu qohumu vasitəsilə "xxxx" zavoduna operator kimi işə düzəldəcəyini yalan vəd verib aldatmaqla 2019-cu ilin sentyabr ayında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Sumqayıt Dövlət Universitetinin qarşısında Zərərçəkmiş şəxs1 5500 (beş min beş yüz) manat pulu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ilə aralarında olan etibarlı münasibətlərindən istifadə edərək sonuncunu qohumu vasitəsilə "xxxx" zavoduna operator kimi işə düzəldəcəyini vəd edib aldatmaqla 2019-cu ilin oktyabr ayında Sumqayıt şəhəri 43-cü məhəllə ərazisində yerləşən "Doktor.az” klinikasının qarşısında Zərərçəkmiş şəxs2 5500 (beş min beş yüz) manat pulu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, göstərdi ki, o, Zərərçəkmiş şəxs1lə 2003-cü il tarixdə Füzuli rayonunda birgə hərbi xidmətdə olmuşdur. Samirlə 2019-cu ilin təxminən avqust ayında Bakı şəhəri ərazisində təsadüfən rastlaşmış və biraz söhbət edib hal-əhval tutmuşlar. Söhbət əsnasında Samir ’’Pepsi” şirkətində işlədiyini demiş və ondan da harada işlədiyini soruşmuşdur. O, Samirə Sumqayıt şəhərində yerləşən "xxxx" MMC-də operator işlədiyini demiş və bir-birilərinin mobil nömrələrini götürmüşlər. Təxminən bir neçə gün sonra Samirlə Sumqayıt şəhərində görüşüb çay içmiş və söhbət etmişlər. Bu hal bir neçə dəfə təkrarlanmışdır. 2019-cu ilin sentyabr ayında Samirlə görüşərkən o, Samirə borcunun olduğunu, ona 11000 manat pul lazım olduğunu, yüksək maaş aldığını və 3-4 ay müddətinə qaytaracağını bildirmişdir. Samirdən 2019-cu ilin sentyabr ayında 5500 manat pulu Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən Sumqayıt Dövlət Universitetinin yanında, təxminən 1 həftə sonra Samirin dostu Elmar adlı şəxsdən Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində, “doktor az” klinikasının yanında görüşmüş və 5500 manat pulu almış və onun işi olduğu üçün Elmarın avtomobili ilə Bakı şəhərinə getmiş və orada ayrılmışlar. O, 11000 manat pulu təxminən 3- 4 ay ərzində Samirə qaytaracağını demişdir. Sonradan həmin pulu qaytara bilmədiyi üçün Samir ona ondan pulun qarşılığında hər ikisini işlədiyi Sumqayıt şəhərində yerləşən "xxxx" MMC-də işə düzəltməyini təklif etmişdir. O, Samirlə razılaşmışdır. Sonradan o, həmin şəxslərə ixtisaslarının uyğun gəlmədiyi üçün işə düzəldə bilməyəcəyini demişdir. Dəfələrlə Elmar və Samir onunla görüşmüş və o, həmin şəxslərə yanlız bu pulu işləyərək aylıq maaşının müəyyən hissəsini qaytara biləcəyini demişdir. 2020-ci ilin yeni il ərəfəsində, dekabr ayının sonlarında Elmar və Samir ona demişlər ki, “heç olmasa 2000 manat pul ver ki, biz bayram keçirək”. O, həmin şəxslərə 2000 manat yox, 1000 manat pul verə biləcəyini bildirmişdir. 2020-ci ilin sonlarında Sumqayıt şəhəri, 45- ci məhəllə ərazisində 1000 manatı Samirlə görüşüb qaytarmışdır. Daha sonra maaş kartını onlara vermək və hər ay həmin kartdan 500 manat pul çəkilməsi şərti ilə şərtləşmişlər. Üç ay müddətində maaş kartından 500 manat, ümumilikdə 1500 manat pul çəkilmişdir. Bundan əvvəl həmin şəxslər tez-tez onu iş yerindən, mühafizədən maraqlanmış və soruşmuşlar. İşlədiyi müəsissənin tabeçiliyində olduğu şəxs bundan xəbər tutmuş, xx.xx.2021-ci il tarixdə onun əmək müqaviləsinin vaxtı bitdiyinə görə xitam vermişdir. Buna görə də o, ümumilikdə 8500 manat pulu qaytara bilməmişdir. Sonuncu dəfə ona pulun hamısı Elmara qaytarılacağı, bütün pulun Elmarın olması bildirilmişdir. O, Elmara zəng edərək işdən xaric olunduğunu bildirmişdir. Elmar ona 20 dəqiqədən sonra Sumqayıt şəhəri, 9-cu mikraroyonda çay evlərinin birində görüşmək istədiyini bildirmişdir. Görüş əsnasında o, işləmədiyini, pulu qaytarmaq üçün vaxt istədiyini bildirmişdir. Elmar ona novbəti ay 500 manat ödəməli olduğunu bildirmişdir. O, növbəti ay yox, o birisi ay pulu yenidən hissə-hissə qaytarmağı Elmardan xahiş etsə də, Elmar ona əgər pulu verməsə onu tutduracağını bildirmişdir. Onun zərərçəkmiş şəxsləri aldatmaq niyyəti olmamışdır. Ona görə də məhkəmədən ona bəraət verilməsin xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, eləcədə tədqiq edilmiş iş materialları ilə təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, həmin şəxslə Sumqayıt Dövlət Universitetində birlikdə oxumuşlar, həmçinin 2003-2004-cü illər ərzində birlikdə hərbi xidmətdə olmuşlar. 2019-cu ilin avqust ayında Vüsal ilə təsadüfən yolda rastlaşıb hal-əhval tutduğu zaman harada işlədiyini soruşmuş, Vüsal Sumqayıt şəhərində yerləşən "xxxx" MMC-də operator işlədiyini bildirmişdir. O, Vüsala həmin zavoda CV göndərdiyini demiş və Vüsaldan həmin şirkətə necə düzələ biləcəyini soruşmuşdur. Vüsal ona xalası oğlunun həyat yoldaşının "xxxx" zavodunun kadrlar şöbəsində işlədiyini və həmin şəxs vasitəsilə onu həmin zavoda operator işinə düzəldə biləcəyini bildirmişdir. Onlar Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən internet kafeyə getmiş və birlikdə sənədlərini sivi formasında həmin zavodun internet səhifəsinə göndərmişlər. Bir müddət sonra Vüsal ona 5500 manat pul lazım olacağını bildirmişdir. O da Vüsalla razılaşmış, 2019-cu ilin sentyabr ayında Vüsala onu "xxxx" MMC-də operator vəzifəsinə işə düzəltməsi məqsədilə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Sumqayıt Dövlət Universitetinin yanında yerləşən çayxanada 5500 manat məbləğində pul vermişdir. Daha sonra Vüsala müəyyən sənədlərinin surətini vermiş, Vüsalda həmin sənədləri online şəkildə həmin şirkətin internet səhifəsinə göndərəcəyini bildirmişdir. Elmar onun yaxın dostu olduğundan hadisələrdən məlumatı olmuş, onlar üçü birlikdə görüşmüş və o, Elmarı da Vüsalla tanış etmişdir. O, Vüsala pulu verdiyi vaxtdan təxminən bir həftə sonra dostu Elmar da Vüsala 5500 manat məbləğində pulu həmin zavodda operator kimi işə düzəltməsi məqsədilə vermişdir. Lakin Vüsal nə onu nə də ki, dostu Elmarı işə düzəldə bilməmişdir. Vüsaldan dəfələrlə pulu geri istəmişlər. Vüsal ona gah pulu qaytaracağını bildirmiş, gah bəhanələr gətirmiş, gah da əlaqə saxlaya bilməsinlər deyə tez-tez nömrələrini dəyişmişdir. Vüsal onlardan aldığı 11,000 manat puldan 1000 manatını Sumqayıt şəhəri, “Pioner” marketin yanında ona geri qaytarmış, bundan əlavə maaş kartını da Elmara vermişdir ki, hər ay həmin kartdan 500 manat çəksinlər və pulu bu yolla geri qaytarsınlar. Sonradan Vüsal işdən çıxarıldığı üçün həmin 500 manatı da ala bilməmişlər. Vüsal ümumilikdə 2500 manat məbləğində pul geri qaytarmışdır. Qalan pulu qaytaracağını bildirsə də, verdiyi vədə əməl etməmişdir. 2020-ci ilin sonlarında Elmar və o Vüsalla Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən kafedə görüşən zaman yanlarında dostu Şahid1 da olmuşdur. Həmçinin dərzi kimi fəaliyyət göstərən dostları Şahid2 Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən dərzi dükanında Vüsal, o, Elmar və Rövşən görüşərək bu işlə bağlı söhbət etmişlər. Təqsirləndirilən şəxs 5500 manat pulu 2019-cu ilin sentyabr ayında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Sumqayıt Dövlət Universitetinin yanında yerləşən çayxanada onu "xxxx" MMC-də operator kimi işə düzəltməsi məqsədilə vermiş və pulu Vüsala verən zaman yanlarında heç kim olmamışdır. O, Vüsaldan şikayətçidir, ona daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Digər Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dostu və sinif yoldaşı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımış və həmin şəxslə münasibətləri yaxşı olmuşdur. 2019-cu ilin sentyabr ayında Samir ona əsgər yoldaşı Vüsalın Sumqayıt şəhərində yerləşən "xxxx" MMC-də operator işlədiyini bildirmişdir. Samir ona Vüsalın Samiri həmin zavoda 5500 manat məbləğə düzəldə biləcəyini demişdir. 2019cu ilin oktyabr ayında Samir Vüsala "xxxx" MMC-də operator vəzifəsinə işə düzəltməsi məqsədilə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Sumqayıt Dövlət Universitetinin yanında yerləşən çayxanada 5500 manat məbləğində pul verdiyini ona demişdir. O, Samirə onu da Vüsaldan xahiş edib ora işə düzəltməsinə köməklik etməsini bildirmişdir. Samir ona öz işinin alınmasını gözləmələrini məsləhət görsə də, o, Samirə işsiz olduğunu və gözləməyə vaxtı olmadığını bildirmişdir. Onlar üçü birlikdə görüşmüş, Vüsal onu da Socar Polimer zavoduna operator kimi işə düzəldə biləcəyini demiş və 5500 manat pul istəmişdir. Samir Vüsala pulu verdiyi vaxtdan təxminən bir həftə sonra o da Vüsala Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən “Doktor.az” klinikasının yanında avtomobilində 5500 manat məbləğində pulu həmin zavodda operator kimi işə düzəltməsi məqsədilə vermişdir. Lakin Vüsal nə onu nə də ki, dostu Samiri işə düzəldə bilməmişdir. Vüsaldan dəfələrlə pulu geri istəmişlər. Vüsal ona pulu qaytaracağını bildirsə də müxtəlif bəhanələrlə pulu qaytarmamışdır. Vüsal onlardan aldığı 11.000 manat puldan yalnız 1000 manatı Sumqayıt şəhəri, “Pioner” marketin yanında ona geri qaytarmış, bundan əlavə maaş kartın da ona vermişdir ki, hər ay həmin kartdan 500 manat çəksinlər və pulu bu yolla geri qaytarsınlar. Sonradan Vüsal işdən çıxarıldığı üçün həmin 500 manatı da ala bilməmişlər. Vüsal ümumilikdə 2500 manat məbləğində pul geri qaytarmışdır. Qalan pulu da, qaytaracağını bildirsə də, verdiyi vədə əməl etməmişdir. 2020-ci ilin sonlarında o və Samir, Vüsalla Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən kafedə görüşən zaman yanlarında dostu Şahid1 da olmuş, bundan başqa, dərzi kimi fəaliyyət göstərən dostu Şahid2 Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən dərzi dükanının qarşısında Vüsal, o, Elmar və Rövşən görüşərək bu işlə bağlı söhbət etmişlər. O, Vüsaldan pulunu qaytarmadığı üçün şikayətçidir və barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Samir və Elmar onun dostlarıdır. O, Təqsirləndirilən şəxs dostu Samirin və Elmarın vasitəsilə tanımışdır. 2019-cu ilin sonunda dostları Elmar və Samir ona Təqsirləndirilən şəxs həmin şəxsləri "xxxx" zavoduna işə düzəldəcəyinə söz verdiyini və işə düzəltmək məqsədilə ayrı-ayrılıqda hər birindən 5500 manat pul aldığını demişlər. Bu məsələ ilə bağlı onlar xatırlamadığı vaxtlarda Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən onun dərzi sexinin qarşısında və Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən kafelərdən birində oturub çay içərək söhbət etmişlər. Söhbət zamanı Vüsal Samir və Elmardan onları zavoda işə düzəltmək məqsədilə ümumilikdə aldığı 11000 manat puldan hər ay 500 manat pul qaytaracağını söz vermişdir. Bir müddət sonra Elmar və Samir ona bildirmişlər ki, Vüsal vədinə əməl etməmiş və pulu alandan sonra işi uzadaraq hər gün müxtəlif bəhanələr gətirmişdir. Vüsalın onları aldatdığını başa düşəndən sonra onlar Vüsaldan pulu geri istəməyə başlamışlar. Nəticədə Vüsal aldığı puldan hər birinə 1250 manat olmaqla ümumilikdə 2500 manat pul qaytarmışdır. Məhkımə iclasında şahid qismində dindirilmiş digər Şahid1 ifadəsində göstərdi ki, Samir və Elmar onun sinif yoldaşları, həm də dostlarıdır. Təqsirləndirilən şəxs isə dostu Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. 2019-cu ilin sonunda dostları ona Təqsirləndirilən şəxs onları zavoda işə düzəltməyə söz verdiyini və hər birini işə düzəltmək məqsədilə ayrıayrılıqda hər birindən 5500 manat pul aldığını demişdir. Bir müddət keçmiş Elmar və Samir Vüsalın vədinə əməl etmədiyini və pulları alandan sonra işi uzadaraq hər gün müxtəlif bəhanələr gətirdiyini bildirmişlər. Artıq başa düşmüşlər ki, Vüsal onları aldatmışdır. Bundan sonra Elmar və Samir Vüsaldan pulu geri istəməyə başlamışlar. Nəticədə Vüsal aldığı pullardan hər birinə 1250 manat və ümumilikdə 2500 manat pul qaytarmışdır. Samir və Elmarın xahişi ilə onlar Vüsal ilə görüşmüş, həmin görüş zamanı Vüsal Samir və Elmardan zavoda işə düzəltmək məqsədilə ümumilikdə 11000 manat pul aldığını və hər ay 500 manat pul qaytaracağını söz versə də bugünə kimi həmin şəxslərin hərəsinə ayrı-ayrılıqda 1200 manat pul qaytarmışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” «10» noyabr 2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqda Zərərçəkmiş şəxs1 istifadəsində olan “Xiomi play” markalı mobil telefonunda Vatsap ani mesajlaşma mübadiləsi vasitəsi ilə plan mesaj mətnlərinə baxış keçirilmişdir.”'Xiomi play” markalı mobil telefonunda Vatsap ani mesajlaşma mübadiləsi vasitəsi ilə olan mesaj mətnlərinə baxış keçirən zaman Vüsal Esger adı ilə qeyd olunmuş mobil nömrənin sahibi ilə xx.xx.2019-cu il Vüsal Esger: “Samir şəxsiyyət vəsiqəvin FİN nömrəsin yazarsan səndə Prava В di yoxsa BC onuda yaz. xx.xx.2019-cu il Vüsal Esger: Samir bugün onlarda ad günündəyəm xalaoğlunun uşağının ad günüdü indi hazırlaşıram ki. orada gedm, orada hər şeyi danışacam dəqiq. Narahat olma, alınmağına alınacaq, həm sənin, həm də Elmarın işi. Axşam gec gələcəm, 100 faiz səhər mən sənə dəqiq bir şey yazacam” Vatsap ani mesajlaşma mübadiləsi vasitəsi ilə olan mesaj mətnlərinə gündüz vaxtı, təbii işiq şəraitində keçirilmişdir. Baxış keçirildikdən sonra tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir şikayət və tələb daxil olmadığından protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir.(İ.v 42-46) İbtidai istintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 01 ədəd DVD disk və A4 kağız formatında Vatsap ani mesajlaşma mübadiləsi vasiəsi ilə olan mesaj mətnləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut kimi tanınaraq, istintaq materiallarına əlavə edilmişdir. (İ.v 42-46, 59-60) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verildiyindən, həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilməklə, xx.xx.2022-ci il tarixdə saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad olunması haqqında qərar qəbul edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 75-78, 99-100) İş materiallarında olan AZ-İİ seriyalı, 233255 və AZ-İİ seriyalı 600733 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 adlı 2 azyaşlı uşağı var. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini, cinayət məsuliyyətindən yayınmağa cəhd etməsi kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o islah olunması üçün cəmiyyətdən təcrid edilməlidir, ona görə də, ona cəzasını yüngülləşdirən hal nəzərə alınmaqla təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar