Məhkəmə qərarları › İş №1(060)-426/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-426/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-426/2022 21.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1981-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq 01 ədəd rəngli polimer materiallı çantanın içinə yerləşdirilmiş 01 ədəd ağ rəngli kisədə yivli odlu silah hesab edilən, “Kalaşnikov” konstruksiyalı, zavod üsulu ilə hazırlanmış, saz və atəş üçün yararlı olan, zavod işarələri, o cümlədən seriya-nömrəsi mexaniki təsir vasitəsiylə, kustar üsulla sürtülərək məhv edilmiş, konstruksiyasında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, 7,62 mm kalibrli, “AKM” markalı 01 ədəd avtomatik döyüş sihahı, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab olunan, atəş üçün yararlı, pistonu mərkəzdən alışan 03 ədəd patron və “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli patron tutumuna malik 01 ədəd sandıqça əldə edib daşıyaraq gəzdirmiş və 07 fevral 2022ci il tarixdə saat 16:40 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cü mikrorayon, Heydər Əliyev propektində yerləşən Tarix Muzeyinin arxa ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərək həmin odlu siyah, onun komplekt hissəsi sandıqça və döyüş sursatı patronlar əlində saxladığı 01 ədəd rəngli polimer materiallı çantaya yerləşdirilmiş 01 ədəd ağ rəngli kisənin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 25/6, mənzil 7 ünvanında kirayədə yaşamışdır. Rəsmi heç bir yerdə işləmir. Sumqayıt şəhər ərazisində mütəmadi piyada hərəkətdə olaraq evlərdən tullantıların atılması, əşyaların daşınması, Sumqayıt şəhər ərazisində metal tullantıların yığımı ilə məşğul olub tapdığı metal tullantılarının satışından qazanc əldə edib etmişdir. 06 fevral 2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi ərazisində, dəniz kənarında beton borular, turbalar atılan yerdə metal tullantılar axdardığı zaman orada açıq hissəsi polietilen kəsiyi ilə bağlanmış 01 ədəd ağ rəngli kisə olduğunu müşahidə etmişdir. Həmin kisəni açdıqda içində 01 ədəd “Kalaşnikov” modelli avtomat, 01 ədəd “Kalaşnikov” model avtomatın darağı və həmin darağın içində 03 ədəd patron olduğunu görmüşdür. Kisənin içində avtomatı daşıyacağı halda kənar şəxsin diqqətini çəkəcəyini fikirləşmişdir. Bu səbəblə də avtomatı, darağı və patronları kisənin içinə qoyub yenidən kisənin açıq hissəsini polietilen kəsiyi ilə bağlayıb tapdığı yerdə, boruların altında gizlətmişdir ki, gedib iri həcmli çanta tapıb və onları çantaya yerləşdirdikdən sonra daşıyaraq yaşadığı evə aparsın və sonradan polisə təhvil versin. Dərhal oraya geri qayıdıb şübhə çəkməmək üçün, növbəti gün, yəni 07 fevral 2022-ci il tarixdə günorta saatlarında özü ilə götürdüyü iri həcmli rəngli polimer çantayla avtomatı, avtomatın darağını və patronlarını gizlətdiyi yerə gedib kisənin içində olan avtomatı, onun darağını və darağın içindədəki 03 ədəd patronu çantaya yerləşdirib oradan uzaqlaşaraq yaşadığı ünvan istiqamətində piyada hərəkət etməyə başlamışdır. 07 fevral 2022-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən Tarix muzeyinin arxası ilə piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib barəsində odlu silah, döyüş sursatı əldə etmə, daşıma və gəzdirməyi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə dəvət etmişlər, o müqavimət göstərmədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuş, videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, sağ əlində saxladığı 01 ədəd polimer materialdan olan çantanı təqdim edib, həmin çantada içində avtomot, avtomat darağı və patronlar olduğunu demişdir. Sonradan təhqiqatçı çantanın içinə baxıb özü 01 ədəd ağ rəngli kisənin içindəki 01 ədəd “Kalaşnikov” modelli avtomatı, həmin model avtomatın 01 ədəd darağını və darağın içində 03 ədəd patron aşkar etmişdir.. Həmin avtomat, daraq və patronlar ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən nə fiziki, nə də psixi təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, daşıma və gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmşdır. 07 fevral 2022-ci il tarixdə saat 16:40 dəqiqədə Təqsirləndirilən şəxs əlində 01 ədəd rəngli çanta ilə birlikdə Sumqayıt şəhəri, Heydər Əliyev prospektində yerləşən Tarix Muzeyinin arxa ərazisində piyada hərəkətdə olduğunu müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim edərək ona qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edib daşıyaraq gəzdirməsi barədə şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 3-cü PBnə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd rəngli polimer materiallı çantanı təqdim edib içində silah, “Kalaşnikov” olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin çantaya baxılmış və çantadan 01 ədəd ağ rəngli kisənin içində 01 ədəd odlu silah, 01 ədəd silahın komplekt hissəsi sandıqça və 03 ədəd patron aşkarlanaraq götürülüb ekspertizaya təqdim olunmasından ötür həmin polimer materiallı çantanın içinə qoyulub qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş odlu silahı, sandıqçanı və patronları dünən, yəni 06 fevral 2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində, dəniz kənarında dəmir tullantıların atıldığı yerdə 01 ədəd ağ rəngli kisənin içində tapdığını, heç bir yerdə istifadə etmədiyini, sonra təhvil vermək məqsədi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şşahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 da Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, onun qeyd etdiyi xüsusatları qeyd etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünmüşdür ki, o da şahidlər Şahid2 və Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, onların qeyd etdikləri xüsusatları qeyd etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2022-ci il tarixli, 3/231 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah–zavod üsulu ilə hazırlanmış, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibirli, “AKM” markalı avtomat silahdır, zavod işarələri (o cümlədən seriya-nömrəsi) mexaniki təsir vasitəsilə, kustar üsulla sürtülərək məhv edilmişdir, metal qatı dərin sürtülüb məhv edildiyi üçün, zavod işarələrinin mətnini bərpa edib müəyyənləşdirmək mümkün deyildir, lakin silahın konstruksiyasında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir–yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd patron – zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibirli olmaqla, həmin kalibirə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “RPK” (“RPKC”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur – döyüş sursatıdır və atəşə (istifadəyə) yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça - “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30(otuz) ədəd 1943-cü il nümunəli, 7,62x39 mm kalibirli patron tutumuna malik olan sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 08 fevral 2022-ci il tarixli, 22/117R saylı məhkəməballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, 7,62 mm kalibirli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, odlu yivli siahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.Silahın hissə və mexanizmlərinin üzərindən sonradan kustar üsulu ilə heç bir bir əlavə dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim təqdim edilmiş 03 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibirli olmaqla, həmin kalibirli Kalaçnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. -Tədiqiata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibirli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddələri ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsi ilə ACDİÜ Azərbaycan Respublikasın məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü birləşdirilərək 10 il müddətinə azadlıqdan məhrum etmə qəti cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il il tarixli qərarı ilə 03 ay 27 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, 15.7.2014-cü il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan azad edilmişdir. Son olaraq Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə məsuliyyətə cəlb edilməklə sözügedən cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işi hal-hazırda Sumqayıt şəhər məhkəməsinin icraatındadır. Cinayət işi materiallarında əlavə edilmiş Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 12 yanvar 2004-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddələri ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında əlavə edilmiş Sumqayıt şəhər 12 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan 08 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi 08 fevral 2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən fakta görə Azərbaycan Respublikasının CMnin 228.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işi materiallarında olan “şübhəli şəxsin tutulması haqqqında” 07 fevral 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhəri, 4-cü mikrorayonda, Tarix Muzeyinin arasında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında xx.xx.2022-ci il tatrixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində olan iri həcmli rəngli torbanı təqim edərək içərisində “kalaşnikov” avtomatı olduğunu bildirmişdir. Həmin torba açılaraq içərisində baxıldıqda uc hissəsi politelien kəsiyi ilə bağlanmış ağ rəngli kisənin içərisində nömrə və yazıları silinmiş 01 ədəd avtomat və içərisində 03 ədəd patron olan avtomat darağı aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin avtomatı , darağı və patronları xx.xx.2022-ci il tarixdə günorta saatlarında Xəzər bağları deyilən yerdə dəniz kənarında beton boruların atıldığı yerdə metal tullantıları yığan zaman tapmış, xx.xx.2022-ci il tarixdə isə özü ilə götürdüyü rəngli torbaya qoyub evə aparan zaman polislər tərəfindən saxlanılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasının xidməti otağında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd rəngli polimer materiallı çantanı təqdim etmiş, təqdim edilmiş çantaya baxış zamanı 01 ədəd ağ rəngli kisənin içində 01 ədəd odlu silah və içərisində 03 ədəd patron olan 01 ədəd odlu silahın sandıqçası aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş odlu silahı, odlu silahın sandıqçasını və patronları 06 fevral 2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində, dəniz kənarında dəmir tullantıların atıldığı yerdə 01 ədəd ağ rəngli kisənin içində tapdığını, həmin tarixdə tapdığı odlu silahı, sandıqçanı və patronları orada turbaların dibində gizlədib növbəti gün, yəni 07 fevral 2022-ci il tarixdə axtarış zamanı təqdim etdiyi 01 ədəd rəngli polimer materiallı çantanı alaraq həmin yerə geri qayıdıb yaşadığı ünvana aparmaq üçün odlu silahı, sandıqçanı və patronları 01 ədəd ağ rəngli kisəsi ilə birlikdə çantaya qoyub oradan uzaqlaşdığını, lakin piyada hərəkətdə olarkən Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində Tarix Muzeyinin arxa tərəfində polis əməkdaşları tərəfindən saxlanıldığını, odlu silahı, sandıqçanı və patronları taparkən ətrafda heç kimin olmadığını, odlu silahı, sandıqçanı və patronları heç bir yerdə istifadə etməyib daha sonra təhvil vermək məqsədi olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olunmadığını bildirmişdir. Cinayət işi materiallarında olan 09 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-86/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbstmənin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 5(060)-150/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəis müavini, polis kapitanı Şahlar Şahbazovun “əməliyyat-atxarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işi materiallarında olan 15 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli “əşyaların maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək aşkar edilib götürülmüş yivli odlu silah hesab edilən, “Kalaşnikov” konstruksiyalı, zavod üsulu ilə hazırlanmış, saz və atəş üçün yararlı olan, zavod işarələri, o cümlədən seriya-nömrəsi mexaniki təsir vasitəsiylə, kustar üsulla sürtülərək məhv edilmiş, konstruksiyasında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, 7,62 mm kalibrli, “AKM” markalı 01 ədəd avtomatik döyüş sihahı, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab olunan, atəş üçün yararlı, pistonu mərkəzdən alışan 01 ədəd patron, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli patron tutumuna malik 01 ədəd sandıqça və şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilmiş, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra 01 ədəd odlu silah, onun komplekt hissəsi olan 01 ədəd sandıqça və 01 ədəd döyüş sursatı patron saxlanılması üçün Sumqayıt ŞPİ-nin silahların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunun 3cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar döyüş sursatı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Eyni zamanda “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarının 50-ci bəndində qeyd edir ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, əməlin özünün ictimai təhlükəliliyi nəzərə alınmalı və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli onun şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Azərbaycan Respublikası “Xüsusi və mülki silah haqqında” Qanunun 9-cu maddəsinin 11-ci bəndinə əsasən “Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.” Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan yivli odlu silah hesab edilən, “Kalaşnikov” konstruksiyalı, zavod üsulu ilə hazırlanmış, saz və atəş üçün yararlı olan, zavod işarələri, o cümlədən seriya-nömrəsi mexaniki təsir vasitəsiylə, kustar üsulla sürtülərək məhv edilmiş, konstruksiyasında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, 7,62 mm kalibrli, “AKM” markalı 01 ədəd avtomatik döyüş sihahı, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab olunan, atəş üçün yararlı, pistonu mərkəzdən alışan 01 ədəd patron, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli patron tutumuna malik 01 ədəd sandıqça müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri, ümumilikdə 74,00 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-426/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 420 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək onun hüquqlarının müdafiəsinin başqa vəkilə həvalə edilməsini xahiş etmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-426/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 420 saylı vəkil orderi əsasında vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi vəkil Müdafiəçi2 məhkəmə iclasında iştirak etmiş, cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 (beş ) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 120,00 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 30,00 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 07 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan yivli odlu silah hesab edilən, “Kalaşnikov” konstruksiyalı, zavod üsulu ilə hazırlanmış, saz və atəş üçün yararlı olan, zavod işarələri, o cümlədən seriya-nömrəsi mexaniki təsir vasitəsiylə, kustar üsulla sürtülərək məhv edilmiş, konstruksiyasında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, 7,62 mm kalibrli, “AKM” markalı 01 ədəd avtomatik döyüş sihahı, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab olunan, atəş üçün yararlı, pistonu mərkəzdən alışan 01 ədəd patron, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli patron tutumuna malik 01 ədəd sandıqça müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri, ümumilikdə 74,00 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə cəmi 120,00 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə cəmi 30,00 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar