Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-427/2020 29.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 79-cu məhəllə ərazisində qonşusu Zərərçəkmiş şəxs öz evinin qarşısında uca səslə musiqiyə qulaq asdığına görə ona etiraz etdiyindən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq sözlər deyərək bir dəfə sillə ilə onun sifətinə vurması səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs başına və sifətinə bir neçə dəfə zərbə endirərək sağ almacıq sümüyünün yerini dəyişmiş travmatik qəlpəli sınığı xəsarəti yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır, qonşuları ilə münasibəti həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşayır, onunla münasibəti daim normal olmuş, aralarında qonşu kimi salam-sağ ol olmuş və o, Nurəlini içki düşkünü kimi tanımış, onu nə vaxt görsə içkili olmuşdur. O, xx.xx.2020-ci il tarixdə gecə saat 02 radələrində öz yaşadığı evdə həyətdə oturduqda bayırdan musiqi səsi eşitdiyindən bayıra çıxmış və musiqinin qonşusu olan Nurəlinin evindən gəldiyini eşitmiş, diqqətlə baxdıqda Nurəlinin bayırda uca səslə musiqiyə qulaq asdığını görmüşdür. O, Nurəliyə yaxınlaşaraq saatı göstərib gec olduğunu, musiqinin səsini aşağıya salmağını demişdir, həmin sözü deyən kimi Nurəli ona sarı əlində mətbəx bıçağı ilə gələrək sol qulağından sillə vuraraq çıxıb getməyini demiş, sonra ona nalayiq sözlər deməyə başlamışdır. O da əsəbiləşərək Nurəli ilə mübahisə etməyə başlamış və əsəbi olduğundan sağ yumruğu ilə Nurəlinin sinəsindən vuraraq kənara itələmiş, həmin vaxtı Nurəli yerə yıxılmış, yıxıldıqdan sonra da Nurəli nalayiq sözlər dediyi üçün o, daha da əsəbiləşərək yenidən yumruqla Nurəlinin sifətinə vurmuş, sonra yaşadığı evə çıxıb getmişdir. Hadisə barədə heç kəsə heç nə deməmiş, səhərisi gün Nurəlinin ondan polisə şikayət etdiyini eşitmişdir. Anası Şahid4, əmisi Şahid2 Nurəligilə gedərək barışıq olmasını desələr də Nurəlinin həyat yoldaşı Ulduzə onunla barışmaq istəmədiyini bildirərək şikayət edəcəklərini demişdir. Hadisə gecə olduğundan hamı öz evində olmuş, yanlarında heç kim olmamış, səs-küy az olduğundan heç kim eşitməmişdir, hadisə təxminən 5 dəqiqə davam etmişdir. Nurəlini hər hansı alətlə vurmamış, yalnız yumruqla vurmuş, Nurəlinin xəsarətlərinin hamısını o yetirməmişdir, Nurəlinin xəsarətlərin bir hissəsini yıxıldıqda da alına bilərdi. Əməlindən peşmandır, barışmaq istəsə də zərərçəkmiş onunla barışmamışdır, barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, hazırda ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır, qonşuları ilə münasibəti həmişə yaxşı olmuş, Təqsirləndirilən şəxs da qonşuluğunda yaşayır, onunla münasibətinin normal olmuşdur. O, xx.xx.2020-ci il tarixdə axşam saat 22 radələrində qonşuları ilə yaşadığı evin qarşısında oturaraq çay içmiş, qonşular getdikdən sonra orada ağacları sulamış, balaca köhnə radionu yanına qoyaraq musiqiyə qulaq asmışdır. Həmin vaxt evinin qarşısından keçən Pərviz salam vermədən ona yaxınlaşaraq “onun səsini aşağı sal ə” deyərək radionun səsini azaltmağını söyləmiş, həm radiounun səsi aşağı olduğundan, həm də Pərviz kimi uşağın onun yanına gələrək ona elə kobudcasına söz deməsindən əsəbiləşərək Pərvizə evinin ondan aralıda olmasını, ona heç bir narahatçılıq vermədiyini, ağıllı olmasını, çıxıb getməsini demiş, Pərviz isə getmək əvəzinə onun ünvanına nalayiq sözlər deməyə başladığından əsəbiləşərək Pərvizə yaxınlaşmış və sol qulağından sillə vuraraq çıxıb getməsini bildirmişdir. O, sonra dönərək öz yerinə gəlmək istədikdə Pərviz nə olduğunu bilmədiyi alətlə onun sağ gicgah nahiyəsindən vurmuş və o, yerə yıxılaraq huşunu itirdiyini hiss etmişdir. Pərviz həmin vaxtı onun üzərində oturaraq onu tərpənməyə qoymamış və yumruq zərbələri ilə onun başına, sifətinə vurmuş, taqəti qalmadığından, həmdə huşunu itirməyə başladığından Pərvizə qarşılıq verə bilməmişdir. O, tam özünə gəldikdə küçədə uzandığını, yanında heç kəsin olmadığını görmüş, oradan ayağa qalxaraq yaşadığı evin həyətinə daxil olmuş, həyətdə həyat yoldaşı Şahid1 onu gördükdə nə baş verdiyini soruşmuş, o da Ulduzəyə baş vermiş hadisəni danışmış, həmin vaxtı tibbi yardım almaq istəməmiş, lakin həyat yoldaşı ona sifətinin pis gündə olduğunu deyərək həkimə getməyə məcbur etmiş, o da əvvəlcə Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən TTY stansiyasına getmiş, orada sifəti pis gündə olduğundan onu TTYS-nın avtomobili ilə TTYX-na gətirərək orada tibbi yardım göstərərək ona sifətinin sağ almacıq nahiyyəsinin, sağ gicgah nahiyyəsinin xəsarət aldığını, əməliyyata ehtiyac olduğunu demişlər. O, səhərisi gün əməliyyata girmədən qonşuluqdu deyib oradan çıxıb evinə gəlmiş, lakin sonradan vəziyyəti pisləşdiyi üçün onu həyat yoldaşı Sumqayıt şəhərində yerləşən “Qəlb” klinikasına gətirmiş, əvvəlcə 12 gün yaşadığı evdə müalicə almış, lakin sonradan mütləq şəkildə əməliyyat olunmağı lazım olduğundan xx.xx.2020-ci il tarixdə “Qəlb” klinikasında sifətinin sağ almacıq nahiyyəsindən, sağ gözündən əməliyyat olunmuş, əvvəlcə xəstəxanada yıxıldığını demiş, lakin sonradan Pərviz onun əməliyyatı ilə bağlı ümumiyyətlə köməklik göstərmədiyindən Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxsin həbs olunmamasını, yalnız ona dəyən ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etdi. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 742 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: sağ almacıq sümüyünün yerini dəyişmiş travmatik qəlpəli sınığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkmişin EGE Hospitalına müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2020-ci il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir.(i.v.15-16) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v 85) İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v 94) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v 95) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına az ağır zərər vurması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olması həm də onun əməlinin ictimai təhlükəlilik dərəcəsini azaldan hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-427/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-427/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver