Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-428/2020 17.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Yuxarı Mollu kəndində qeydiyyatda olan, ünvan 1də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda yəni 2,562 qram çəkidə dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetamin, 1,387 qram narkotik vasitə olan heroin və 4,769 qram olan tiryəki əldə edib daşıyaraq üzərində saxlamış, xx xxx 2020-ci il tarixdə saat 12:09 dəqiqədə Sumqayıt ŞPİnin 3-cü PB-nin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd göy rəngli cins şalvarın sol cibindən 01 ədəd bükümdə 2,562 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd bükümdə 1,387 qram narkotik vasitə olan heroin və 01 ədəd bükümdə 4,769 qram olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, heç bir yerdə işləmir və müxtəlif narkotik vasitələrdən istifadə edir. xx.xx.2020-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmiş, Orada təsadüfən üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxslə qarşılaşmışdır. O, həmin şəxsdən özü istifadə etmək üçün narkotik vasitə olan heroin «kakos», tiryək və psixotrop maddə olan metamfetamin yəni «şüşə» almış, tiryək üçün 50 manat, heroin üçün 20 manat və «şüşə» üçün isə 15 manat pul vermişdir. O, həmin narkotik vasitələri üzərində saxlamışdır. xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində keçərkən məhəllədə şübhəli olan bir neçə nəfəri görmüş və gizlənmək üçün binanın girişinə girmiş və həmin şəxslərin getməsi üçün bir qədər gözləmişdir. Binanın girişindən çıxanda üç nəfər mülki geyimli şəxs ona saxlayaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Ondan adını və soyadını soruşandan sonra ona bildirmişlər ki, narkotik vasitə qəbulunda, satışında və gəzdirilməsində şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcəkdir. O etiraz etməmişdir. Ona üzərində olan əşyaları çıxarıb təqdim etməyi təklif olunmuş, o əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən üç ədəd bükümdə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışdan sonra sənədləşmə işlərinin aparılması üçün ona Sumqayıt ŞPİnin 3-cü PB-nə getmək təklif olunmuşdur. O, etiraz etməmiş və bundan sonra çəkiliş dayandırılmış və onlar polis bölməsinə getmişlər. Polis Bölməsində üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitələr kiçik ölçülü elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitələr ayrı-ayrılıqda qablaşdırılmış və bununla əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkət olunmamışdır. O, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamış və üzərində olan narkotik vasitələri və psixotrop maddəni özü istifadə etmək üçün əldə etmiş və üzərində gəzdirmişdir. Hazırda etdiyi əmələ görə peşmandır, Sumqayıt şəhərində müxtəlif işlərdə işləyərək ailənin saxlanmasında atasına kömək edir. Məhkəmədən ağır ailə vəziyyətini və peşman olmasını nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid2 göstərdi ki, 2019-cu ildən Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə Qubadlı rayonu, Yuxarı Mollu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi, üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Şahid1 DİN-nin Baş Narkotiklə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri, polis mayoru Şahid3 və polis kapitanı Şahid4, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin inspektorkriminalisti, polis kapitanı X1 və ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin məlumat əsasında saat 12:09 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 6/6 saylı binanın qarşısına gəlmişlər. X2 tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra binanın ikinci girişindən əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsin gəldiyini görərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini, bu səbəbdən tərəflərindən həmin yerdə videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 03 ədəd sellofana bükülmüş bükümləri çıxardaraq təqdim etmişdir. Təhqiqatçı ondan bükümlərin içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bükümlərdən birində 5 qram tiryək, digərində yarım qram kakos və sonuncuda isə yarım qram «şüşə» olduğunu bildirmişdir. O, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra onlar müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt şəhər Pİnin 3-cü PB-nə getmişlər. Orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr onun öz iştirakı ilə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənib imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahidlər Şahid3, Şahid1 və Şahid4 da oxşar məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq edmişlər. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Sumqayıt şəhərində tutulmuşdur. (i.v.24) İş materiallarında olan Şəxsi axtarış və götürmə barədə xx.xx.2020-ci il tarixli protokolda Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitəyə bənzər maddələrin aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v.25) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/622 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 1,387 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkoitk vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 2,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 4,769 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkoitk vasitə tiryəkdir. (i.v. 37-41) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tiryəkin təmiz çəkisi 4,769 qram, heroinin təmiz çəkisi 1,387 qram və psixotrop maddə olan metamfetaminin təmiz çəkisi isə 2,562 qram olmuşdur. Lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra tiryəkin qalıq çəkisi 4,669 qram, heroinin qalıq çəkisi 1,337 qram və metomfetaminin qalıq çəkisi isə 2,512 qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və qalıq çəkisi 4,669 qram çəkidə tiryək, qalıq çəkisi 1,337 qram çəkidə heroin və qalıq çəkisi isə 2,512 qram çəkidə metomfetamin maddi sübut kimi tanınmış, məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk də maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 81-82) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd diskdəki videogörüntüdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitə olduğunu etiraf etməsi əks etdirilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1292 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metomfetamindən sui istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 97-98) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və Xəzər Rayon Məhkəməsinin qərarının surətindən görünür ki, o, X3 İşlər üzrə Məhkəmənin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Çünki xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına aiddir. (ağır cinayətlər kateqoriyasına aid olsa belə Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilən müddət keçmişdir). (i.v 91-92, 169-171) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v.131) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-100/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Sumqayıt şəhər prokururonun təqdimatı təmin edilməmiş və o məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (i.v.73-74) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.75-76) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2,562 qram çəkidə dövriyyəsi qadağan edilmiş psixotrop maddə olan metamfetamin, 1,387 qram narkotik vasitə olan heroin və 4,769 qram olan tiryəki əldə edib üzərində saxlayıb, özü ilə daşıması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən peşman olması həm də onun əməlinin ictimai təhlükəlilik dərəcəsini azaldan hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsi ilə əlaqədar 109,97 (yüz doqquz manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 4,669 qram çəkidə tiryək, qalıq çəkisi 1,337 qram çəkidə heroin və qalıq çəkisi isə 2,512 qram çəkidə metomfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək tutlaraq həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1-ci maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmünicrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı , ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 109,97 (yüz doqquz manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 4,669 qram çəkidə tiryək, qalıq çəkisi 1,337 qram çəkidə heroin və qalıq çəkisi isə 2,512 qram çəkidə metomfetamin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-428/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-428/2020
17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver