Məhkəmə qərarları › İş №1(060)-428/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-428/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-428/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 07.03.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 13.12.2020-ci il tarixdə saat 02:00 radələrində Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evin hasarından aşaraq həyətə daxil olub orada yerləşən “Məhəmməd market” mağazasının açıq giriş qapısından içəri qanunsuz daxil olaraq mağazanın piştaxtasında olan hər birinin qiyməti 1 manat 80 qəpik olan 90 manat dəyərində 50 ədəd “Viceroy” markalı siqaret, hər birinin qiyməti 2 manat 60 qəpik olan 130 manat dəyərində 50 ədəd “Rothmans” markalı siqaret, hər birinin qiyməti 1 manat 80 qəpik olan 90 manat dəyərində 50 ədəd “Vegas” markalı siqaret, hər birinin qiyməti 1 manat 80 qəpik olan 90 manat dəyərində 50 ədəd “Magna” markalı siqaret, hər birinin qiyməti 50 qəpik olan 5 manat dəyərində 10 ədəd alışqan, hər birinin qiyməti 2 manat olan 10 ədəd 20 manat dəyərində 100 qramlıq “Beta” çayı, hər birinin qiyməti 2 manat olan 5 ədəd 10 manat dəyərində 100 qramlıq “Seylon” çayı, hər birinin qiyməti 60 qəpik olan 10 ədəd 6 manat dəyərində 100 voltluq lampa, hər birinin qiyməti 7 manat olan 4 ədəd 28 manat dəyərində 700 qramlıq “Ruska” arağı, 1 ədəd 8 manat 50 qəpik dəyərində 1 litrlik “Piterskaya Noç” arağı, hər birinin qiyməti 5 manat olan 4 ədəd 20 manat dəyərində 500 qramlıq “Siberian” arağı, hər birinin qiyməti 1 manat 70 qəpik olan 6 ədəd 10 manat 20 qəpik dəyərində “Xırdalan” pivəsi, hər birinin qiyməti 85 qəpik olan 5 ədəd 4 manat 25 qəpik dəyərində “Bizim süfrə” mayonezi, hər birinin qiyməti 85 qəpik olan 5 ədəd 4 manat 25 qəpik dəyərində “Bizim süfrə” ketçupu və hər birinin qiyməti 1 manat 65 qəpik olan 20 ədəd 33 manat dəyərində “Go” markalı spirtli enerji içkisini və 50 manat məbləğində qəpik pulları gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 599 manat 20 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyindən maddi problemlərini həll etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 12.12.2020-ci il tarixdən 13.12.2020-ci il tarixə keçən gecə saat 02:00 radələrində Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində tək gəzən zaman orada yerləşən fərdi yaşayış evlərindən birinin həyətində olan “Məhəmməd” marketdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də o həmin evin həyətinə hasardan aşıb keçib, marketin həyətə açılan plastk qapısını yoxladıqda açıq vəziyyətdə olduğunu görmüş və içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra oradan 10 qutu “Rothmans” markalı, 10 qutu “Vegas” markalı, 10 qutu “Magna” markalı, 10 qutu “Viceroy” markalı siqaretlər, 10 ədəd alışqan, 8- 9 ədəd “Go” markalı spirtli içki, 6 qutu “Beta” və 2 qutu “Seylon” çayları, həmçinin 10 manat dəyərində qəpik pulları götürmüşdür. O, oğurladığı malları marketdə olan iri karton qutuya yığmış və mağazanı tərk etmişdir. O, oğurladığı malların hamısını özü istifadə etmişdir. Belə ki, siqaretləri çəkmiş, içkiləri içmiş, alışqanları istifadə etmiş, çayları da yaşadığı evə apararaq istifadə etmiş, qəpik pulları isə xərcləmişdir. Oğurluğu tək törətmiş, ona heç kim köməklik göstərməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, ailə vəziyyəti ağırdır, valideynləri ölmüşlər, evlidir, iki azyaşlı uşağı var, həyat yoldaşı evdar qadındır. İmkan verilərsə işləyib hissə-hissə də olsa zərərçəkmiş şəxsə dəyən ziyanı ödəyəcəkdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Şahid göstərmişdir ki, yaşadığı fərdi evin həyətində özlərinə məxsus olan «Məhəmməd market» mağazasını işlətmişlər. 12.12.2020-ci il tarixdə saat 23:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs mağazanın küçəyə açılan giriş qapısını bağlayaraq evə getmiş, lakin mağazanın həyətə açılan qapısını açıq qoymuşdur, yəni qapını örtülü vəziyyətdə qoysa da, həyətin giriş qapısı bağlı olduğu üçün mağazanın həyətə baxan qapısını açarla bağlamamışdır. 13.12.2020-ci il tarixdə saat 08:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs mağazaya girən zaman görmüşdür ki, mağazada oğurluq baş vermişdir, onu da çağırmış və görmüşlər ki, oğurluq edən naməlum şəxs və ya şəxslər həyətə hasardan daxil olaraq mağazanın həyətə baxan örtülü vəziyyətdə olan lakin açarla bağlanmamış qapısından içəriyə daxil olaraq oradan oğurluq etmişdir. Mağazaya baxan zaman onlara məlum olmuşdur ki, mağazada piştaxtanın üzərindən 50 ədəd «Viceroy» markalı (50x1,80AZN=90AZN), 50 ədəd «Rothmans» markalı (50x2,21AZN=110,5AZN), 50 ədəd «Vegas» markalı (50x1,80AZN=90AZN), 50 ədəd «Magna» markalı (50x1,76AZN=88AZN) siqaretlər, 10 ədəd alışqan (10x0,45AZN=4,5AZN), 20 ədəd «GO» spirtli içkilər (20x1,65AZN=33AZN), 10 ədəd 100 qramlıq “Beta” çayı (10x1,97AZN=19,7AZN), 5 ədəd 100 qramlıq “Ceylon çayı” (5x1,97AZN=9,85AZN), 10 ədəd 100 voltluq lampa (10x0,60AZN=6AZN), 4 ədəd 0,7 litrlik «Ruska» arağı (4x6AZN=24AZN), 1 adəd 1 litrlik «Piterskaya Noç» arağı (1x7AZN=7AZN), 4 ədəd 0,5 litrlik «Siberian» arağı (4x4,5AZN=18AZN), 5 ədəd «Bizim Süfrə mayonezi» (5x0,85AZN=4,25AZN), 5 ədəd «Bizim Süfrə» ketçupu (5x0,85AZN=4,25AZN), 6 ədəd «Xırdalan» pivəsi (6x1,70AZN=10,20AZN) və 50 manat dəyərində qəpik pullar oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə ona 569,25 AZN dəyərində maddi ziyan dəymişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs ölmüşdür, məhkəmə iclaslarında onu o əvəz edir, bu səbəbdən dəymiş ziyanın ödənilməsini tələb edir, hazırda ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsə qanunauyğun cəza verilməsini xahiş edir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş mərhum Zərərçəkmiş şəxs ifadəsində Şahid ifadəsində göstərdikləri ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 13.12.2020-ci il tarixli protokolda görünür ki, baxış keçirilən yer Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində yerləşən “Məhəmməd” marketdir. Market Zərərçəkmiş şəxs yaşadığı fərdi evin həyətində yerləşir. Giriş qapısı plastikdən, üzərində dəmir barmaqlıq var, zədələri yoxdur. Həyətə açılan plastik qapı isə açıq vəziyyətdədir. Marketdə müxtəlif ərzaq məhsulları vardır. Zərərçəkmiş şəxs bildirdi ki, 12.12.2020-ci il tarixdən 13.12.2020-ci il tarixinə keçən gecə naməlum şəxs marketin açıq qapısından daxil olub, müxtəlif ərzaq məhsulları və tütün məmulatları oğurlamışdır. Hadisə yerindən 5 ədəd əl izləri götürülmüşdür.(i.v. 5) İş materiallarında olan 9/399 saylı, 18.02.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 11 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 497,50 manat müəyyən olunur. Digər 4 adda mallar haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.(i.v 23-25) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 27.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Ağasıyev Teymur Rafiq oğlu Sumqayıt Şəhər Məhkəməsinin 18.08.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 15.03.2012-ci ildə cəzasının sonu ilə azad olunmuşdur.(i.v 43-44) İş materiallarında olan Sumqayıt ŞPİ 5-ci PB-nin rəisi Aqşin Əhmədovun 329-3740- 1221 saylı 25.05.2021-ci il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması barədə” 25.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 25.05.2021-ci il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhər, Kotec qəsəbəsi yaşadığı evin yaxınlığında saxlanılaraq MSY-ə təhvil verilmişdir.(i.v.58-59) İş materiallarında olan “Təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri seçilməsi haqqında” 27.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına verilməsi” növündə qətimkan tədbiri seçilmiş və saxlanıldığı MSY-dən azad edilmişdir(i.v 94) İş materiallarında olan 27.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 113) İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, onun 05.08.2015 və 06.01.2017-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. (i.v.115-116) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli 1(060)- 428/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ 5-ci PB-nin rəisi Aqşin Əhmədovun 329-4499- 1221 saylı 09.07.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtraış tədbirləri nəticəsində 09.07.2021-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş 13.09.2021-ci il tarixdə verilmiş “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Zərərçəkmiş şəxs 09.09.2021-ci il tarixdə asfiksiya, boğazın əzilməsi nəticəsində ölmüşdür. Məhkəməyə təqdim edilmiş “nikah haqqında şəhadətnamə”dən görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid 01.12.2005-ci ildə evlənmişlər. Məhkəməyə təqdim edilmiş ərizəsində Şahid onun Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ilə düzgün tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə edilməsi və himayəsində iki azyaşlı uşağının olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İşdə olan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2021ci ildə saat 21:30-da tutulmuş, 27 may 2021-ci ildə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuşdur. 09 iyul 2021-ci ildən həbsdədir. Ona görə də, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş, bunun üçün 10 (on) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki idia yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi dəymiş ziyanın ödənilməsini tələb etmişdir, amma mülki iddia verməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 may 2021-ci ildən 27 may 2021-ci ilədək tutularaq saxlandığı 02 gün və 09 iyul 2021-ci ildən 12 oktyabr 2021-ci ilədək həbsdə olduğu 03 (üç) ay 03 (üç) gün, cəmi 03 (üç) ay 05 (beş) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində hökm qanuni qüvvəyə minədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin.. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 60 (altmış) manat pul X2 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar