Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-428/2023 01.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991 -ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 09 fevral 2023cü il tarixdə saat 09:50-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən köhnə hamamın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,479 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 09 fevral 2023-cü il tarixdə yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu və yanında olan iki nəfər şəxsi polis bölməsinə aparmışlar. Polis bölməsində olarkən üzərinə baxış keçirilmiş və üzərində 15 manat puldan başqa heç nə aşkar olunmamışdır. Ona CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi təklif edilmiş, əks təqdirdə narkotik vasitələrin satışı ilə tutulacağı bildirilmişdir. Ona qarşı fiziki zor tətbiq edildiyindən o da etiraf etmək məcburiyyətində qalmış, lakin onun üzərində heç bir narkotik vasitə olunmamışdır. Onu saxlayan əməliyyatçı Şahid3 və Şahid4 olmuş, etiraf etməsini təklif edən Şahid3 olmuşdur. Şahid3 bundan əvvəl də onu narkotik vasitələrin istifadəsi ilə bağlı bir neçə dəfə saxlamışdır, lakin üzərindən heç nə aşkar olunmadığından onu buraxmışdır. Məhkəmənin axtarış qərarının icra olunmasında da Şahid3 iştirak etmişdir. Saxlanılmamışdan əvvəl qədər heroin və kakos adlanan narkotik vasitələrdən bəzən gündə iki dəfə istifadə etmişdir. Bundan əvvəl CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində hökm çıxarıldıqdan sonra da narkotik vasitə qəbul etmişdir. Saxlanılan zaman döyülməsi və ona qarşı zor tətbiq olunması ilə bağlı heç yerə yazılı şikayət etməmiş, prokurorluq orqanında olan zaman bu barədə şifahi məlumat vermiş və ondan izahat alınmışdır. Himayəsində azyaşlı övladları vardır. Atası xəstədir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə heroin almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün qabaq Bakı şəhəri, “20 Yanvar” metrosunun yaxınlığında olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat dəyərində 1 ədəd bükümdə narkotik vasitə heroin almış və üzərində saxlamışdır. 09 fevral 2023-cü il tarixdə təxminən saat 09:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən köhnə hamamın yaxınlığında olan zaman bir neçə şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitə üzərində daşımağında, gəzdirməyində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O da etiraz etməmiş və onlarla birlikdə 1-ci PB-nə gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan cibindən özünə məxsus 1 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd b|kümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə narkotik vasitə heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin, əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı 1-ci PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 09:50 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsi, Köhnə hamamın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və xidməti otaqların birində videoçəkilişlə, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd bükümü təqdim etmiş və içərisində olan kütlənin narkotik vasitə heroin olduğunu, özünün istifadəsi üçün xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yanında dairənin yaxınlığında tanımadığı şəxsdən şəxsindən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və möhürlənmişdir. Baxış zamanı təqsirləndirilən şəxsin heç bir şikayəti olmamışdır. Şəxs saxlanılan zaman ona qarşı heç bir təzyiq olmamış, polis idarəsində onu heç kim döyməmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi kimi tanıyır. Onu əvvəllər narkotik vasitələrin istifadəsi və oğurluq hadisəsi ilə bağlı saxlamışdır. Lakin hazırki işlə bağlı Qəzənfəri o saxlamamışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması ilə bağlı məhkəmənin qərarının icrası ilə əlaqədar onu saxlamışdır. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis nəfəri, polis serjantı Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan şəxs kimi tanıyır. Onu məhkəmənin axtarış qərarının icrası ilə bağlı Şahid3 ilə birlikdə saxlamışlar. Lakin cinayət işinin başlanmasına əsas olan saxlanılma zamanı əməliyyat-axtarış tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxs o və Şahid3 saxlamamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş, ibtidai istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsi, Köhnə Hamamın yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 09:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X6 oğlu təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli kağız büküm aşkar olundu. Həmin bükün açıldı, bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş maddə narkotik vasitə olan heroindir, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosunun yanında dairənin yaxınlığında tanımadığı şəxsdən dünən axşam 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli kağız büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin gümüşü rəngli kağız bükümlə birlikdə çəkisinin “0.89” qram olduğu müəyyən olundu və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndəriİməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə ekspertizasının 6/812 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125” dairəvi möhürü əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunan heroinə bənzər kütlə; Əliyev Q-imza, imza, Tərtib etdi: A.İsgəndərli-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,479 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,429 qram heroin qalıq qalmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Əliyev Qabil və xx.xx.2017-ci il təvəllüdlü Əliyev Habil adlı övladları vardır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 252, 253 saylı, xx.xx.2023-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 275 ünvanında qeydiyyatdadır, ailə tərkibi oğlu-xx.xx.2017-ci il təvəllüdlü Əliyev Habil Qəzənfər oğlu, oğlu-xx.xx.2019-cu il təvəllüdlü X7 oğlu, həyat yoldaşı-xx.xx.1996-cı il təvəllüdlü X4, atası-xx.xx.1962-ci il təvəllüdlü Əliyev Habil Fazil oğlu, anası-xx.xx.1964-cü il təvəllüdlü X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda 01 ədəd qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan videogörüntüdə 09 fevral 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs ünvan 4 Köhnə hamamın yaxınlığında saxlanılmış və üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Ayxan İsgəndərli tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 Saylı vəkil bürosunun vəkili X6 oğlunun və Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğu, həmin bükümün sellofan ilə birlikdə çəkisi 0.89 qr. olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin aşkar olunmadığı görünür, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, 08 fevral 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 Yanvar metrosunun yanında dairənin yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 858 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-493/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan olan Sumqayıt şəhər Proabsiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə məhkəmənin hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüş, polis əməkdaşları tərəfindən tutulduğu xx.xx.2023-cü il tarixədək 07 ay 04 gününü çəkmiş və çəkilməmiş cəzası 01 il 04 ay 22 gün təşkil edir İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspetizasından sonra qalıq qalmış təmiz çəkisi 0,429 qram narkotik vasitə heroin və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-428/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitenasiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-428/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılmış, məhkəmə-tibbi eskpertizasının xx.xx.2023-cü il tarixli, 169 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs tutularkən döyülərək qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin əsas dəlili onun döyülərək narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərində qoyulması və işgəncələr nəticəsində razılaşması ilə bağlı qeyd etdiyi hallar saxlandıqdan iki gün sonra tibbi eskpertin verdiyi rəylə təkzib edilmiş, özünün azadlıqda olamasına baxmayaraq hər hansı aidiyyəti qurumlara müraciəti olmamış, yalnız məhkəmə iclasına gəlməməsi səbəbi ilə axtarış nəticəsində tutulduqdan sonra göstərilən xüsusatları bildirməsini məhkəmə, hazırda üzərindən çəkilməyən cəza olduğunu təqsirləndirilən şəxs dərk etməklə təyin ediləcək cəzadan yayınmaq məqsədi kimi dəyərləndirir. Saxlanılma saatı və ərazi ilə bağlı ittiham və müdafiə tərəfinin hər hansı fikir ayrılığı olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,429 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-428/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 549/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,429 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 92,00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-428/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-428/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver