Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-429/2022 20.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1956-cı ildə Goranboy rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 21-ci mikrorayon, ev 725 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə saat 19:00 radələrində yaşadıqları ünvan 1 ünvanda gəlini Zərərçəkmiş şəxs onu yataq otağına buraxmaması səbəbindən aralarında yaranan münaqişə zamanı əlləri ilə Zərərçəkmiş şəxs əl barmaqlarını arxaya əyərək ona sağ əlin 4-cü daraq sümüyünün yerdəyişən sınığı ilə nəticələnən xəsarətlər yetirərək, zərərçəkmişin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CMnin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, oğlu Fuad, Zərərçəkmiş şəxs ilə 7 ildir ki ailə həyatı qurmuşdur və hal-hazıradək birlikdə yaşayırlar. Təxminən 2 ilə yaxındır ki, münasibətləri pisləşmişdir və buna görə də aralarında bir neçə dəfə mübahisə olmuşdur. Mübahisələri əksəriyyəti sözlə olmuş, Gülnar işə gedən zaman öz otağının qapısını bağlayaraq qapısının arxasına stul qoyduğu üçün ona pis təsir etmiş, sonuncu dəfə hadisə günü, yəni 25.10.2021-ci il tarixdə yenə də qapını eyni şəkildə bağladığına görə o qapını açmış, stolu götürüb kənara qoymuşdur. Gülnar isə təxminən 19:00 radələrində işdən gəlmiş, bu zaman onun qapının arxasına qoyduğu stulu götürüldüyünü görmüş və aralarında mübahisə yaranmışdır. Mübahisə daha sonra davaya çevrilmiş, Gülnar ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmiş, üzərinə gələrək ona sillə ilə sifət nahiyyəsinə vurmuşdur. Bundan sonra, Günar yenə də onun sol qoluna əl və yumruq zərbələri vurmağa davam etmiş, o da Gülnarın əllərini tutaraq onu vurmamasını tələb etmiş, bu zaman oğlu Fuad arxadan onu tutub geri çəkmiş və onları bir-birindən uzaqlaşdırmış, onu isə öz otağına aparmışdır. Bununla da aralarındakı mübashiə bitmişdir. Mübahisə zamanı evdə oğlu Fuad, Gülnar və onların övladları 6 yaşlı Əsəd olmuşdur. Gülnar onu təhqir etdiyi zaman o da Gülnarı təhqir etmiş, onu vurmasının qarşısını almaq üçün onun hər iki əlini tutmuş, ona heç bir zərər vurmamışdır. Hesab edir ki, onun hərəkətləri məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslə bir evdə yaşadıqlarını, hazırda heç bir düşmənçilk və ədavət olmadığını, lakin ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid ilə 7 ildir ki, ailə qurmuş və hal-hazıradək birlikdə yaşayırlar. Təqsirləndirilən şəxslə əvvəllər münasibətləri yaxşı olsa da sonradan qaynanası təxminən 2 ildir ki, münasibətləri pisləşmiş, aralarında bir neçə dəfə mübahisələr baş vermişdir. Adətən onlar arasında yaranmış mübahisələr sözdə baş vermiş, davaya çevrilməmişdir. Lakin, son zamanlarda qaynanası daha da aqressivləşmişdir. Qaynanası son zamanlarda daima onların otaqlarına daxil olmaqda israr etmişdir. O, sonradan bir neçə dəfə otaqdan qəribə şəkildə bükülmüş saç tükü, sap və sairə əşyalar tapmış və bunları qaynanası tərəfindən onlara mənəvi ziyan dəyməsi üçün edildiyini düşünmüşdür. Bununla bağlı onlar qaynansından aralarında mübahisə yaranmaması üçün onların otaqlarına daxil olmamasını xahiş etmişdir. Lakin qaynanası bunu başa düşməmişdir. Bu səbəbdən məcbur olaraq qapının arxasına stulu qoymuşdur ki, qaynanası otağa daxil olmasın. Sonuncu dəfə isə 25.10.2021-ci il tarixdə yenə də o qapını eyni şəkildə bağlamış, təxminən saat 19:00 radələrində işdən gəldikdə qaynanasının qapını açaraq onların otaqlarına yenə təkrar daxil olduğunu görmüş, qaynanasından bunu nə üçün etdiyini soruşmuş və aralarında mübahisə yaranmışdır. Baş verən mübahisə zamanı qaynanası qəflədən onun üzərinə doğru gəlmiş, əlləri ilə sağ əlini tutub arxaya dorğu burmuş, bu zaman onun barmaqlarında şiddətli ağrı başlamış, həmçinin bu zaman qaynanası əli ilə onun saçını dartıb hicabını açmışdır. Həmin zaman onlar arasındakı səs-küyə otaqdan onun həyat yoldaşı Fuad gəlmiş və onları bir-birindən uzaqlaşdırmışdır. Bundan sonra o öz otaqlarına keçdiyi zaman qaynanası onun arxasınca otağa daxil olmağa çalışmış, o isə qaynanası Təqsirləndirilən şəxs otağın qapısını açmasına mane olmuş, Fuad qaynanasını çəkərək öz otağına aparmışdır. Aralarındakı mübahisə zamanı evdə o, həyat yoldaşı, qayınanası və uşaqları olmuşdur. O ümumiyyətlə mübahisə zamanı qaynanasını deyil, onların ailə işlərinə qarışan və müdaxilə edən qaynanasının bacısı Kəmaləni təhqir etmiş, qaynanasını vurmamışdır, qaynanası hadisə zamanı çiyni ilə onların otaqlarının qapısını açmağa çalışmışdır və düşünür ki, həmin hadisə zamanı qaynanası xəsarət ala bilərdi. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlayır. Ondan şikayətçi deyildir və ona qarşı hər hansı iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İbtidai istintaq dövründə şahid qismində çıxış etmiş Şahid 13.05.2022-ci il tarixdə Məhkəməyə ərizə ünvanlayaraq yaxın qohumuna qarşı ifadə verməkdən imtina etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03.11.2021-ci il tarixli 1483 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ əlin İV daraq sümüyünün yerdəyişən sınığı. Qeyd olunan xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan 2-3 gün əvvəl olmaqla qərarda göstərilən 25.10.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmaasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01.11.2021-ci il tarixli 1472 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol bazu və dirsək nahiyyəsini əhatə edən, hərəkət məhdudluğu ilə müşayət olunmuş qançır şişkinliyi. Qeyd olunan xəsarətlər bər küt əşyanın təsirindən yaranmışdır, müayinədən 5-7 gün əvvəl olmaqla qərarda göstərilən 26.10.21-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş 18.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 288 saylı, 24.01.2022-ci il tarixli, Sumqayıt şəhər 21-ci mikrorayon üzrə 2 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görüür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Mua qızının və Zərərçəkmiş şəxs qarşılıqlı müraciətləri əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işi 06 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən başlanılmışdır. Cinayət işi materiallarından görünür ki, 10.01.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin istintaqı Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Xanlar Həsənliyə həvalə edilmiş və həmin tarixdə icraatına qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işi materiallarından görünür ki, 10.02.2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs müəyyən olunmadığından Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsi ilə dayandırılmışdır. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işi materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş “qətimkan tədbiri seçilməsi haqqında” 12 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 21.03.2022-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işi materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 12 mart 2022-ci i tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Musa qızının Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair başqa ********* saylı cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 20.05.2022-ci il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayətçi deyildir və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən və zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175— 177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər: 37.5.1. törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda; 37.5.2. cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə; 37.5.3. cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə; 37.5.4. cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə; 37.5.5. cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə. Cinayət Prosessual Məcəllənin 39.1.8-ci və 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.7-ci maddəsində qeyd edilir ki, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Göründüyü kimi qanunvericilik CPM-in 37.5-ci maddəsində nəzərdə tutulduğu hallarda prokurorun təşəbbüsü ilə başlaması halı istisna olmaqla məhkəmə baxışı gedişində ictimai ittiham qaydasında baxılan təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsini təqsirləndirilən şəxsin özünü təqsirli bilərək əməlindən peşman olması ilə aslı etməmiş, zərərçəkmiş şəxsin birbaşa iradəsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxsin törədiyi cinayət əməlinə münasibəti, onun cinayət işi üzrə icraata xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsi üçün maneə hesab edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs hazırki baş vermiş cinayət əməlində özünü təqsirsiz hesab etməsi onun haqqı olduğu üçün ədalət mühakiməsi tərəfindən əməl sübuta yetirilmiş hesab edilsə də, özünü təqsirsiz bildiyi üçün onun barəsində cəza təyin edilməsi qanunçuluq, qanun qarşısında bərabərlik və ədalət prinsipinə zidd olardı. Məhkəmə tərəfindən müəyyən edildi ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs ailə üzvüdür (qaynana və gəlin) bu günə qədər bir evdə yaşayırlar, baş vermiş hadisəyə görə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamaqla yanaşı eyni zamanda onlar barışmışlar və təqsirləndirilən şəxs barəsində aparılan cinayət təbiqinə xitam verilməsini zərərçəkmiş şəxs məhkəmədən xahiş edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qrarında göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsə elan olunmuş ittihamın cinayət qanununun zərərçəkmiş şəxsin şikayəti əsasında və ya CPM-in 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə həyata keçirilən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə aid edilmiş maddələrinə (məsələn CM-in 127, 128, 129.2, 130.2, 133, 134 və s. maddələri) dəyişdirilməli olması nəticəsinə gələrsə və işdə zərərçəkmişin şikayəti varsa və ya məhkəmə iclasında o, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə bəyanat vermişsə və yaxud prokurorun təşəbbüsü ilə başlanılmış cinayət işi üzrə CPM-in 37.5-ci maddəsində göstərilən hallardan biri mövcuddursa, təqsirləndirilən şəxsin əməlini cinayət qanununun yuxarıda göstərilən maddələrilə tövsif edib ittiham hökmü çıxara bilər. İşdə zərərçəkmişin ərizəsi olmadıqda, məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə onun fikri soruşulur. Zərərçəkmiş təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini istəmədikdə və əgər CPM-in 37.5-ci maddəsində göstərilən hallar yoxdursa və yaxud işdə onun cinayət məsuliyyətinə cəlb olunması barədə ərizəsi olsa da, o, CM-in 73 və 73-1-ci maddələrində nəzərdə tutulmuş imperativ qaydada cinayət məsuliyyətindən azad edilməni şərtləndirən müvafiq halların mövcudluğu vəziyyətində təqsirləndirilən şəxslə barışdığını bildirirsə, məhkəmə işin icraatına xitam verilməsi barədə qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanun tələbi baxımından Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmədiir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 05 aprel 2022-ci il tarixli (iş № 1(060)-429/2022) qərarını icra edərək, 18 aprel 2022-ci il tarixli 559 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapitalbank ASC”-nin 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-429/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-429/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver