Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-43/2025 19.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il təvəllüdlü, Bakı şəhərində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-nin Dəzgah operatoru vəzifəsində işləyən, Bakı şəhəri Yasamal rayonu Vasif Əliyev küçəsi ev 55-də qeydiyyatda olan, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Əliağa Vahid küçəsi ev 54B-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qərimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Şahid1 25 dekabr 2023-cü il tarixdə saat 19:30 radələrində, Bakı-Quba magistral yolunun 37-ci kilometrliyində “B1,B,C1,C,D1,D” kateqoriyalı BD059326 saylı sürücülük vəsiqəsi, seriya və nömrəsi SV:BD059326 olan etibarnamə ilə idarə etdiyi, X2 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Ford Transit mikroavtobus” markalı, 50BP074 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarım pozmaqla Bakı-Quba magistral yolunun 37-ci kilometrliyində həmin vaxt yolu soldan sağa keçmək istəyən piyada 1957-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmaqla sonuncuya başın küt travması, baş-beyinə qansızma, sol təpə-alın sümüyünün xətti sınığı kimi ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər, alın nahiyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, burun nahiyəsinin, hər iki əlin və hər diz oynağı nahiyəsinin sıyrıqları kimi dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə başın küt travması nəticəsində sol təpəalın sümüyünün xətti sınığı ilə müşayiət olunmuş baş-beyinə qansızmadan ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətdikdən sonra, Təqsirləndirilən şəxs həmin günü saat 19.55 radələrində “BC” kateqoriyalı AC555780 saylı sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus «QAZ 3110 minik» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaması üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunlara əməl etməyərək Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində yerləşən 37-ci kilometrliyində qarşıda yolun hərəkət hissəsində dizləri üstə başı aşağı vəziyyətdə hərəkətsiz vəziyyətdə olan piyada 1957-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ fara və bamperin aşağı hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Bakı-Quba yolunda yerləşən STP Global Cable MMCdə Qaynar sinklənmə zavodunda yükləmə-boşaltma üzrə operator işləyir. **-NG-*** dövlət qeydiyyat nişanlı QAZ 3110 minik markalı avtomobil ona məxsusdur. Özü idarə edir, BC kateqoroyalı sürücülük vəsiqəsi var. 25 dekabr 2023-cü il tarixdə saat 19:55-20:00 radələrində işdən çıxıb, zavodun qarşısında yerləşən parkinqdə avtomobilinə oturub təxminən 2 dəqiqə mühərriki qızdırandan sonra evinə tərəf, yəni X10 qəsəbəsinə tərəf yola düşmüş, avtomobildə sərnişin və əlavə yükü olmamışdır. Yol qaranlıq olmuş, işıqlandırılmamış, avtomobili saz vəziyyətdə olmuş və işıqları yolu tam işıqlandırmışdır. Sürəti təxminən 50-60 km/saat olmuş, çünki o təzə yola düzəlmiş və sürəti təzə yığmışdır. Yolu asfaltın sağ yan hissəsini tutub asta-asta gedirdi. Yolda hərəkətdə olarkən təxminən 25-30 metrdən görmüşdür ki, yolun sağ yan tərəfindən kimsə mobil telefonun işığı ilə ona işarə edir. Həmin vaxt onun fikri həmin şəxsdə qalmış və fikri yoldan yayınmış, o fikirləşmişdir ki, yolun sağ tərəfində maneə olduğunu düşünüb, sükanı sol tərəf çəkmişdir. Bu əsnada, avtomobilinin qabaq sağ yan hissəsi maneəyə çırpılmış, dərhal ayağını əyləcə sıxıb tormoz vermişdir. Sonra, avtomobili saxlayıb arxaya verib yolun sağında saxlamışdır. Avtomobildən düşəndə görmüşdür ki, bir nəfər qara gödəkçəli şəxs yerdə uzanıb. Yaxınlaşanda yaşlı şəxs olduğunu görmüş, orada olanlardan eşitmişdir ki, nəfəs alır. O da. çox çəkməmişdir. Bir nəfər nəbzinə baxmış və demişdir ki, adam keçinibdir. Hadisə yerində olanlardan tanıdığı şəxs olmamışdır. Hadisə yerində bilmişdir ki, bir nəfər “Ford Transit* markalı avtomobil onu birinci vurmuşdur. Kənardan gələnlər polisə və təcili tibbi yardıma zəng etmişlər. O da hadisə yerində qalıb polisi gözləmişdir. O yolun ortasında olan adamı görməmiş, hadisə yerində olan zaman tanımadığı şəxs ona yaxınlaşıb “qaqaş narahat olma, sənlik deyil, səndən təxminən 20-25 dəqiqə əvvəl bunu Ford markalı avtomobil vurub” sözünü demişdir. X11 sürücüsünün adının Vüsal olduğunu bilmişdir. Həmçinin, hadisə yerində olan adlarını bilmədiyi şəxslərlə söhbət əsnasında onlardan eşitmişdir ki, Ford piyadanı vurandan sonra, piyada asfalt üzərində dizləri üstə başı aşağı vəziyyətdə hərəkətsiz qaldığına görə onlar həmin şəxsin ölmüş olduğunu zənn edib polis əməkdaşları hadisə yerinə gələnə kimi ona toxunmamışdılar. Amma, bir müddətdən sonra deyilənə görə həmin şəxs bədənini hərəkət etdirməyə başlamışdır. Şəxslərin dediyinə görə piyada başı “SOCAR Polymer” zavodu istiqamətində dizləri üstə, başı da, yerdə olmuşdur (sanki səcdəyə getmiş kimi). Həmçinin, orada bir nəfər QAZ 24 markalı avtomobilin sürücüsü əsəbi formada ətrafda olanlara deyinərək “az qala mən də, onu vurmuşdum, niyə şəxsi yoldan çəkməmisiniz” sözünü demişdir. Bundan başqa Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıq zəminində baş verməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında anası və öz ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun atasıdır. Atası 1957-ci il təvəllüdlüdür. Heç yerdə işləmirdi. Fərdi əməklə məşğul olmuşdur. İş olandan olana fəhləlik edib çörək pulu qazanırdı. Bildirir ki, atası anasıdan rəsmi olaraq boşanmışdı. Hazırda, Sumqayıt şəhəri, X10 qəsəbəsində kirayədə qeyri-rəsmi yaşadığı-Səbinə adlı qadınla yaşayırdı, aradabir gəlib onlara dəyirdi. Münasibətləri həmişə atası ilə yaxşı olmuşdur. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, 25 dekabr 2023-cü il tarixdə saat 20 radələrində o, Bakı şəhərində olmuşdur. Əmisi Əmirxan ona zəng edərək bildirdi ki, atasını Sumqayıt şəhərində Bakı-Quba yolunda avtomobil vurubdur, gəlsin. O da dərhal yola düşmüş və yolda gələ-gələ onunla əlaqə saxlamışdır. Sumqayıt şəhərində Travmatologiya mərkəzinə gələndə o bilmişdir ki, atası hadisə yerində vəfat etmişdir Bundan əlavə məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 xx.xx.2025ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı-Siyəzən istiqamətində sərnişin daşıyır. **-BP-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” mikroavtobus markalı avtomobili etibarnamə ilə idarə edir. 25 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Bakıdan çıxıb Sumqayıtın girişinə gəlmişdir. Avtomobildə ondan başqa adam olmamış, Sumqayıtın girişində 32 ədəd minik avtomobili şinləri götürüb oturacaqların üzərinə yükləmişdir. Bu da təxminən 200 kq etmişdir. Oradan çıxıb Siyəzən rayonu istiqamətində hərəkət etmiş, yol qaranlıq olmaqla, avtomobili saz vəziyyətdə olmuşdur. Avtomobilin işıqları da, yolu tam işıqlandırmışdır. Saatda təxminən 75 km/saat sürətlə hərəkətdə olmuş, qismən yolun sol tərəfi ilə hərəkət etmişdir. Saat təxminən 19:35 radələrində Bakı-Quba yolunun 37-ci kilometrliyində təxminən yolun “SOCAR Polymer” zavodunun qarşısından keçəndən avtomobilinin sol yan güzgüsünə və qapının şüşəsinə nəsə çırpılmış, avtomobilin güzgüsü və şüşəsi qırılmışdır. O təxminən 70-80 metr getdikdən sonra, avtomobili yolun sağına çəkib saxlamışdır. Avtomobildən düşəndə görmüşdür ki, adam vurmuş və adam dizləri üstə başı aşağı vəziyyətdədir. O adama yaxınlaşmağa çəkinmişdir. Həyəcanlı olduğundan götürüb yeznəsinə zəng edib ona məlumat vermişdir ki, adam vurubdur. O ona zəng edəndə saat 19:42 dəqiqə idi. Hadisə də, həmin dəqiqədən təxminən 5-6 dəqiqə əvvəl olmuşdur. Hadisədən sonra, yoldan keçən bir neçə nəfər də, hadisə yerinə gəlmişdir. O həmin şəxslərdən birinin adını Elçin kimi tanıyır. Başqa, bir nəfər də, Elçinin yanında olmuş, lakin, həmin şəxsin adını bilməmişdir. O yeznəsi ilə danışandan sonra avtomobilinə tərəf gəlmişdir. Orada bir maşın hətta saxlayıb ona su vermişdir ki, həyəcanı getsin. Bu əsnada arxadan gələn QAZ 31 markalı avtomobil qabaq sağ yan tərəfi ilə adamı vurmuşdur. Həmin şəxs vurulduğu yerdən təxminən 1 metrə yaxın kənara itələnmişdir. Həmin vaxt adamın başı Socar Polymer zavodu tərəfə, dizləri yerdə olmuş və yerdən qalxmağa cəhd etmişdir. Həmin vaxt kimsə Təcili tibbi yardıma zəng etmiş, o və digər sürücü hadisə yerində qalıb polis əməkdaşlarını gözləmişdir, hadisə günü idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolu keçməkdə olan piyadanı görməmiş, avtomobilin sol yan güzgüsünün və qapısının şüşəsinin sınmasından sonra avtomobili qarşıda sağda saxlamış və avtomobildən düşəndən sonra yolda dizləri üstə əyilmiş vəziyyətdə ayaqüstə qalmağa çalışan adam görmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid4 ifadəsində göstərmişdir ki, 25 dekabr 2023-cü il tarixdə saat 19.30 radələrində işdən çıxanda yoldan keçən Vüsal adlı şəxsin mikroavtobusuna oturmuş, həmin şəxs Siyəzən rayonuna getdiyini və yolunun üstü olduğunu deyib onu da götürmüşdür. Ondan başqa mikroavtobusda heç kim olmamışdır. O sürücünün arxasında pencərə tərəfdə oturmuş və pencərədən bayıra baxmışdır. Hərəkətdə olarkən yolda bir nəfər kişi cinsli piyadanın sanki sərxoş vəziyyətdə olan şəxs kimi sağ sol edə edə yolu soldan sağa keçməkdə olduğunu görmüş və bir anda avtomobilin sürücü tərəfdən pəncəsəri sınıb içəri tökülmüşdür.. Onlar avtomobildən düşmüşlər və o uzaqdan görmüşdür ki, bir nəfər şəxs asfaltın üzərində dizləri üstə bədəni səcdəyə əyilmiş kimi yolun üzərində hərəkətsiz vəziyyətdə qalmış, o yaxına getməmişdir. Sonradan yoldan keçənlər oraya toplaşmışdır. Təxminən 20-25 dəqiqə sonra yoldan keçən başqa avtomobilə oturub evinə getmişdir. O orada olduğu müddətdə yolda olan piyadanı vuran ikinci maşın olmamışdır. Olsa da, belə yəqin o gedəndən sonra olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Qubadlı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində iş yoldaşı Şahid6 ilə birlikdə Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində yerləşən 37-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal onlar xidməti avtomobil ilə hadisə yerinə getmişlər. Hadisə yerinə gedəndən sonra onlara məlum olmuşdur ki, bir az əvvəl sonradan ad və soyadını bildiyi Şahid1 idarə etdiyi Ford Transit markalı **-BP-*** dövlət qeydiyyat nişanlı mikroavtobus Bakı-Quba yolunun 37-ci kilometrliyində Quba rayonu istiqamətində hərəkətdə olarkən həmin vaxt yolu soldan sağa keçmək istəyən piyada 1957-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs vurmuş və nəticədə piyada Zərərçəkmiş şəxs bədən xəsarətləri almış və asfalt yolun üzərində qalmışdır. Bundan sonra, həmin istiqamətdə hərəkətdə olan QAZ 3110 minik markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan sonradan ad və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə asfalt yolun üzərində olan Zərərçəkmiş şəxs vurmuş və nəticədə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra həmin sürücülərin hadisə yerindən qaçmaları halları baş verməmişdir. Onlar yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə gedən zaman hər iki sürücü hadisə yerində olmuş, onların iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, eləcə də sərxoşluğunu yoxlamaq üçün Sumqayıt Narkoloji Dispanserinə aparılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid6 məhkəmə iclasında şahid Qubadlı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid5 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o ifadəsində göstərmişdir ki, o, Bakı- Xaçmaz-Bakı istiqamətində sərnişindaşıma avtobusunda sürücü işləyir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o idarə etdiyi avtobusla Bakı Beynəlxalq Avtovağzalından çıxmışdır. Avtobusda təxminən 29 sərnişin olmuşdur. Həmin gün saat 19:30 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 37-ci km-də hərəkətdə olarkən onun qarşısında Bakı-Qusar istiqamətində hərəkətdə olan başqa sərnişin daşıma avtobusu olmuş, həmin avtobus birdən yolun kənarına çəkib dayanmışdır. O da avtobusu kənara çəkib dayanmışdır. Başa düşmüşdür ki, qarşıda yol-nəqliyyat hadisəsi baş veribdir. O avtobusdan düşüb qabağa gedəndə görmüşdür ki, yolun ortasında avtomobillə vurulmuş piyada ayağa qalxmağa cəhd edir. Həmin vaxt o dizləri yerdə ayağa qalxmağa cəhd etmişdir. Onu vuran “Ford-Transit” markalı mikroavtobusun sürücüsü isə yolun kənarında dayanmışdır. Həmin piyadaya yaxınlaşıb ona köməklik göstərmək istədikdə görmüşdür ki, Quba istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətdə olan “Qaz-3110” markalı avtomobil həmin piyadanı qabaq sağ yan hissəsi ilə piyadanı vuraraq 3-4 metr qarşıya atmış, daha sonra isə sağda avtomobili saxlamışdır. Həmin vaxt onunla piyadanın arasında təxminən 3 metr məsafə olardı. Piyada Qaz-3110 markalı avtomobillə vurulmamışdan əvvəl dizləri üstə üzü Socar Polimer zavoduna tərəf olmuşdur. O və ətrafda olan digər tanımadığı şəxslər həmin piyadaya yaxınlaşanda görmüşlər ki, piyada hərəkətsiz vəziyyətdədir. Bundan sonra, dərhal təcili-tibbi yardıma zəng etmişlər. Təxminən 20 dəqiqə sonra təcili-tibbi yardım gəlmişdir. “Ford-Transit” markalı mikroavtobus piyadanı vurduqdan təxminən 5-6 dəqiqə sonra “Qaz-3110” markalı avtomobil də həmin piyadanı vurmuşdur. Məhkəməyədək icrat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, “Uğurlu yol” şirkətində sürücüdür, Qusar-Bakı istiqamətində işləyir. 25 dekabr 2023-cü il tarixdə dəqiq xatırlamadığı saatda Bakıda avtovağzaldan çıxıb Qusar rayonu istiqamətində gedirdi, hava qaranlıq olmuş, yol işıqlandırılmamışdır. Təxminən 70-75 km/saat sürətlə hərəkət etmişdir. Ondan təxminən 20 metr irəlidə sonradan adını bildiyi Vüsal adlı şəxsin idarə etdiyi Ford Transit markalı avtomobil gedirdi. Ondan arxada da, onların şirkətin digər maşını Şahid2 idarə etdiyi avtobus gəlirdi. Onun idarə etdiyi avtobusda sərnişin olmamışdır. Hərəkətdə olarkən qəfildən qara paltarlı adam Ford Transit markalı avtomobilin sol yan güzgüsünə çırpılmış və Fordun sürücüsü avtomobili dərhal sağa çəkmişdir. O da ani olaraq sükanı sağa çəkmiş və piyada onların sol tərəfində qalmışdır. Dərhal əlini pencərədən çıxardıb arxadan gələn avtomobillərə xəbərdarlıq etmişdir. Təxminən 100 metr irəlidə avtobusu sağda saxlamış və avtobusdan düşmədən Elçinə zəng edib ondan “adamın üstündən keçmədin?” soruşmuşdur. Elçin ona “yox məndən qarşıda gedən QAZ 31 markalı avtomobil vurdu” sözünü demişdir. X13 markalı avtomobilə çırpıldığı yer yolun sol yan kənarından təxminən orta xəttinə kimi olan hissə olmuşdur. Piyada oraya kimi bir neçə metr məsafə getmişdir. Ford piyadanı vurandan sonra o sükanı sağa çəkəndə ani olaraq pencərədən piyadanın yerdə çabaladığım görmüş, bundan başqa heç nə görməmişdir. Şahid2 ifadəsində göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, həmin vaxt o ikinci avtomobilin piyadanı vurduğunu özü görməmiş, o bu barədə Elçindən eşitmişdir. Elçinin bildirdiyinə görə digər avtomobil vurmuş, bu barədə dəqiq məlumatı olmadığından dəqiq fikir bildirə bilməmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan Sumqayıt şəhər Narkoloji Dispanserindən daxil olmuş 6491 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, hadisə vaxtı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Cinayət işinin 24-cü vərəqəsində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Qaz 3110” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 52-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat imtahan və Texniki baxış şöbəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-16-8/2188/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxsə məxsus “BCD” kateqoriyalı BD059326 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 67 və 92-ci vərəqələrində olan "xxxx" MMC-nin 12 və 37 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hal-hazıradək "xxxx" MMC-nin Qaynar sinklənmə zavodunda yükləmə-boşaltma üzrə operator peşəsində çalışır və hər ayın əvvəlində təsdiq edilmiş qrafikə əsasən İ növbə saat 08:00-dan 20:00dək, İİ növbə saat 20:00-dan saat 08:00-dək işləyir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08:00-dan 20:00-dək işdə olmuşdur. Cinayət işinin 55-63-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli 143 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində başın küt travması, baş-beyinə qansızma, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol təpə-alın sümüyünün xətti sınığı, sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı, burun nahiyyəsinin, hər iki əlin və hər diz oynağı nahiyyəsinin sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə - başın küt travması, baş-beyinə qansızma, sol təpə-alın sümüyünün xətti sınığı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə aiddirlər, burun nahiyyəsinin, hər iki əlin və hər diz oynağı nahiyyəsinin sıyrıqları isə həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcəli təyin edilmir və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində sol təpə-alın sümüyünün xətti sınığı ilə müşayət olunmuş baş-beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən (xx.xx.2023-cü il tarixdə saat 21:30-da) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin xarakterinə, lokalizasiyalarına əsasən, həmçinin avtomaşınlara baxış protokolunda qeyd olunan məlumatları nəzərə alaraq demək olar ki, hadisə zamanı onun almış xəsarətlərdən başın küt travması, baş-beyinə qansızma, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası və sol təpə-alın sümüyünün xətti sınığı hərəkətdə olan Ford Transit markalı mikroavtobusla vurulması nəticəsində, sağ bud sümüyünün qapalı, yerdəyişən sınığı isə hərəkətdə olan QAZ-3110 markalı minik avtomobili ilə vurulması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyəvi tədqiqatı nəticəsində 0,68 % etil spirti aşkar edilmişdir ki, bu da müvafiq cədvəl üzrə canlı şəxslərdə yüngül dərəcəli alkaqol sərxoşluğuna aid edilir. Narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin 76-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/572 saylı yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Ford Transit» markalı, 50- BP-074 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «QAZ 3110» markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Ford-Transit markalı mikroavtobusun qabaq sol yan hissəsində (sol yan güzgü və qabaq sol qapı üzərində) olan zədələr mikroavtobusun hərəkəti istiqamətində yolu soldan-sağa doğru ayaq üstündə hərəkətdə olan piyadanın vurulması nəticəsində yaranması mümkündür. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 41-ci vərəqəsində olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2 övladı var (xx.xx.2015-ci il təvəllüdlu X8 və xx.xx.2022-ci il tarixli X6). Cinayət işinin 42-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 44-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X12 cinayət işi üzrə zərərçəkmiş şəxs X7 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 127-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam həcmdə ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur, ona görə də, sonuncu barəsində olan cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini qeyd edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarətin yetirilməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, həmin Məcəllənin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Bundan başqa, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X3, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-43/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-43/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver