Məhkəmə qərarları › İş №1(060)-430/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-430/2022

18.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-430/2022 18.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X3, Zərərçəkmiş şəxs Adil oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1981-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan xx.xx.2022-ci il tarixdə saat 14:45 radələrində əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 20 yanvar küçəsində yerləşən “Karvan” ticarət mərkəzinin yanında dayanmış “Opel Zafıra” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etməyə icazəsi və hüququ olmadan qabaq sağ qapısının açıq olmasından istifadə edib avtomobilin üzərində olan açarla mühərriki işə salıb mühərrikin köməyi ilə dayandığı yerdən apararaq qanunsuz olaraq avtomobili ələ keçirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilərək azadlığa buraxılmışdır. xx.xx.2022-ci il tarixdə bir xeyli spirtli içki qəbul etmiş, eyni tarixdə saat 14:45 radələrində Sumqayıt şəhəri, 20 yanvar küçəsində yerləşən “Karvan” ticarət mərkəzinin yanından keçərkən orada xeyli sayda avtomobil görüb avtomobil sürmək istəmişdir. Həmin ticarət mərkəzinin yanında olan “Opel Zafira” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ şüşəsinin açıq olduğunu görüb avtomobilin qapısının da açıq ola biləcəyini fikirləşmişdir. Buna görə də, qapını əli ilə açmış və həqiqətən də qapının açıq olmasını görmüşdür. Sonra sürücü oturacağına əyləşmiş, avtomobilin açarının üzərində olduğunu görmüşdür. Sonra açarla mühərriki işə salıb oradan uzaqlaşmışdır. Təxminən 10-15 dəqiqə avtomobili Sumqayıt şəhəri ərazisində idarə etmiş, avtomobillə yenidən 20 yanvar küçəsindən keçib Nərimanov küçəsində “Karvan” ticarət mərkəzinin qarşısında olarkən arxasınca gələn Növbətçi Hissə avtomobilinin “avtomobili saxla” əmrinə görə avtomobili saxlamışdır. Bundan sonra onu və həmin avtomobili 4-cü PB-yə aparmışlar. O, sərxoş olduğu üçün avtomobili idarə edərkən ehtiyatsızlıqdan sol qabaq hissəsini və sol təkərini harasa vurub zədələmiş, avtomobili ancaq sürmək fikri olmuş, avtomobilin sahibi Zərərçəkmiş şəxs tanımır, onunla heç bir düşmənçilik ədavətləri yoxdur. Avtomobilin içərisindən hər hansısa bir əşya, eləcə də detal oğurlamamış və bu kimi fikri olmamışdır. Avtomobili təxminən 1-2 saat idarə etdikdən sonra sahibinə qaytarmaq fikri olmuşdur. Həmin avtomobili idarə etməyə icazə və hüququ yoxdur. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Adil oğlu ifadəsində göstərmişdir ki, “Opel Zafıra” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili xx.xx.2021-ci il tarixdə X2 almış, pulun bir hissəsini əvvəlcədən, bir hissəsini isə noyabr və dekabr aylarında tam olaraq vermişdir. Hazırda avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə, saat 14:45 radələrində həmin avtomobili Sumqayıt şəhəri, 20 yanvar küçəsində yerləşən “Karvan” ticarət mərkəzinin yanında saxlayıb bazara getmişdir. O, avtomobildən düşəndə tez qayıdacağı üçün açarı üzərindən götürməmiş və qapılarını bağlamamışdır. Təxminən bir neçə dəqiqədən sonra geri qayıtdıqda avtomobilin yerində olmadığını aşkar etmişdir. Həmin vaxt kiminsə avtomobilin qapıların açıq olmasından və açarın üzərində olmasından istifadə edib sürüb getməsi qənaətinə gəlmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirdikdən sonra bir nəfər şəxsin avtomobili ilə yanlarından keçdiyini görüb polis əməkdaşlarına bildirmişdir. Bundan sonra həmin polis əməkdaşları qeyd olunan şəxsi avtomobillə birlikdə saxlayıb 4-cü PB-nə aparmışlar. O da polis əməkdaşları ilə birlikdə PB-nə getmişdir. Polis Bölməsində olarkən ona məlum olmuşdur ki, avtomobili oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. O, avtomobilə baxdıqda qabaq sol diskin əyildiyini, həmin diskin üzərində olan təkərin boş və yararsız olduğunu, avtomobilin qabaq sol hissəsinin zədələndiyini, qabaq sol hissədə yerləşən üst və alt faranın qırıldığını vizual olaraq görmüşdür. O, avtomobilini 7100 (yeddi min yüz) manata almış, hazırda onun dəyəri təxminən 8000 (səkkiz min) manatdır. Avtomobilindən hər hansı bir əşya və detal oğurlanmamış, avtomobilini qaçıran Təqsirləndirilən şəxs tanımır, onunla heç bir düşmənçilik və ədavətləri yoxdur. Təqsirləndirilən şəxs həmin avtomobili idarə etməyə icazə və hüququ yoxdur. Ona ümumi olaraq 540 manat maddi ziyan dəymiş, Təqsirləndirilən şəxs həmin maddi ziyandan 200 (iki yüz) manatını ödəmiş, 340 (üç yüz qırx) manatını isə ödəməmişdir. Ziyanın qalan hissəsi üçün mülki iddia qaldıracağını bildirərək onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Adil oğlunun xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanın 340 manatını ödəməmişdir, ziyanın qalan hissəsi üçün mülki iddia qaldıracağını bildirərək onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 4-cü PB-də təhqiqatəməliyyat qrupunda olarkən saat 15:03 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Zərərçəkmiş şəxs özünə məxsus “Opel Zafıra” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxladığı yerdən aşkar etməməsi barədə məlumatı daxil olduğundan Zərərçəkmiş şəxsla əlaqə saxlayıb təhqiqat-əməliyyat qrupunun üzvləri ilə birlikdə onun olduğu yerə, yəni Sumqayıt şəhəri, 20 yanvar küçəsində yerləşən “Karvan” ticarət mərkəzinin yanına getmişlər. Təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirildikdən sonra Zərərçəkmiş şəxs yanlarından keçən avtomobilini onlara göstərdikdən sonra Növbətçi Hissənin xidməti avtomobili ilə “Opel Zafıra” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca gedib Nərimanov küçəsində avtomobili idarə edən şəxsə “avtomobili saxla” əmrini vermişlər. Həmin şəxs avtomobili saxladıqdan sonra onu və avtomobili 4-cü PB-nə aparmışlar. PB-də olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirmişlər. Təqsirləndirilən şəxs spirtli içki qoxusu gəldiyi üçün onun sərxoş olub-olmamasının müəyyən edilməsindən ötrü Sumqayıt Regional Narkoloji Dispanserə aparıb müayinədən keçirmişlər və bu barədə müvafiq protokol tərtib edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Abşeron rayonu, İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağı vardır (xx.xx.2009-cu təvəllüdlü X4). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Adil oğlu ona məxsus olan “Opel Zafira” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum ermə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə, 02 (iki) ay 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) ay 12 (on iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hökmlərin məcmusu üzrə qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 01 (bir) ay müdətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü (az ağır və ya ilk dəfə ağır cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 06 (altı) aydan artıq olmayan şəxslərə şamil olunması nəzərdə tutulur) bəndinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 tərəfindən verilmiş 02 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəza çəkmiş və “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən azad olunmuşdur. “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177, 187.1 və 185.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələrlə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini və şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs Adil oğlu ona məxsus olan “Opel Zafira” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması nəzərə alınmalı və Zərərçəkmiş şəxs Adil oğluna dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, fərdi ev ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs Adil oğlu ona məxsus olan “Opel Zafira” markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs Adil oğluna dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar