Məhkəmə qərarları › İş №1(060)-431/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-431/2020

21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-431/2020 21.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 4/2, mənzil 4-də Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vurmaqla döyərək, sonuncuya döş və qarın nahiyyəsinin sağ yan səthini əhatə edən dərialtı hematoması ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2000-ci ilin əvvəllərində ailə qurmuşdur və onların birgə nikahlarından Əfsanə adlı bir qız övladı olmuşdur. Əfsanə üç yaşında olarkən, yəni 2005-ci ilin yanvar ayında o, Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və cəzasının sonu ilə 2020-ci ilin yanvar ayında azadlığa buraxılmışdır. O, hələ cəza çəkərkən öyrənmişdir ki, Təhminə rəsmi qaydada onunla boşanmasa da başqa bir şəxslə ailə qurub Sumqayıt şəhərində yaşayırlar. Bu səbəbdən azadlığa buraxıldıqdan sonra Təhminə ilə görüşüb onun verdiyi qərara hörmətlə yanaşdığını qeyd edib ona təklif etmişdir ki, rəsmi qaydada boşansınlar ki, o da özünə yeni ailə qura bilsin. Təhminə onunla razılaşmış və onlar boşanmaq üçün Bakı şəhərində yerləşən "Asan Xidmət" mərkəzinə ərizə ilə müraciət etmişlər. Lakin həmin prosesdə "Asan Xidmət”də onlara hər ikisinin psixoloji komissiyadan keçmək lazım olduğunu bildirdikdə, Təhminə bu işi yubatmağa başlamış, o hər dəfə ona təklif edəndə ki, gedib komissiyadan keçsinlər, Təhminə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Nəhayət ona məlum olmuşdur ki, Təhminə onun ata evindən pay istəyir və bu barədə o açıq şəkildə ona bildirib özünə məxsus evdən ona pay verməsə onunla boşanmayacağını bildirmişdir. O, isə Təhminəyə həmin mənzilin atasına məxsus olduğunu, onların şərikli mülkiyyətinin olmadığını, həmin mənzildən ona pay düşmədiyini bildirmişdir. Buna baxmayaraq Təhminə dediyndə israr edərək ona müəyyən məbləğ pul verməyəcəyi təqdirdə onunla boşanmayacağını demişdir. xx xxxxxx 2020-ci il tarixə keçən gecə o, Təhminənin yaşadığı Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisindəki mənzilin həyətinə gəlib Təhminəyə zəng vurmuşdur. Təhminə telefonu açmamışdır. Bu səbəbdən qızı Əfsanəyə məxsus mobil telefona zəng vurub xahiş etmişdir ki, telefonu danışmaq üçün anasına versin. Əfsanə telefonu Təhminəyə verdikdə o, Təhminədən bir daha xahiş etmişdir ki, onların boşanma məsələsini yubatmasın, gedib psixoloji komissiyadan keçsin. Cavabında isə Təhminə onun və rəhmətə getmiş anasının ünvanına söyüş ifadələri işlətməyə başlamışdır. Bundan əsəbiləşib o, Təhminəgilin yaşadığı mənzilə yaxınlaşıb qapını döymüşdür. Qapını Təhminə açmış və onu mənzilə buraxmışdır. O, bir daha ondan nəyə görə valideynlərinin ünvanına söyüş söydüyünü soruşduqda Təhminə yenidən onları söymüş və ona mənzildən pay verməyənə kimi onunla boşanmayacağını bildirmişdir. Bu səbəbdən oözünü saxlaya bilməyib bir neçə dəfə yumruq və təpiklə Təhminənin bədəninin müxtəlif nahiyyələrindən vurub mənzili tərk etmişdir. Əməlindən peşmandır, zərəçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərəçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o Təqsirləndirilən şəxs ilə 2000-ci ilin əvvəllərində ailə qurmuşdur və onları birgə nigahlarından Əfsanə adlı qız övladları olmuşdur. Lakin 2004-cü ildə Elçin törətdiyi cinayətə görə məhkəmə tərəfindən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq həbs ounmuş və yalnız 2020-ci ilin əvvəllərində azadlığa buraxılmışdır. Bu müddət ərzində o, başqa bir şəxslə ailə qurmuşdur və hal-hazırda da Əli adlı şəxs və qızı Əfsanə ilə birlikdə yaşayır. Elçin azadlığa çıxdıqdan sonra onu taparaq onunla birlikdə yenidən yaşamağı təklif etsə də, o dəfələrlə ona artıq başqa bir ailəsi olduğunu və onunla bir daha yaşaya bilməyəcəyini bildirmişdir. Lakin Elçin daima onu izləyir və ondan əl çəkmir. xx xxxxxx 2020-ci il tarixə keçən gecə, o evində yatarkən qızı Əfsanə onu yuxudan durğuzaraq atasının həyətlərində olduğunu və onunla danışma istədiyini bildirəndə o, telefonda ondan nə istədiyini soruşmuş, cavabında isə Elçin onun ünvanına söyüş ifadələri işlədərək əgər qapının açmasa onu biabır edəcəyini bildirmişdir. O, qonşuların yanında biabır olacağını düşünüb mənzilin qapısını açmışdır və Elçin mənzilə daxil olub onu yumruq və təpiklə döyməyə başlamışdır. Bu zaman evlərində olan bacısı Məsmə İsmayılova araya girib onu birtəhər Elçindən ayırmış və Elçin çıxıb getmişdir. O, isə ciddi xəsarətlər aldığından xəstəxanaya, daha sonra isə 3-cü PB-nə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şahidlər X2 və Şahid1 Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X4 xx.xx.2020-ci il tarixli, 100 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş və qarın nahiyyəsinin sağ yan səthini əhatə edən dərialtı hematoması. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə yumruqla və təpiklə yetirilən zərbənin təsirindən yetirilə bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir (i.v. 17-18) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi Sumqayıt 3 nömrəli şəhər poliklinikasının 362 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Zeynalov X1 3 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. (i.v. 58) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 49) İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Rrespublikası Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2, 228.2.1 və 66.3-cü maddələrinə əsasən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 50) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxxxxxxxxx” ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar