Məhkəmə qərarları › İş №1(060)-431/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-431/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-431/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Qubadlı rayonu, Qayalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Qayalı ərazi dairəsi, Abdalanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral göl gecəqondu ərazisi, Aşağı məhəllə küçəsi, ev 426 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi -0,754 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 10 fevral 2022-ci il tarixdə saat 00:30 dəqiqədə keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada olarkən saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 1992-ci il tarixdə Qubadlı rayonu, Qayalı kəndində anadan olmuşamdur, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə gecəqondu ərazisi, Aşağı Məhəllə küçəsi, ev 426 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləliklə məşğul olub qazanc əldə etmişdir. Narkotik vasitə alüdəçisidir. Ağrılarına görə narkotik vasitələrdən təxminən 4 ildir ki istifadə etmişdir. Narkotik vasitələri Sumqayıt şəhərində tanımadığı şəxslərdən, son olaraq isə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmayan bir şəxsdən əldə etmişdir. Belə ki, həmin şəxsi təxminən 1 il əvvəl, instagram sosial şəbəkəsində tanımışdır. Həmin şəxslə bu müddət ərzində aralarında bir neçə dəfə “whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsi ilə telefon əlaqəsi olmuşdur. Lakin heç vaxt narkotik vasitələrin alğı-satqısı barədə onunla danışmamışdır. Sadəcə olaraq aralarındakı söhbət zamanı onun narkotik vasitələrin alüdəçisi olduğunu bildikdən sonra Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan tanışlarının olduğunu demiş, lakin həmin şəxslərin şəxsiyyəti, o cümlədən harada yaşamaları barədə heç nə deməmişdir. Belə ki, o, nə həmin şəxsi, nə də Azərbaycan Respublikası ərazisində yaşadığını bildirdiyi şəxsləri şəxsən tanımadığından ehtiyat edib ondan narkotik vasitə istəməmişdir. Buna baxmayaraq bədənində ağrılar olduğundan narkotik vasitə əldə edib istifadə etmək istəsə də, bir neçə gün Sumqayıt şəhər ərazisində narkotik vasitə əldə edə bilməmiş, bu səbəblə də, son olaraq 09 fevral 2022-ci il tarixdə axşam saatlarında “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə hal-hazırda xatırlamadığı həmin İran İslam Respublikası vətəndaşının istifadəsində olan mobil nömrəyə zəng edib əlaqə saxlamışdır. Həmin şəxslə telefon əlaqəsi zamanı öz istifadəsi üçün narkotik vasitə əldə etmək istədiyini və bu barədə ona köməklik etməsini istəmişdir. Həmin şəxs ondan birinci dəfə narkotik vasitə istədiyi üçün ucuz qiymətə, yəni 25 manata 1 qram narkotik vasitə heroin verməsinin mümkün olacağını bildirmiş və o da həmin şəxslə razılaşmışdır. Razılaşmalarına uyğun olaraq həmin şəxs ona 25 manat pulu köçürəcəyi bank hesab kartını göndərmişdir. O, Sumqayıt şəhər bazarının yaxınlığında yerləşən “Milli ön” aparatında həmin bank kartına 25 manat pul göndərib, qəbzin şəklini çəkib həmin nömrəyə göndərdikdən sonra göndərişin qəbzini yandırıb tullamışdır. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhər ərazisində, dairəvi yolunun yaxınlığında yerləşən avtoyuma yerinin ətrafındakı ərazisinin fotoşəklini göndərib 01 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroinin orada olduğunu bildirmişdir. Bu səbəblə də, o, həmin tarixdə, yəni 09 fevral 2022-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən həmin avtoyuma yerinin yaxınlığına gedib 01 ədəd siqaret kağızı bükümdə narkotik vasitə heroini oradan götürüb istifadə etmək üçün taksiyə minib Sumqayıt şəhərinə geri qayıtmışdır. Yolda olarkən istifadəsində olan “Samsung J7” markalı mobil telefonun daxilində olan İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin mobil nömrəsini, onunla “whatsapp” ani mesajlaşma mübadiləsi sistemindəki yazışmalarını, ona göndərdiyi bank hesab kartının və narkotik vasitəni götürdüyü yerin fotoşəkillərini silmişdir. Sumqayıt şəhəri, Sülh küçəsində olarkən narkotik vasitəni istifadə etmək üçün həmin yerdə taksidən düşüb hərəkətini piyada davam etdirmişdir. 10 fevral 2022-ci il tarixdə saat 00:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməsi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər, o, qarşılıq vermədən onlarla birlikdə polis idarəsinin inzibati binasına gəlmişdir. Polis idarəsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümü çıxardıb təqdim edib, həmin bükümün içində narkotik vasitə heroin olduğunu demişdir. Sonradan təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamiş və götürülməmişdir. Araşdırma ilə bağlı əhəmiyyət kəsb etdiyindən əynindəki şalvarın sol yan cibindən çıxardaraq təqdim etdiyi ona məxsus olan 01 ədəd “Samsung J7” markalı mobil telefon götürülmüşdür. Həmçinin aşkar olunaraq götürülmüş 01 ədəd siqaret kağızı bükümdə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkildi və çəkisi 1,01-1,05 qram aralığında olmuşdur. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmiş, o və müdafiəçi tərəfindən imzalanmışdır. Üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin ona məxsus olmuşdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının və İİ qrup əlil atasının olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində bildirdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına Qubadlı rayonu, Qayalı ərazi dairəsi, Abdalanlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə gecəqondu ərazisi, Aşağı Məhəllə keçəsi, ev 426 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 10 fevral 2022ci il tarixdə, saat 00:30 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Azpetron” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Polis idarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən 01 ədəd siqaret kağız bükümün içində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs “kakos”, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən bükümün içinə baxılıb narkotik vasitə heroin aşkarlanmış, 01 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 1,01-1,05 qram aralığında olmuşdur. Daha sonra narkotik vasitə heroin kütləsi ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet, əşya aşkar olunmamış və götürülməmişdir. İş üzrə əhəmiyyət kəsb edəcəyindən Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən çıxardaraq təqdim etdiyi 01 ədəd “Samsung J7” markalı mobil telefon götürülmüşdür. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 09 fevral 2022-ci il tarixdə saat 23 radələrində İran İslam Respublikası vətəndaşı kimi bilsə də, şəxsiyyət ilə bağlı dəqiq məlumatı olmayan şəxsin göndərdiyi bank hesab kartına 25 manat göndərdikdən sonra Abşeron rayonu, Xırdalan şəhər ərazisində əldə etdiyini, pul göndərdiyi kartın şəklini sildiyini, qəbzi isə yandırıb tulladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitətələrin satışı ilə məşğul olması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroini haradan və ya kimdən əldə etməsi barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 10.02.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan heroin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 fevral 2022-ci il tarixli 6/831 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs...” sözləri olan 01 ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi -0,754 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Heroinin təmiz çəkisi-0,754 qram, tədqiqata istifadə edildi-0,050 qram, qalıq-0,704 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2022-ci il tarixli 986 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixoatimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 11.03.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-27.08.2020-ci il təvəllüdlü X4 vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən veriolmiş SER TSE-01 nömrəli 001347 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X2 İİ dərəcəli əlildir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını və atasının İİ qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10.02.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 11.02.2022-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,704 qram qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 05.04.2022-ci il tarixli (iş № 1(060)-431/2022) qərarını icra edərək, 06 aprel 2022-ci il tarixli 431/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 02 (iki) gün təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral göl gecəqondu ərazisi, Aşağı Məhəllə küçəsi, ev 426 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,704 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar