Məhkəmə qərarları › İş №1(060)-433/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-433/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-433/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1981-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Yataqxana-2, H.Əliyev pr., Otaq 129, məhəllə 18, 32 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 23 mart 2022-ci il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri, H.Əliyev pr, 18-ci məhəllə, yat-2, ev 32, otaq 129-da yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi və ailədaxilli münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən döyməklə ona - boyunun şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı, boyun əzələlərinin gərilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, son zamanlar həyat yoldaşı ilə aralarında şəxsi və ailədaxili münasibətlər kəskinləşmiş, buna səbəb də Samirənin evdə olan hər söz-söhbəti anası Gözələ çatdırması, Gözəlin də onların ailədaxili işlərinə müdaxilə edərək mübahisə və münaqişə yaratması olmuşdur. Ona görə də məcbur olub Samirədən istifadə etdiyi mobil telefonu almış və ailə üzvləri ilə nə vaxt əlaqə yaratmaq istəsə onun mobil telefonu ilə danışmasını demişdir. 23.03.2022-ci il tarixdə saat 14 radələrində anası Validə və atası Rail onlara qonaq gəlmiş, evdə olan zaman Samirə yenə də əsassız yerə mübahisə yaradaraq ona qarğışlar etmiş, o, da əsəbləşib zərblə Samirənin boğazından tutub sıxaraq silkələyərək sakitləşməsini demiş, həmin vaxtı anası onu tutub kənara çəkərək atası ilə birlikdə sakitləşdirməyə başlamış, o, da evdən çıxıb həyətə düşmüşdür. Bir qədər sonra evə qayıdanda valideynləri demişlər ki, Samirə də evdən çıxıb getmişdir. Sonradan bilmişdir ki, Samirə ondan şikayət etmişdir. Mübahisə evdə baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxtı evdə onlardan başqa şəxs olmamış və kənardan heç kim toplaşmamış, Samirə ona cavab zərbəsi vurmamış, mübahisə vaxtı heç bir söyüş söyülməmiş, heç bir əmlakı zədələnməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, arvadı ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, son zamanlar aralarında şəxsi və ailədaxili münasibətlər kəskinləşmiş, buna səbəb də Anarın anası Validənin onların ailədaxili işlərinə müdaxilə edərək mübahisə və münaqişə yaratması olmuşdur. Anar da anasının dediyi kimi hərəkət etmiş, anasına görə onu həmişə danlamış və saymamış, bir qadın kimi ona hörmət və qayğı göstərməmişdir. Son günlər isə guya onun öz anası Gözələ evdə olan söz-söhbəti çatdırdığına və anasının da onların ailəsinə müdaxilə etməsini bəhanə gətirərək onun istifadə etdiyi mobil telefonu Anar almış, lazım olanda özünün mobil telefonu ilə anası və bacısı əlaqə saxlamağını demişdir. O, Anara dəfələrlə anası və ya bacısı ilə özlərinə aid sözləri olduğunu və təklikdə danışmaq istədiyini desə də Anar ona fikir verməmişdir. 23.03.2022-ci il tarixdə, saat 14 radələrində qaynanası Validə və qaynatası Rail onlara gəlmiş, evdə olan zaman Validə və Anar ona atmacalar ataraq etmədiyi əməllərdə günahlandıraraq şər atmışlar, o da əsəbləşib yalan danışana qarğış etmiş, həmin vaxtı Anar zərblə onun boğazından tutub sıxaraq silkələməyə başlamış, bunu görən Validə və Rail Anarı tutub ondan kənara çəkmiş, o, da evdən çıxıb getmiş və küçədə olan zaman anasına zəng edərək təcili onun yanına gəlməyini və Anarın onu döydüyünü demişdir. Sonra da Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gedərək Anar barədə şikayət etmişdir. Mübahisə evdə baş vermiş, təxminən 5 dəqiqə davam etmiş, həmin vaxtı evdə onlarda başqa şəxs olmamış və kənardan heç kim toplaşmamış, Anara heç bir zərbə yetirməmiş, mübahisə vaxtı heç bir söyüş söyülməmiş və heç bir əmlakı zədələnməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, əri ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X2 24.03.2022-ci il tarixli, 373 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: boyunun şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı, boyun əzələlərinin gərilməsi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 23.03.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 35) İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 27.03.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 33) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar