Məhkəmə qərarları › İş №1(060)-434/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-434/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-434/2025 10.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,029 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 04 noyabr 2024-cü il tarixdə saat 12:00 dəqiqədə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən “İnşaatçılar” stadionunun yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd təmiz çəkisi 1,029 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 1.016 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz, çəkisi 0.234 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamini əldə edib daşıyaraq üzərində saxlamış. 13 noyabr 2024cü il tarixdə saat 16:25 dəqiqədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Emin” şadlıq sarayının qarşısındakı parkda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,016 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,234 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 22:35 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Oba Nasosnu 6” mağazasına müştəri qismində daxil olaraq oradan 08 ədəd ümumilikdə 26,40 (iyirmi altı manat qırx qəpik) manat dəyərində, 0.33 ml “Redbull” markalı enerji içkisini, 01 ədəd 23.50 (iyirmi üç manat əlli qəpik) manat dəyərində, 1 kq çəkidə “Anchor” markalı kərə yağını, 01 ədəd 12.80 (on iki manat səksən qəpik) manat dəyərində, 500 qr çəkidə “Anchor” markalı kərə yağını, 01 ədəd 10.70 (on manat yetmiş qəpik) manat dəyərində 1 lt “Black Jack” markalı viskini, 01 ədəd 20.60 (iyirmi manat altmış qəpik) manat dəyərində 190 qr “Nescafe gold” markalı qəhvəni, 01 ədəd 8,20 (səkkiz manat iyirmi qəpik) manat dəyərində 95 qr “Jacobs” markalı qəhvəni, 15 ədəd ümumilikdə 22,50 (iyirmi iki manat əlli qəpik) manat dəyərində “Premium” markalı corabları, 04 ədəd ümumilikdə 30,80 (otuz manat səksən qəpik) manat dəyərində 150 ml “Mannan” markalı spreyi, 01 ədəd 5,80 (beş manat səksən qəpik) manat dəyərində 250 ml “Black Jack” markalı viskini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" market MMC-yə ümumilikdə 161,30 (bir yüz altmış bir manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, “Qurd dərəsi" yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə qanunsuz daxil olaraq həyətdəki toyuq hininin taxta qapısını sıxıb açaraq oradan ümumi dəyəri 200 manat təşkil edən 5-6 aylıq 16 ədəd toyuğu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024cü il tarixdə saat 11:17 radələrində Sumqayıt şəhəri, “Qurd dərəsi” yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı evin hasarına söykənmiş sonuncuya məxsus uzunluğu 2 metr, eni 2.20 metr, qalınlığı 4-lük materialdan olan 01 ədəd 200 manat dəyərində olan dəmir darvazanı gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024cü il tarixdə saat 11:50 radələrində X6 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən fərdi evin həyətinə qanunsuz daxil olaraq orada işləyən Zərərçəkmiş şəxs1 evin birinci mərtəbəsində sellofan torbaya qoyduğu şalvarının cibindən 202,80 manat pulu, gödəkçənin cibindən isə üzərində “Emporio Armani” yazıları olan istifadədə olmuş 01 ədəd 3 (üç) manat dəyərində qol saatını, qızılı rəngli, uzun müddət istifadədə olmuş 01 ədəd 1 (bir) manat dəyərində qolbağını, üzərində markalanma göstəricilərinə dair məlumat olmayan 01 ədəd 10 (on) manat dəyərində simsiz qulaqlığı gizli yalla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 216,80 manat (iki yüz on altı manat səksən qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 22:35 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsində yerləşən “Oba Nasosnu 6” mağazasına müştəri qismində daxil olaraq oradan 08 ədəd ümumilikdə 26,40 (iyirmi altı manat qırx qəpik) manat dəyərində, 0,33 ml “Redbull” markalı enerji içkisini, 01 ədəd 23,50 (iyirmi üç manat əlli qəpik) manat dəyərində, 1 kq çəkidə “Anchor” markalı kərə yağını, 01 ədəd 12,80 (on iki manat səksən qəpik) manat dəyərində, 500 qr çəkidə “Anchor” markalı kərə yağını, 01 ədəd 10,70 (on manat yetmiş qəpik) manat dəyərində 1 litr “Black Jack” markalı viskini, 01 ədəd 20,60 (iyirmi manat altmış qəpik) manat dəyərində 190 qr “Nescafe gold” markalı qəhvəni, 01 ədəd 8,20 (səkkiz manat iyirmi qəpik) manat dəyərində 95 qr “Jacobs” markalı qəhvəni, 15 ədəd ümumilikdə 22.50 (iyirmi iki manat əlli qəpik) manat dəyərində “Premium” markalı corabları, 04 ədəd ümumilikdə 30,80 (otuz manat səksən qəpik) manat dəyərində 150 ml “Mannan” markalı spreyi, 01 ədəd 5.80 (beş manat səksən qəpik) manat dəyərində 250 ml “Black Jack” markalı viskini gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" market MMC-yə ümumilikdə 161,30 (bir yüz altmış bir manat otuz qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə CPM-nin 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasının zərərçəkmiş şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərək, cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Səid Məmmədov tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, cinayət işinin 3-cü cildinin 108-109-cu səhifələrində olan yenidən ittiham elan edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 ********* nömrəli iş üzrə ittihama əlavələr və dəyişikliklər edilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi və qərarın surətinin təqsirləndirilən şəxsə verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs1 yenidən ittiham elan edilməsi barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilsə də, həmin ittiham təqsirləndirilən şəxsə elan edilməmiş, ittihamın elan edilməsi və qərarın surətinin təqdim edilməsi barədə protokolda Sumqayıt ŞPİ-nin müstəntiqi tərəfindən imza edilsə də, nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi X2 tərəfindən imzalanmamışdır. Bununla da, Təqsirləndirilən şəxs1 müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Burada qeyd edilməlidir ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Göründüyü kimi, qanunvericilikdə müdafiə hüquqlarının təmin edilməsi cinayət prosesini həyata keçirən orqanın əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. Bundan başqa cinayət işinin materialları hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən edilmişdir ki: - cinayət işinin 1-ci cildinin 124-125-ci səhifələrində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərarda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulması qərara alınmış, qərar müstəntiq və təqsirləndirilən şəxs tərəfindən imzalansa da, müdafiəçi Mehdi Cəlalzadənin adı qeyd edilmiş, lakin onun tərəfindən imzalanmamışdır; - cinayət işinin 1-ci cildinin 160-cı səhifəsində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol təqsirləndirilən şəxs tərəfindən imzalansa da, müdafiəçi Mehdi Cəlalzadənin adı qeyd edilmiş, lakin imzalanmamışdır; - cinayət işinin 2-ci cildinin 84-cü səhifəsində olan Təqsirləndirilən şəxs2 müdafiəçi təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli protokol təqsirləndirilən şəxs tərəfindən imzalansa da, müdafiəçi X1 adı qeyd edilmiş, lakin imzalanmamışdır; - cinayət işinin 2-ci cildinin 98-99-cu səhifələrində olan Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin təyin edilməsi və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməsi barədəxx.xx.2024-cü il tarixli qərarın təqsirləndirilən şəxsə təqdim edilməsi barədə tərtib edilmiş protokol təqsirləndirilən şəxs tərəfindən imzalansa da, müdafiəçi X1 adı qeyd edilmiş, lakin imzalanmamışdır; - cinayət işinin 2-ci cildinin 163-cü səhifəsində olan Təqsirləndirilən şəxs2 müdafiəçi təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli protokol təqsirləndirilən şəxs tərəfindən imzalansa da, müdafiəçi X3 adı qeyd edilmiş, lakin imzalanmamışdır; - cinayət işinin 2-ci cildinin 174-175-ci səhifələrində olan Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və Sumqayıt ŞPİnin MSY-dən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın təqsirləndirilən şəxsə təqdim edilməsi barədə tərtib edilmiş protokol təqsirləndirilən şəxs tərəfindən imzalansa da, müdafiəçi X3 adı qeyd edilmiş, lakin imzalanmamışdır; Bununla da, məhkəmə hesab edir ki, cinayət işi üzrə CPM-in 303.3.1 maddəsinin tələbləri, yəni təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, müdafiə hüququ təqsirləndirilən şəxsin ən mühüm hüquqlarından biridir. Bu hüququn pozulması yolverilməzdir və bu kimi hallar istər Azərbaycan Respublikasının Cinayət-Prosessual qanunvericiliyi, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları ilə birmənalı qadağan edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra– Konvensiya) 6-cı maddəsinin 3 “c” yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir (Avropa Məhkəməsinin Mayzit Rusiyaya qarşı iş üzrə 20 yanvar 2005-cı il tarixli Qərarı, § 65). Çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətdə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir (Avropa Məhkəməsinin Bulut Avstriyaya qarşı iş üzrə 22 fevral 1996-cı il tarixli Qərarı, § 47; Avropa Məhkəməsinin Popov Rusiyaya qarşı iş üzrə 13 sentyabr 2006cı il tarixli Qərarı, § 177). Puatrimol Fransaya qarşı iş üzrə 23 noyabr 1993-cü il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra– Avropa Məhkəməsi) qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir (§34). Təqsirləndirilən şəxsin müdafiəçisi, həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər (İnsan hüquqları üzrə Avropa Komissiyasının Enslin, Baader və Raspe Almaniyaya qarşı iş üzrə 08 iyul 1978-ci il tarixli Qərardadı, 14 DR 64, səh. 114). Pakelli Almaniyaya qarşı iş üzrə 25 aprel 1983-cü il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3 “c” yarımbəndi cinayət törədilməsində təqsirləndirilən şəxsin üç hüququna zəmanət verir: şəxsən özünü müdafiə etmək, özü tərəfindən seçdiyi müdafiəçiyə malik olmaq və müəyyən şərtlərlə pulsuz müdafiəçiyə malik olmaq. Özünü şəxsən müdafiə etmək istəməyən hər bir təqsirləndirilən şəxs özü tərəfindən seçdiyi müdafiəçinin xidmətlərindən istifadə etmək imkanına malik olmalıdır; müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ona pulsuz təqdim olunmalıdır (§ 31). Laqerblom İsveçə qarşı iş üzrə 14 yanvar 2003-cü il tarixli Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərilməsini ədalət mühakiməsinin maraqlarının tələb edib-etməməsi məsələsi həll edilərkən cinayətin ağırlıq dərəcəsi, təyin edilə bilən cəzanın sərtliyi və işin mürəkkəbliyi nəzərə alınmalıdır (§51). Beləliklə, cinayət prosesini həyata keçirən orqanlar öz mülahizələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə müdafiəçi təyin edərkən işin konkret hallarını nəzərə almalıdırlar. Bu mənada təqsirləndirilən şəxslərin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Belə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ şəxsin hüquq və azadlıqlarının, həmçinin qanuni mənafelərinin müdafiəsinin təmin edilməsi ilə yanaşı, ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişmə prinsipləri əsasında həyata keçirilməsinin başlanğıc şərti kimi qiymətləndirilməlidir (Konstitusiyanın 127-ci maddəsinin İV və Vİİ hissələri). Eyni zamanda nəzərə almaq lazımdır ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinin maraqları naminə təqsirləndirilən şəxsin müdafiəçi ilə məcburi təmsil olunması Konvensiyaya zidd deyil (Avropa Məhkəməsinin Kroysan Almaniyaya qarşı iş üzrə 25 sentyabr 1992-ci il tarixli Qərarı, §27, 29). Başqa sözlə, özünü müdafiə etmək hüququ insan hüquqları sistemində vacib yer tutsa da, mütləq xarakter daşımır. Buna müvafiq olaraq ədalət mühakiməsinin maraqları tələb etmirsə, müdafiəçinin yardımından istifadə etmək hüququnun həyata keçirilməsinə hər hansı məcburiyyət yolverilməzdir. Azərbaycan Respublikasında da ədalət mühakiməsinin maraqlarının təmin edilməsi məqsədilə vəkilin cinayət prosesində məcburi iştirakı halları və CPM-in 92.3-cü maddəsində cinayət prosesində müdafiəçinin iştirakının təmin olunduğu hallar göstərilmişdir. Bu halların hər hansı biri mövcud olduqda cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməlidir. Göründüyü kimi, müdafiəçiyə malik olmaq konstitusion hüququnun həyata keçirilməsinin qaydaları və şərtlərini tənzimləyərkən qanunverici CPM-in 92.3-cü maddəsi ilə bu hüququn reallaşdırılmasını şübhəli (təqsirləndirilən) şəxsin iradəsi və ya ədalət mühakiməsinin maraqlarının tələb etdiyi konkret halların mövcudluğu ilə əlaqələndirərək onun realizə edilməsinin cinayət prosesini həyata keçirən orqanın mülahizəsindən asılı olmadığını müəyyən etmişdir. Belə ki, CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçinin iştirakını tələb edə bilər. Bu halda həmin şəxsə özünə müdafiəçi seçmək üçün şərait yaradılmalı, hüquqi yardımı ödəməyə vəsaiti olmadıqda isə ödənişsiz, dövlət hesabına müdafiəçi ilə təmin olunmalıdır. İş materialları araşdırılarkən (iş materialları 1-ci cild səh.44, səh. 129 və səh. 148) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, onun hüquqlarının dövlət hesabına vəkil X4 tərəfindən müdafiə edilməsinin təmin olunmasını istəyir. Həmçinin, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində (iş materialları 2-ci cild səh. 45, səh. 83, səh 121 ) hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin olunmasını xahiş etmişdir. CPM-in 92.12-ci maddəsinə görə hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2—92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Müdafiə olunmaq hüququ və hüquqi yardım almaq hüququ nəinki milli qanunvericilikdə eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda da öz əksini tapmışdır. CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.1-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərartəqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) zamanı kobud pozuntulara yol verildikdə çıxarılır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 19-cu maddəsinin, yəni cinayət mühakimə icraatının hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi adlı əsas prinsipi pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq cinayət işinin baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1.ibtidai araşdırma zamanı təqsirlndirilən şəxs barəsində seçilmiş həbs qtimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2.cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Hazırki iş üzrə müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə, həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək və həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddət 15 gün müddətində, həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddət 15 gün müddətində uzadılmış, Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirləri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə CPM-nin 159.10-cu maddəsini nəzərə alaraq hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə hazırki qərar qəbul edildikdən sonra təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti başa çatdığından həmin müddət uzadılmalıdır. Məhkəmə bu müddətin 1 (bir) ay müəyyən edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Həmçinin, məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 289, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt Şəhər prokuroruna qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə - yəni, 10 avqust 2025ci il tarixinədək uzadılsın. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar