Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-435/2024 12.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 16, otaq 92A-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxta və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 08 mart 2024-cü il tarixdə saat 14:00-da Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, 76-cı məhəllə, “Nənəmin təndiri” adlanan təndir evinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasına gətirilmiş və onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan iç cibində saxlamış olduğu 01 ədəd qızılı rəngli siqarət kağızına bükülmüş bükümün içərisində təmiz çəkisi 0.196 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Nənəmin təndiri” adlanan təndir evinin yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb onu psixotrop maddələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirmiş, onu Sumqayıt ŞPİnin 5-ci PB-nə dəvət etmişlər. Polis bölməsində olan zaman üzərinə şəxsi axtarış keçirtmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş maddəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif edən zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan iç cibindən 01 ədəd qızılı rəngli siqaret siqaret kağızına bükülmüş bükümü və qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd əl dəsmalı, 01 ədəd alışqan, 01 ədəd təsbeh, göy rəngli cins şalvarının arxa sağ cibindən içərisində 04 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi, 52 manat pul olan pul qabısı, göy rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd Samsung markalı telefonu təqdim etmişdir. Daha sonra həmin büküm açılan zaman içərisində ağ rəngli kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, aşkar olunan kütlənin “metamfetamin” olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 yanvar ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman çəkisinin yarım qramdan az olduğu müəyyən edilmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən Sumqayıt ŞPİ-nin 5-ci PB-nə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 08 mart 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa 5-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Zaur Əzizov başçılıq etmişdir. 08 mart 2024-cü il tarixdə təxminən saat 14 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə, “Nənəmin təndiri” adlanan təndir evinin yaxınlığında Təqsirləndirilən şəxs tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim edərək, üzərində psixotrop maddə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən avtomobilə mindikdən sonra Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. 5-ci PB-də Təqsirləndirilən şəxs təhqiqatçı Fərhad Bayramov tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış videokamera ilə çəkilmiş, axtarış zamanı üzərində narkotik vasitəsinin olubolmadığını soruşduqda, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan iç cibindən 01 ədəd qızılı rəngli siqaret siqaret kağızına bükülmüş bükümü, yadında olan 01 ədəd Samsung markalı telefonu təqdim etmişdir. Həmin 01 ədəd büküm təhqiqatçı Fərhad Bayramov tərəfindən açıldıqda içərisindən ağ rəngli kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi təxminən 0.3 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə xüsusi qablaşdırılmışdır. Samsung markalı mobil telefon isə sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə, Nənəmin təndiri adlanan təndir evinin yaxınlığında xx.xx.2024-cü il tarixdə saat 14:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin gəzdirilməsində, istifadəsində, saxlanılmasında şübhəli olduğu üçün saxlanıldığı bildirilərək, hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, bildirişlə tanış oldu, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunaraq, buna etirazının olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Mahmudov Elmin Vəkil oğlu təqdim olundu. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan iç cibində saxladığı qızılı rəngli siqaret kağızına bükülmüş kütlənin psixotrop maddə olan şüşə olduğunu bildirdi, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə axşam radələrində Bakı şəhəri 20 Yanvar ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və üstündə gəzdirdiyini etiraf etdi. Həmin bükümü açdıqda içərisində ağ rəngli maddə aşkar olundu. Bundan başqa qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd əl dəsmalı, 1 ədəd alışqan, 1 ədəd təsbeh, göy rəngli cins şalvarının arxa sağ cibindən içəerisində 4 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi, 52 manat pul olan pul qabı, göy rəngli cins şalvarının arxa sol cibindən 1 ədəd Samsung markalı telefonu təqdim etdi. 1 ədəd əl dəsmalı, 1 ədəd alışqan, 1 ədəd təsbeh, 4 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi, 52 manat pul olan pul qabı mühüm sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarıldı. Samsung A32 markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüldü. Bölməyə gəldikdən sonra Təqsirləndirilən şəxs götürülmüş içərisində psixotrop vasitəyə bənzər kütlə onun öz ştirakı ilə Çin istehsalı olan elektron məişət tərəzisində çəkildi. Tərəzidə çəkilərkən qızılı rəngli siqaret kağızına bükülmüş kütlənin çəkisi 0.29 qram müəyyən edildi. Vəkil Mahmudov Elmin Vəkil oğlu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən nə vaxt saxlanıldığını, çəkilişdə olan polis əməkdaşlarının saxlanılarkən yanında olub-olmadığını ondan soruşarkən xx.xx.2024-cü il tarixdə saat 14-15 radələrində saxlanıldığını, həmin polis əməkdaşılarının yanında olduğunu bildirdi. Üzərindən şəxsi axtarış zamanı götürülmüş kütlə Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilməsi üçün qablaşdırılaraq DİNin 126 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/1400 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN Arayışlar üçün N 242 dairəvi möhür əksi, “şübhəli şəxs (imza) M.Elvin” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.196 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,146 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Fərhad Bayramov tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Sonra təhqiqatçı X3 Məmmədova qanunsuz olaraq psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirildiyini bildirir. Həmin vaxt Sumqayıt ŞPİ- nin 5-ci PB-nin əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim edilir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı psixotrop maddə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan iç cibindən 01 ədəd qızılı rəngli siqaret siqaret kağızma bükülmüş bükümü və qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd əl dəsmalı, 01 ədəd alışqan, 01 ədəd təsbeh, göy rəngli cins şalvarının arxa sağ cibindən içərisində 04 ədədbank kartı, şəxsiyyət vəsiqəsi, 52 manat pul olan pul qabı, göy rəngli cins şalvarının sol arxa cibindən 01 ədəd Samsung markalı telefonu təqdim edir. Həmin 01 ədəd büküm təhqiqatçı Fərhad Bayramov tərəfindən açıldıqda içərisindən ağ rəngli kütlə aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddənin metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, 20 yanvar ərazisində bir nəfər tanımadığı şəxsdən 10 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkilir, maddənin çəkisi 0.29 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə xüsusi qablaşdırılır, DİN-nin 126 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Həmçinin üzərindən aşkar edilmiş 01 ədəd əl dəsmalı. 01 ədəd alışqan, 01 ədəd təsbeh, 04 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi, 52 manat pul olan pulqabı mühüm sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılır, Samsung markalı mobil telefon isə sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1682 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin telefon “Samsun” markalı olmaqla qara rəngli mobil telefondur. Mobil telefonun yaddaşına daxil olduqda telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil və ya videogörüntülər müəyyən olunmadı. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin İŞ-də özünə məxsus 1 ədəd Samsung markalı mobil telefonu tam işlək vəziyyətdə təhvil almışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı MKS tərəfindən verilmiş 334 saylı, xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 16, otaq 92a ünvanında qeydiyyatdadır və yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin sonuncunun satış məqsədi ilə üzərində saxlamaqla daşımasına dəlalət edən hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibindən imtina edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən götürülmüş təmiz çəkisi 0.196 qram olan metamfetamin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0.146 qram metamfetamin iş üzrə saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk Azərbaycan Respublikası CPM- nin 128 və 135-ci maddələrinə əsasən maddi sübut qismində tanınmışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü Məmmədova Lavin adlı qız övladı vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0.146 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-435/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 593/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1i tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0.196 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-435/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-435/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver