Məhkəmə qərarları › İş №1(060)-436/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-436/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-436/2025 05.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 1 bükümdə təmiz çəkisi 0,235 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 28 mart 2025ci il tarixdə saat 15:11-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 40-cı məhəllə, X6 binasının arxasında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan cins şalvarının sol yan cibindən 1 bükümdə təmiz çəkisi 0,235 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 mart 2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tanımadığı şəxsdən 15 manata bir büküm narkotik vasitə olan heroin almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 28 mart 2025-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 40-cı məhəllə, X6 binasının arxasında piyada gəzən zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və onu narkotik vasitə ilə bğalı şübhəli şəxs kimi saxladıqlarını bildirmişlər. Polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirmişlər, baxışdan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan şalvarın cibindən bir bükümdə olan narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Həmin büküm elektron tərəzi vasitəsilə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzərini imzalamışdır. Daha sonra müvafiq sənədləşmə işinin aparılmasından ötrü onu Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə aparmışlar. Bölmədə ona vəkil təqdim edilmiş, vəkilin iştirakı ilə üzərindən aşkar edilmiş və qablaşdırılmış psixotrop maddə təhqiqatçı tərəfdən açılaraq yenidən baxış keçirilmiş və elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Bundan sonra həmin büküm müvafiq qaydada qablaşdırılmışdır. Saxlanılarkən və daha sonra ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 mart 2025-ci ildə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən X6 binasının arxasında piyada gəzən zaman saxlamışlar, özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi və daşınması ilə bağlı şübhəli şəxs kimi saxlanıldığı bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd büküm çıxarıb təqdim edərək içərisində heroin olduğunu, həmin maddəni bir gün əvvəl Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra şübhəli şəxsin üzərinə baxış keçirilmiş, ancaq əlavə qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və çəkiliş dayandırılmışdır. Şübhəli şəxs və aşkar edilmiş maddə qablaşdırılmış formada 1-ci Polis bölməsinə aparılmış, bölmədə ona vəkil təqdim edilmiş, vəkilin iştirakı ilə qablaşdırılmış maddə olan zərf açılmış, həmin maddə təhqiqatçı tərəfindən yenidən çəkilmiş, daha sonra həmin maddə yenidən müvafiq qaydada qablaşdırılmış və çəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra hər hansı etiraz etməmiş və ya yayınmaya cəhd etməmişdir. Törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahidlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin heroin olmasını bildirmişdir. Cinayət işinin 13-14-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-69-cu vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına” dair xx.xx.2025-ci il tarixli protokoldan və həmin tədbir keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən X6 binasının arxasında saxlanılmış və sonuncu bundan sonra əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümdə olan heroinə bənzər maddə təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,31 qram olması müəyyən edilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 31-32-ci vərəqələrində olan “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında xx.xx.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və polis əməkdaşlarının işitrakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs daha öncədən təqdim etdiyi və qablaşdırılmış maddəyə baxış keçirilərək təkrar elektron tərəzidə çəkilmiş və çəkisinin 0,29 qram olması müəyyən edilmişdir. Həmin maddə yenidən xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 41-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2025-ci il tarixli, 20/138 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 125” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə; şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; müdafiəçi /imza/ E.T.Musayev; tərtib etdi b.təhqiqatçı polis mayoru /imza/ S.Dadaşov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,235 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,235 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,185 qram. Cinayət işinin 40-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 71-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,185 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 106-109-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 18 aprel 2025-ci il tarixli, 2203 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qevdiyyata alınması məsləhət görülür. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69-cü maddəsinə əsasən 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasəsən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69-cü maddəsinə əsasən 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 28 mart 2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən hal kimi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 18 aprel 2025-ci il tarixli, 2203 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 209 (iki yüz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 209 (iki yüz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar