Məhkəmə qərarları › İş №1(060)-437/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-437/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-437/2023 19.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi X1 iştirakları ilə, xx.xx.1990-cı il tarixində Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri. 2-ci mikrorayon, ev 24/61, mənzil 22-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 10, mənzil 12-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,582 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 10 mart 2023cü il tarixində, saat 11:40-da Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 20-ci məhəllə, Natavan küçəsində yerləşən şirniyyat sexinin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngi siqaret kağız bükümün içərisindən 0,582 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o bir neçə müddətdir ki, narkotik vasitə qəbul edir. O, əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixdə saat 11:40 radələrində Sumqayıt şəhəri, 20-ci məhəllə, Natavan küçəsində yerləşən şirniyyat sexinin qarşısından keçən zaman mülki geyimdə olan iki nəfər şəxs onu saxlayaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirirək onu aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. O, PB-nə getməkdən imtina etməmiş, PB-nə getdikdən sonra polis əməkdaşları videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O, isə buna etiraz etməmiş, PBdə xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin etmək üçün növbətçilik cədvəlindən seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 təqdim edilmişdir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübutun olub-olmadığı sorğu sual olunan zaman özü əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. O, üzərindən aşkar edilmiş qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddənin "Kokos" olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə olan gümüşü rəngli siqaret kağızı bükümü tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin siqaret kağızı ilə birlikdə 0.72 qram olduğu müəyyən edilmiş, daha sonra həmin maddə xüsusi qaydada qablaşdırılmış, Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənərək Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilmişdir. Narkotik vasitəni aldığı şəxsi tanımadığını, saxlanılarkən, ona qarşı heç kimin heç bir psixi və ya fiziki zor tətbiq etmədiyini, heç bir hüququnun pozulmadığını, tutulduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Əməlindən peşmandır. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023cü il tarixində Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 24/61, mənzil 22-də qeydiyyatda olan və Sumqayıt şəh. 9-cu məh, ev 10, mənzil 12-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin kiçik inspektoru, polis serjantı Şahid2, PB-nin təhqiqatçısı polis kapitanı Vüsal Quliyevdən və KTB-nin kriminalist-inspektoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün saat 11:25 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 20-ci məhəllə, Natavan küçəsi, şirniyyat sexinin qarşısında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 20-ci məhəllə, Natavan küçəsində yerləşən şirniyyat sexinin yanına gəlmiş, saat 11:40-da Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs görüb onu saxlayıb və özlərini təqdim etdikdən sonra ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlamada şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs şərait olmadığı üçün PB-ə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş o da, heç bir etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşduqda, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş, hüquqlarını müdafiə edən Sumqayıt şəhər Regional Vəkillər Bürosunun vəkili X9 ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsun saxladığı hər hansı predmet və ya əşya varsa təqdim etməsi xahiş olunduqda, Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin bükümün içərəsində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində "kakos” yəni narkotik vasitə olan «heroin» olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs eyni zamanda üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olduğunu, Abşeron rayonu, Novxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,72 qram olması müəyyən olunmuş və protokol tərtib olunması üçün həmin kütlələr tərəflərindən götürülmüşdür. Aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzalatı ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin kiçik inspektoru, polis serjantı Şahid2 də Şahid1 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 10 mart 2023-cü il tarixdə, saat 11:40 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); 12 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 53-54) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 12 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 65-67); təqsirləndirilən şəxsin X10 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə 12 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X10 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 68-69); “şəxsi axtarışın keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun növbətçilik cədvəli təqdim edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs həmin siyahıdan hüquqlarının müdafiəsi üçün vəkil X2. Təqsirləndirilən şəxs vəkilə heç bir etiraz etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddənin "Kokos" olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə olan gümüşü rəngli siqaret kağızı bükümü tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin siqaret kağızı ilə birlikdə 0.72 qram olduğu müəyyən edilmiş, daha sonra həmin maddə xüsusi qaydada qablaşdırılıb, AR DİN-nin 128 Salı möhürü ilə möhürlənərək AR ƏN-nin MEM-nə göndərilmişdir. (i.v 29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1508 nömrəli 11 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №128-li dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.582 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 36-39) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1532 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 91-92). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 81); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 86). İş materiallarında olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı övladları var (i.v. 78-80). sübutların qiymətləndirilməsi haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti alıma vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 6/1508 nömrəli 11 mart 2023-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1532 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.582 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 94-97); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində azyaşlı uşağlarının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 10 mart 2023-cü il tarixdən 12 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti alıma vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM 93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 0.582 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 110 (bir yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxsnə elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxsnə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt, şəhərini, Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxsna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdən 12 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti alıma vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt, şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxsndan 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.582 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar