Məhkəmə qərarları › İş №1(060)-438/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-438/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-438/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(060)-64/2023 saylı hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaq orqanına məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 1,460 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 01 fevral 2023-cü il tarixdə saat 17:00 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin və NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Azərbaycan prospekti, «Beton zavod» ərazisində yerləşən «Tovuz» kafesinin arxasında saxlanılaraq Polis İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,460 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinaşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, tutulduqdan iki gün əvvəl şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsinə getmişdir. Orada olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə olan heroin verə biləcəyini bildirmişdir. O, özü istifadə etmək üçün həmin şəxsdən 20 manata bir ədəd bükümdə heroin almışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:00 dəqiqədə o, Sumqayıt şəhəri, Azərbaycan prospekti, «Beton zavod» ərazisində yerləşən «Tovuz» kafesinin arxasında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Polis İdarəsinə getmişlər. Polis İdarəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün vəkil Namiq Ağayev təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki hərbi rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd bükümdə olan narkotik vasitə olan heroini və sol cibindən özünə məxsus qara rəngli «ED» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir və onu iki gün əvvəl Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 20 manata alıb üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisi 1,80 qram təşkil etmişdir. Bundan sonra isə həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitə olan heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən qeyd olunan halın nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, hazırda Sumqayıt şəhər polis idarəsinin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Sumqayıt şəhəri, 14-cü məhəllə, yataqxana, ev 7/14 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, «Beton zavod» ərazisində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3, KTB-nin ekspert-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2023-cü ildə saat 17:00 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Azərbaycan Respublikası, «Beton zavod» ərazisində yerləşən «Tovuz» kafesinin arxasında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Vüsal nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Vüsal heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində xidməti otaqlardan birində kriminalist Rasim Paşayev panasonik markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Namiq Ağayev təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki hərbi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü və sol cibindən özünə məxsus qara rəngli «ED» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümə baxarkən içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni tutulduqdan bir-iki gün əvvəl Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,80 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektor Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarına əlavə olunmuş diskə baxış keçirilməsi haqqıbda protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 01 fevral 2023-cü il tarixdə Sumqayıt şəhəri, 14-cü məhəllə, yataqxana, ev 7/14 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, «Beton zavod» ərazisində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən saat 17:00 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Xidməti otaqların birində ekspert kriminalist panasonik markalı videokameranı işə salır. X4 özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edir və ona, yəni şübhəli şəxsə hüquq və vəzifələri ilə bağlı bildirişi təqdim edir. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki hərbi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümü, sol cibindən isə bir ədəd kiçik ölçülü mobil telefonu çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olduğunu deyir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni iki gün Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini deyir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmur. Həmin bükümə baxarkən büküm içərisində qəhvəyi rəngli spesifıik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilir və çəkisinin 1,80 qram olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etmir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılır və möhürlənir. Təhqiqatçı Təqsirləndirilən şəxs və müdafiəçidən hansısa vəsatətlərinin olub-olmamasını soruşur. Tərəflər heçbir vəsatətlərinin olmadığını bildirirlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon qablaşdırılır və hər iki zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Təhqiqatçı qarlaşdırılmış kütlənin Məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini bildirir. Daha sonra müdafiəçi Təqsirləndirilən şəxs neçi ildir narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olub olmadığını, eyni zamanda polis əməklaşları tərəfindən saxlanılarkən ona qarşı hər-hansı bir zorakılıq olunub-olunmadığını soruşur. Təqsirləndirilən şəxs təxminən 13 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunmuş narkotik vasitənin olan məxsus olduğunu, saxlanılarkən və polis idarəsində olarkən ona qarşı heç bir zorakılıq edilmədiyini bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/633 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Məmmədovun üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,460 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi-1,460 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq-1,360 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1387 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimuliyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş 28 aprel 2023-ci il tarixli 1(060)-64/2023 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə onun cəzasının əvvəlinin 28 aprel 2023-cü ildən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun üzərindən aşkar olunmuş narkotikin çəkisi, narkomaniya xəstəliyindən əziyyət çəkməsi və barəsində hazırki cinayət əməlini törətməmişdən əvvəl CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində cinayət işinin olmasına baxmayaraq yenidən qəsdən cinayət törətməsi nəzərə alınaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 09 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarı ilə həbs müddətinin başlanığıcı xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, hazırki iş üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qivvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,360 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumu dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 ay 28 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,360 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumu dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar