Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-439/2021 07.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, X2 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda orada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs 31.05.2021-ci il tarixdə, saat 12:10 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, birgə yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı X3 baş və əl zərbələri ilə vuraraq sonuncuya alın-təpə nahiyyəsinin hematoması, sol qaşüstü nahiyyənin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fərdi evdə ailəsi ilə yaşamışdır. 31.05.2021-ci il tarixdə saat 12:10 radələrində birgə yaşadıqları ünvanda olarkən həyat yoldaşı Zərərçəkmiş şəxs ona xörək verməsini xahiş etdikdə Aynur onunla kobud danışaraq evə heç nə almadığı üçün xörək bişirmədiyini bildirmişdir. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Mübahisə ərəfəsində o əsəbiləşərək kəllə zərbəsi ilə Aynurun alnına, əl zərbələri ilə sifətinə vurmuşdur. Həmin vaxtdan ailəsindən ayrı, yəni qeydiyyatda olduğu ünvan 1 ünvanında qardaşı ilə yaşayır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 31.05.2021-ci il tarixdə saat 12:10 radələrində birgə yaşadıqları Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fərdi evdə olarkən həyat yoldaşı Təqsirləndirilən şəxs ona xörək verməyini istəmişdir. O evdə bişirməyə heç nə olmadığından xörək bişirmədiyini bildirdikdə Mehman əsəbləşərək onunla mübahisə etməyə başlamış və mübahisə ərəfəsində kəllə zərbəsi ilə alnına, əl zərbələri ilə sifətinə vurmuşdur. Barışmaq və təqsirləndirilən şəxsi bağışlamaq fikri yoxdur, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs artıq onunla yaşamır, qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayır. Şahid ifadəsində bildirmişdir ki, 31.05.2021-ci il tarixdə saat 12:30 radələrində qardaşı Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs ona zəng edərək, Mehmanla onun arasında ailə-məişət münasibətləri zəminində münaqişə olduğunu, münaqişə zamanı Mehmanın əl zərbələri ilə onun sifətinə, kəllə zərbəsi ilə onun başına vuraraq onu döydüyünü bildirmişdir. O Mehman tərəfindən döyülməsi barədə polisə müraciət etməsini Aynura tövsiyə etmişdir. İş materiallarında olan 01.06.2021-ci il tarixli, 598 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: alıntəpə nahiyyəsinin hematoması, sol qaşüstü nahiyyənin qançırı.Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla 31.05.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.(i.v 10-11) İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs və X5 2010-cu il fevral ayının 5-də ailə qurmuşlar(i.v 18). İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 02.04.2010 və 27.10.2012-ci il təvəllüdlü iki uşağı vardır.(i.v 19-20) İş materiallarında olan 03.06.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 24) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 04.06.2021-ci il tarixli 2013 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 30) İş materiallarında olan Sumqayıt şəhər 2 nömrəli poliklinikasının 07.06.2021-ci il tarixli 256 nömrəli məktubundan görünür ki, Kərimov Ceyhun Cəbrayıl oğlu Sumqayıt şəhər 2 nömrəli poliklinikasının psixiatrik kabinetinə müraciət etməyib, ambulatory kartası yoxdur.(i.v 31) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 08.06.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının 07.02.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin A bəndi, 143cü maddəsinin 4-cü hissəsi, 38-ci maddələrinə əsasən əmlakı müsadirə olunmaqla 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 29.09.1998-ci ildə Azərbaycan Respublikası CM-nin 50-2-ci maddəsinə əsasən əməyə mütlıq cəlb olunmaqla 03 il 03 ay 09 gün azadlıqdan şərti məhrum olunub. Bundan başqa o Yasamal Rayon Məhkəməsinin 19.12.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci və 67-ci maddələri ilə 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07.02.2003-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 01 il 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Hazırda məhkumluğu olmayan şəxsdir. (i.v 32-34) Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhəri, Yasamal Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhəri, Yasamal Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-439/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-439/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver