Məhkəmə qərarları › İş №1(060)-44/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-44/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-44/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, xüsusi ittiham qaydasında şikayət verən şəxsin nümayəndəsi və vəkili Nümayəndə, təqsirləndirilən şəxs X11 oğlunun və onun vəkili Müdafiəçi iştirakları ilə, 23.08.1986-cı ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Laçın rayonu, Səfiyan kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 31/14, mənzil 30-da yaşayan X11 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Nicat Müqabil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı X10 şikayətini onunla əsaslandırmışdır ki, 23.08.1986-cı ildə Laçın rayonu, Səfiyanlı kəndində doğulmuş, Sumqayıt şəhəri, 41-ci məhəllə, Tibb kollecinin yataqxanasında yaşayan X11 oğlu “Nicat Hasanov” adlı facebook internet səhifəsində onun doğma qardaşı X3 fotoşəkilini yerləşdirməklə aşağıdakı şərhləri yazmışdır: “Laçınlılardan soruşuram: Bu mamasıgöyçək, şərəfsizi tanıyırsınız? Bir vaxtlar Laçında anasını tutub atasının əlindən alırdılar.. İndi yaman qürurlu gəzirlər. Deyəsən kimə borclu olduqlarını unudublar... kim deyər, buna Sumqayıtda 2 saylı Ərazi Vergilər Departamentində rəis vəzifəsində işlədiyi dövrdə, öz tabeçiliyindəki işçilərdən qorxduğuna görə hansı ləqəb verilmişdi...?!” X11 oğlu “Nicat Hasanov” adlı facebook internet səhifəsində həmin şərhi yerləşdirməklə, onu, qardaşını və yaxın qohumlarını təhqir etmişdir, yəni kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Qeyd edir ki, X11 oğlu onların ailəsinin tanıdığı həmyerliləridir. O, 2015-ci ildən 2 saylı Sumqayıt Ərazi Vergilər Xidmətində büdcədən kənar fond hesabına işləmişdir. 2015-ci ildə onun doğma qardaşı S.Vəliyev 2 saylı Sumqayıt Ərazi Vergilər Xidmətinin rəisi vəzifəsində işləmişdir. X11 oğlu öz hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş və cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində ona birbaşa mənəvi ziyan vurmuşdur. Buna görə o, öz şərəf və ləyaqətini müdafiə etmək hüququndan istifadə edərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxsin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında şikayətdə qeyd olunanların nəzərə alınaraq, X11 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X11 oğlu xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, «Nicat Hasanov» adlı facebook internet səhifəsi ona məxsusdur. O, 2015ci ildə 2 saylı Sumqayıt Ərazi Vergilər Xidmətində büdcədən kənar fond hesabına işləmişdir. Rəisi həmyerlisi X8 olmuşdur. X8 2 saylı Sumqayıt Ərazi Vergilər Xidmətinin rəisi vəzifəsində işləyərkən qanunsuz olaraq onu işdən çıxartdırmış, onun karyerasını məhv etmişdir. Hazırda o, heç yerə işə düzələ bilmir. Buna görə də o, özünə məxsus «Nicat Hasanov» adlı facebook internet səhifəsində bilə-bilə şikayətdə göstərilənləri yazmışdır. Lakin o, Arif Vəliyevin onu məhkəməyə verməsini düzgün hesab etmir. Çünki onun özünün barəsində belə bir yazı olsa idi məhkəməyə müraciət etmək əvəzinə, həmin şəxsin qapısını döyüb məsələni başqa yolla həll edərdi. Səməd Vəliyevin atası Ədil vaxtı ilə Laçında öz arvadını götürüb qaçanda həmin qadının qohumları Ədil kişini cəzalandırmaq istəmiş, lakin onun ana babası rayonda hörmətli şəxs olduğuna görə məsələni qaydaya qoymuş, onları barışdırmışdır. Özünə məxsus «Nicat Hasanov» adlı facebook internet səhifəmdə “bir vaxtlar Laçında anasını tutub atasının əlindən alırdılar.. İndi yaman qürurlu gəzirlər. Deyəsən kimə borclu olduqlarını unudublar...” cümlələrini həmin halı nəzərdə tutub yazmışdır. Təqsirləndirilən şəxs X11 oğlu xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan “Nicat Hasanov” adlı facebook internet səhifəsində qeyd olunmuş sözləri yazdığını, lakin həmin sözlərin şərəf və ləyaqəti alçaldan sözlər olmadığını və onun heç bir təqsirinin olmamasını bildirərək barəsində hazırki iş üzrə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs X11 oğlunun müdafiəçisi Müdafiəçi hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxslə eyni mövqedən çıxış edərək və X11 oğlunun heç bir təqsirinin olmadığını bildirərək sonuncunun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxs X11 oğlu tərəfindən X7 təhqir, yəni kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayətində ittiham etməsinə xüsusi ittihamçı tərəfindən irəli sürülən dəlillərə münasibət bildirərək belə hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş və biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunmuş fotocədvələ tərəflərin birgə iştirakı ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X11 oğlu sosial şəbəkədə X5 şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatlar yaymışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-linqvistik ekspertizasının 27.11.2020-ci il tarixli 4/939 №-li rəyindən görünür ki, ekspert aşağıdakı nəticəyə gəlmişdir: Ekspertizaya təqdim edilmiş, “Facebook” sosial şəbəkəsindəki “Nicat Hasanov” adlı profildən 4 iyun saat 11:47-də paylaşılan yazıda istifadə olunan “mamasıgöyçək” və “Bir vaxtlar Laçında anasını tutub atasının əlindən alırdılar” ifadələri X3 və X5 şərəf və ləyaqətini nalayiq formada alçaldan, onları nüfuzdan salan ifadələrdir. Ekspertizaya təqdim edilmiş, “Facebook” sosial şəbəkəsindəki “Nicat Hasanov” adlı profildən 4 iyun saat 11:47-də paylaşılan yazıda istifadə olunan “şərəfsiz” ifadəsi X3 şərəf və ləyaqətini nalayiq formada alçaldan, onu nüfuzdan salan ifadədir. Ekspertizaya təqdim edilmiş, “Facebook” sosial şəbəkəsindəki “Nicat Hasanov” adlı profildən 4 iyun saat 18:13-də paylaşılan yazıda istifadə olunan “...rəis vəzifəsində işlədiyi dövrdə öz tabeçiliyindəki işçilərdən qorxduğuna görə hansı ləğb verilmişdir...?! ifadəsi X6 nüfuzdan salan ifadədir. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun “Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi”ndən bəhs edən 10-cu maddəsində deyilir ki, …dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şaiyələr, yalan və qərəzli yazılar, …çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı hüququ təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsində də nəzərdə tutulur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyasında fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X11 oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Aparılmış məhkəmə istintaqı zamanı X11 oğlunun sosial internet şəbəkəsində X7 təhqir etməsi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 oğlunun özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş xüsusi ittihamçının nümayəndəsi və vəkilinin ifadəsi və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən,cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən X11 oğlunun cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə X11 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və belə hesab edir ki, X11 oğlunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat X11 oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən X11 oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 18.08.2020-ci il tarixli (iş № 1(060)-402/2020) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 197-198, 344-347, 349, 350, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X11 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinsin və o 1.200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat X11 oğlundan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən X11 oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar