Məhkəmə qərarları › İş №1(060)-440/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-440/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-440/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi - 0,380 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 01 fevral 2022-ci il tarixdə, saat 20:50 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, Sülh küçəsində yerləşən qəsəbə məscidinin yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə alüdəçisidir. Ağrılarına görə narkotik vasitələrdən təxminən 5-6 aydır ki, istifadə edir. Narkotik vasitələri Bakı və Sumqayıt şəhərlərində tanımadığı şəxslərdən əldə etmişdir. Belə ki, 30 yanvar 2022-ci il tarixdə, axşam saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə olarkən narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxsdən ona narkotik vasitə satmasını istəmiş və aralarındakı razılığa əsasən həmin şəxsdən 20 manata şəxsi istifadəsi üçün 01 bükümdə narkotik vasitə heroin almışdır. Əldə etdiyi narkotik vasitəni əynindəki şalvarın sağ yan cibinə qoymuş və həmin şəxsdən uzaqlaşıb Sumqayıt şəhərində yerləşən yaşadığı ünvana getmişdir. Həmin gün bədənində ağrılar olmadığından aldığı narkotik vasitədən istifadə etməyib əynindəki şalvarın sağ yan cibində saxlamışdır. Lakin 01 fevral 2022-ci il tarixdə bədənində ağrılar olduğundan aldığı narkotik vasitəni istifadə etmək üçün yaşadığı ünvandan çıxıb, əksərən narkotik vasitəni Corat qəsəbəsində istifadə etdiyi üçün yenidən həmin əraziyə getmişdir. 01 fevral 2022-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi ərazisində yerləşən, qəsəbə məscidinin yaxınlığında piyada hərəkət edib narkotik vasitəni istifadə edə biləcəyi sakit bir yer axtararkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlaması, narkotik vasitələrdən istifadə etməsi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər, o, qarşılıq vermədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan cibində saxladığı narkotik vasitə heroini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümünü təqdim edib, həmin bükümün içində narkotik vasitə heroin olduğunu demişdir. Sonradan təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantı rütbəsindədir. İcraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 01 fevral 2022-ci il tarixdə, saat 20:50 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Təzə Corat qəsəbəsində yerləşən qəsəbə məscidinin yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət etmişlər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş və o da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən 01 ədəd siqaret kağız bükümün içində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən bükümün içinə baxılıb narkotik vasitə heroin aşkarlanmışdır. Aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmişdir. Daha sonra narkotik vasitə heroin kütləsi ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün iki gün əvvəl, yəni 30 yanvar 2022-ci il tarixdə tanımadığı şəxsdən 20 manata Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitətələrin satışı ilə məşğul olması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroini haradan və ya kimdən əldə etməsi barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 01 fevral 2022-ci il tarixdə, saat 20:50 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Faiq Mirzəyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 03 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” aparılması haqqında protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə, saat 20:50 dəqiqədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsində yerləşən qəsəbə məscidinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümü təqdim etmiş, bükümün içinə baxıldıqda narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş və elektron tərəzidə çəkilərək çəkisi 0,62 qram olmuşdur. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün iki gün əvvəl, yəni 30 yanvar 2022-ci il tarixdə Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq olunmadığını bildirmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 fevral 2022-ci il tarixli, 6/658 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi -0,380 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işi üzrə təyin edilmiş 26 fevral 2022-ci il tarixli, 980 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,380 qram (qalıq -0,330 qram) narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD maddi sübut hesab edilmiş, tədqiqata sərf edilmiş hissəsi çıxarılmaqla qalıq qalmış - 0,330 qram narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxs ailəlidir və onun xx.xx.2005-ci il təvəllüdlü Xədicə və xx.xx.2010-cu il təvəllüdlü Həsən adlı iki uşağı vardır. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs əldə etdiyi 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi - 0,380 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci və 59.1.4-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ilkin ümumi təmiz çəkisi 0,380 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, 0,330 qram heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə tutulmuş, 03 fevral 2022-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 21 (iyirmi bir) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 126 (yüz iyirmi altı) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 03 fevral 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 27, mənzil 106 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin, hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Sumqayıt şəhər narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ilkin ümumi təmiz çəkisi 0,380 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq 0,330 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar