Məhkəmə qərarları › İş №1(060)-440/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-440/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-440/2023 06.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 6-cı mikrorayon, Kristal ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 10 dekabr 2022-ci il tarixdə, saat 00:30 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 31/14 saylı binanın 1-ci blokunun girişindəki X1 məxsus saxlanc yerindən oğurluq etmək məqsədilə binanın zirzəmisi ilə hərəkət edərək saxlanc yerinə qanunsuz daxil olmaqdan ötrü həmin yerin arxa divarına hörülmüş mişar daşlarını bir-birindən ayırıb zirzəmiyə yığdıqdan sonra Təqsirləndirilən şəxs2 orada qalmış, özü isə saxlanc yerinə daxil olub oradan götürdüyü 01 (bir) ədəd qiyməti 100 (bir yüz) manat olan Çin Xalq Respublikası istehsalı, istifadə olunmuş, “Stels” markalı, 24 ölçülü, sükanı əl əyləcli və 01 (bir) ədəd qiyməti 180 (bir yüz səksən) manat olan Çin Xalq Respublikası istehsalı, istifadə olunmuş, “Audi” markalı, 24 ölçülü, sükanı əl əyləcli velosipedləri zirzəmidə gözləyən Təqsirləndirilən şəxs2 verməklə ilk əvvəl oradan, daha sonra isə birlikdə zirzəmidən çıxarıb velosipedləri öz aralarında bölüşdürməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə 10 dekaər 2022-ci il tarixdə, saat 00:30 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 31/14 saylı binanın 1-ci blokunun girişindəki X1 məxsus saxlsnc yerindən oğurluq etmək üçün binanın zirzəmisi ilə hərəkət edərək saxlanc yerinə qanunsuz daxil olmaqdan ötrü həmin yerin arxa divarına hörülmüş mişar daşlarını bir-birindən ayırıb zirzəmiyə yığdıqdan sonra o, zirzəmidə qalmış, Ə. Baxşəliyev isə saxlanc yerinə daxil olub oradan götürdüyü 01 (bir) ədəd qiyməti 100 (bir yüz) manat olan Çin Xalq Respublikası istehsalı, istifadə olunmuş, "Stels" markalı, 24 ölçülü, sükanı əl əyləcli və 01 (bir) ədəd qiyməti 180 (bir yüz səksən) manat olan Çin Xalq Respublikası istehsalı, istifadə olunmuş, ‘"Audi” markalı, 24 ölçülü, sükanı əl əyləcli velosipedləri ona verməklə ilk əvvəl saxlanc yerindən, daha sonra isə birlikdə zirzəmidən çıxarıb öz aralarında bölüşdürməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 280 (iki yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Subaydır. Əvvəllər fərdi əməklə məşğul olub qazanc əldə etmiş, lakin son zamanlar dəmir tullantılarının yığımından başqa heç bir işlə məşğul olmadığı üçün maddi imkanı yaxşı olmamış, ev üçün ərzaqı borca almış və narkotik vasitə və ya psixotrop maddə əldə edə bilməmişdir. Bu səbəblə də oğurluq edib qazanc əldə etmək qərarına gəlmişdir. Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən, 31/14 saylı binanın 3-cü blokunun girişində yerləşən kilitlənməmiş saxlanc yerindən zirzəmiyə daxil olub dəmir axtarmağa başlamış, zirzəmidə dəmir tullantıları axtararkən həmin binanın 1-ci blokuna düşən hissədə yerləşən saxlanc yerinin, zirzəmiyə düşən arxa tərəfinə hörülmüş mişar daşlarından bir neçəsinin yerə düşdüyünü və içərinin göründüyünü müşahidə etmişdir. Həmin yerdən saxlanc yerinin içinə baxdıqda içəridə 02 (iki) ədəd velosipedin olduğunu görmüşdür. Həmin velosipedləri zirzəmi tərəfdən saxlanc yerinə daxil olaraq götürə bilməyəcəyindən, zirzəmidən yenidən binanın 3-cü blokuna düşən hissədən çıxıb, binanın birinci blokuna gəlmiş, lakin saxlanc yerinin qapısı kilitli olduğundan oradan da daxil olmağı mümkün olmamış və bu səbəblə də, binanı tərk edib uzaqlaşmışdır. Belə ki, 09 dekabr 2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Göyərçin” marketinin yaxınlığındakı çayxanada olarkən tanışı olan “Kablı” ləqəbli Təqsirləndirilən şəxs2 ilə qarşılaşmışdır. Aralarında söhbətləşdikləri zaman Təqsirləndirilən şəxs2 iş yeri tapa bilmədiyini, bu səbəblə də maddi imkanının yaxşı olmadığını demiş, o, özünün də uzur müddətdir işsiz olduğunu, qazanc əldə etmək üçün dəmir tullantılarının yığımı ilə məşğul olduğunu, lakin dəmir tullantılarının satışından əldə etdiyi pulun heç narkotik vasitə əldə etməsinə bəs etmədiyini və işlərinin olmadığı üçün oğurluq etmədən qazanc əldə etmələrinin mümkün olmuyacağını, birlikdə oğurluq edib qazanc əldə edə biləcəklərini deyib, dəmir tullantıları tapmağından ötrü Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 31/14 saylı binanın zirzəmisində olarkən həmin binanın 1-ci blokuna düşən hissədə yerləşən saxlanc yerində 02 (iki) ədəd velosiped gördüyünü, saxlanc yerinin giriş qapısının kilitli olduğunu, lakin həmin binanın 3-cü blokunun girişdə yerləşən saxlanc yerinin kilitli olmadığını, həmin yerdən zirzəmiyə daxil olub, binanın 1-ci blokuna düşən hissisinə gedib, zirzəmidən saxlanc yerinə arxa divarına hörülmüş və köhnə olduqlarına görə tökülməkdə olan mişar daşlarını bir-birindən ayırıb saxlanc yerinə daxil olaraq həmin velosipedləri oğurlamağı təklif etmişdir. Təqsirləndirilən şəxs2 velosipedin satışından əldə edəcəyi qazancla ən azından özünə spirtli içki ala biləcəyini deyib onunla razılaşmışdır. Belə ki, oğurluq etmələrindən ötrü onlar 10 dekabr 2022-ci il tarixdə, saat 00:30 radələrində həmin binanın qarşısına gəlmiş və binanın 3-cü blokunun girişində yerləşən kilitlənməmiş saxlanc yerinin qapısından binanın zirzəmisinə düşmüşlər. Zirzəmi ilə hərəkət edib binanın 1-ci blokunun giriş hissəsinin üzbəüzündə yerləşən saxlanc yerinin arxa tərəfinə çatmışlar. Bu zaman oğurluq etmələrindən ötrü o, həmin yerə yaxınlaşıb, Təqsirləndirilən şəxs2 da yanına çağıraraq mişar daşlarının söküldüyü yerdən saxlanc yerinin içinə baxmağını istəmiş, Təqsirləndirilən şəxs2 içəri baxdıqda onun dediyi kimi saxlanc yerinin içində “Stels” və “Audi” markalı olmaqla 02 (iki) ədəd velosipedin olduğunu görmüş, daha sonra həmin velosipedləri oradan oğurlamaq üçün birlikdə saxlanc yerinin arxa hissəsinə hörülmüş mişar daşlarını bir-birindən ayırıb zirzəmiyə yığaraq içəri daxil olub oradan velosipedləri bir-bir Təqsirləndirilən şəxs2 vermişdir. Saxlanc yerinin giriş qapısı kilitli olduğundan onlar birlikdə velosipedləri zirzəmi ilə hərəkət etdirib binanın 3-cü blokundan küçəyə çıxarmış və “Stels” markalı velosipedi o, özünə, “Audi” markalı velosipedi isə Təqsirləndirilən şəxs2 götürdükdən sonra bir-birilərindən sağollaşıb ayrılmışlar. O, birbaşa yaşadığı Sumqayıt şəhəri, Kristal Abşeron yaşayış massivi, 35E saylı binaya gəlib, günorta saatlarınadək velosipedi dəhlizdə saxlamışdır. Həmin tarixdə günorta saatlarında velosipedi satıb qazanc əldə etməsindən ötrü Sumqayıt şəhər ərazisində velosipedlə hərəkət edib Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Göyərçin” marketin yaxınlığındakı çayxanaya gəlmiş, orada müştəri qismində olan tanımadığı bir şəxsə oğurladığı velosipedin özünə məxsus olduğunu deyib 30 (otuz) manata satmışdır. Həmin pulu daha sonra şəxsi təlabatına xərcləmişdir. Oğurluq Təqsirləndirilən şəxs2 ilə onun tərəfindən törədilmiş, onlara köməklik edən və ya əməlin törədilməsində iştirak edən digər şəxslər olmamışdır. Velosipedin birinin qaytarılmasını və əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, subaydır. 09 dekabr 2022-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Göyərçin” marketinin yaxınlığındakı çayxanada olarkən tanışı Təqsirləndirilən şəxs1 ilə qarşılaşmış, aralarında söhbətləşdikləri zaman Təqsirləndirilən şəxs1 iş yeri tapa bilmədiyini, bu səbəblə də maddi imkanının yaxşı olmadığını demişdir. Təqsirləndirilən şəxs1 isə özünün də uzun müddətdir işsiz olduğunu, qazanc əldə etmək üçür dəmir tullantılarının yığımı ilə məşğul olduğunu, lakin dəmir tullantılarının satışından əldə etdiyi pulun heç narkotik vasitə əldə etməsinə bəs etmədiyini və iş yerinin olmaması səbəbindən oğurluq etmədən qazanc əldə etməyin mümkün olmayacağını, birlikdə oğurluq edib qazanc əldə edə biləcəklərini deyərək, dəmir tullantıları tapmasından ötrü Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 31/14 saylı binanın zirzəmisində olarkən həmin binanın 1-ci blokuna düşən hissədə yerləşən saxlanc yerində 02 (iki) ədəd velosiped gördüyünü və həmin velosipedləri oğurlamağı təklif etmişdir. O, velosipedin satışından əldə edəcəyi qazancla ən azından özünə spirtli içki ala biləcəyini fikirləşib Təqsirləndirilən şəxs1lə razılaşmışdır. Belə ki, oğurluq etmələrindən ötrü onlar 10 dekebr 2022-ci il tarixdə, saat 00:30 radələrində həmin binanın qarşısına gəlmiş və binanın 3-cü blokunun girişində yerləşən kilitlənməmiş saxlanc yerinin qapısından binanın zirzəmisinə düşmüşlər. Zirzəmi ilə hərəkət edib binanın 1-ci blokunun giriş hissəsinin üzbəüzündə yerləşən saxlanc yerinin arxa tərəfmə çatmışlar. Saxlanc yerinin arxa hissəsi mişar daşları ilə hörülmüş və mişar daşlarının bir neçəsi söküldüyündən saxlanc yerinin içərisi görsənirdi. Bu zaman Təqsirləndirilən şəxs1 oraya yaxınlaşıb, onu da yanına çağıraraq mişar daşlarının söküldüyü yerdən saxlanc yerinin içinə baxmağını istəmiş, o, içəri baxdıqda Təqsirləndirilən şəxs1 dediyi kimi orada 02 (iki) ədəd “Stels” və “Audi” markalı velosipedlərin olmasının şahidi olmuşdur. Daha sonra həmin velosipedləri oradan oğurlamaq üçün birlikdə saxlanc yerinin arxa hissəsinə hörülmüş mişar daşlarını birbirindən ayırıb zirzəmiyə yığmışlar və Təqsirləndirilən şəxs1 içəri daxil olub oradan velosipedləri bir-bir ona ötürərək vermişdir. Saxlanc yerinin giriş qapısı kilitli olduğundan onlar birlikdə velosipedləri zirzəmi ilə hərəkət etdirib binanın 3-cü blokundan küçəyə çıxartmış və “Audi” markalı velosipedi o, özünə, “Stels” markalı velosipedi isə Təqsirləndirilən şəxs1 götürdükdən sonra bir-birilərindən sağollaşıb ayrılmışlar. O, velosipedi müştəri tapıb satanadək yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27, mənzil 1 ünvanına gətirmişir. Ev sakinləri velosipedin kimə məxsus olduğunu ondan soruşduqda dostu tərəfindən müvəqqəti istifadəsi üçün ona verildiyini deyib, oğurluq əməlini onlardan gizlətmişdir. Daha sonra polis əməkdaşları tərəfindən sözügedən oğurluq əməli aşkar olunduğundan tərəfindən oğurladığı 01 (bir) ədəd "Audi” markalı velosiped təqdim olunmuşdur. Oğurluq Təqsirləndirilən şəxs1 ilə onun tərəfindən törədilmiş, onlara köməklik edən və ya əməlin törədilməsində iştirak edən digər şəxslər olmamışdır. Velosipedin birinin qaytarılmasını və əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, evlidir, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Fərdi əməklə məşğul olaraq qazanc əldə edib dolanışığını təmin edir. Yaşadığı binanın 1-ci blokunun girişindəki ona məxsus saxlanc yerindən velosipedlərin oğurlanması ilə bağlı DİN-nin 102 xidmətinə məlumat və həmçinin Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət onun tərəfindən edilmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, təxminən 02 (iki) ildir ona məxsus velosipedləri yaşadığı binanın 1-ci blokunun girişində yerləşən saxlanc yerində saxlayır. Saxlanc yerinin qapısının açarı yalnız özündə olur. 10 dekabr 2022-ci il tarixdə, saat 00:30 radələrində evdə olarkən binanın blokundan səs gəldiyini eşitmişdir. Dərhal saxlanc yerindən oğurluq olunduğunu düşünüb çölə çıxaraq saxlanc yerinə yaxınlaşmış, lakin saxlanc yerinin qapısının kilitinə müdaxilə olunmadığını görüb mənzilə geri qayıtmışdır. 12 dekabr 2022-ci il tarixdə, saat 17:00 radələrində velosipedlərdən birini götürmək üçün saxlanc yerinin qapısını açdıqda saxlanc yerinin arxa divarının söküldüyünü, hörülmüş mişar daşlarının zirzəmiyə atıldığını və orada olan ona məxsus 01 (bir) ədəd “Audi” markalı 24 ölçülü və 01 (bir) ədəd “Stels” markalı 24 ölçülü velosipedlərin yerində olmadığını görmüşdür. Saxlanc yerinin arxa tərəfinin divarı söküldüyündən və saxlanc yerinin qapısının kilitinə heç bir müdaxilə olmadığından velosipedlərin binanın zirzəmisi ilə çıxarılıb oğurlandığı qənaətinə gəlib bu barədə DİN-nin 102 xidmətinə zəng edənək məlumat vermiş, daha sonra ərizə ilə Polis Bölməsinə müraciət etmişdir. Belə ki, yaşadığı binanın 3-cü blokunun girişində zirzəmiyə düşülən yerin qapısında kilit olmadığından binanın zirzəmisinə oradan birbaşa daxil olmaq mümkündür. Oğurlanmış 01 (bir) ədəd Çin Xalq Respublikası istehsalı 24 ölçülü, sükanı əl əyləcli "Stels“ markalı velosipedin istifadə edilmiş vəziyyətdə təxmini qiyməti 100 (bir yüz) manat olduğundan və 01 (bir) ədəd Çin Xalq Respublikası istehsalı 24 ölçülü, sükanı əl əyləcli “Audi” markalı velosipedin istifadə edilmiş vəziyyətdə təxmini qiyməti 300 (üç yüz) manat olduğundan ümumilikdə ona oğruluq əməli nəticəsində 400 (dörd yüz) manat dəyərində maddi ziyan dəymişdir. Ona məxsus başqa hər hansı bir əşya oğurlanmamışdır. "Audi” markalı velosiped ona qaytarılmış, “Stels” markalı velosiped isə qaytarılmamışdır. Təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və onlara qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 fevral 2023-cü il tarixli, 9/271 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd Çin Xalq Respublikası istehsalı, istifa|də olunmuş, “Stels” markalı, 24 ölçülü, sükanı əl əyləcli velosipedin orta bazar qiyməti 100 (bir yüz) manat, 01 (bir) ədəd Çin Xalq Respublikası istehsalı, istifadə olunmuş, “Audis” markalı, 24 ölçülü, sükanı əl əyləcli velosipedin qiyməti 180 (bir yüz səksən) manat olmaqla 02 (iki) adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 280,00 (iki yüz səksən) manat müəyyən edilir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-440/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə hazırlıq iclaslarına gəlmədikləri üçün barələrində həbssiz axtarış elan olunmuş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2023-cü il tarixli məktublarından və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokollardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişlər. İş materiallarında olan 14 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan 12 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli Zərərçəkmiş şəxs məxsus velosipedlərin oğurlandığı saxlanc yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, saxlanc yeri Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 31/14 saylı binanın birinci blokunun girişində yerləşir, saxlanc yerinin qapısının qıfılına hər hansı bir müdaxilə olunmamışdır, saxknc yerinin arxa divarına hörülmüş mişar daşları çıxarılaraq zirzəmiyə yığılmış, həmin yerdən saxlanc yerinə daxil olunaraq 01 (bir) ədəd "Stels" markalı velosiped və 01 (bir) ədəd “Audi” markalı velosiped oğurlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd Çin Xalq Respublikası istehsalı, sükanı əl əyləcli, 24 ölçülü “Audi” markalı velosipedi təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkib əlamətləri olmadığına görə onların barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın qismən ödəmələrini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, əməllərini səmimi etiraf etmələrini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzlarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ittiham, müdafiə tərəfini və zərərçəkmiş şəxsi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və İmanov X2 Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50,00 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa maddi sübut olan 01 (bir) ədəd Çin Xalq Respublikası istehsalı, sükanı əl əyləcli, 24 ölçülü “Audi” markalı velosipedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək və xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27, mənzil 1 ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Maddi sübut olan 01 (bir) ədəd Çin Xalq Respublikası istehsalı, sükanı əl əyləcli, 24 ölçülü “Audi” markalı velosipedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar