Məhkəmə qərarları › İş №1(060)-442/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-442/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-442/2025 04.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X6, ev 10, mənzil 48 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 15,216 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq idarə etdiyi avtomobildə saxlamış, 21 aprel 2025-ci il tarixdə saat 20:08-də, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində yerləşən “Mərkəzi Poçt”un arxasında saxlanılıb idarə etdiyi “Opel Astra” markalı **-ET-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə axtarış keçirilmiş və axtarış zamanı avtomobilin salonunda qolaltı hissədən üzəri qara rəngli yapışqanlı lentlə sarınmış 01(bir) ədəd qara rəngli polietilen torbanın içərisindəki şəffaf polietilen torbada təmiz çəkisi 15,216 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 21 04.2025-cı il tarixdə, təxminən saat 20:00 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə, "Mərkəzi Poçt"un arxasında hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı idarə etdiyi avtomobilin qolaltı hisəssində 01 ədəd içərisındə narkotik vasitə olan büküm aşkar edilərək götürülmüş və elektron tərəzidə çəkilmişdir. Bundan sonra isə həmin büküm zərfdə qablaşdırılmış və daha sonra onu Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər. İdarədə xidməti otaqların birində müdafiəçinin iştirakı və video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş. Baxış keçirilməzdən öncə isə ona qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş və o, saxlanılan zaman polis əməkdaşları tərəfindən avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitədən başqa üzərində digər qadağan olunmuş əşya, predmet, narkotik vasitə olmadığını bildirmişdir. Sorğu zamanı o, avtomobilindən aşkar edilərək götürülmüş 01 ədəd bükümün içərisində "marixuana" olduğunu, həmin bükümü saxlanılmamışdan 2 gün əvvəl Hacı Zeynalabdin qəsəbəsi ərazisində Əli adı ilə tanıdığı şəxsdən pulsuz olaraq aldığını və şəxsi istifadəsi üçün avtomobilində gəzdirdiyini bildirmişdir. Bundan başqa üzərində olan geyimlərin cibində saxladığı bir ədəd "İtel" markalı və bir ədəd "Redmi" markalı mobil telefonu, bir ədəd alışqanı, avtomobilin açarını, qolunda olan bir ədəd saatı, bir ədəd “BirBank” kartı və 1 manat pulu təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş mobil telefonlar və bir ədəd “BirBank” kartı iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Avtomobilin açarı avtomobilə baxış keçirilməsi zərurəti yarandığından özünə verilmiş və çəkiliş dayandırılmadan Sumqayıt ŞPİ-nin inzibati binasının həyətində saxlanılan, onun idarə etdiyi “Opel Astra” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə və s. aşkar edilməmişdir. Hazırda o, etdiyi əməldən peşman olduğunu və narkotik vasitələrdən asılılığın olmadığını, həmçinin himayəsində iki az yaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, 21 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, idarə etdiyi “Opel Astra” markalı **-ET- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində yerləşən “Mərkəzi Poçt”un arxasında əməliyyat müşahidəsinə götürülmüşdür. 21 aprel 2025-ci il tarixdə, təqribən saat 20:00 radələrində Təqsirləndirilən şəxs həmin yerdə tək piyada hərəktədə olduğunu gördükdən sonra videokamera vasitəsilə çəkiliş aparmağa başlamışlar. Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşaraq saxlamış və özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hasnı əşya və ya narkotik maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs də idarə etdiyi “Opel Astra” markalı **-ET-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qolaltı hissəsində qara rəngli bükümü bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində spesifik iyə malik narkotik maddə qurudulmuş marixuanaya bənzər maddənin olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin marixuana olduğunu, həmin maddəni Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsində Əli adlı şəxsdən şəxsi istifadəsi üçün alıb idarə etdiyi avtomobildə gəzdirdiyini bildirmişdir. Həmin büküm elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılmış və qablaşdırmanın üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bank kartı və bir ədəd 1 manatlıq pul əskinası, 01 ədəd “Redmi” və 01 ədəd “İtel” markalı mobil telefon aşkar edilərək təhqiqata təqdim edilməsi üçün özünə qaytarılmışdır. Daha sonra isə videoçəkiliş dayandırılaraq digər prossesual hərəkətlərin aparılması üçün Təqsirləndirilən şəxs polis idarəsinə aparmışlar. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində və avtomobilində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərindən və ya avtomobilindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Aşkar olunmuş həmin maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs götürülmüş iki ədəd mobil telefon və 01 ədəd bank kartı da iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülüb qablaşdırılmış, axtarış aparılması barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 aprel 2024-cü il tarixli 16/228 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütə...” yazılar və imzalar olan kağız paketdə, üzəri qara rəngli yapışqanlı lentlə sarınmış 01(bir) ədəd qara rəngli polietilen torbanın içərisindəki şəffaf polietilen torbada təmiz çəkisi 15,216 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qudurulmuş marixuanadır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 23 aprel 2025-ci il tarixli 2315 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxsn əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:08-də şübhəli şəxs qismində saxlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsi MSY-dən azad etməklə, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardadan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin X3 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İ materiallarında olan şəxsiyyət vəsiqələrinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30.1.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 adlı iki az yaşlı uşağı var. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətməsi özünün səmimi etirafı və şahidlərin ifadəsi, video görüntülər və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 15,216 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq idarə etdiyi avtomobildə saxlamış, 21 aprel 2025-ci il tarixdə saat 20:08-də, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində yerləşən “Mərkəzi Poçt”un arxasında saxlanılıb idarə etdiyi “Opel Astra” markalı **-ET-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə axtarış keçirilmiş və axtarış zamanı avtomobilin salonunda qolaltı hissədən üzəri qara rəngli yapışqanlı lentlə sarınmış 01(bir) ədəd qara rəngli polietilen torbanın içərisindəki şəffaf polietilen torbada təmiz çəkisi 15,216 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası həddi daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi onun himayəsində iki az yaşlı uşağının olmasıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 aprel 2025-ci il tarixdən 23 aprel 2025-ci il tarixədək tutulduğu iki gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 15,166 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana qanuna müvafiq qaydada məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 63 (altımış üç) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat vaxt sərf etmişdir. Ona görə də 66 (altımış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 aprel 2025ci il tarixdən 23 aprel 2025-ci il tarixədək tutulduğu iki gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,166 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 63 (altımış üç) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 66 (altımış altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar