Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-447/2025 25.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 227,425 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş “marixuana” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 11 mart 2025-ci il tarixdə saat 18:40-da həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 34-cü məhəllə, 15/16 nömrəli yaşayış binasının qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan qırmızı rəngli dəri qolsuz gödəkçəsinin iç hissəsində saxladığı şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə çəkisi 227,425 qram olan həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etmişdir və məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə məhkum yoldaşı ona zəng vurmuş və ona 20 manata narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Həmin danışığa görə Sumqayıt şəhərinə gəlmiş və məhkum yoldaşına 20 manat vermişdir. Sonuncu bir neçə saatdan sonra həmin maddəni alıb ona gətirmişdir. Bundan az sonra üç nəfər polis əməkdaşı ona yaxınlaşmış və ona narkotik vasitəsinin istifadəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları orada çəkiliş apardıqdan sonra onu 5-ci Polis Bölməsinə aparmışlar. Bölmədə polis əməkdaşları üzərində olan bükümü götürərək içərisində qurudulmuş marixuana olan büküm təqdim etmişlər. Polis əməkdaşları əgər həmin bükümün ona məxsus olduğunu demədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə cinayət işi başlanılacağı ilə hədələmişdir. Həmin vaxt ona qarşı hər hansı fiziki təsir və ya təzyiq olmasa da, qorxmuşdur ki, razılaşmasa daha çox narkotik vasitə ilə sənədləşdirmə aparılar. Ona görə də polis əməkdaşlarının təklifi ilə razılaşmaış, onu video çəkiliş olan əraziyə aparmışlar, orada video çəkiliş zamanı polis əməkdaşlarının təqdim etdiyi qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Lakin, qeyd etdiyi kimi video çəkiliş zamanı aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Nakroik vasitənin ona məxsus olmaması barədə müdafiəçisinə də heç nə deməmiş və ya bununla bağlı hər hansı şikayət verməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, təxminən 10 ilə yaxındır ki, Bakı şəhəri, ruhi-əsəb xəstəxanasında qeydiyyatdadır. Belə ki, uşaqlıqda Nefçala rayonunda yaşadığı evin 5-ci mərtəbəsindən yıxılmış və baş nahiyyəsindən əməliyyat olunmuşdur. 5-6 il olar ki, narkotik vasitə olan marixuanadan, heroindən, psixotrop maddə olan metamfetamindən həm inyeksiya həm də yandırıb tüstüsünü udma yolu ilə istifadə edir. Sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 (iki) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 05 (beş) ay 23 (iyirmi üç) gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş və onun xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. xx.xx.2025-ci il tarixdə şəxsi işi ilə bağlı Sumqayıt şəhəri, 34-cü məhəlləyə getmişdir. Orada olan zaman günorta saatlarında ağaclıq sahədə gəzən zaman yerdə şəffaf rəngli bağlama olduğunu görmüş və ona yaxınlaşıb diqqətlə baxan zaman içərisində narkotik vasitə marixuana olduğunu görmüşdür. Həmin bağlamanı götürüb əynində olan qırmızı rəngli qolsuz dəri gödəkçəsinin iç hissəsinə yerləşdirmişdir. Həmin tarixdə eyni ünvanda saat 18:40 radələrində piyada hərəkət edən zaman üç nəfər mülki geyimli şəxslər küçədə ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Polis əməkdaşları özlərini Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Həmin polis əməkdaşlarından biri tutulduğu andan əlində mobil telefon vasitəsi ilə fasiləsiz videoçəkiliş aparmışdır. Daha sonra polis əməkdaşları ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini və videoçəkiliş aparılmaqla üst-başını yoxlayacaqlarını bildirmişlər. O, etiraz etməmiş, daha sonra polis əməkdaşları bir daha özlərini təqdim etmişlər. Onun üzəri yoxlanılmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmaması soruşulmuşdur. Daha sonra özünü təqdim edərək üzərində narkotik vasitə olan “qurudulmuş marixuana” olduğunu bildirmiş, əynində olan qırmızı rəngli dəri gödəkçəsinin iç hissəsində saxladığı şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bağlamanı çıxardıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkar olunan həmin bağlamada nə olduğunu soruşmuş, o bağlamada olan kütlənin narkotik vasitə olan “qurudulmuş marixuana” olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmişdir. Bu zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən mobil telefon, bir ədəd alışqan və bir topa açar aşkar olunmuşdur. Açarlar və alışqan əhəmiyyət kəsb etmədiyi üçün onun özünə geri qaytarılmışdır. Aşkar edilmiş kütlə elektron tərəzi vasitəsi ilə ölçülmüş və həmin çəkisinin 210 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bağlama xüsusi qaydada Azərbaycan Respublikasının DİN-nin 242 saylı möhürü ilə möhürlənəərk qablaşdırılmış, qablaşdırılmış zərf əməliyyatçılar və onun tərəfindən imzalanmışdır. Həmçinin, ona məxsus olan 01 (bir) ədəd “Redmi” markalı mobil telefon da eyni qaydada qablaşdırılmış və imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra video çəkliş dayandırılmışdır. Daha sonra əməliyyat müvəkkilləri onu müvafiq sənədləşmə aparılması üçün tutulduğu yerdən birbaşa Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin inzibati binasına aparmışlar. Onlar bölməyə çatdıqdan sonra xidməti otaqların birində hüquqlarının müdafiəsi məqsədi ilə ona vəkil təqdim edilmiş, vəkilin iştirakı ilə yenidən video çəkiliş aparılmalqa üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə “qurudulmuş marixuana”-ya bənzər kütlənin, həmçinin mobil telefonun qoyulduğu zərflərə baxış və üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Üzərindən əlavə heç bir əşya, yaxud, predmet aşkar olunmışdır. Təhqiqatçı bağlamaları açıb içərisində olan yaşıl rəngli kütləyə baxış keçirmiş, həmin narkotik vasitə yaşıl rəngli kütlə, “qurudulmuş marixuana” bağlamasının üzərindən aşkar olunan bağlama olub-olmadığını soruşmuş və o təhqiqatçının dediklərini təsdiq etmişdir. Daha sonra həmin bağlama tərəzi vasitəsi çəkisi ölçülən zaman bağlama ilə birlikdə çəkisinin 250 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bağlamada olan narkotik vasitə “qurudulmuş marixuana”-ya bənzər kütlə Azərbaycan Respublikası ƏN-nin MEM-ə göndərilməsi üçün yenidən xüsusi qaydada qablaşdırılmış və Azərbaycan Respublikasının DİN-nin 242 saylı möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi, əməliyyatçılar və onun tərəfindən imzalanmışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 34-cü məhəllə, 15/16 saylı yaşayış binasının yaxınlığında saxlamışlar. Özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi və daşıması ilə bağlı şübhəli şəxs kimi saxlanıldığı bildirmişlər, bundan sonra Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin büküm açılan zaman içərisində həqiqətən də narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Büküm elektron tərəzi vasitəsilə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra müvafiq sənədləşmə işinin aparılmasından ötrü Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə aparmışlar. İdarədə ona vəkil təqdim edilmiş, vəklin iştirakı ilə üzərindən aşkar edilmiş və qablaşdırılmış psixotrop maddə təhqiqatçı tərəfdən açılaraq yenidən baxış keçirilmiş və elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Bundan sonra həmin büküm müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra hər hansı etiraz etməmiş, törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 və Şahid3 onlardan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibində saxladığı bir ədəd bükümdə olan kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 94-95-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli və və eyni tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:30-da saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına” dair xx.xx.2025-ci il tarixli protokoldan və həmin tədbir keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 34-cü məhəllə, 15/16 saylı yaşayış binasının yaxınlığında saxlanılmış və sonuncu bundan sonra əynində olan gödəkçənin iç hissəsindən 01 ədəd sellfan torbada olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 30-31-ci vərəqələrində olan “şəxsi axtarışın keçirilməsi” barədə xx.xx.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və polis əməkdaşlarının işitrakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs daha öncədən təqdim etdiyi və qablaşdırılmış kütləyə baxış keçirilərək çəkilmiş, bükümü ilə birlikdə çəkisinin 250 qram olması müəyyən edilmiş və yenidən xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 46-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/65 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” yazıları və imzalar olan sellofan bağlamadakı təmiz çəkisi - 227,425 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 227,425 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 227,375 qram. Cinayət işinin 45-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 227,375 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və təqdim edilən əşyaların götürülməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 127-128-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1686 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs oğu xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzdə (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 124-125-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X6 Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 338 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı bədəni üzərində xəsarət aşkar olunmamışdır. Cinayət işinin 132-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş kompleks məhkəmə psixiartik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli “1896” saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyət psixopatik cizgiləri, anamnezində keçirilmiş kəllə-beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özü və ətrafındakılarına zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamış, törətdiyi əməl zamanı şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Cinayət işinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi düzgün tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsi zamanı qeydə alınmış video görüntülər, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirmişdir ki, saxlanılan zaman hər hansı fiziki təsir və ya təzyiqə məruz qalmamış, yalnız qorxmuşdur ki, etirafedici ifadə verməsə onun barəsində külli miqdarda narkotik vasitəyə görə rəsmiləşdirmə aparılar. Ona görə də təhqiqat və istintaq zamanı hər şeyi etiraf etmiş, indiyədək heç bir orqana qanunsuz hərəkətlər barədə şikayət verməmişdir. Beləliklə də təqsirləndirilən şəxsin saxlanılan zaman və ya daha sonra hər hansı təsir və təzyiqlərə məruz qalması faktı məhkəmə tərəfindən müəyyən edilməmişdir, Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasəsən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 11 mart 2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmamasını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdən 13 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 20 sentyabr 2025-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1686 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və onun Respublika Narkoloji Mərkəzdə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 227,375 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdən 13 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Respublika Narkoloji Mərkəzdə dispanser qeydiyyatında olması nəzərə alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 227,375 qram kustar üsulla narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-447/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-447/2025
25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver