Məhkəmə qərarları › İş №1(060)-449/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-449/2021

24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-449/2021 24.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi X2, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxxx 1987-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi d/у, y/m ev 11, mənzil 21-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixdə saat 15 radələrində özgənin əmlakını gizli yolla talamaqla Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev stansiyasının 2 №-li yoldəyişən qurğuya birləşən hissəsində yolun 100 metrlik hissəsindən sonra 150 metrlik hissədə yerləşən dəmir yol xətlərinə aid, ümumi dəyərləri 244 manat 20 qəpik olan 36 ədəd R-50 tipli calaq bolt-qayka şayba ilə birlikdə, 05 ədəd yol mıxı (kastil), 09 ədəd R-50 tipli rels yanlıqlarını oğurlamış, detallardan 09 ədəd R-50 tipli rels yanlıqlarını səyyar metal qəbulu ilə məşğul olan naməlum şəxsə satdıqdan sonra 36 ədəd R-50 tipli calaq bolt-qaykanı şaybaları ilə birlikdə və 05 ədəd yol mıxlarını (kastilləri) 01 mart 2021-ci il tarixdə saat 17:00 radələrində metal qəbulu məntəqəsinə satmaq üçün gedərkən Baş Sumqayıt st. XPB-nin əməkdaşları tərəfindən H.Z.Tağıyev stansiyası ərazisində saxlanılmış, bununla da o, dəmir yol xətlərinə münasibətdə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, bu fakt 01 mart 2021-ci 11 tarixdə saat 17:00 radələrində Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin əməkdaşlarının Azərbaycan Dəmir Yolları QSC-nin H.Z.X6 Stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı o, saxlanılaraq dəvət olunduğu xətt polis bölməsində üzərinə saat 19:10-19:30 müddətində şəxsi axtarış keçirilərkən, əynindəki cins şalvarın sol ön cibindəki ağ rəngli kağız bükümün içərisindən 0,826 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CMnin 177.2.3-2-ci və 234.1-ci maddələri ilə ona elan olunmuş ittihamda təqsirli bilərək göstərmişdir kı, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi d/у, m/y, ev 11, mənzil 22-də yaşayır. Ailəlidir, İki övladı var. Hazırda heç bir yerdə işləmir. 27 fevral 2021-ci il tarixdə saat 15:00 radələrində o, Sumqayıt şəhəri, stansiya Tağıyev ərazisinə yaşadığı evdən təmiz hava almaq üçün çıxmış, dəmir yolu xətləri ərazisində gəzərkən dəmir yolu xətləri üzərindən detalları oğurlayaraq metal qəbulu məntəqəsinə təhvil verib pul əldə etmək qərarına gəlmişdir. Buna görə də o, əvvəlcə yaşadığı evə gedib evdən bir ədəd ağ rəngdə olan kisə götürüb həmin yerə qayıtmış, ətrafa yaxınlıqda hər hansı bir şəxsin olubolmaması üçün baxmış və gizlin olaraq dəmir yolu xətlərinin üzərindən və yanlarından detalları çıxardaraq özü ilə gətirdiyi kisəyə yığmışdır. Həmin detalları yığdıqdan sonra o, H.Z.Tağıyev qəsəbəsi ərazisində tanımadığı səyyar metal qəbul edən şəxslə rastlaşmış, həmin detalların bir hissəsinin, təxminən 09 ədəd detalı 12 manata satmış, qalan detallar isə özündə qalmışdır. Bundan bir gün sonra o, yaşadığı H.Z.Tağıyev qəsəbəsi ərazisinə çıxarkən yerdən bir ədəd ağ kağıza bükülmüş bükülü tapmış, həmin bükülünü yerdən götürmüş, bükülünün içinə baxmış, içində narkotik vasitə olan heroin olmasını aşkar etmişdir. Əvvəllər o, narkotik vasitələrdən istifadə etdiyi üçün dərhal həmin narkotik vasitəni tanıyaraq öz şəxsi istifadəsi üçün həmin bükülünü götürmüş, bir dəfə həmin narkotik vasitədədən istifadə etmişdir. 01 mart 2021-ci il tarixdə saat 17:00 radələrində o, st. Tağıyev ərazisindən oğurladığı kisədə qalan digər detalları satmaq üçün Tağıyev stansiyası ərazisi ilə gedərkən ona polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim etmiş, əlində olan torbada nə apardığını ondan soruşmuş, ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat verərərək onu Baş Sumqayıt st. XPB-nə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməmiş, onlarla birlikdə bölməyə getmişdir. Polis bölməsində o, Elməddin adlı təhqiqatçının otağına dəvət olunmuş, təhqiqatçı ona hüquq və vəzifələrini bildirərək baş vermiş oğurluqla və üzərində narkotik vasitə daşımağı ilə bağlı daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar üzərinə şəxsi-axtarış keçiriləcəyini, bundan sonra izahatını alacağını ona demişdir. Təhqiqatçı videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsiaxtarış aparmazdan əvvəl ona ciblərində olan əşyaları çıxardıb qarşında olan masanın üzərinə qoymasını təklif etmişdir. O da, əynində olan göy rəngli cins şalvarının ön sol cibində saxladığı 01 ədəd ağ kağız bükümdə olan heroini çıxardaraq masanın üzərinə qoymuş, bükülüdə olan kütlənin narkotik vasitə heroin olmasını bildirmişdir. Sonra təhqiqatçı ondan narkotik vasitələrdən istifadə edib-etmədiyini, narkotik vasitəni hansısa şəxsin ona satıb-satmadığını soruşmuş, o da üzərində aşkar olunan narkotik vasitəni bir gün öncə Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsində yerdən tapdığını demişdir. Sonra təhqiqatçı iştirakçıların yanında ondan əlində olan kisədəki detalları təqdim etməsini xahiş etmiş, o da kisədən detalları yerə boşaldaraq detalların hamısını bir-bir iştirakçılara təqdim edərək 36 ədəd bolt-qaykanı şaybası ilə birlikdə və 05 ədəd yol mıxlarını təqdim etmiş, təqdim etdiyi detallara baxdıqdan sonra təhqiqatçı narkotik vasitə olan heroin bükülüsünü qablaşdırmış, daha sonra işə kisədə olan detalları da qablaşdıraraq ekspertizaya təqdim edilməsi üçün götürmüşdür. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC İD 14 nömrəli H.Z.Tağıyev yol sahəsinin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üztə mütəxəssis vəzifəsində işləyir. 27.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin H.Z.Tağıyev stansiyasının 2 №-li yoldəyişən qurğuya birləşən hissəsində yolun 100 metrlik hissəsindən sonra 150 metrlik hissədə yerləşən dəmir yol xətlərinə aid, ümumi dəyərləri 244 manat 20 qəpik olan 36 ədəd R-50 tipli calaq bolt-qayka şayba ilə birlikdə, 05 ədəd yol mıxı (kastil), 09 ədəd R-50 tipli rels yanlıqlarmı oğurlayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə 244 manat 20 qəpik ziyan vurmuşdur. Həmin ziyandan müəyyən hissəsini ödənilmiş, 214 manat 56 qəpik isə ödənilməmişdir. Ona qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin PPXM-mn polis nəfəri, polis baş serjantı vəzifəsində xidmət edir. 01 mart 2021-ci il tarixdə 30-35 yaşlarında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbə sakini Əzəmət adlı şəxsin üzərində narkotik vasitə saxlamaqla daşıması, H.Z.Tağıyev stansiyası ərazisindən oğurluq etməsi və H.Z.Tağıyev stansiyası ərazinə gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar keçirilmiş əməliyyat tədbirinə o da cəlb olunmuşdur. Bu səbəbdən də o, Baş Sumqayıt st. XPB-nin CAQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə həmin yerə gedərək orada Əzəmət adlı şəxsi müşahidə edərək onu orada saxlayıb barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat verərək onu Baş Sumqayıt st. XPB-nə dəvət etmişlər. Əzəmət etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Sonra Əzəmət təhqiqatçı, polis kapitanı Elməddin Həsənovun xidməti otağına dəvət edilmiş, təhqiqatçı xidməti otağında onun və polis kapitanı Şahid3 iştirakı ilə Əzəmətə müraciət edərək üzərində olan qanunsuz predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, bu vaxt Əzəmət əynində olan cins şalvarının ön sol cibindən bir ədəd ağ kağızda olan bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə olmasını bildirmişdir. Əzəmət təqdim etdiyi bir ədəd ağ kağız bükümündə olan narkotik vasitəni 28 fevral 2021-ci il tarixdə H.Z.Tağıyev stansiyası ərazisində olarkən yerdən tapdığını və həmin narkotik vasitəni cibində sonrakı şəxsi-istifadəsi üçün saxladığını bildirmişdir Əzəmət üzərində saxlayaraq daşıdığı və təqdim etdiyi narkotik vasitəni H.Z.Tağıyev stansiyası ərazisində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını demişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı Elməddin Əzəmətə əlində olan torbada olanları təqdim etməsini təklif etmiş, oda torbada olan 36 ədəd bolt-qaykanı şaybası ilə birlikdə və 05 ədəd yol mıxlarını təqdim edərək sonra detalları torbaya yığmağa başlamışdır. Bundan sonra təhqiqatçı Elməddin narkotik vasitə olan bükümü daha sonra torbada olan detalları qablaşdırılaraq ekspertizaya təqdim edilməsi üçün götürmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz st. XPŞ-də Baş Sumqayıt st. XPB-də PPX manqasının komandiri, polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir. 01 mart 2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadə etməsi, saxlaması və daşıması, H.Z.Tağıyev stansiyası ərazisindən oğurluq etməsi ilə əlaqədar bölməyə dəvət edilərkən o da bölmədə olmuşdur. Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı Elməddinin otağına dəvət olunduqdan sonra təhqiqatçı Elməddin onu da videoçəkiliş aparmaq üçün xidməti otağına dəvət etmişdir. Təhqiqatçı Elməddinin xidməti otağında əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və polis baş serjantı Şahid1da iştirak edirdi. Təhqiqatçı Əzəmətin üzərində olan pretmetləri qarşısında olan masanın üzərinə qoymasını xahiş etmiş, bu vaxt Əzəmət əynində olan cins şalvarının qabaq sol cibindən bir ədəd ağ kağızda olan bükülünü təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı Əzəmətdən bükülünün içərisində nə olduğunu soruşanda Əzəmət həmin bükülüdə narkotik vasitə olduğunu, həmin bükülünü 28 fevral 2021-ci il tarixdə H.Z.Tağıyev qəsəbəsi ərazisində olduğu vaxt yerdən tapdığını bildirmişdir. Həmin bükülüdə olan narkotik vasitəni tapdığını bildirmişdir. Şəxsi-axtarış zamanı Elməddin Əzəmətə əlində olan torbanın içərisində nə olduğunu və torbada olanları tədim etməsini xahiş etmiş, bu vaxt Əzəmət torbanın içərisində 36 ədəd bolt-qayka və 05 ədəd yol mıxının olmasını və həmin detalları H.Z.Tağıyev stansiyası ərazisindən dəmir yolu xətlərindən 27 fevral 2021-ci il tarixdə sökərək yığdığını demişdir. Həmin vaxt Əzəmət dəmir yolu xətlərindən sökdüyü detalların bir qismini satdığını bildirmişdir. Bundan sonra Əzəmətin təqdim etdiyi bir ədəd ağ kağızdakı narkotik vasitə olan bükülünü daha sonra torbada olan detalları ekspertizaya təqdim etməsi üçün götürülərək qablaşdırmışdır. İş materiallarında olan 02 mart 2021-ci il tarixdə təyin olunmuş məhkəmə kimyəvi ekspertizasının 02 mart 2021-ci il tarixli 6/852 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd ağ rəngli kağız bükülünün içərisində 0,826 qram çəkidə maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi-0,826 qram, təqdiqata sərf olundu-0,05 qram, qalıq-0,776 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03.03.2021-ci il tarixli, 635 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən və psixitrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən “Narkomaniya” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 mart 2021-ci il tarixli 9/1258 saylı ekspert rəyinə əsasən ümumi dəyərləri 244 manat 20 qəpik olan 36 ədəd R-50 tipli calaq bolt-qayka şayba ilə birlikdə, hər biri 0,79 manat dəyərində olmaqla, ümumilikdə 28 manat 44 qəpik dəyərində, 05 ədəd yol mıxı (kastil) hər biri 0,24 manat, ümumilikdə 01 manat 20 qəpik dəyərində , 09 ədəd R-50 tipli rels yanlığı, hər biri 23 manat 84 qəpik olmaqla 214 manat 54 qəpik dəyərindədir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,776 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Xaçmaz st. XPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01.03.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 03.03.2021-ci il tarixdə o, Xaçmaz RPŞ MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-449/2021 saylı, 30.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 01.03.2021-ci il tarixdən 03.03.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 15.07.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Xaçmaz st. XPŞ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,776 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut olan və Xaçmaz st. XPŞ-nin saxlanc anbarında saxlanılan 36 ədəd R-50 tipli calaq bolt-qaykanı şaybaları ilə birlikdə və 05 ədəd yol mıxları (kastilləri) zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarılmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri olaraq 109 (yüz doqquz) manat məbləğində, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli və zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunmuş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 01.03.2021-ci il tarixdən 03.03.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15.07.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz st. XPŞ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,776 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan və Xaçmaz st. XPŞ-nin saxlanc anbarında saxlanılan 36 ədəd R-50 tipli calaq bolt-qaykanı şaybaları ilə birlikdə və 05 ədəd yol mıxları (kastilləri) zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarılsın. Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə dəymiş ziyanın ödənilməmiş hissəsi bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Məhkəmə kimyəvi ekspertiza tədqiqatının dəyəri olaraq 109 (yüz doqquz) manat və məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar