Məhkəmə qərarları › İş №1(060)-45/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-45/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-45/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, H.Əliyev küçəsi, məhəllə 18, ev 32-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 23.04.2020-ci il tarixdə saat 15:30-dan 25.04.2020-ci il saat 10:15-dək olan müddət ərzindən Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivindəki fərdi evinin birinci mərtəbəsində olan plastik nəfəsliyin dəmir barmaqlığını qıraraq evə qanunsuz daxil olub orada evin yataq otağından hər birinin qiyməti 1200 (bir min iki yüz) manat olan 4800 (dörd min səkkiz yüz) manat dəyərində ipək materialından, təzə vəziyyətdə 3mx3m ölçüdə dörd ədəd Təbriz xalçalarını, ipək materialından, qiyməti 750 (yeddi yüz əlli) manat olan təzə vəziyyətdə 2mx3m ölçüdə bir ədəd Təbriz xalçasını, hər birinin qiyməti 60 (altmış) manat olan 180 (bir yüz səksən) manat dəyərindəki üç ədəd təzə qazan dəstini, hər birinin qiyməti 500 (beş yüz) manat olan 1000 (bir min) manat dəyərindəki Türkiyə istehsallı iki dəst təzə kostyumu, qiyməti 50 (əlli) manat olan təzə qazan dəstini, qiyməti 200 (iki yüz) manat olan müxtəlif geyimlər və ayaqqabıları, qiyməti 75 (yetmiş beş) manat olan 1 ədəd “Versace” markalı 75 ml-lik təzə ətiri, qiyməti 35 (otuz beş) manat olan markasını xatırlamadığı bir ədəd 30 ml-lik ətiri, hər birinin qiyməti 130 (bir yüz otuz) manat olan 650 (altı yüz əlli) manat dəyərindəki Türkiyə istehsallı təzə vəziyyətdə beş dəst yataq üzlüyünü, hər birinin qiyməti 600 (altı yüz) manat olan 1800 (bir min səkkiz yüz) manat dəyərindəki üç ədəd çay dəstgahı dəstini, hər birinin qiyməti 160 (bir yüz altmış) manat olan 480 (dörd yüz səksən) manat dəyərindəki Türkiyə istehsalı üç ədəd təzə qaşıq dəstini, qiyməti 160 (bir yüz altmış) manat olan Türkiyə istehsallı bir ədəd qaşıq dəstinin, qiyməti 170 (bir yüz altmış) manat olan Çexiya istehsallı bir ədəd xrustal qab dəstini, qiyməti 95 (doxsan beş) manat olan “Versace” markalı bir ədəd şüşə meyvə qabını, hər birinin qiyməti 160 (bir yüz altmış) manat olan 1280 (bir min iki yüz səksən) manat dəyərindəki müxtəlif ölçüdə olan səkkiz ədəd təzə süfrələri, qiyməti 65 (altmış beş) olan manat naqilləri, hər birinin qiyməti 25 (iyirmi beş) manat olan 75 (yetmiş beş) manat dəyərindəki üç cüt “Esko” firmasına məxsus təzə ayaqqabını, hər birinin qiyməti 2 (iki) manat olan 60 (altmış) manat dəyərindəki otuz ədəd üz dəsmalını, hər birinin qiyməti 5 (beş) manat olan 40 (qırx)n manat dəyərindəki səkkiz ədəd iri dəsmalları, evin hamam otağından qiyməti 4 (dörd) manat olan su qızdırıcısının içərisindəki mis məmulatını, evin dəhlizindən hər birinin qiyməti 25 (iyirmi beş) manat olan 50 (əlli) manat dəyərindəki iki ədəd direli, qiyməti 350 (üç yüz əlli) manat olan bir ədəd “Bosch” markalı istifadədə olmuş perforatoru gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 12369 (on iki min üç yüz altmış doqquz) manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23.04.2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları massivindəki fərdi evindən oğurluq etməmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs 23.04.2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları massivindəki fərdi evindən oğurluq etmədiyini inandırıcı hesab etmir, özünü müdafiə xarakter daşıyır və aşağıdakılarla təkzib olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, məcburi köçkün olduğu üçün Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs, M.Fətəliyev küç, 78, otaq 33 A ünvanında ailə üzvləri ilə birlikdə yaşasa da, Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi ərazisində fərdi tikili ev tikərək həmin ünvavdada yaşayır. Lakin həmin ünvanda daimi yaşayış olmadığınıda qeyd etmişdir. Müxtəlif vaxtlarda ailə üzvləri ilə birlikdə həmin ünvana gəlib bir neçə gün orada qalıb daimi yaşadığı ünvana getdiklərini bildirmişdir. Sonuncu dəfə 23.04.2020-ci il tarixdə saat 13:20 radələrində həyat yoldaşı Şahid1 ilə birlikdə qeyd etdiyi ünvana həyətyanı sahədə olan ağacları sulamaq və evə ümumi nəzarət etmək məqsədi ilə getdiklərini və eyni tarixdə saat təxminən 15:30 radələrində oradan çıxdıqlarını bildirmişdir. 25.04.2020-ci il tarixdə saat 10:15 radələrində yenə də həyatyanı sahədə olan ağacları sulamaq, habelə evin vəziyyətinə ümumi nəzarət etmək məqsədi ilə həyat yoldaşı Şahid1 ilə birlikdə ünvan 3 ünvanına gəldiyini qeyd etmişdir. Həyət qapısını ilk olaraq onun açdığını və həyətyanı sahəyə daxil olduğunu, evin birinci mərtəbəsinin qapısını açaraq içəri daxil olduğunu qeyd etmişdir. Qonaq otağına daxil olduğum zaman stolun üzərinin dağınıq vəziyyətdə olduğunu gördüyünü bildirmişdir. Həyat yoldaşı Şahid1 da bu zaman həyətdən səslənərək birinci mərtəbədə olan plastik nəfəsliyin dəmir barmaqlığının qırıldığını, yaşadığı ünvandan oğurluq olduğunu bildirərək onun evdən çıxmağını tələb edərək, polisə zəng edib məlumat verəcəyini deməsini bildirmişdir. O, bu zaman ikinci mərtəbəyə qalxdığı vaxt otaqların hər birinin dağınıq olduğunu görməsini və bundan sonra baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng edərək məlumat verdiyini bildirmişdir. Evin otaqlarına ətraflıca baxdığı zaman ikinci mərtəbədə qonaq otağında olan təzə 4 ədəd 3mx3m ölçüdə, təzə 1 ədəd 2mx3m ölçüdə olan 5 ədəd ipək materialdan Təbriz xalçasının, ikinci mərtəbənin mətbəxində saxladığım hazırda markasını xatırlamadığım təzə 3 ədəd qazan dəstinin, ikinci mərtəbədə yataq otağında dolabda saxladığı və həyat yoldaşı Şahid1 məxsus 2 dəst Türkiyə istehsalı olan təzə kostyumun və 3 cüt "Esko" firmasına məxsus təzə ayaqqabı, nəvəsi X1 məxsus olan müxtəlif geyimlər və ayaqqabların, "Versace" markalı 75 ml-lik ətirin, markasını xatırlamadığı 30 ml-lik ətirin, təzə 5 dəst Türkiyə istehsalı markasını xatırlamadığı yataq üzlüyü dəsti, 1 ədəd böyük "Bosch" markalı perforator, 3 ədəd çay dəstgahı dəstinin, 3 ədəd Türkiyə istehsalı təzə qaşıq dəstinin, 1 ədəd Türkiyə istehsalı qaşıq dəstinin, 1 ədəd Çexiya istehsalı xrustal qab dəstinin, 1 ədəd "Versace" markalı şüşə meyvə qabının, 8 ədəd müxtəlif ölçüdə olan təzə süfrələrin, 30 ədəd üz dəsmalının və 8 ədəd digər iri dəsmalların olmadığını bildirmişdir. Bundan əlavə hadisə zamanı birinci mərtəbədə quraşdırmış olan su qızdırıcısının qırılaraq içərisində olan mis məmulatının oğurlandığını, habelə oğurluq edən şəxs və ya şəxslərin 2 ədəd direlin və digər sadə su qızdırıcısının naqillərini kəsərək oğurladığını bildirmişdir. Habelə evin elektrik enerji təminatı üçün ümumi avtomata qoşaraq evdən kənara çıxardığımız 15 metr uzunluğunda ölçüsünü xatırlamadığım elektrik naqilinin də olmadığını aşkar etdiyini bildirmişdir. İfadədədə verilən suallara cavab olaraq, evə daxil olan şəxs və ya şəxslərin evə birinci mərtəbədə olan plastik nəfəsliyin dəmir barmaqlığını qıraraq daxil olduğunu bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 arvadı Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifdəsində göstərmişdir ki, o, avtobus sürücüsü olduğu üçün işdən sonra piyada gəzir ki, səhhətimdə problemlər yaranmasın. Bəzən elə olur ki, gecələr də yaşadığı yerdən Xəzər bağları istiqamətində piyada gedib yenidən öz evinə qayıdır. 23.04.2020-ci il tarixdə gecə saatlarında o, Xəzər bağları ərazisində piyada gəzən zaman gecə saatlarında bir orta boylu, üzü tüklü cavan oğlanın Xəzər bağları ərazisi ilə ətrafa baxa baxa, gizlənə-gizlənə şübhəli formada hərəkət etdiyini görmüşdür. O, həmin oğlanın hərəkətlərindən şübhəlmiş və həmin şəxsin narkoman ola biləcəyini fikirləşmişdir. Həmin oğlanın əlində iki ədəd içi dolu vəziyyətdə olan sellofan torba və çiynində bağlanılmış xalçalar olduğunu görmüşdür. Həmin oğlanın ondan 20 metr aralandıqdan sonra qaçaraq üzərində taksi işarəsi olan ağ rəngli maşına yaxınlaşdığını və əlində olan bütün əşyaları maşının arxasına, daxilinə yığdığını görmüşdür. Bundan sonra həmin oğlan maşına əyləşmiş və maşın oradan uzaqlaşmışdır. O, həmin oğlanın üz cizgilərini yadında saxlamış, şəklini görəcəyi təqdirdə tanıyacaqdır və həmin şəxsi əvvəllər görməmişdir. İş materiallarında görünür ki, Şahid2 ilə fotoşəkillər üzrə tanınmaya təqdim etmə istintaq hərəkəti keçirilmiş və Şahid2 tanınma zamanı ona təqdim edilmiş şəkillər arasından 02 nömrə altında olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs fotoşəkilini göstərərək həmin şəxsin ifadədə qeyd etdiyi şəxs olduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə daktiloskopik ekspertizasının 20/294R nömrəli, 12 iyun 2020-ci il tarixli rəyindən görünür ki, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq və 03 ədəd ovuc izinin DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23.07.2020-ci il tarixli 1927 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə o, prosesual fəaliyyət qabiliyyətlidir, həmçinin öz prosessual hüquqlarını şəxsən həyata keçirmək iqtidarındadır. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə (qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik və s.) görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 avqust 2020-ci il tarixli 9/2422 saylı rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 12369 (on iki min üç yüz altmış doqquz) manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26.06.2020-ci il tarixdə tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 27.06.2020-ci il tarixli qərarı ilə MSY-dən azad olunmuşdur. İş materiallarından görünür ki, 27.06.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02.09.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və iş materialarında olan hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 15.03.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.4-cü maddəsinə əsasən onun həbsdə olduğu 1 il 02 ay 18 gün müddət nəzərə alınmış və təyin edilmiş 4000 manat cərimə cəzası yüngülləçdirilərək üzərində qəti olaraq 1000 manat cərimə cəzası saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26.04.2019-cu il tarixdən - 27.04.2019cu il tarixədək və 22.06.2019-cu il tarixdən - 24.06.2019-cu il tarixədək həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 15.03.2018-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 782 manat cərimə cəzası təyin edilmiş cəza ilə tam birləşdirilməklə üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası və 782 manat cərimə cəzası saxlanılmışdır. Abşeron rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-1, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-1, 177.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cəzalar tam toplanmaqla qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 02.09.2020-ci il tarixdən hesablanması qərarı alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin 17.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 1000 manat cərimə cəzasından hazırki müddətə 398 manat hissəsini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməli və cəzanın əvvəli 02.09.2020ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Sumqayıt şəhər Məhkəməsinin 29.01.2020ci il tarixli hökmü ilə birləşdirilmiş Təqsirləndirilən şəxs çəkilməmiş 602 manat məbləğində cərimə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya Azərbaycan Respublikası CM-in 67.1ci maddəsinə əsasən tam birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs 23.04.2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivindəki fərdi evindən oğurluq etmədiyin bildirərək öz müdafiəsi üçün gətirdiyi dəlillər, zərərçəmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış və digər istintaq hərəkəti protokolları, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi, maddi sübutlar, eləcədə cinayət işin materialları ilə təkzib edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək oğurluq etməməsi ilə bağlı verdiyi ifadəsini inandırıcı hesab etmir. Özünü müdafiə xarakterli ifadə kimi qəbul edərək həmin ifadəyə tənqidi yanaşır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, Azərbayan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 17 saat vaxt sərf etmişdir. Ona görə də 102 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26.06.2020-ci il tarixdən 27.06.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmü ilə birləşdirilmiş və çəkilməmiş qalan 602 manat cərimə cəzası yeni təyin edilmiş cəza ilə tam birləşdirilməklə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə və 602 manat cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 02.09.2020-ci il tarixdən hesablanmalı, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, Zərərçəkmiş şəxs dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26.06.2020-ci il tarixdən 27.06.2020-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanmaqla üzərində 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 29.01.2020-ci il tarixli hökmü ilə birləşdirilmiş və çəkilməmiş qalan 602 manat cərimə cəzası yeni təyin edilmiş cəza ilə tam birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə və 602 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən təyin edilmiş 602 manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 02.09.2020-ci il tarixdən hesablanması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs dəymiş ziyanla əlaqədar mülki iddia verilmədiyindən Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 102 (yüz iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar