Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-45/2024 31.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1985-ci il tarixdə Füzuli rayonu Aşağı Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 1(012)- 701/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-52/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə ona qəti olaraq təyin olunmuş 11 (on bir) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 09 (doqquz) ay 10 (on) gün hissəsi hazırki cinayət işi üzrə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına birləşdirilmiş və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, məhkumluğu olan, Füzuli rayonu Veysəlli Ərazi Dairəsi, Aşağı Veysəlli kəndində daimi qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə saat 15:00 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21150” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Rəşid Behbudov küçəsinə gələrək avtomobildən düşən zaman gediş haqqını ödəmədiyi üçün Zərərçəkmiş şəxs ondan pulunu tələb etdikdə yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsindən bir zərbə vuraraq ona burun belinin sıyrığı xəsarəti yetirmiş, aldığı zərbənin təsirindən Zərərçəkmiş şəxs cibində saxladığı “Samsung A32” markalı, 64GB yaddaş tutumlu, içərisində 04 (dörd) manat dəyərində 055 ***-**-** saylı GSM və 04 (dörd) manat dəyərində 070 ***-**-** saylı GSM mobil nömrələri olan 220 (iki yüz iyirmi) manat dəyərində mobil telefon yerə düşdükdə tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədilə həmin telefonu götürüb hadisə yerindən uzaqlaşmaq istəyən zaman Zərərçəkmiş şəxs müqavimət göstərməklə uzaqlaşmasına imkan vermədikdə, üzərində gəzdirdiyi istintaq zamanı yerini müəyyən etmək mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxs əl nahiyəsinə zərbə endirərək, həmçinin itələyib yerə yıxaraq sonuncuya sol əlin arxa səthinin İİ əl-daraq sümüyü proyeksiyasının, sağ dirsək oynağının arxa səthinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan olduğundan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək, mobil telefonu açıq talayıb, Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 180.2.4cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 11 (on bir) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün narkomaniya xəstəliyindən əziyyət çəkmişdir. 18 aprel 2023-cü il tarixdə narkotik vasitə qəbul etmədiyi üçün ağrıları başlamış və təcili olaraq narkotik vasitə qəbul etməli olmuşdur. Buna görə də, 18 aprel 2023-cü il tarixdə təxminən saat 15:00 radələrində Sumqayıt şəhərində “Simurq" restoranının yaxınlığında olarkən “Vaz 21150” markalı taksi avtomobilinə yaxınlaşıb onu H.Z.Tağıyev qəsəbəsində Dağlılar məhəlləsinə aparmağını xahiş etmişdir. Belə ki, həmin ünvanda yaşayan hazırda cəzaçəkmə müəssində cəza çəkən Bəhruz adlı şəxsi tapıb sonuncudan narkotik vasitə almaq üçün gedəcəkdi. Taksi avtomobilinə əyləşmiş və yaşlı sürücüdən onu həmin ünvana aparmağını xahiş etmişdir. Yolda olduqları zaman sürücüdən mobil telefonu zəng etmək üçün istəmiş və sürücü də ona etitraz etməyib, özünə məxsus mobil telefonu təqdim etmişdir. O da sürücüyə məxsus mobil telefonla Bəhruza məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Bəhruza görüşməklərini desə də, sonuncu narkotik vasitəsi olmadığını bildirmişdir. Bu zaman sürücüyə avtomobili saxlamasını bildirmişdir. Sürücü avtomobili saxladıqda avtomobildən düşmüş, qorxub qaçması və ondan gediş haqqı istəməsi üçün sürücünün üzərinə gedib sifət nahiyəsinə yumruq zərbəsi endirmişdir. Bu zaman sürücünün cibində olan mobil telefon yerə düşmüş və sürücü avtomobilin yük hissəsindən xatırlamadığı formada mətbəx bıçağını götürmüşdür. O, yerdə mobil telefon görüb onu talamaq qərarına gəlmiş və yerdən həmin mobil telefonu götürüb qaçmaq istəyən zaman sürücü onu qolundan tutmuş və bu zaman o da üzərində gəzdirdiyi mətbəx bıçağını çıxarıb sürücüyə tərəf getmiş və sürücü qışqırmağa başlamışdır. Bundan sonra o, sürücünün əlindən çıxıb qaçmaq üçün bıçağı sağa-sola etdiyi zaman bıçaq sürücünün əlinə dəyib əl nahiyəsini də kəsmişdir. Sürücünün səsinə bir nəfər şəxsin də onlara tərəf gəldiyini görüb əlində olan yerdən götürdüyü “Samsung” markalı telefonla həmin yerdən qaçmaqla uzaqlaşmışdır. Sonradan bıçağı da xatırlamadığı ünvana atmışdır. Həmin sürücü yaşlı şəxs olduğundan ona gücü çatmamışdır. İlk dəfə onun sürücünü vurmaqda məqsədi pul istəməməsi üçün sürücünü qorxutmaq olmuşdur. Sonradan isə sürücünün mobil telefonunu ələ keçirmək məqsədilə sürücünün əlindən qaçmaq üçün bıçaqla xəsarət yetirmiş və mobil telefonunu tamah məqsədilə talayıb qaçmışdır. Hadisə zamanı Qaradağ rayon Məhkəməsinin qərarı ilə axtarışda olduğunu bilmişdir. Ona görə də, evdən qara rəngli sapı olan mətbəx bıçağı götürmüşdür ki, polis onu tutanda özünə xəsarət yetirsin ki, onu tutub məhkəməyə aparmasınlar. Həmin bıçağı da hadisədən sonra xatırlamadığı ünvana atmışdır. Sonradan adının Qulu olduğunu bildiyi taksi sürücüsündən taladığı “Samsung” markalı mobil telefonu Sumqayıt şəhəri ərazisində xatırlamadığı ünvanda xatırlamadığı şəxsə öz mobil telefonu kimi 30 (otuz) manata satmışdır. Mobil telefonun üzərində olan mobil nömrələri isə çıxarıb tullamışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmişdir. Əməlindən peşman olmasını, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona qarçı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, etibarnamə əsasında “VAZ 21150” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 18 aprel 2023-cü il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində “Simurq” restoranının yaxınlığında dayanıb müştəri gözləmişdir. Həmin zaman 35-40 yaşlarında bir nəfər şəxs ona yaxınlaşıb Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Dağlılar Məhəlləsi” adlanan ünvana getmək istədiyini bildirmişdir. O da həmin şəxsin sifarişi ilə yola düşmüşdür. Həmin şəxs avtomobildə qabaq oturacaqda əyləşmişdir. Yolda olduqları zaman konturunun olmadığını deyib ondan bir nəfər şəxsə zəng etmək üçün mobil telefonunu istəmişdir. O, mobil telefonu həmin şəxsə vermiş, danışıb özünə qaytarmışdır. Həmin şəxsi dediyi yollarla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən hərbi hissənin yanına fərdi evlərin yerləşdiyi məhlələrə aparmışdır. Orada olduqları zaman həmin şəxs avtomobili saxlatdırıb düşmüşdür. Həmin şəxs avtomobildən düşdükdən sonra o, yol pulu verməsini istədikdə, həmin şəxs qəfildən ona yaxınlaşıb yumruq zərbəsi vurmuş və bu zaman onun başı gicəllənmiş, həmin vaxt cibində olan mobil telefon da yerə düşmüşdür. O, həmin şəxsə gücünün çatmayacağını görüb, avtomobilinin yük yerində olan avtomobilinin təmirində istifadə etdiyi bıçağı götürmək üçün yük yerini açıb bıçağı götürməklə həmin şəxsin yanına qayıdan zaman həmin şəxsin yerdə olan mobil telefonunu götürüb qaçmaq istədiyini görmüş və tez yaxınlaşıb qaçmaması üçün həmin şəxsi qolundan tutmuşdur. Bu zaman həmin şəxs ona müqavimət göstərib, cibindən bıçaq çıxararaq bıçaqla ona tərəf hərəkət etdirməyə başlamış və bıçaq əlini cızmışdır. Həmin vaxt həmin şəxs onu itələdikdə o, yerə yıxılmış və qışqırmağa başlamış, həmin şəxs isə hadisə yerindən qaçmağa başlamışdır. Həmin an isə kənardan onları görən bir nəfər tanımadığı şəxs qışqıra-qışqıra onlara tərəf gəlməyə başlamışdır. Həmin şəxs ona çatdıqdan sonra hal-əhvalını soruşmuş və sonra çıxıb getmişdir. Həmin şəxsin kim olduğunu bilmir. Mobil telefonu 2023-cü ilin yanvar ayında faizsiz kreditlə 380 (üç yüz səksən) manata almışdır, heç bir nasazlığı olmamış, tam saz vəziyyətdə olmuş, “Samsung Galaxy A32” modelli, 64 GB yaddaş tutumlu mobil telefon olmuşdur. Hadisə vaxtı o, həmin şəxsi vura bilməmişdir. Avtomobil hərdən nasaz olduqda təmir islərində bıçaq lazım olur deyə avtomobilinin yük yerinə 01 (bir) ədəd mətbəx bıçağı qoymuşdur. Həmin bıçaqdan heç vaxt başqa məqsədlərə istifadə etməmişdir. Bıçağı isə hadisədən sonra tullamışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şokayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şokayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng olunması ilə bağlı qeyd etmişdir ki, 18 aprel 2023-cü il tarixdə saat 14:00 radələrində istifadəsində olan mobil telefon nömrəsinə tanıdığı Sahib adlı şəxs ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng vuraraq narkotik vasitə «kakos» olub-olmadığını soruşmuş, o isə özünün ağrılarının olduğunu və «kakos» axtardığını demiş, özündə olmadığını bildirmişdir. Sahib adlı şəxsi bir neçə ildir tanıyır, sonuncu da onun kimi narkotik vasitə alüdəçisidir. Lakin o, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Sahib adlı şəxslə telefon danışığını bitirdikdən sonra sonuncu ona daha zəng vurmamışdır. Sahib adlı şəxsin harada olması, nə işlə məşğul olması barədə heç bir məlumatı yoxdur. Ümumiyyətcə Sahib adlı şəxsin ona zəng vurduğu nömrənin də kimə məxsus olmasını Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə dəvət olunan zaman bilmişdir. Bölmədə o, Sahibin soyğunçuluqla başqa şəxsin mobil telefonunu talamasını öyrənmiş, lakin həmin hadisədən məlumatsızdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 aprel 2023-cü il tarixli, 553 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - burun belinin, sol əlin arxa səthinin İİ əl-daraq sümüyü proyeksiyasının, sağ dirsək oynağının arxa səthinin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 7-9 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-əmtəəşünashq ekspertizasının 07 avqust 2023-cü il tarixli, 9/5548 nömrəli rəyində göstərilmişdir ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində gösitərilən 01 (bir) ədəd mobil telefonun və 02 (iki) ədəd GSM nömrənin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ili naprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 228(iki yüz iyirmi səkkiz) manat müəyyən olunur. O cümlədən 01 (bir) ədəd 64 Gb yaddaş tutumlu «Samsung Galaxy A32» 220 (iki yüz iyirmi) manat, 01 (bir) ədəd ***-***-**-** saylı GSM mobil nömrə 04 (dörd) manat, 01 (bir) ədəd ***-***-**-** saylı GSM mobil nömrə 04 (dörd) manat. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan şübhəli şəxs qismində tanınması, barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqana gəlməkdən qəsdən boyun qaçırdığı üçün barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt ŞPİnin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmış və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 1 (060)-789/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. İş materiallarında olan 1 saylı Abşeron rayonu MKİS tərəfindən verilmiş xx.xx.2023cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan nikah şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşaq vardır (xx.xx.2009-cu il təvəllüdlü X2). İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən Abşeron Rayon Məhkəməsinin 1(012)-701/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Quliyev X1 Rayon Məhkəməsinin 1(012)-701/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-52/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona qəti olaraq təyin olunmuş 11 (on bir) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 09 (doqquz) ay 10 (on) gün hissəsi hazırki cinayət işi üzrə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına birləşdirilmiş və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs sayılır, lakin ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadığından onun əməli cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, Quliyev X1 Rayon Məhkəməsinin 1(012)-701/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və o, Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 181, 182, 194, 221, 228.4 və 234.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barişmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə yüngülləşdirici halları, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Abşeron Rayon Məhkəməsinin 1(012)-701/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Abşeron Rayon Məhkəməsinin 1(012)-701/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-45/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-45/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver