Məhkəmə qərarları › İş №1(060)-450/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-450/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-450/2023 13.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, X2 şikayəti əsasında Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin baş təhqiqatçısı Mətləb Abbasovun qəbul etdiyi 30 mart 2023-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsinə dair materiallara məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 DİN-nin 102 mərkəzi zəng xidmətinə məlumat verərək internetdə təhqir olunduğunu bildirmiş, sonra o Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək 2022-ci ilin dekabr ayından Tik-Tok sosial şəbəkə üzərindən yalan_dünya_ 777, vətən_sevgisi_ və digər fake (ünvansız) səhifələrdən onun xtze-moti səhifəsinə təhqiredici sözlər yazaraq onu təhqir etdikləri üçün həmin şəxslərin müəyyən edilərək onların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin baş təhqiqatçısı Mətləb Abbasov isə heç bir araşdırma aparmadan, yalnış şikayətçi X2 izahatını almaqla kifayətlənib materiallları xüsusi ittiham qaydasında şikayət kimi baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. X2 şikayəti əsasında məhkəmənin hazırlıq iclası 13 aprel 2023-cü il tarixə təyin olunmuş, həmin iclasa İradə Məmmədova və barələrində şikayət olunan şəxslər gəlməmişdirlər. Məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan məhkəmə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəla məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində konkret tələblər mövcuddur. X2 Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə yazdığı sadə ərizə isə ümumiyyətlə xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa dair Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. X2 Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə yazdığı sadə ərizədə isə yuxarıda göstərilən halların heç birinə əməl edilməmişdir. Buna görə də 2-ci Polis Bölməsinin baş təhqiqatçısı X7 Məmmədovanın ərizəsinə əsasən müvafiq araşdırma aparıb barələrində şikayət olunan şəxslərin izahatlarını alıb cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul edib, həmin qərarda X3 xüsusi ittiham qaydasında şikayətlə aidiyyəti məhkəməyə müraciət etmək hüququnu izah etmək əvəzinə düzgün nəticəyə gəlməyərək materialları xüsusi ittiham qaydasında şikayət kimi baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən X2 şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinə göndərilən materiallar Sumqayıt şəhər Prokurorluğu vasitəsilə Sumqayıt şəhər Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293-cü, 302-ci və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə verdiyi şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X2 şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinə göndərilən materiallar Sumqayıt şəhər Prokurorluğu vasitəsilə Sumqayıt şəhər Polis İdarəsinə geri qaytarılsın. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar