Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-453/2021 05.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, məhəllə 42, yataqxana 5 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, St.Sumqayıt, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 30.05.2021-ci il tarixdə saat 19:40 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvanda ailə-məişət münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sol çiyinüstü nahiyyənin kəsilmiş-deşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Mahirə ilə 2006-cı ildə rəsmi olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 10.06.2007-ci il təvəllüdlü X1 və 12.05.2008-ci il təvəllüdlü X5 adlı iki uşaqları vardır. O, spirtli içki aludəçisidir, mütəmadi olaraq spirtli içki qəbul edir, spirtli içki qəbul etdiyi vaxtlarda aqressiv olur. O, fərdi əməklə məşğul olur və qazandığı pulu spirtli içkiyə xərcləyir. 30.05.2021-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı evdə nahar edərəkən 300 qram araq içmiş, həmin gün saat 19 radələrində əlavə olaraq 250 qram spirtli içki içib həyətdə oturan zaman uşaqların əlində telefon olduğunu və sosial şəbəkədə olduqlarını görüb evə girib yataq otağında anası Sədaqət ilə birlikdə bankalara üzüm yarpağı yığan Mahirəyə yaxınlaşıb uşaqlara niyə telefon verdiyini soruşmuş, Mahirə ona kobud cavab qaytarıb yaxşı elədiyini dedikdə o, əsəbləşərək onun üzündən bir dəfə sillə ilə vurmuş, anası Sədaqət mübahisəyə müdaxilə edib ona çıxıb getməsini dedikdə o, “arvadımdır, özüm bilərəm” demiş, anası Sədaqət mətbəxə getdikdə Mahirə yenə də ona kobudluq edib “mən sənin arvadın deyiləm” demiş və onu boşamasını bildirmiş, o, bundan sonra mətbəxə gedib mətbəx bıçağını götürüb Mahirənin yanına gələrək yerdə oturduğundan bıçağı sağ əlində tutmuş, Mahirənin ona cavab qaytarmamasını demiş, Mahirə onun bıçaq olan sağ qolundan tutub itələmək istədikdə o, bıçaqla Mahirənin sol çiyinüstü nahiyyənsindən bir dəfə vurmuş, Mahirənin qışqırmış, o da sonuncunun qışqırmasından sonra dayanmış və könüllü olaraq əlavə bıçaq zərbələri vurmağa imkanı olsa da əlavə bıçaq zərbələri vurmamış və buna cəhd etməmişdir. Daha sonra, səsə ilkin olaraq anası Sədaqət gəlib ona əsəbləşib iradını bildirmiş, daha sonra isə atası Rasim də gəlib ona iradını bildirib çölə çıxmasını demiş, o da çölə çıxmışdır. O, çölə çıxıb əlindəki bıçağı həyətdən kənara tullamış, daha sonra məlumat əsasında həkimlər gəlib Mahirəni TTYX-na aparmışlar. Stasionar şəraitdə xəstəxanada arvadı müalicə olunmamışdır. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X4 onun əridir. Ehtiqat ilə 2006-cı ilda rəsmi olaraq aila heyatı qurmuşlar. Birgə nikahlarından 10.06.2007-ci il təvəllüdlü X2 və 12.05.2008-ci il təvəllüdlü X5 adlı iki uşaqları vardır Ehtiqat spirtli içki aludəçisidir, Ehtiqad mütamadi olaraq spirtli içki içib heç bir səbəb olmadan evdə münaqişə yaradır. Ehtiqad heç yerdə işləməyib ailəsinin saxlanmasına qarşı laqeyidlik göstərir, işlədiyi vaxtlarda qazandığı pula spirtli içki alıb içir. 30.05.2021-ci il tarixdə saat təxminən 19:40 radələrində yaşadığı evdə öz yataq otağında qaynanası ilə yerdə oturub bankaya üzüm yarpağı yığan zaman əri gəlib onunla mübahisə etməyə başlamışdır. O, da Ehtiqadın içkili olduğunu görüb ilkin olaraq fikir verməmiş, qaynanası Sədaqət Etiqada çıxıb getməsini, iş gördüklərini demiş, həmin vaxt Ehdiqat “arvadımdır, özüm bilərəm” cavab vermişdir. Qaynanası mətbəxə keçdikdə o, Ehtiqada onun arvadı olmamağını və onu boşamasını demiş, həmin zaman Ehtiqad gözləmədiyi halda əlində gizlətdiyi bıçaqla onun sol çiyinüstü nahiyyəsi hissəsindən bir dəfə vurmuş, o da qışqırmış və bu vaxt Ehtiqad dayanmış, ona əlavə bıçaq zərbələri vurmamış və buna cəhd etməmiş, ona əlavə bıçaq zərbələri vurmasına imkanı olsa da Ehtiqad buna təşəbbüs etməmişdir. Səsə ilkin olaraq qaynanası Sədaqət gəlib Ehtiqadın onu vurduğunu görmüş, Ehdiqada əsəbləşərək irad bildirmiş, az sonra isə qaynatası Rasim da gələrək sonuncu da Ehtiqada iradını bildirib çölə çıxmasını demiş, o da çölə çıxmışdır. Ehtiqad oradan getdikdən sonra məlumatlarına əsasən həkimlər gələrək onu TTYX-na aparmışlar. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra onu evə buraxmışlar. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərəri tam olaraq ödədiyini, onunla barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X3 31.05.2021-ci il tarixli, 600 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol çiyinüstü nahiyyənin deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın əyanın (alətin), ola bilsin ki, bıçağın təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 30.05.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi inandırıcı deyil. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi tərəfindən 31.05.2021-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 21.06.2021-ci il tarixli (iş № 1(060)-453/2021) qərarını icra edərək, vəkil X11 onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-453/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-453/2021
05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver