Məhkəmə qərarları › İş №1(060)-455/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-455/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-455/2025 18.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində ‘'polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd şəffaf polietilen bükümdə xeyli miqdarda, təmiz çəkisi 0.322 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini üstündə saxlayaraq daşımış, 06 may 2025-ci il tarixdə gecə saat 04:32-də Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində, “Həyat" şadlıq sarayının yaxınlığında saxlanılaraq, üzərində aparılan şəxsi axtarış zamanı olan boz rəngli şalvarının sağ yan cibindən siqaret qutusunda olan 01 ədəd şəffaf polietilen bükümdə xeyli miqdarda, 0,322 qram təmiz çəkidə kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 may 2025-ci il tarixdə əvvəllər tanıdığı Anar adlı şəxs ona zəng edərək narkotik vasitə istifadə edib etmədiyini soruşmuşdur. Anara hazırda psixi vəziyyətinin yaxşı olmadığını, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Anar sosial şəbəkədən ona narkotikin yeri barədə məkan atdıqlarını, narkotik vasitənin Sumqayıt şəhəri ərazisində olduğunu, narkotikə görə pul istəmədiyini, ona narkotik vasitə lazım olmadığını deyib əgər istərsə məkanı ona ata biləcəyini demişdir. Anara son vaxtlar işdən çıxarıldığını, maddi vəziyyətinin pis olduğunu, Sumqayıta getməyə imkanı olmadığını deyib onu narkotik vasitəni götürmək üçün Sumqayıt şəhərinə aparmasını xahiş etmişdir. Anar öz maşını ilə onu Sumqayıt şəhərinə aparmışdır. Sumqayıt şəhərində 44-cü məhəllə ərazisində “Həyat” şadlıq evinin yaxınlığından narkotik vasitəni götürmük üçün düşmüş, narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hər şeyi olduğu kimi polis əməkdaşlarına etiraf etmişdir. Ona qarşı heç bir psixi, fiziki təzyiq göstərilməmişdir. Çox şey yadından çıxmışdır. İstintaq zamanı hər şeyi olduğu kimi göstərmişdir. İstintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşiman olmasını, uzun müddət hərbiçi kimi mayor rütbəsində xidmət etdiyini, müxtəlif medallarla təltif edilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü ali təhsilli hərbçi olmuşdur, rütbəsi mayordur. Lakin Bakı Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 03 ay 03 gün vaxtından əvvəl şərti azad edilmişdir. 06 may 2025-ci il tarixdə gecə saat 01 radələrində evdə olarkən, onun ***-***-**- ** mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş, telefona cavab verdikdə danışan şəxsin Şahid3 olduğunu öyrənmişdir. Şahid3 ondan hələ də narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuş, o, narkotik vasitə aludəçisi olmadığını, amma narkotik vasitədən arada bir imkan düşəndə istifadə etdiyini bildirmişdir. Anar onun mobil telefonuna WhatsApp ani mesajlaşma tətbiqi üzərindən tanımadığı xarici nömrədən məkan gəldiyini,məkanı göndərən şəxsin həmin ünvanda heroin olduğunu yazıb, məkana görə ünvanın Sumqayıt şəhərində olduğunu qeyd etdiyini və narkotik maddəyə görə pul da istəmədiyini bildirmişdir. Söhbət əsnasında Şahid3 narkotik vasitənin ona lazım olmadığını deyərək, həmin narkotik vasitəni qeyd olunan ünvandan götürüb istifadə etmək istərsə, məkanı ona ata biləcəyini bildirmişdir. O, Anara maşını olmadığını, yol maşını ilə getməyin isə təhlükəli olduğunu deyib, son vaxtlar işdən çıxarıldığı və maddi cəhətdən problemləri yarandığından əsəb gərginliyi keçirdiyini və halının yaxşı olmadığını bildirmiş, buna görə vəziyyətdən çıxmaq üçün müəyyən qədər narkotik vasitədən istifadəyə ehtiyacının olduğunu demiş və Anardan birlikdə Sumqayıta gedib-gəlməyi xahiş etmişdir. Anar əvvəlcə razı olmamış, amma sonuncudan təkidlə xahiş etdikdən sonra razılaşmışdır. Təxminən bir saat sonra Anar təkrar zəng vurub Binəqədi qəsəbəsində olduğunu bildirmiş, onlar sonuncunun idarə etdiyi qara rəngli ’Hyundai" markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə Binəqədi qəsəbəsindən Sumqayıt şəhərinə yollanmışlar. Avtomobildə Anar "Samsung" markalı mobil telefonu ona verib məkanı göstərmiş, həmin məkanla Sumqayıt şəhərində yerləşən "Həyat" şadlıq sarayının qarşısına gəlmişlər. Ünvana çatanda Anara avtomobildə oturub gözləməyi tapşırmış, özü isə onun "Samsung" markalı mobil telefonunu götürüb avtomobildən düşərək, məkanın göstərdiyi istiqamətdə, şadlıq sarayının sağ tərəfindəki ağaclığa doğru piyada yollanmışdır. Ağaclardan birinin dibində, konumun göstərdiyi yerdə siqaret qutusu görüb götürmüş və içərisinə baxdıqda, şəffaf polietilen büküm aşkar etmişdir. Bükümün içərisində narkotik vasitə heroin olduğunu görüb, siqaret qutusunda şalvarının sağ yan cibinə qoymuş və telefonun WhatsApp-dan məkanı silərək geri qayıdarkən “Həyat" şadlıq sarayının yaxınlığında ona mülki geyimdə polis əməkdaşları yaxınlaşmış və Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməkdaşları olduqlarını deyib özlərini təqdim etmişlər. Polis əməkdaşı ondan üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığını soruşmuş və əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişdir. O, içərisində 01 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin olan siqaret qutusunu əynindəki boz rəngli şalvarının sağ yan cibindən çıxarıb polis əməkdaşına təqdim etmiş, şəxsi axtarışı keçirən polis əməkdaşı siqaret qutusundakı 01 ədəd şəffaf polietilen bükümü açıb baxmış və içərisində olan qəhvəyi rəngli narkotik maddə heroini aşkar edərək, həmin kütlənin nə olduğunu, haradan və nə vaxt əldə etdiyini soruşmuşdur. O, aşkar olunmuş kütlənin narkotik maddə heroin olduğunu, həmin narkotik maddəni tanışı Anarın mobil telefonuna gələn məkan əsasında Binəqədi qəsəbəsindən Sumqayıt şəhərinə gəldiyini və şadlıq sarayının yaxınlığında aşkar edib, özü istifadə etmək məqsədilə götürdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşı üzərindən aşkar olunmuş 01 ədəd şəffaf polietilen bükümdəki narkotik maddə olan heroini tərəziyə qoyub çəkmiş və çəkisinin 0.48 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Polis əməkdaşı bununla bağlı müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər polis idarəsinə gedəcəklərini bildirmişdir. Polis əməkdaşları ilə birlikdə şəhər polis idarəsinə gələrkən Şahid3 onu gözləyəcəyini söz verdiyi yerdə olmadığını, çıxıb getdiyini görmüşdür. Polis idarəsində onu xidməti otaqlardan birinə dəvət etmişlər və təhqiqatçı ona üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, hüquq və vəzifələrini izah etdikdən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim etmişdir. Bu zaman polis əməkdaşlarından biri həmin zərfi təhqiqatçıya təqdim edərək, şəffaf polietilen bükümdəki narkotik maddə heroinin onun əynində olan boz rəngli şalvarının sağ yan cibindən aşkar edildiyini bildirmişdir. Təhqiqatçı ondan üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinin kimə məxsus olduğunu, haradan və hansı məqsədlə əldə etdiyini soruşmuşdur. O, narkotik maddənin Anara məxsus olduğunu, məkandakı heroini Anar üçün Sumqayıt şəhərindən gəlib götürdüyünü deyərsə, məsuliyyətdən kənar qala biləcəyini düşünüb, polisin Anarı tapa bilməməsi üçün təhqiqatçıya bir neçə saat əvvəl soyadını və atasının adını bilmədiyi Anar adlı tanışının zəng vurduğunu, onun mobil telefonuna məkan gəldiyini deyib, birlikdə Sumqayıt şəhərinə gəlməyi və məkandakı ünvanda olan heroini onun üçün götürməyi təklif etdiyini, əgər məkandakı narkotik maddəni götürərsə, ona da istifadə etmək üçün müəyyən qədər narkotik maddə verəcəyini vəd etdiyini bildirmişdir. Təhqiqatçı ondan Şahid3 harada yaşadığını, məkanın kimin telefonuna gəldiyini və Sumqayıt şəhərinə kimin nəqliyyat vasitəsi ilə gəldiyini soruşmuş, o, Anarın Xırdalan şəhərində yaşadığını, məkanın sonuncunun telefonuna gəldiyini, məkanla Sumqayıt şəhərinə Anarın idarə etdiyi "‘Hyundai'' markalı avtomobildə, onun təklifi ilə gəldiyini, Anarın ona verdiyi “Samsung" markalı mobil telefona gələn məkan əsasında, heç kimə pul ödəmədən, Sumqayıt şəhəri ərazisində şadlıq sarayının yaxınlığından narkotik maddəni tapıb götürdüyünü bildirmişdir. Təhqiqatçı ondan həmin avtomobilin dövlət qeydiyyat nişanını soruşmuş və o, qəsdən Anarın avtomobilinin nömrə nişanının 90-??-048 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı əməliyyat tədbirləri həyata keçirilmişdir. 06 may 2025-ci il tarixdə saat 04:32-də Təqsirləndirilən şəxs onların tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində, “Həyat' şadlıq sarayının yaxınlığında piyada hərəkətdə olarkən, saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində əldə olunması, daşınması və ya gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya narkotik vasitə olub-olmadığı soruşmuş və əgər varsa, təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən siqaret qutusunda 01 ədəd şəffaf polietilen büküm çıxarıb təqdim etmiş, o, bükümə baxdıqda, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlənin olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin "kokos” kimi adlandırılan narkotik maddə heroin olduğunu bildirib, bir neçə saat əvvəl Anar adlı tanışının ona zəng etdiyini və mobil telefonuna məkan gəldiyini deyərək, məkan əsasında birlikdə Sumqayıt şəhərinə gəlib həmin narkotik maddəni götürməyi təklif etdiyini, bundan sonra Anar adlı tanışı ilə birlikdə Binəqədi qəsəbəsindən Sumqayıt şəhərinə gəldiklərini və onun həmin məkan əsasında "Həyat" şadlıq sarayının yaxınlığından siqaret qutusunda 01 ədəd bükümdə narkotik maddə heroini aşkar edib götürdüyünü bildirmişdir. Bundan sonra o, aşkar olunmuş 01 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə olan heroinə oxşar kütləni tərəziyə qoyub çəkmiş və ümumi çəkisinin 0.48 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmış, Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə aparılması üçün Sumqayıt ŞPİ-nə təhqiqatçıya təqdim edilmişdir. Uzun müddət keçdiyindən hər şeyi dəqiqliklə xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2000-ci ilin ortalarından Təqsirləndirilən şəxs Binəqədi qəsəbəsində yaşadığı dövrdən tanıyır. O, əvvəllər narkotik vasitələrdən istifadə edirdi. O, Binəqədi qəsəbəsindən köçdükdən sonra Təqsirləndirilən şəxsla əlaqələri kəsilmişdir. Sonradan onun narkotik vasitə istifadəçisi kimi tutulduğunu eşitmişdir. O, özü taksi fəaliyyəti ilə məşğul olur. 06 may 2025-ci ildə idarə etdiyi "Hyundai-Tucson" markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Fuadla birlikdə Sumqayıt şəhərinə gəlmişlər. "Həyat” şadlıq sarayının qarşısına gəlmişlər. Fuad avtomobildən düşmüş və ona gözləməyini deyərək şadlıq sarayı istiqamətində piyada getmişdir. O, avtomobildən düşməmişdir. O, getdikdən bir müddət sonra geri qayıdarkən, şadlıq sarayınınıyan tərəfində ona bir neçə nəfər mülki geyimdə şəxs yaxınlaşıb onu yaxaladılar. Bunu görəndə həmin şəxslərin polis əməkdaşları olduqlarını başa düşmüş və dərhal avtomobili sürüb oradan uzaqlaşmışdır. Sonradan Fuadla əlaqə saxlamamışdır. 14 may 2025-ci il tarixdə Bakı şəhərində olarkən ona polis əməkdaşları yaxınlaşaraq Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsində istintaq olunan cinayət işi üzrə şahid qismində ifadə vermək üçün çağırıldığını bildirdilər. O, da bu səbəbdən Sumqayıt şəhər polis İdarəsinə gəlmişdir. Hər şeyi polis əməkdaşlarına olduğu kimi demişdir. İstintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş istintaq zamanı verdiyi ifadəsində Şahid3 gstərmişdir ki, 2000-ci ilin ortalarından Təqsirləndirilən şəxs Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşadığı dövrdən tanımış, sonuncunun əvvəllər narkotik vasitələrdən istifadə etdiyindən məlumatı olmuşdur. 06 may 2025-ci il tarixdə gecə saatlarında onun ‘‘Samsung" markalı mobil telefonunda istifadə etdiyi ***-***-**-** nömrəsinin WhatsApp ani mesajlaşma tətbiqinə tanımadığı uzun rəqəmli xarici nömrədən məkan gəlmişdir. O, həmin məkana baxdıqda adını qeyd etməyən şəxsin ona məkanın qeyd olunduğu yerdə narkotik vasitə heroin olduğunu bildirərək, istərsə, həmin narkotik vasitəni gedib götürməyi təklif etdiyini və bunun qarşılığında heç bir şey istəmədiyini qeyd etdiyini görmüşdür. O, götürqoy etdikdən sonra Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə zəng vurub, ondan narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs arada bir, imkan düşəndə istifadə etdiyini deyəndə, sonuncuya telefonuna tanımadığı xarici nömrədən məkan gəldiyini, məkan göndərən şəxsin həmin ünvanda narkotik vasitə heroin olduğunu yazdığını, məkana görə ünvanın Sumqayıt şəhərində yerləşdiyini, həmin şəxsin narkotikə görə pul istəmədiyini deyib, istəyirsə, narkotik vasitəni həmin ünvandan götürüb istifadə etmək istəsə, onu Sumqayıt şəhərinə apara biləcəyini bildirmişdir. Bunu eşidəndə Fuad son vaxtlar problemlərinin yarandığını, halının yaxşı olmadığını deyib, vəziyyətdən çıxmaq üçün müəyyən qədər narkotik vasitədən istifadəyə ehtiyacının olduğunu bildirmiş, sonra isə Sumqayıta gedib-gəlməyi təklif etmişdir. O, etiraz etməyib idarə etdiyi “Hyundai- Tucson” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs Binəqədi qəsəbəsindən götürüb Sumqayıt şəhərinə gətirmişdir. Sumqayıt şəhərində məkanın göstərdiyi istiqamətdə “Həyat” şadlıq sarayının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs onun “Samsung” markalı mobil telefonunu götürüb avtomobildən düşdü və ona məkanın göstərdiyi yerə baxıb gələnə kimi onu gözləməyi tapşıraraq, şadlıq sarayı istiqamətində piyada yollanmışdır. O, avtomobildən düşməmiş, bir müddət sonra geri qayıdan Təqsirləndirilən şəxs şadlıq sarayının yan tərəfindən bir neçə mülki geyimdə şəxsin yaxınlaşıb onu yaxaladıqlarını görmüş, həmin şəxslərin polis əməkdaşları olduqlarını başa düşüb, dərhal avtomobili sürüb oradan uzaqlaşmışdır. Mobil telefonu Fuadda qalmış, sonradan Təqsirləndirilən şəxsla əlaqə saxlamamışdır. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 64-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "BİNGO CD-R 700 MB/80Min 2X- 56X" formatlı diskə baxış zamanı 01 ədəd "WhatsApp“ qovluğunun olduğu müəyyən edildi. Qovluqda olan 58 603 KB-lıq 06:05 dəqiqəlik videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixdə saat 04:32-də Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində, '’Həyat*‘ şadlıq sarayının yaxınlığında piyada hərəkətdə olarkən mülki geyimdə olan Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, kiçik inspektor, polis serjantı X13, eləcə də əməliyyat tədbirini mobil telefondan istifadə etməklə videoçəkiliş apararaq qeydə alan kiçik inspektor, polis serjantı Şahid2 tərəfindən saxlanılır və polis əməkdaşları özlərini təqdim etdikdən sonra, əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsində şübhəli şəxs qismində saxlanıldığını bildirərək, hüquq və vəzifələrini izah edib, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və üzərində əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitənin olubolmadığını soruşaraq, varsa təqdim etməsini təklif edir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən siqaret qutusunda 01 ədəd şəffaf polietilen bükümü çıxararaq polis əməkdaşlarına təqdim edir. Polis kapitanı Şahid1 həmin şəffaf polietilen bükümü açdıqda, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilir. Əməliyyat müvəkkili Şahid1 bükümün içərisindəki kütlənin nə olduğunu, haradan və nə vaxt əldə etdiyini Təqsirləndirilən şəxs soruşur, sonuncu aşkar olunmuş kütlənin "kokos“ kimi adlandırılan narkotik vasitə heroin olduğunu, bir neçə saat əvvəl Anar adlı tanışı ilə telefon danışığından sonra Anarın mobil telefonuna gələn konum əsasında Binəqədi qəsəbəsindən Sumqayıt şəhərinə birlikdə gəldiklərini və konum əsasında şadlıq sarayının yaxınlığında həmin narkotik vasitəni aşkar edib təmənnasız götürdüyünü, narkotik vasitədən Anarla birlikdə istifadə edəcəklərini bildirir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 aşkar olunmuş siqaret qutusunda 01 ədəd şəffaf polietilen bükümdəki narkotik vasitə heroinə oxşar kütləni tərəziyə qoyub çəkir və çəkisinin 0,48 qram olduğu müəyyən edilir. Daha sonra həmin büküm ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılır və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Zərf bütün iştirakçılar tərəfindən imzalanır. Əməliyyat müvəkkili Şahid1 şəxsi axtarışı davam etdirərkən, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefon aşkar edilir və həmin mobil telefonun ona məxsus olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs mobil telefonun tanışı Anara məxsus olduğunu, məkanın həmin telefona gəldiyini və telefonu Anarın avtomobilindən götürdüyünü bildirir. Əməliyyat müvəkkili, polis kapitanı Şahid1 mobil telefonu nəzərdən keçirib, gələcəkdə təhqiqatçıya təqdim etməsini məsləhət görərək özünə qaytarır. Daha sonra əməliyyat müvəkkili Şahid1 şəxsi axtarışın sənədləşdirilməsi məqsədilə Sumqayıt ŞPİ-nə gedəcəklərini Təqsirləndirilən şəxs izah edərək, bununla videoçəkilişin dayandırıldığını elan edir və videoçəkiliş başa çatır. İş materiallarına əlavə edilmiş 01 ədəd "CD-R" formatlı diskə baxış zamanı 01 ədəd "20250506 054507“ və 01 ədəd "20250506 055717“ qovluqlarının olduğu müəyyən edildi. "20250506 054507“ adlı qovluqda olan 1 162 816 KB-lıq 07:50 dəqiqəlik videogörüntüdən görünür ki, Sumqayıt şəhər polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnikleytenantı Səadət Qənbərov xidməti otaqda Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra onun Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasında şübhəli şəxs qismində saxlanıldığını bildirərək, xidməti otaqda üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, kiçik inspektorlar, polis serjantı X10 və polis serjantı Şahid2 özlərini təqdim etmələrini təklif edir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra X8 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim edərək, onun Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir və bu barədə bildirişi ona verir. Bundan sonra X8 tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Sumqayıt şəhəri ərazisində şübhəli şəxs qismində saxlanılaraq üzərinə şəxsi axtarış keçirildiyini və üzərindən narkotik vasitə heroinə oxşar kütlənin aşkar edilib götürüldüyünü, zərfə qablaşdırılaraq bu barədə protokol tərtib olunduğunu bildirir, bu zaman əməliyyat müvəkkili, polis kapitanı Şahid1 bir ədəd zərf təqdim edərək, zərfin içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret qutusunda bir ədəd şəffaf polietilen bükümdə 0.48 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlənin olduğunu bildirir. X8 zərfi götürərək, Təqsirləndirilən şəxs zərfin içərisindəki kütlənin nə olduğunu, həmin kütləni haradan və hansı məqsədlə əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs zərfin içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadələri üçün əldə etmək məqsədilə Xırdalan şəhərində yaşayan Anar adlı şəxsin ona verdiyi mobil telefona gələn məkan vasitəsilə Anarın idarə etdiyi “Hyundai" markalı 90-??-048 dövlət qeydiyyat nişanlı avtomobildə Sumqayıt şəhərinə gəldiklərini, onun “Həyat" şadlıq sarayının yaxınlığında, məkanın göstərdiyi yerə təkbaşına gedərək tapıb götürdüyünü və şəxsi istifadəsi məqsədilə şalvarının sağ yan cibinə qoyub geri qayıdarkən, polis əməkdaşları tərəfindən yaxalandığını bildirir. X8 daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və əynindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd “Samsung" markalı mobil telefon aşkar edilir. X8 həmin mobil telefonun kimə məxsus olduğunu soruşur, Təqsirləndirilən şəxs mobil telefonun tanışı Anara məxsus olduğunu, məkanın həmin telefona gəldiyini bildirir. Təhqiqatçı, polis polkovnik-leytenantı Səadət Qənbərov aşkar edilmiş 01 ədəd mobil telefonun iş üzrə əhəmiyyət kəsb edə biləcəyini deyərək götürür və ağ rəngli kağıza qablaşdırır. Bundan sonra X8 şəxsi axtarışı davam etdirir və göy rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd metal borucuq aşkar edilir, Təqsirləndirilən şəxs həmin borucuqdan siqaret çəkmək üçün, bəzən isə narkotik vasitə heroin çəkmək üçün istifadə etdiyini bildirir. Həmin metal borucuq ekspertiza tədqiqatına təqdim olunması məqsədilə təhqiqatçı tərəfindən götürülür. Bundan sonra videoçəkiliş yarımçıq dayanır. “20250506 055717" adlı qovluqda olan 380 738 KB-lıq 02:34 dəqiqəlik videogörüntüdən görünür ki, Sumqayıt şəhər polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı videoçəkilişdə müəyyən problemlərin yaranması səbəbindən videoçəkilişin dayandırıldığını və problemlərin aradan qaldırıldığını izah edərək, şəxsi axtarışın davam etdirildiyini bildirir və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metal borucuğun ekspertiza tədqiqatına göndəriləcəyini izah edir və bu məqsədlə götürüldüyünü bildirir. Daha sonra şəxsi axtarışda iştirak edən vəkil X1 Fuad Rauf oğlundan saxlanıldığı ünvana dostu Anarla birlikdə gəldiyini deyərək, hal-hazırda həmin şəxsin harada olduğunu sonuncudan soruşur, Təqsirləndirilən şəxs bu barədə heç bir məlumatının olmadığını bildirir. Vəkil Elman Musayev daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən, onun hər hansı Fiziki zora, mənəvi və ya psixoloji təsirə məruz qalıb-qalmadığını soruşur, Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını, mənəvi və ya psixoloji təsirə məruz qalmadığını bildirir və bundan sonra X8 videoçəkilin başa çatdığını elan edir və videoçəkiliş dayandırılır. Həmin 01 ədəd "BİNGO CD-R 700 MB/80Min 2X-56X" formatlı və 01 ədəd ”('İ)-R" formatlı disklər, içərisindəki videogörüntülərin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi nəzərə alınaraq, sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 may 2025-ci il tarixli 20/275 saylı rəyinə əsasən təhqiqata təqdim edilmiş üzərində: "Şahid1 /imza/; Şahid2 /imza/; Rüfət Rzayev /imza/; Təqsirləndirilən şəxs /imza/ əl yazıları olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,322 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-//heroindir; Tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 124” möhür əksi olan zərfdəki 01 ədəd metal borucuğun içərisində narkotik vasitə-//m?/7/ izləri müəyyən edildi. Metal borucuğun içərisində narkotik vasitə-heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Ekspertiza təcrübəsindən sonra 01 ədəd bükümdə olan 0,322 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən təhqiqata 0,1 qram sərf edilmiş, 0,222 qram narkotik vasitə heroin qalıq qalmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 may 2025ci il tarixli 2661 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25 oktyabr 2007 və 25 dekabr 2008-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş medalların vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal və Qüsursuz xidmətə görə 2-ci dərəcə medalları ilə təltif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində iki yetkinliş yaşına çatmayan övladının olmasını və hərbi xidmət müddətində bir sıra medallarla təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, yəni məhkumluğunun olmamasını, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, hərbi xidmət müddətində bir sıra medallarla təltif edilməsini və cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 06 may 2025-ci il tarixdən 07 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 7 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 07 may 2025-ci il tarixli 2661 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,222 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2025-ci ildən 07 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı ünvan 9 ünvanında yerləşən yaşadığı evi tərk etməmək,Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,222 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (ikibir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat təqsirləndirilən şəxs X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar