Məhkəmə qərarları › İş №1(060)-456/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-456/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-456/2021 12.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofana bükülmüş, təmiz çəkisi 0,257 qram psixotrop maddə olan metamfetamin və bir ədəd qara rəngli siqaretin kağızına bükülmüş, təmiz çəkisi 0,141 qram narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayaraq daşımış, 08 aprel 2021-cı il tarixdə, saat 16:09-da, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Əliağa Vahid küçəsinin kənarı ilə piyada hərəkətdə olarkən, Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, bölməyə gətirilmiş və bölmənin xidməti otağında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofana bükülmüş, təmiz çəkisi 0,257 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd qara rəngli siqaretin kağızına bükülmüş, təmiz çəkisi 0,141 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək, götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxta və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,515 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 21 may 2021-ci il tarixində, saat 18:45-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dədə Qorqud küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf polietilen sellofana bükülmüş vəziyyətdə 0,515 qram çəkidə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o təxminən 2 il olar ki, narkotik vasitə heroini və metamfetamini zərdə yandırıb tüstüsünü qəbul edir. Heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. Tutulmamışdan bir gün əvvəl, yadında olmayan mobil telefon nömrəsi ilə «online» bir büküm narkotik vasitə olan heroin və bir büküm psixotrop maddə olan metamfetamin sifariş etmiş və həmin nömrədən ona göndərilən kart nömrəsinə 25 (iyirmi beş) manat pul ödəyərək, Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yaxınlığındakı göstərilən yerdən tanımadığı şəxsin qoyduğu bir ədəd sellofana bükülmüş psixotrop maddə olan metamfetamini və bir ədəd qara rəngli siqaretin kağızına bükülmüş narkotik vasitə olan heroini gedib götürərək, əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə istifadə etmək üçün qoymuşdur. 08 aprel 2021-ci il tarixdə, saat 16:05 radələrində, tək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində Əliağa Vahid küçəsinin kənarı ilə piyada keçən zaman ona üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirib, özlərini təqdim edərək, onu saxlamışlar. Həmin zaman polis formasında olan digər polis əməkdaş ona yaxınlaşaraq, özünü təqdim edib, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin təhqiqatçısı olduğunu bildirməklə, ondan da özünü təqdim etməyi xahiş etmişdir. Polis əməkdaşlarına, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı ona, hüquq və vəzifələrini izah edərək, narkotik vasitələri və psixotrop maddələri əldə etməkdə, üzərində saxlayaraq, daşımaqda və istifadə etməkdə şübhəli olduğu üçün, onu saxladıqlarını, videoçəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış keçirməli olduqlarını və ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə dəvət etdildiyini qeyd etmişdir. Orada olan digər polis əməkdaşı isə videokamera ilə çəkiliş aparmışdır. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin xidməti otaqlarının birində özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı ona, bir daha hüqüq və vəzifələrimi izah edəndən sonra, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim etmiş, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazı olub-olmadığı soruşduqda, onlara buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra, üzərində qeyri-qanuni əşyalar varsa, özünün təqdim etməyi xahiş olunduqda bu zaman o məcbur olub, əynindəki qara gödəkçəmin sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümünü və içərisində narkotik vasitə heroin olan bir ədəd qara rəngli siqaret kağızı bükümünü çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümləri açıb, sellofan bükümün içərisindən ağ rəngli kristall şəkilində maddə, qara rəngli siqaret kağızı bükümünün içərisindən isə qəhvəyi rəngli toz şəkilində maddə aşkar etmişlər və ondan, həmin maddələrin nə olduğunu, haradan, kimdən, hansı qiymətə və hansı məqsədlə aldığını soruşan zaman polis əməkdaşlarına, bir ədəd sellofan bükümünün içərisindəki ağ rəngli kristall şəkilində maddənin psixotrop maddə olan «şüşə», yəni, metamfetamin olduğunu, bir ədəd qara rəngli siqaret kağızı bükümünün içərisindəki 1 ədəd qəhvəyi rəngli toz şəkilində maddənin isə narkotik vasitə olan «kokos», yəni, heroin olduğunu, onları bir gün əvvəl «online» vasitəsi ilə 25 (iyirmi beş) manat pul köçürərək, Bakı şəhəri, «20 Yanvar» metro stansiyasının yaxınlığına gedib, orada tanımadığı şəxsin qoyduğu yerdən öz istifadə üçün aldığını bildirmişdir. Sonra, polis əməkdaşları üzərinə şəxsi axtarış keçirərkən üzərindən başqa heç bir qeyriqanuni əşya aşkar olunmamışdır. Daha sonra, polis əməkdaşları, onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən aşkar olunmuş, bir ədəd sellofana bükülmüş psixotrop maddə olan metamfetaminin və bir ədəd qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroinin çəkilərini müəyyən etmək məqsədi ilə metamfetamini sellofan bükümü ilə birlikdə, heroini isə qara rəngli siqaret kağızı bükümü ilə birlikdə ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyaraq çəkilmiş və sellofan bükümlə birlikdə metamfetaminin çəkisi 0,53 qram olduğu, qara rəngli siqaret kağızı bükümü ilə birlikdə heroinin çəkisi 0,31 qram olduğu müəyyən edilmişdir. Bundan sonra, polis əməkdaşları onun əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar olunmuş, bir ədəd sellofana bükülmüş psixotrop maddə olan metamfetamini və bir ədəd qara rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini ekspertizaya göndərmək üçün, başqa bir sarı rəngli kağız zərfin içərisinə qoyaraq, qablaşdırmışlar və möhürləmişlər. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, 21.05.2021-ci il tarixdə saat 18:45-də Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Dədə Qorqud qəsəbəsi ərazisində olan zaman mülki geyimdə və polis formasında olan şəxslər onu saxlayaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, sonra ondan özünü təqdim etməyi xahiş etmişlər, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun hüquq və vəzifələrini izah edərək, üzərində narkotik vasitələri qanunsuz saxlamaq, daşımaqda şübhəli olduğu üçün saxlanmağını ona söyləmişlər. Sonra əlverişli şərait olmadığı üçün şəxsi axtarış aparılmasından ötrü onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparmışlar, polis əməkdaşları razılığı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını, axtarış aparılmazdan əvvəl üzərində hər hansısa qanunsuz əşya və ya maddənin olub-olmamasını soruşaraq olduğu halda təqdim etməyi ona söyləmişlər. Bu zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf polietilen sellofana bükülmüş narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitəni bir gün əvvəl Bakı şəhərində “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Özünün iştirakı ilə üzərindən aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilərək, çəkisinin 0,71 qram olması müəyyən olunmuş və həmin büküm zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və protokolu, eyni zamanda zərfi imzalamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi polis baş leytenantı X3 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən onlara əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə edildikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 08 aprel 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, polis baş leytenantı Şahid2, PB-nin YYÇ üzrə inspektoru polis kapitanı Şahid3 iştirak etmişlər. 2-ci PB-nin rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 16:09-da onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Ə.Vahid küçəsində piyada hərəkət etdiyini müşahidə etmişlər, bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamışlar və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər və sonra özlərini ona təqdim etmişlər və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla birgə 2-ci PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra 2-ci PB-nə gətirilmiş və 2-ci PB-də Təqsirləndirilən şəxs təhqiqatçı Fərhad Bayramov tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmiş və şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə təqdim etməsi bildirmiş və bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən şəffaf rəngli sellefona bükülmüş 01(bir) ədəd bükümdə narkotik vasitə metamfetaminə bənzər kütləni və həmin cibdən qara rəngli siqaret kağızına bükülmüş 01 (bir) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmiş, həmin bükümlər sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və metamfetaminə bənzər kütlənin çəkisi 0,53 ( sıfır tam yüzdə əlli üç) qram, heroinə bənzər kütlənin çəkisi 0,31(sıfır tam yüzdə otuz bir) qram təşkil etmişdir. Sonradan həmin bükümlər ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılmış və paketin üzəri möhürlənmiş, istintaq hərəkətinin davamında Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini və psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, 07.04.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən həmin heroini 15 manata, metamfetamini 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İstintaq hərəkətinin sonunda protokol tərtib edilərək ucadan oxunmüş və həmin protokol doğru tərtib edildiyindən tərəflərindən imzalanmışdır. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi ev 19 mənzil 38-də qeydiyyatda olmaqla yaşayan əvvəllər məhkum edilməmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi ilə məşğul olması barədə məlumat daxil olmuş və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 2-ci PBnin YYÇİ üzrə inspektoru, polis kapitanı Şahid3, 2-ci PB-nin CA üzrə kiçik inspektoru polis baş serjantı X6, bölmənin təhqiqatçısı, polis kapitanı Şamil Məmmədovun, kriminlastik təhqiqatlar bölməsinin inspektor-kriminalisti, polis kapitanı Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər və Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakını təmin etmişlər. Saat 15:28 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Dədə Qorqud küçəsində olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında 21.05.2021-ci il tarixdə saat 18 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dədə Qorqud küçəsinə gəlmişlər və təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər və Təqsirləndirilən şəxs görüb onu saxlamışlar və özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirməsindən sonra Təqsirləndirilən şəxs 2-ci polis bölməsinə gətirmişlər, orada videoçəkilişlə vəkilin və iştirakçıların iştirakı ilə şəxsi axtarış keçirmişlər, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbulu ilə məşğul olması və üzərində gəzdirməsində şübhəli bilindiyini bildirmişlər, Təqsirləndirilən şəxs videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş etmişlər. Təqsirləndirilən şəxs bu zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindəki 01 bükümdə şəffaf sellefona bükülmüş bükümü çıxardaraq təqdim etmiş və Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Daha sonra həmin kütlənin elektron tərəzdiə çəkisi çəkilmiş, çəkisi 0,71 qram olmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyi və nə məqsədlə üzərində saxladığı soruşulmuş, Təqsirləndirilən şəxs isə həmin narkotik maddəni Bakı şəhəri, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 15 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş və həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid4 Şahid5 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 08.04.2021-ci il tarixdə və 21.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər X2, Şahid5 və Şahid4 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2021-ci il tarixli, 6\1392 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «... Şübhəli şəxs Təqsirləndirilən şəxs...» sözləri olan bir ədəd zərfədəki,1 ədəd bükümdə təmiz çəkisi - 0,257 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi -0,141 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin çəkisi- 0,141 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq-0,041 qramdır, metamfetaminin təmiz çəkisi-0,257 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq-0,157 qramdır). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 22 may 2021-ci il tarixli, 6\2009 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «... üzərindən narkotik vasitəyə bənzər kütlə aşkar edilən Təqsirləndirilən şəxs...» sözləri olan bir ədəd zərfədəki,1 ədəd bükümdə təmiz çəkisi -0,515 qram olan olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin çəkisi-0,515 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,465 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 21 aprel 2021-ci il tarixli,1178 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 2026 №li 07.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə 2020-ci ilin iyul ayından narkomaniya diaqnozu ilə qeydiyyatdadır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-25.08.2010-cu il təvəllüdlü X10 və 19.04.2014-cü il təvəllüdlü X7 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 06.05.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi İ.Məmmədovun 10.04.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 23.05.2021-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 21.05.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 07.07.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. X4 cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 21 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,041 qram çəkidə narkotik vasitə olan heroin, 0,157 qram çəkidə psixotrop maddə metamfetamin və 0,465 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının ümumi dəyəri 195,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 22 iyun 2021-ci il tarixli (iş № 1(060)-456/2021) qərarını icra edərək, 35 iyun 2021-ci il tarixli 712 saylı orderə əsasən vəkil Hazımov isməli Əlican oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 21 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,041 qram çəkidə narkotik vasitə olan heroin, 0,157 qram çəkidə psixoturop maddə metamfetamin və 0,465 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 195,82 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar