Məhkəmə qərarları › İş №1(060)-457/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-457/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-457/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X3 X6 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə X1 Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və s. barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət əsasən onunla əsaslandırılmışdır ki, X6 ilə 14 iyun 2021-ci il tarixdə Sumqayıt şəhər 11 saylı məktəbin direktor müavini kimi bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 72 saylı əmri ilə xitam verilmişdir. Bundan təxminən bir saat sonra Sumqayıt şəhər 11 saylı məktəbin qarşısında canlı yayın vasitəsilə “Kanal-24” adlı internet televiziya kanalında Abbasov Teymur onun adından guya özünü Sumqayıt şəhəri icra başçısının əmisi nəvəsi kimi təqdim edərək özünə və yaxınlarına xüsusi imtiyazlar əldə edərək bundan istifadə etməsi barədə bilərəkdən böhtan xarakterli məlumat yaymışdır. Eyni zamanda kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış, yəni rəhbərlik etdiyi məktəbin kollektivi və şagirdlərin valideynləri qarşısında bacısının guya amnistiya aktı ilə azadlığa çıxdığını, onun hərəkətlərinə görə ayrı-ayrı şəxslərin məktəbə gələrək ondan pul tələb etmələri barədə yalan məlumat verməklə adını bilərəkdən nalayiq formada dəfələrlə səsləndirməklə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymağa, yəni şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa yönələn hərəkətlər etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında şikayətini müdafiə etdi və icraata götürülüb baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Müdafiəçi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətini müdafiə etdi və xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında müdafiəçi X8 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunun tələbinə görə xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər..... Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayətdə X1 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmiş, ancaq CM-nin 147-ci maddəsinin hansı bəndi ilə məsuliyyətə cəlb edilməsi göstərilməmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli (iş № 1(060)-457/2021) qərarını icra edərək, 23 iyun 2021-ci il tarixli 679 saylı orderə əsasən vəkil X4 onun vəkili təyin etmişdir. Müdafiəçi X8 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin hüquqlarının müdafiəsi üçün 03 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Kapitalbank ASC-nin Sumqayıt şəhər filialında olan hesabına köçürülməlidir. xxxx 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 X6 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar