Məhkəmə qərarları › İş №1(060)-457/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-457/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-457/2024 18.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Cəbrayıl rayonu, Əmirvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər xəsarət yetirmişdir. Belə ki, o, 04 fevral 2024-cü il tarixdə, saat 18:03-də özünə məxsus «B1,B,C1,C» kateqoriyalı BC015359 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz 190” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Polad Həşimov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən yolayrıcına 20 km/saat sürətlə daxil olub sola H.Əliyev prospektinə doğru dönmə manevri edərkən“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 75-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq, yəni yolayrıcında sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq yolun hərəkət hissəsini soldan sağa doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vurmaqla sonuncuya sağ almacıq sümüyünün, almacıq sümüyü qövsünün ön və aşağı divarının, sağ maksilyar sinusun divarının yerdəyişən sınıqları, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gözün ağlı qişasına qansızına, sağ gözətrafı nahiyənin almacıq nahiyəsini tutan şişkinliyi-hematoması, sol baldırın diz oynağını tutan qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Mersedes Benz 190” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobil idarəetmək hüququ verən sürücülük vəsiqəsi vardır. 04 fevral 2024-cü il tarixdə saat 18 radələrində o idarə etdiyi avtomobillə Polad Həşimov küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən avtomobilində ondan başqa heç kim olmamış, həmin vaxt hava qaranlıq olmuş, sürəti təxminən 10-20 km/saat olmuşdur. O Heydər Əliyev prospekti istiqamətində yaşıl işığın sönməsi ilə işıqforun sarı işığında dönmə əməliyyatı etmiş və həmin vaxt qara geyimli bir qadının piyada keçidinin ortasından bir azçıq da, irəlidə getdiyini ani görmüş və həmin an avtomobilin qadına dəyməməsi üçün dərhal sükanı sola çəkmişdir. Bu zaman avtomobilin sağ qanadı ilə güzgü hissəsi qadına sürtülmüşdür. Nəticədə qadın yerə yıxılmış, sonra o avtomobili kənarda saxlayıb avtomobildən düşmüş və qadını yerdən qaldırıb kənarda skamyada əyləşdirmişdir. Ona xəstəxanaya aparmasını təklif etmiş, sonra qadın öz yaxınlarına zəng edib hadisə yerinə çağırmışdır. Qadını “Unikal” klinikasına aparmışlar. Unikal işləmədiyinə görə daha sonra travmatologiyaya aparmışlar, oradan KT etmək üçün təkrar “Unikaf’a getmişlər. Hadisə vaxtı alkoqol sərxoşluğu və ya digər sərxoşluq vəziyyətində olmamışdır. Həmçinin bildirmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxslə barışıq əldə etməsi üçün çoxsaylı cəhdlər etmişdir. Lakin, zərərçəkmiş şəxs və onun yaxınları barışıqla bağlı cəhdlərinə çox sərt reaksiya vermişlər. Zərərçəkmiş şəxsin müayinə və müalicə xərclərinin qarşılanması üçün də təklifləri olmuşdur. Lakin, bununla da bağlı onların tələbləri həddən artıq yüksək olduğuna görə bu xərcləri qarşılaya bilməmişdir. Mülki iddiaya münasibətdə isə qeyd etmişdir ki, ona qarşı 37.22,5 manat məbləğində mülki iddia qaldırılmışdır. Bu məbləğlə razı deyil, məbləğ həddən artıq şişirdilmişdir. O, mülki iddianın 6500 manat məbləğində hissəsini qəbul edir və həmin məbləği ödəməyə hazırdır. Təqsirini etiraf etməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya çatdırmasını, əvvələr məhkum edilməməsini və evli olmaqla himayəsində yetikinlik yaşına çatmayan iki uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, hadisə zamanı qeydə alınmış video görüntülər, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində işdən çıxıb piyada evə gedərkən Heydər Əliyev prospekti ilə şəhid general Polad Həşimov küçəsinin kəsişməsində piyada keçidi ilə keçərkən keçidin ortasına kimi gəlmişdir ki, nəsə onu vurmuş və o zərbə ilə asfalt yola çırpılmışdır. Həmin vaxt onun sifətinin sağ yan hissəsi zərbə ilə asfalta çırpılmışdır. Hadisədən sonra o huşunu itirmiş, bir də həmin yerdən bir az kənarda oturacaqda uzanmış vəziyyətdə ayılmışdır, ancaq tam özündə olmamış, yalnız səs eşidirmiş. O piyada keçidini maşınlar dayanandan sonra keçmişdir. Bundan əlavə mülki iddia ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığının uzun müddət pozulmasına səbəb az ağır bədən xəsarətləri yetirilməklə yanaşı ona xeyli miqdarda maddi və mənəvi zərər vurulmuşdur. Fiziki və psixoloji sarsıntı keçirmiş, əmək qabiliyyəti və sağlamlığının bərpası üçün xeyli müddət və maddi vəsait lazımdır. Aldığı xəsarətlərin fəsadlarının aradan qaldırılması üçün ilkin vacib əməliyyatlardan sonra uzun müddətli müalicəyə ehtiyac yaranıb və bunun üçün əlavə xərc çəkilməlidir. Avto qəza nəticəsində əmək qabiliyyətini itirmişdir. Hesab edir ki, yol nəqliyyat hadisəsinə görə indiyədək çəkdiyi maddi xərci, ona dəymiş mənəvi, psixoloji və fiziki sarsıntıya görə ziyanı və bundan sonra müalicəsinin davam etditilərək səhhətinin normallaşması üçün çəkilməli olan maddi xərc tam şəkildə ona ödənilməlidir. Göstərilənlərə əsasən aldığı xəsarətlərin fəsadlarının aradan qaldırılması üçün indiyədək çəkdiyi xərclərə görə 12.317,5 manat, xəstəxanaya gedib-gəlmək üçün çəkilmiş nəqliyyat xərci, telefon danışığı və digər qeyrirəsmi xərclərə görə 1000 manat, ona vurulmuş mənəvi ziyana görə 8000 manat, əmək haqqı qazancı kimi itirdiyi 5700 manat, qardaşı X3 alıb klinikaya ödədiyi 10000 manatın dövriyyədən çıxarılmasına görə əldən çıxmış fayda kimi 4000 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 12.317,5 manatın 1,667%-i olan 205 manat, bundan sonra səhhətində olan fəsadların aradan qaldırılması, tam bərpa olunması, həmçinin keçirdiyi psixoloji sarsıntının aradan qaldırılması üçün müalicəyə çəkiləcək təxmini 6000 manat, ümumilikdə 37.222,5 manatın və ödənilmiş dövlət rüsmunun Təqsirləndirilən şəxs tutularaq ona verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs indiyədək onun heç bir xərcinin çəkilməsində iştirak etməmişdir, sonuncu ilə barışmamış, şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Cinayət işinin 67-68-ci vərəqəsində olan 04 aprel 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 13-cü vərəqəsində olan BC seriyalı, 015359 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1B,C1C” dərəcəli sürücülük hüququ var, vəsiqənin xx.xx.2032-ci il tarixədək qüvvədə olma müddəti var. Cinayət işinin 33-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-8/21386/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə məxsus «BC» kateqoriyalı BCO15359 saylı 10 illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. Cinayət işinin 13-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AB seriyalı, 768228 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 1989-cu il, “Mersedes Benz 190” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 21-ci vərəqəsində olan 01 ədəd diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntü Sumqayıt şəhəri Heydər Əliyev prospekti ilə Polad Həşimov küçəsinin kəsişməsini əks etdirir. Görüntünün 8-ci saniyəsində bir nəfər qadın cinsli şəxs işıqforun yaşıl işığında piyada keçidi ilə yolu qarşı tərəfə düzünə istiqamətdə, iti yerişlə keçməyə başlayır. Görüntünün 14-cü saniyəsində işıqforun sarı işığında ağ rəngli Mersedes Benz markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil təxminən piyada keçidinin ortasında olan qadını qabaq sağ yan hissəsi ilə göründüyü qədər sol ayaq hissəsindən vurur və piyada zərblə asfalt üzərinə çırpılır. Bundan sonra, Mersedes markalı avtomobilin sürücüsü avtomobili qarşıda sağda dayandırıb avtomobildən düşərək asfalt üzərində olan piyadanı kənar şəxslərin köməkliyi ilə öz avtomobilinə qoyur. Cinayət işinin 34-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X5 xx.xx.2024-cü il tarixli 243 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ almacıq sümüyünün, almacıq sümüyü qövsünün ön və aşağı divarının, sağ maksilyar sinusun divarının yerdəyişən sınıqları, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ gözün ağlı qişasına qansızma, sağ gözətrafı nahiyənin almacıq nahiyəsini tutan şişkinliyi- hematoması, sol baldırın diz oynağını tutan qançırından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmışdır, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilər, müddəti zərərçəkənin Unikal Klinikaya daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/573 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mersedes-Benz 190 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 01 aprel 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 82-85-ci vərəqələrində olan 05 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, baş vermniş hadisənin video görüntüsünü əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 72-ci vərəqəsində olan Sumqayıt şəhəri 3 saylı MKİS tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, üç uşağı, ata-anası və qardaşından ibarətdir. Uşalardan ikisi yetkinlik yaşına çatmamışdır (2007 və 2008-ci il təvəllüdülü uşaqlar). Cinayət işinin 73-cü vərəqəsində olan Sumqayıt şəhəri 3 saylı MKİS tərəfindən verilmiş 05 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş çoxsaylı qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək olan müddət ərzində “Unikal Klinikası”na və müxəlif apteklərə ümumilikdə 12.317,5 manat ödəniş edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, Zərərçəkmiş şəxs dövlət rüsumu kimi 203 manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, verdikləri ifadələr, hadisə zamanı qeydə alınmış video görüntülər, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinə əsasən sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərərək onu xəstəxanaya çatdırmasını, ilk dəfə məhkum edilməsini, evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla bağlı məhkəmə hesab edir ki, iş üzrə yol nəqliyyat hadisəsinin qeydə alındığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs mülki iddiasını araşdıraraq məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilərək zərərçəkmiş şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə indiyədək çəkdiyi xərclərə görə 12.317,5 manat, zərərçəkmiş şəxsə vurulmuş mənəvi zərərə görə isə 1000 manat, ümumlikdə 13.317,5 manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumuna görə ödənilmiş 203 manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Belə ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə indiyədək 12.317,5 manat məbləğində xərc çəkməsi onun tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərlə öz təsdiqini tapmışdır. Məhkəmə zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə mənəvi zərərə görə 1000 manat məbləğində pulun tutulmasını ona görə əsaslı hesab edir ki, zərərçəkmiş şəxs üz nahiyyəsindən xəsarət almaqla uzun müddət qeyd edilən xəsarətlə yaşamış və bununla bağlı psixoloji sarsıntılara məruz qalmışdır. Məhkəmə həmçinin hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası digər hissələrdə (yəni xəstəxanaya gedib-gəlmək üçün çəkilmiş nəqliyyat xərci, telefon danışığı və digər qeyri-rəsmi xərclərə görə 1000 manat, mənəvi ziyana görə 8000 manat iddia tələbinin 7000 manat hissəsi, əmək haqqı qazancı kimi 5700 manat, əldən çıxmış fayda kimi 4000 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 12.317,5 manatın 1,667%-i olan 205 manat, bundan sonrakı çəkilməli olan xərclər kimi 6000 manat) rədd edilməlidir. Belə ki, zərərçəkmiş şəxs qeyd edilən xərclərin olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1118.1-ci maddəsinin fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilərək onun indiyədək çəkdiyi xərclərə görə 12.317 (on iki min üç yüz on yeddi) manat 50 (əlli) qəpik, ona vurulmuş mənəvi zərərə görə isə 1000 (min) manat, ümumlikdə 13.317 (on üç min üç yüz on yeddi) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumuna görə ödənilmiş 203 (iki yüz üç) manat mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Zərərçəkmiş şəxs mülki iddiası qalan hissədə rədd edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar