Məhkəmə qərarları › İş №1(060)-458/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-458/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-458/2021 23.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1966-cı ildə Xaçmaz rayonu, Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də xadimə işləyən, məhkum olunmamış, Şabran rayonu, Çay Qaraqaşlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04.02.2021-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri St.Sumqayıt qəsəbəsi 43 saylı məktəbin yaxınlığında yerləşən bacısı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində sonuncuya övladlarının boşanmasından sonra Şahid2 himayəsinə verilmiş azyaşlı nəvələrini görmək istədiyini bildirdikdə, Zərərçəkmiş şəxs ondan həyəti tərk etməsini tələb etdiyi zaman aralarında yaranmış mübahisə zamanı, iki əli ilə Zərərçəkmiş şəxs itələyərək yerə yıxaraq, sol bazu nahiyəsini yerdəki mişar daşına vurmaqla ona sol bazu sümüyünün proksimal hissəsinin böyük qabarının kortikal qatının tam yerdəyişən sınığı kimi xəsarət yetirib, zərəçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Aralarında ailə mübahisələri ilə bağlı normal münasibət yoxdur. 2017-ci il tarixdə oğlu Təbriz bacısı Naxışın qızı Leyla ilə rəsmi nikaha daxil olmuşdur. 2020-ci ilin 22 aprel tarixində oğlu Pərviz hərbi xidmətdən təxris olub yaşadığları ünvana qayıtmışdır. Həmin vaxt onlar ailə yaxınlarına qonaqlıq verirmişlər. X5 da öz ailə üzvləri ilə birgə gəlmişdir. O, qızı Nuranəni yola salan zaman evdə gəlini Leylanın kiminsə ünvanına nalayiq ifadəli söz dediyini eşitmişdir. Evə qayıdanda məlum olmuşdur ki, Hənifənin nəvəsi onun nəvəsi yəni Leylanın azyaşlı qızına bilməyərəkdən toxunmuş bunu görən Leyla əsəbələşərək Hənifənin ünvanına nalayiq ifadələr işlədərək sonuncunu təhqir etmişdir. Bundan sonra Hənifə onlardan inciyərək çıxıb getmişdir. Hənifə getdikdən sonra o, haqlı olaraq gəlini Leylaya narazılıq edib onu sözlə tənbeh etmişdir. Növbəti gün işdə olan zaman eşitmişdir ki, Leyla onların barələrində şikayət etmək üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə müraciət etmişdir. Müraciətindən sonra Leyla onun nəvələri ilə birlikdə anası Naxışın yaşadığı evinə getmişdir. O, ailə üzvləri ilə danışıb onlara narazılığını bildirib küsüb Hənifənin yaşadığı evinə getmişdir. Oğlu Təbriz və digərlərinin xahişi ilə yaşadığı evə qayıdan zaman əşyaların dağınıq olduğunu görmüşdür. Həmin əşyaları Leylanın bacısı İlhamə dağıtmışdır. Bundan sonra o, oğlu X3 ilə evləndirmək qərarına gəlmişdir. Bu barədə ailə üzvlərinə də dedikdə ailə üzvləri də narazılıq etmədikləri üçün 2020-ci ilin oktyabr ayında Təbrizlə Zenifra ailə həyatı qurmuşlar. Bundan sonra Naxış və Naxışın ailə üzvləri onlarla şər və böhtan xarakterli münasibətlər yaratmağa başlayaraq onun və ailə üzvlərinin nəvələri ilə görüşməsinə maneçilik yaratmışdır. O, da bu məsələ ilə bağlı 04.02.2021-ci il tarixdə Naxışın yaşadığı ünvana getmiş və onunla həyətdə söhbət edən zaman Naxış heç bir səbəb olmadan onun üzərinə hücum çəkərək onu söyüb təhqir etməyə başlamış və ona əl zərbələri endirən zaman o, özünü müdafiə etmək üçün Naxışı özündən kənara itələmiş, həmin vaxt Naxış yerə yıxılmış, o, isə oradan çıxıb getmişdir. Bundan sonra onu 2021-ci ilin fevral ayında Sumqayıt Pİ-nin 5-ci PB-nə dəvət edən zaman ona məlum olmuşdur ki, Naxış onun barəsində polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu bildirərək amnistiya tətbiq olunaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma bacısı, X2 isə sonuncunun qohumdur. Onlara dair düşmənçilik və ya ədavət münasibətləri olmamışdır. 2017-ci il tarixdə qızı Şahid2, bacısı X4 ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından 2 övladları olmuş, 2020-ci ilin əvvəllərindən etibarən aralarında yaranmış ailədaxili narahatçılıqlarla bağlı qızı ilə Təbriz 26.02.2021-ci il tarixdə boşanmışlar. Boşanmalarına səbəb Leyla ikinci övladını dünyaya gətirdikdən sonra xəsətəxandan evinə qayıdan zaman Təbrizin Zenfira adlı qadını yaşadığı evinə gətirdiyini görmüşdür. Zenfira isə bacısı Asiyənin rəfiqəsi Hənifə Abdullayevanın qızıdır. Boşanmadan əvvəl olduğu kimi, sonra da nəvələri onun yaşadığı evdə hazırki müddətədək qalırlar. 04.02.2021-ci il tarixədək Asiyə Ağazadə və Hənifə Abdullayevə bir neçə dəfə onlarla əlaqə saxlayıb azyaşlı nəvələrini, Zəhra və Əlini onlara vermələrini tələb etmişlər. Lakin o Leylanın onunla yaşadığını, nəvələrinin analarının yanında qalmalı olduqlarını, bundan başqa məhkəmənin qərarının çıxmasını gözləmələrini bildirmişdir. Sonra 26.02.2021-ci il tarixli qərarda da nəvələri anasının himayəsində saxlanılmışdırlar. 04.02.2021-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri St.Sumqayıt qəsəbəsi 43 saylı məktəbin yaxınlığında yerləşən yaşadığı fərdi evin həyətyanı sahəsində odun yığan zaman Asiyə və Hənifə onun yaşadığı evin həyəytanı sahəsinə gülərüz üzlə daxil olmuşlar. Asiyə ona “nəvələrimizi gətir görək” demişdir. O, etiraz edib nəvələrini göstərməyəcəyini demişdir. Asiyə ona nəvələrini aparacağını, bundan sonra yeni gəlini olan Zenfiranın nəvələrini saxlayacağını bildirmişdir. Onun dediklərini Hənifə də, təsdiq edəndə o, onlardan həyətdən çıxmalarını tələb edib onlara “Rədd olun burdan” demişdir. Həmin vaxt Hənifə onu itələmişdir. O, yerə yıxılanda qızları Leyla və İlhamə səs-küyə həyətə çıxmışlar. Ayağa durmaq istəyəndə ikinci dəfə onu Asiyə yerə doğru iki əli ilə itələmişdir. Həmin vaxt onun sol qol nahiyəsi yerdəki mişar daşına dəymişdir. O, sol qol nahiyəsindən ciddi ağrı hiss etdiyi üçün bərkdən “qolum, qolum” deyib qışqırmışdır. Yerdə olan zaman Hənifə və Asiyə onun kürək, bel və qarın nahiyəsinə təpiklə zərbələr vurmuşlar. Lakin o, həmin zərbələr nəticəsində xəsarət almamışdır. Onlara yetişən qızı Leyla və İlhamə Hənifə və Asiyəni həyətdən çıxartmışlar. Leyla və İlhamənin köməkliyi ilə o yerdən qalxmışdır. Sol qoluna qızları buz qoymuşdur. Ağrının keçəcəyini gözləmişdir. Lakin ağrısı bütün gecə boyu davam etmişdir. Növbəti gün tibbi yardım almaq və polisə müraciət etmək üçün yaşadığı evdən çıxıb öncə TTYX-na müraciət etmişdir. Müayinə zamanı sol bazu sümüyünün sındığı məlum olmuşdur. Xəstəxanadan çıxan kimi bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Hadisənin birbaşa şahidi qızları İlhamə və Leyla olmuş, başqa kimsə hadisənin şahidi olmamış, hadisə yerinə kənar şəxslər toplaşmamış, mübahisə ümumlikdə təqribən 5 dəqiqə davam etmiş, mübahisəyə səbəb Asiyə və Hənifənin onun nəvələrini yaşadıqları evlərinə aprmaq istədikləri üçün etiraz etməyi və yaşadığı evin həyətyanı sahəsini tərk etmələrini tələb etməsi olmuşdur. 04.02.2021-ci il tarixdə xəsarət alsa da, maddi imkanı zəif olduğu üçün iki dəfə deyil, bir dəfəlik şəhər mərkəzinə getməklə bağlı olaraq gözləyib növbəti gün yəni 05.02.2021-ci il tarixdə əvvəlcə xəstəxanaya, daha sonra isə polisə müraciət etmişdir. Hadisə zamanı Hənifə və ya Təqsirləndirilən şəxs heç bir fiziki təsir üsulu tətbiq etməmiş və xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, 2017-ci il tarixdə xalası X4 Ağazadə ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahından 2 övladları olmuşdur. 2020-ci ilin əvvəllərindən etibarən aralarında yaranmış ailədaxili narahatçılıqlarla bağlı Təbrizdən 26.02.2021-ci il tarixdə boşanmışdır. Boşanmaqlarına səbəb o ikinci övladını dünyaya gətirdikdən sonra xəsətəxandan evinə qayıdan zaman Təbrizin Zenfira adlı qadını yaşadığı evinə gətirdiyini görməyi olmuşdur. Zenfira isə xalası Asiyə Ağazadənin rəfiqəsi Hənifə Abdullayevanın qızıdır. Boşanmadan əvvəl olduğu kimi, sonra da övladları anası Naxış və bacısı İlhamənin yaşadıqları evdə hazırki müddətədək qalmışlar. 04.02.2021-ci il tarixədək Asiyə Ağazadə və Hənifə Abdullayevə bir neçə dəfə onlarla əlaqə saxlayıb azyaşlı övladları Zəhra və Əlini onlara verməyi tələb etmişlər. Lakin onlar məhkəmənin qərarının çıxmasını gözləmələrini bildirmişlər. Sonra 26.02.2021-ci il tarixli qərarda da övladları onun himayəsində saxlanılmışdır. 04.02.2021-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri St.Sumqayıt qəsəbəsi 43 saylı məktəbin yaxınlığında yerləşən evdə bacısı Şahid1 ilə birgə olmuşdur. Anası isə evin həyətyanı sahəsində odun yığmışdır. Birdən həyətdən anasının qışqırıq səsini eşitmişdir. Bacısı ilə birgə qaçaraq həyətə çıxmışlar. Onlar həyətə çıxanda anası Naxış yerə yıxılmış vəziyyətdə olmuş və anası Zərərçəkmiş şəxs ayağa durmaq istəyəndə Asiyə yerə doğru iki əli ilə onu itələmişdir. Anası yenidən yerə doğru uzananda bərkdən “qolum, qolum” deyib qışqırmışdır. O və bacısı çatanadək Hənifə və Asiyə anasına kürək, bel və qarın nahiyəsinə təpiklə zərbələr vurmuşdurlar. O və İlhamə, Hənifə və Asiyəni həyətdən çıxartmışlar. Köməkləşib anası Naxışı yerdən qaldırmışlar. Ağrının keçəcəyini gözləmişlər. Lakin anasının sol qolundakı ağrı bütün gecə boyu davam etmişdir. Növbəti gün tibbi yardım almaq və polisə müraciət etmək üçün yaşadığı evdən çıxıb öncə TTYX-na müraciət etmişlər. Müayinə zamanı anası Naxışın sol bazu sümüyünün sındığı məlum olmuşdur. Xəstəxanadan çıxan kimi bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə müraciət etmişlər. Məhkəmədə Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin təqdim etdiyi 09.02.2021-ci il tarixli 171 saylı rəyindən görünür ki, 1970-ci il təvəüllüdü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına Sumqayıt şəhər TTYX-nin tərtib etdiyi 152 nömrəli arayışa, həkim rentgenoloqun müvafiq müayinəsinə əsasən, qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: Sol bazu sümüyünün proksimal hissəsinin böyük qabarının kortikal qatının tam yerdəyişən sınığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla 04.02.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İşdə olan qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu bildirərək amnistiya tətbiq olunaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.12 və 9.1-ci bəndlinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o cinayət məsuliyyətindən azad olunmaqla cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 10 iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 60 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.12 və 9.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05.11.2021-ci il tarixli Qərarının 1.12 və 9.1-ci bənlərini tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar