Məhkəmə qərarları › İş №1(060)-458/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-458/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-458/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 2, mənzil 14-də qeydiyyatda olan, və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 03.04.2022-ci il tarixdə, saat 12:10 radələrində ünvan 1 ünvanın qarşısında dayanan, içərisində sərnişinlər olmayan iri tutumulu sərnişin avtobusunun arxasında kənar şəxslərin olmadığı yerdə şəxsi münasibətlərin pozulması zəmnində baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs başının təpə-ənsə nahiyəsinə bir dəfə yumruqla, sağ qabırğa nahiyəsinə bir dəfə təpiklə qəsdən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun yaşadığı binada uzun müddət kirayə yaşamışdır. Əvvəllər qonşu kimi münasibətləri normal olsa da sonradan pozulmuşdur. Paşa təxminən bir neçə ay öncə köçüb getmişdir. 03.04.2022-ci il tarixdə, saat 11:50 radələrində o yaşadığı binanın həyətində öz qonşuları ilə besetkada əyləşdiyi zaman Paşa da oraya gəlmişdir. O, ayağa qalxıb yaşca böyük olduğuna görə Paşanın qabağına gedib görüşmək üçün əl uzatsa da Paşa onun salamını çox hörmətsizcəsinə, onun alçaldacaq şəkildə almış, sonra orada oturan qonşularla da salamlaşıb görüşmüşdür. Paşanın bu hərəkəti ona pis təsir etdiyindən ona öz sözünü demək üçün Paşanın qonşuların yanından aralanıb getməsini gözləmişdir. Təxminən beş dəqiqə sonra Paşa besetkanı tərk edib getmiş, o da arxasınca getmişdir. Binanın qarşısında dayanmış vəziyyətdə olan sərnişin avtobusunun arxasında o, Paşaya yaxınlaşıb, “sənətkar məni bir dəqiqə gözlə” deyərək müraciət etmiş, sənətkar sözünü ona kinayə ilə demişdir. O, Paşa ilə üzbəüz dayanmış və onunla belə hörmətsiz davranmasının səbəbini soruşmuşdur. Paşa isə onu tanımadığını bildirmişdir. Bu zaman o, Paşaya “tanımayana söyüş qoyummu?” deyərək onun qolundan tutub həyətdə səs-küy salmamaq üçün məktəbin həyətinə çəkilib söhbət etmək istəmişdir. O, Paşanın qolundan tutanda Paşa əli ilə onun əlindən vurub qolunu azad etmək istəmiş, bu hərəkət onu əsəbləşdirmişdir. O, əsəbləşdiyi üçün özündən çıxaraq yumruqla Paşanın baş nahiyəsinə bir dəfə vurmuşdur. Zərbə vurandan sonra Paşa özünü yerə yıxmış və yerə yıxılandan sonra o yenidən yerdə Paşaya bir dəfə də təpiklə zərbə vurmuşdur. Bundan sonra o, əsəbi olduğu üçün oradan uzaqlaşmışdır. O Paşanı ona hörmətsiz salam verməsi, onu alçaltması, sonra isə söhbət edərkən ona nalayiq söyüş söydüyündən əsəbləşib döymüşdür. Törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir, ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o Aydın adlı şəxsi uzun illərdir tanıyır. Belə ki, o 11 il Aydının hazırda yaşadığı ünvan 2 ünvanında yaşamış və Aydını da qonşu kimi tanımışdır. Onunla elə də yaxın münasibətləri olmamışdır. Təxminən beş il bundan öncə yaşadıqları binanın qarşısında oturub söhbət etdikləri zaman mübahisə edərkən Aydının onunla nalayiq danışdığı səbəbindən həmin vaxtdan onunla münasibəti kəsmiş və onu danışdırmamışdır. O, 2021-ci ilin avqust ayından həmin binadan köçmüş, 03.04.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Seyrangilə qonaq getmişlər. Ailə üzvləri Seyrangilin mənzilinə qalxdıqdan sonra o, həyətdəki besetkaya gəlib köhnə qonşuları ilə əl verib görüşmüşdür. Aydın da onların yanında olduğundan ona da əl uzadıb görüşmüş, sonra isə binanın arxasında yerləşən qaraj istiqamətində getmişdir. Binanın qarşısında dayanan iri ölçülü sərnişin avtobusunun arxasına çatanda Aydın arxasınca gəlib ona çatmış, onunla üzbəüz dayanaraq onu tanıyıb-tanımadığını soruşmuşdur. Aydın bu sualı kinayəli verdiyi üçün o, cavab olaraq onu tanımadığını və tanımaq da istəmədiyini bildirmişdir. Bu zaman Aydın yalançının varyoxuna nalayiq söyüşlər söyərək bu söyüşləri üç dəfə təkrar etsə də, o yenə onu tanımadığını bildirmişdir. Elə bu zaman Aydın qəflətən onun üzünə əli ilə vurmaq istədikdə o, sifətini qorumaq üçün başını bir qədər aşağı əymiş, Aydın isə yumruqla 3 dəfə onun başının təpə nahiyəsinə güclü zərbələr vurmuş və vurduğu üçüncü zərbədən o özünü itirib yerə yıxılmışdır. Yerdə yıxılı vəziyyətdə olduqda Aydın təpiklə də onun sağ qabırğa nahiyəsinə iki dəfə zərbə vurmuşdur. O, həmin vaxt qışqırdığından Aydın oradan uzaqlaşmışdır. Bu müddət ərzində təqsirləndirilən şəxs ondan üzr istəmədiyi üçün və koronavirus xəstəliyindən təzə sağaldığı bir vaxtda onu döydüyü üçün təqsirləndirilən şəxsi bağışlamır və qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X2 04.04.2022-ci il tarixli, 403 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: təpə-ənsə nahiyəsinin dərialtı hematoması, döş qəfəsi nahiyyənin qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən yaranmışdır, müayinədən 1 günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, 03.04.2022-ci il tarixdə əl zərbələri ilə yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs ifadəsi və MTE və PA Birliyinin Sumqayıt şəhər Şöbəsinin canlı şəxsin 04.04.2022-ci il tarixli « 403 » saylı ekspertiza rəyi sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o müvafiq olaraq həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən peşman olması, səmimi etirafı və 2-ci qrup əlil olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər. Ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 6 (altı) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2, mənzil 14 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 36 (otuz altı) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar