Məhkəmə qərarları › İş №1(060)-459/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-459/2022

21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-459/2022 21.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Laçın rayonu, Bozlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, İİ qrup əlil, məhkum olunmamış, Laçın rayonu, Bozlu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 147 saylı peşə liseyinin yataqxanasında məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 31.03.2022-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvanda ailə-məişət münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs başın sol təpə-gicgah nahiyyəsinin şişkinliyi-hematoması, sol gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs arvadı, Xalid isə doğma övladıdır. Məmləkətlə 1990-cı ildə rəsmi olaraq ailə həyatı qurmuş, onların birgə nigahlarından iki övladları vardır. 31.03.2022-ci il tarixdə 20 radələrində evdə yemək yeyən zaman 200 qram spirtli içki araq içmiş, araq içdikdən sonrada evdə biraz dincəldikdən sonra saat 22:30 radələrində evlərindən təxminən 200 metr aralıda yerləşən maqazindən iki ədəd çörək alıb evə getmiş, həmin zaman arvadı Məmləkət və oğlu Xalid içki içdiyinə görə onunla mübahisə etməyə başlamış, o, Xalidə heç yerdə işləmədiyini bu günə kimi o, özü işləyib onu və ailəsini saxladığını, içki içməyinə etiraz edirsə çıxıb gedib başqa yerdə yaşamasını demişdir. Xalid isə atası olmağına baxmayaraq ona kobud cavablar qaytarmışdır. Məmləkət Xalidin tərəfin saxlayıb onunla kobud danışdıqda o, əsəbləşərək bir dəfə Məmləkətin sol üz nahiyyəsindən əl zərbəsi ilə vurmuş, Xalid araya girib onu kənara çəkdikdən sonra o, heç bir şey etməyib dəhlizdə əyləşmiş, Məmləkət və Xalid evdən küçəyə çıxmış, daha sonra bilmişdir ki, o, Məmləkəti vurduğuna görə Xalid Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs əridir. Cəfər ilə 1990-cı ildə rəsmi olaraq ailə həyatı qurmuş, onların birgə nigahlarından iki övladları var, Cəfər spirtli içki aludəcisidir və mütəmadi olaraq spirtli içki içir, Cəfər içki içdiyi vaxtlarda ən xırda məsələdən evdə mübahisə yaradır. Onlar dəfələrlə Cəfəri müalicə elətdirsələr də Cəfər müəyyən vaxtdan sonra yenidən spirtli içiki içməyə başlamışdır. Cəfər müəyyən vaxtlarda içib sərxoş olaraq küçədə yıxılı qalmışdır. 31.03.2022-ci il tarixdə 22:50 radələrində oğlu Şahid ilə birlikdə xəstə atasına baş çəkməkdən gələn zaman Cəfərin küçədə sərxoş vəziyyətdə olduğunu və uşaqların onun başına yığışdığını görüb o, Xalidlə birgə Cəfərə öz iradlarını bildirib evə gəlməsini demişlər, onlar evə çatdıqdan sonra Cəfər evə gəlib içdiyinə görə irad bildirdikləri üçün onlarla mübahisə etməyə başlamışdır. Xalid Cəfəri sakitləşdirmək istəsə də Cəfər evin əşyalarını dağıdıb onun üstünə gələrək gözləmədiyi halda əl zərbələri ilə başından üzündən vuraraq onu döymüş, Xalid araya girib Cəfəri kənara çəkdikdən sonra o, küçəyə çıxmış, ondan sonra Xalid də onun yanına gəlib DİN-in 102 xidmətinə zəng edib baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onun sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan 01.04.2022-ci il tarixli, 396 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın sol təpəgicgah nahiyyəsinin şişkinliyi-hematoması, sol gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla 31.03.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma aid edilir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 1207 saylı, 05.04.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Laçın R.İ.H.B-nın Bozlu kənd İ.Ə.D-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-i Sumqayıt “ASAN xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən 05.04.2022-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt şəhər 1 saylı Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 13.04.2022-ci il tarixli iş № 1(060)- 459/2022) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar